• cümə, 29 Mart, 17:33
  • Baku Bakı 14°C

Koçaryanın perspektivsiz perspektivi

12.02.21 17:45 1826
Koçaryanın perspektivsiz perspektivi
"Qarabağ klanı”nın hakimiyyətə qayıtmaq şansı sıfıra bərabərdir
Ermənistanın siyasi gündəmində hazırda ən çox müzakirə olunan məsələ eks-prezident Robert Koçaryanın yenidən böyük siyasətə gəlməsi və parlament seçkilərində iştirakıdır. Bu bəyanatları ilə yanaşı, o bildirir ki, əgər hakimiyyətdə olsaydı, Azərbaycan və Ermənistan arasında müharibə baş verməzdi. Xatırladaq ki, müharibədən sonra imzalanan Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli sülh razılaşmasından sonra erməni müxalifəti öz lideri kimi sabiq baş nazir, Qarabağda separatçı hərəkatın başlanmasının liderlərindən olan Vazgen Manukyanı irəli sürdü. Lakin indi erməni ekspertləri bir ağızdan bəyan edir ki, müxalifət sıralarında parçalanma baş verib və bundan sonra Paşinyanın əsas rəqibi onun əbədi və daimi rəqibi Robert Koçaryan olacaq. Düzdür, Nikol Paşinyan "Mənim addımım” blokunun üzvləri ilə görüşündən sonra bildirilib ki, baş nazirin növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə çağırışı erməni müxalifətində, eləcə də, cəmiyyətin geniş təbəqələri arasında lazımı əks-səda doğurmayıb.

Koçaryanın əbədi itən şansı

Robert Koçaryanın "böyük siyasətdə” iştirakını şərh edən rusiyalı ekspert, "Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirir ki, onun bəyanatı özlüyündə heç bir əhəmiyyət kəsb etmir. Çünki Nikol Paşinyan artıq elan edib ki, heç bir növbədənkənar parlament seçkiləri keçirilməyəcək. Bu səbəbdən də Koçaryanın bundan hər hansı bir siyasi divident əldə etmək arzusu sıfırlanır. "Müxalifət əvvəlcə bəyan edirdi ki, ümumiyyətlə, növbədənkənar parlament seçkilərindən imtina edir. Paşinyan da bundan yararlandı və bildirdi ki, istəmirsinizsə, onda heç nə olmayacaq. Hazırda pat vəziyyətidir. Əgər hakimiyyəti zorla ələ keçirmək cəhdi olarsa, o zaman bu, inqilab olacaq. Lakin bunu da gözləməyinə dəyməz. Çünki ordu Paşinyana loyallığını qoruyub saxlayır, Milli Təhlükəsizlik Nazirliyi də həmçinin. Bu səbəbdən də Paşinyan güc strukturlarına və parlamentdəki çoxluğa söykənməklə özünü çox arxayın hiss edir. Məsələ ondadır ki, Koçaryanın yenidən hakimiyyətə dönmək üçün nə hərbi, nə də digər resursu yoxdur. Müəyyən mənada Koçaryan çox axmaq bir vəziyyətə düşüb, falstrat (idmanda düzgü olmayan başlama) həyata keçirib. Erməni cəmiyyətində hər hansı bir dəstəyə malik deyil və bu gün onun hazırkı erməni baş nazirinə opponent olmaq istəyi tamamilə məhvə məhkumdur. Böyük siyasi gələcək – Koçaryanın illüziyasıdır. Siyasi gündəmi ələ almaq - "Qarabağ klanın”ın revanşı da demək deyil, Rusiya və xaricdəki erməni diasporasının dəstəyi ilə hansısa formada Ermənistanda hadisələrin inkişafına təsir etməkdir”, - deyə İ.Korotçenko vurğulayıb. Əlavə edib ki, müşahidə edirik ki, bu cəhdlər uğursuz nəticələnir: "Bunun üçün böyük resurslar ayrılıb. Ermənistana hardansa hansısa blogerlər, teleqrammerlər gətirilir. Onlara yemək, pul və s. verilir. Onlar da durmadan yazırlar ki, Ermənistan xalqı Koçaryanın gəlişini gözləyir. Bütün bunlar da heç bir nəticə vermədi. Robert Koçaryan hansı şəkildə geri qayıdacaq- küçə manifesti formasında? Bu gün Nikol Paşinyan və Robert Koçaryan yerlərini necə dəyişə bilərdilər? Paşinyanı Navalnı ilə müqayisə edirdilər, indi də Koçaryanı artıq Navalnı ilə müqayisə etmək olar”.

"Erməni xalqı bezib”

Ekspert hesab edir ki, Koçaryan yenidən hakimiyyətə dönməyə çalışır, lakin kritik dəstəyə malik deyil: "Bu gün erməni müxalifətində Brounov hərəkatı gedir. Hakimiyyət ona qarşı rəqabət yaratmağa çalışan müxalifətə marginal bir hərəkat kimi baxır. Ermənistan xalqı bütün bunlardan bezib. Verilən vədlərdən, ortada heç nə olmamasından bezib. Belə olan halda insanlar nə etməlidir? Ölkəni tezliklə tərk etmək və yaxşı günlər üçün buradan getmək. Mənə elə gəlir ki, məhz əsas faktor da budur. Müxalifətin dəstəyi yoxdur, cəmiyyət bütün baş verənlərdən bezib, müharibə nəticəsində psixoloji travma ağır olaraq qalır. 30 il onların beynini doldurdular ki, necə bir fövqəldövlət, güclü ordu qurublar. Lazım gələrsə, gedib Bakıda çay içərlər. Sonda da bəlli oldu ki, çürük bir novun içindədirlər. Xalq artıq belə şəraitdə heç nə istəmir, sadəcə yaxşı günlər istəyir. Koçaryanla birgə yürümək istəmir. Robert Koçaryan artıq oynanılmış fiqurdur. Axı ondan nə asılıdır, nə edə bilər? Yeni heç nə. O, ancaq nə istəsə danışa bilər, nəsə etmək onluq deyil. Qarabağla bağlı üçtərəfli sülh razılaşmasından sonra Ermənistanda yaranmış inqilabi vəziyyət sürətlə geridə qalmaqdadır. Düzdür, bir sıra yerlərdə etirazçıların aksiyaları keçirilir, lakin onların heç biri uğurlu nəticələnmir. Mitinqlər, yumşaq ifadə etsək, bütün ölkə boyu baş vermir. Ortada legitim hakimiyyət var və Paşinyan siyasi opponentlərini ağıllı formada zərərsizləşdirə bildi və bəyan etdi ki, seçkilər olmayacaq və heç kim bunu istəmir”.

"Qarabağ klanı” üçün qatar gedib

İ.Korotçenko hesab edir ki, Paşinyan ağıllı formada özünün siyasi yaşamını reallaşdıra bildi: "Üçtərəfli sülh razılaşmasının imzalandığı 10 noyabrdan bu yana nə qədər vaxt keçib? Hakimiyyətdə qalmağa müvəffəq oldu və heç yerə də getməyə hazırlaşmır. Heç kim də onu devirməyə müvəffəq ola bilmədi. Çünki buna real tələb yox idi. Xalq gözəl anlayır ki, əgər birdən hakimiyyətə revanşistlər gəlsə, heç də yaxşı olmayacaq. Erməni siyasətinin möcüzləri belədir. Özü də, görünür, Nikol Paşinyan Rusiya qarşısında hansısa bir öhdəlik götürüb. Hamı gözəl bilir ki, Koçaryan "Qarabağ klanı”nın nümayəndəsidir və Qarabağda müharibəni başlayanlardan biridir, əraziləri işğal edib. Azərbaycan prezidenti də dəfələrlə bildirib ki, Ermənistanın məğlubiyyətinin məsuliyyəti təkcə Nikol Paşinyanın üzərinə düşmür, ilk növbədə bu, Robert Koçaryan və Serj Sarkisyanın məsuliyyətidir. Sonuncular uzun illər öz siyasi məqsədləri üçün "Qarabağ kartından” istifadə ediblər. Lakin "Qarabağ klanı”nın qatarı artıq gedib. Bitdi. Azərbaycan qalib gəldi. Bu gün Qarabağda nizamlanmanın açarı Bakı və Moskvanın əlindədir. Ermənistan da, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Paşinyanın imzaladığı sənədi yerinə yetirməlidir. Buna müvafiq olaraq da Koçaryan, əgər birdən hakimiyyətə olarsa, ona qədər imzalanan sənədə əməl etməli olacaq. Nə fikirləşir, Moskva və yaxud Bakı mövqeyini dəyişəcək? Mövqe dəyişməyəcək, qatar artıq gedib. Müharibəni udmaq lazım idi, indi isə ayaqlarını yerə döyməklə hamını özünə güldürmək mümkündür. Müharibəni uduzdunuz? Yetər, sürüşüb gedin. Başqa cür məsələ həll olunmur. Krılovun təmsilində deyildiyi kimi, "Siz dostlar necə oturursunuz oturun, heç biriniz musiqiçi olmağa yaramırsınız”. Ermənistanın hərbi-siyasi iflası - hansısa bir siyasətçilərin yenidən hakimiyyətə gəlməsini reallaşdıra bilməyəcək mühüm bir faktordur. Baş verənləri geri qaytarmaq mümkün deyil. İndi artıq üçtərəfli sazişi yerinə yetirmək zamanıdır. Digər alternativlər yoxdur”, - deyə rusiyalı politoloq fikrini tamamlayıb.

"Manukyan oyundan kənardadır, Koçaryan və Sarkisyan arasında...”

"Sürətli və şok vəziyyətdə hakimiyyət dəyişikliyinə çatmaqla bağlı Koçaryan və Sarkisyanın proqramı var idi. Bu, alınmadı”. Bunu Ermənistanın "Demokratik vətən” partiyasının sədri Petros Makeyan deyib. Onun sözlərinə görə, indi Ermənistanda əsasən keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan arasında mübarizə gedir. "Vazgen Manukyan artıq oyundan kənardadır, Koçaryan və Serj Sarkisyan arasında oyun gedir”, - deyə Makeyan qeyd edib. Ermənistanda yenə də Robert Koçaryanın növbəti Moskva səfərindən xəbər fırtınası yaratmağa çalışırlar. "Jamanak” nəşrinin rus mənbələri bildirir ki, Rusiya səlahiyyətliləri Koçaryanın hakimiyyət ambisiyalarına heç vaxt ciddi yanaşmırlar. "Koçayan Ermənistanda hakimiyyətə qayıtmaq məsələsində Rusiya hakimiyyətinin dəstəyini gözləyə bilməz. Ermənistan subyekt halında Rusiya Federasiyasının tərkibinə qatıla bilər. Dağıstan və yaxud Kabardino-Balkar kimi”. Bu sensasion iddianı isə erməni siyasi şərhçi Tevos Arşakyan irəli sürüb. Onun sözlərinə görə, Robert Koçaryan Moskvaya səfəri zamanı Kremlə Ermənistan dövlətinin müstəqilliyini taxt-tac əvəzində təklif edib. "Koçaryanın məntiqinə görə, Rusiyanın dəstəyini qazanmaq üçün Kremlin qarşısına sanballı bir təkliflə çıxmaq lazım idi. Ermənistanın dövlət müstəqilliyini itirmək hesabına. Yada salaq ki, Koçaryan hakimiyyətinin 10 ili ərzində erməni xalqı vahid qüvvə kimi çıxış etmək iqtidarında deyildi. Yalnız Köçəryan hakimiyyətdən gedərkən Sarkisyanı öz yerinə gətirdikdə erməni xalqı "partladı" və etiraz əlaməti olaraq küçələrə çıxdı. O zaman Koçaryan-Sarkisyan rejimi hakimiyyəti əldən verməmək üçün Ermənistan küçələrini "qan dənizinə” çevirdi”, - deyə erməni ekspert qeyd edib. Bəzi ekspertlər isə fərqli fikirləşir. Onlar hesab edir ki, Robert Koçaryanın yenidən Moskvada peyda olması, onunla intervü təşkil edilməsi, Serj Sarkisyanın səfir Kopirkinlə görüşə çağırılması və ötən şənbə "Rusiya ilə birgə güclü Ermənistan. Yeni Birlik Uğrunda” hərəkatın yaradılması eyni zəncirin həlqələri təsirini bağışlayır. Belə görünür ki, hərbi xuntanı Koçaryanın rəhbərliyi altında yenidən Ermənistanda hakimiyyətə gətirmək planlaşdırılır və həmən hərəkat da daşnaklarla birgə bu prosesdə yer almaq üçün yaradılıb. Serj Sarkisyana gəldikdə, yəqin, ondan tələb budur ki, partiyası ən azından Koçaryanın yenidən hakimiyyətə gətirilməsinə maneçilik yaradacaq bir hərəkətə yol verməsin. Proqramda "Rusiya-Ermənistan əlaqələrini birlik dövlətinin yaradılmasınadək yeni keyfiyyət mərhələsinə çıxarmaq”dan dəm vurulur.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər