• cümə, 29 Mart, 18:35
  • Baku Bakı 14°C

Koçaryan erməni xalqının mənafeyini düşünsəydi... - Politoloq

06.04.21 17:45 1140
Koçaryan erməni xalqının mənafeyini düşünsəydi... - Politoloq
Robert Koçaryanın Rusiyanın "Birinci Kanalı"nda yayımlanan "Pozner” verilişinə müsahibəsi zamanı ifadə etdiyi fikirləri onun seçki qabağı öz imicini düzəltmək üçün siyasi cildə girməsi kimi başa düşmək lazımdır. Rəsmi Moskvanın 10 noyabr ərəfəsində tutduğu mövqenin dəyişməz olduğunu başa düşən Qarabağ klanı "revanş kartı"nın heç bir hakimiyyət perspektivi vəd etmədiyini nəzərə alaraq post-konflikt dövrünün reallıqlarına uyğun addımlar atmağa çalışır. Koçaryanın müsahibəsi də bu aspektdən dəyərləndirilməlidir.
Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, müharibə canisi və Azərbaycan xalqının düşməni kimi yaddaşlarda özünə yer tapan Robert Koçaryanın Rusiya telekanalına müsahibəsində iki əsas mesaj diqqəti cəlb edir:
"Birincisi, revanşist düşüncələrin tərəfdarı olmadığını Kremlin diqqətinə çatdırmaq və seçkiqabağı Moskvanın dəstəyini arxasına almaq; İkincisi, erməni cəmiyyətinə Paşinyanın səriştəsiz və diletant siyasətçi olması fikrini təlqin etmək.
İkinci məqamla bağlı Koçaryan qeyri-səmimi olsa da, obyektiv dəyərləndirmələrinin şahidi olduq. Ona görə qeyri-səmimi hesab etdim ki, Paşinyanın məlum axmaq bəyanatları hər kəsin gözü qarşısında verilmişdi. Sual yaranır ki, baş nazirin "Qarabağ Ermənistandır" bəyanatını bu gün tənqid edən Koçaryan niyə həmin vaxt Ermənistan hakimiyyətinə bu ritorikanın yanlış olduğunu müxtəlif kanallar vasitəsilə çatdırmamışdı? Koçaryan həqiqətən də erməni xalqının mənafeyini düşünsəydi, indiki mövqeyini müharibədən əvvəl sərgiləyərdi. Həmin vaxt susub, indi danışırsa, deməli, hakimiyyət maraqları bu adam üçün hər şeyin fövqündə dayanır.
Digər tərəfdən, Pozner Koçaryana belə bir sual versə, yaxşı olardı ki, bəs, 44 günlük müharibədə darmadağın edilən ordunu kimlər qurmuşdu? Və ümumiyyətlə, Paşinyanı yanlış addımlar atmaqda ittiham edən sabiq prezident başa düşürmü ki, Azərbaycan torpaqları hansı rejimlərin rəhbərliyi altında işğal olunmuşdu? Bu sualların cavabı verilsə, müharibədə rüsvayçı məğlubiyyətin də, Ermənistanın bugünkü durumunun da səbəbləri üzə çıxar.
Nəzərə alaq ki, Paşinyan təqribən iki ildir deyil hakimiyyətdədir və bu müddət ərzində onun yeni bir ordu quruculuğu həyata keçirməsi mümkünsüz idi. Bir sözlə, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Sarkisyan-Koçaryan cütlüyünün yaratmış olduğu ordunu darmadağın etdi. Beləliklə, məğlubiyyətin məsuliyyəti həm də adı çəkilən şəxslərin üzərindədir”.
Politoloq bildirib ki, həmin müsahibə müharibə canilərinin Ermənistanda yenidən hakimiyyətə gəlməsinə dəstək olmaq məqsədindən başqa bir şey deyil: "Koçaryan müsahibə zamanı hər nə qədər özünü müharibə tərəfdarı olmayan bir siyasətçi kimi göstərsə də, onun cildə girdiyi, qeyri-səmimi və hiyləgər olduğu açıq aydın hiss olunurdu.
Bir reallığı həmişə nəzərə almaq lazımdır ki, Qarabağ klanının yenidən hakimiyyətə gəlməsi yeni bir toqquşma şəraitinin körüklənməsinə səbəb olmaqla Rusiyanın regiondakı nüfuzunu da ciddə şəkildə zədələyə bilər. Çünki Rusiya 10 noyabr bəyanatına əsasən, sülhə və təhlükəsizliyə zəmanətçi ölkə kimi çıxış edir. Yeni bir müharibə Rusiyanın öz missiyasının öhdəsindən layiqincə gələ bilmədiyini göstərəcək”.
banner

Oxşar Xəbərlər