• çərşənbə axşamı, 19 mart, 15:02
  • Baku Bakı 8°C

Könlünün bütünü şeir olaraq ötən şair. Hayku ustadı Matsuo Başou

05.07.20 11:00 2984
Könlünün bütünü şeir olaraq ötən şair. Hayku ustadı Matsuo Başou
"İçinizdə sizə bir şeylər demək istəyən bir işıqmı doğdu,
oturun və yazıya tökün bunu, yoxsa unutmaqdır sonu”
Matsuo Başou
5-7-5 ölçülü üç misralıq yapon hayku şeiri dünyada ən qısa şeirdir. Əvvəllər haykay, hokku, XIX əsrin sonlarından etibrən isə hayku adlanır. Haykay kimi tanınan ədəbi janr renqa adı verilən asılı sətirlərin istifadəsiylə başlamışdır. Haykay janrında əsas götürülən mövzular adi insanların gündəlik yaşam tərziydi və dili də əks olunan səhnələrə görə seçilirdi. Sözügedən janr XVI əsrdə böyük rəğbət qazandığından "haykayşi” adlanan haykay mütəxəssisləri, müəllim və şairlər ortaya çıxmağa başlamışdır. XVII əsrdə haykay mütəxəssisləri köhnə nümunələri də əsas tutaraq yeni istiqamətlər müəyyənləşdirmişlər. Müxtəlif zamanlarda yarışlar təşkil olunmuş, əvvəlcədən müəyyən olunmuş müddət içərisində iştirakçılardan yaza biləcəkləri qədər renqa yazmaları istənilmişdir. 1677–ci ildə 24 saat müddətində 1600, 1680–ci ildə isə 4000 haykay şeri yazaraq Osakalı yazıçı İhara Saykaku (1642–1693) böyük bir məşhurluğa qovuşmuşdur. Saykakunun misralarında çounin adlanan böyük şəhərlərdə yaşayan tacir və sənətkarlardan ibarət ictimai sinfin həyatı, eyni zamanda, əyləncə bölgələrində yaşam tərzi kimi mövzular əsas təşkil edirdi.
Matsuo Başou (1644–1694) isə Saykakudan fərqli bir yolla getmişdir. Başou köhnə bir göl, Sado sahillərindəki coşqun dalğalar, qədim döyüş zonalarında böyüyən yaz çiçəkləri haqqında şeirlər yazmışdır. Şair şofou adı ilə bilinən öz üslubunu formalaşdırmışdır ki, bu üslub da müstəqilləşərək hokku, sonradan isə hayku adını almışdır.
Başonun haykay yazmağa başlamazdan əvvəlki həyatı və yaradıcılıq yolu haqqında çox az məlumatlar vardır. Matsuo Başou Yaponiyanın İqa prefekturasının Ueno şəhəri yaxınlığında dünyaya göz açmışdır. Əsl adı Matsuo Kinsaku olub, Başou şairin ədəbi təxəllüsü idi, mənası isə "banan ağacı” deməkdir. 1680-ci ildə Matsuo ədəbi cəmiyyətdən uzaqlaşaraq, Fukuqavaya köçmüşdür. Yazıçının tələbələri burada onun üçün balaca bir ev inşa etdirmiş və həyətində çoxlu banan ağacları əkmişdirlər. Bundan sonra Matsuo özünə "Başou” ədəbi təxəllüsünü götürmüşdür. Uşaq yaşlarından öz bölgəsinin nüfuzlu samurayı olan Toudounun xidmətində çalışmasına baxmayaraq, Matsuonun da samuray olub-olmadığı haqqında bir fikrimiz yoxdur. Məhz gənc yazıçıda ədəbiyyata və poeziyaya marağı xidmət göstərdiyi Yoşitada yaratmışdır. Yoşitada Başounu haykay renqaları yazmağa həvəsləndirmiş və 1662–ci ildə Matsuo Başounun ilk poeması çap olunmuşdur. 1664–cü ildə isə gənc yazıçının ilk hokku toplusu işıq üzü görmüşdür. Qardaş kimi əziz olan Yoşitadanın ölümündən sonra 1672–ci ildə Edoya (Tokyoya) köçərək günümüzə gəlib çatmış yaradıcılığını burada davam etdirmişdir. İqadan ayrılarkən belə bir haykay yazmışdır:

Bir topa bulud
İki dost arasına girdi
Ayrıldı çöl qazları əbədi.

Ümumiyyətlə Edodakı həyatı müvəffəqiyyətlərlə doludur. Başou həmin dövrün haykay poeziyasının məşhur yaradıcılarından olan Kitamura Kiqinin (1624–1705) və Nişiyama Souinin yanında təhsil almışdır. Sonradan özü də yaşayışını təmin edə bilmək üçün müəllimlik etmiş, şöhrəti artdıqca o, harada dincəlir, harada səyahətdə olurdusa, onun bütün rütbələrdən olan şagirdləri hər yerdən axışıb hüzuruna gəlirdilər. Başou məktəbi həmin dövr üçün adi olan sadəcə ustad məktəbi deyildi, eyni zamanda, Başou özü fasiləsiz mənəvi axtarışda olduğundan, öz yolunu tapmaq üçün yanına gələnləri şövqləndirirdi. Hokku poeziyasının həqiqi üslubu öz yüksək sənətinə sadiq olan insanların mübahisələriylə yaranırdı. Elə buna görədir ki, Başou məktəbindən Hattori Ransetsu (1654–1707), Mukay Kyouray (1651–1704), Naytou Cousou (1662–1704), Kavay Sora (1649–1710), Hattori Dohou (1657–1730) və başqaları kimi çox istedadlı şairlər çıxmışdır ki, onların hər birinin ustadın üslubundan bəzən təmamilə fərqlənən öz dəst–xəttləri var idi.
Edoda yaşadığı dövrdə onu ziyarət edən ustadı Nişiyama Souin üçün bir çox haykay yazmışdır. Həyatının bu dövrü haqqında məlumatlar çox azdır, lakin dəqiq bilinən odur ki, Başou da müasiri Çikamatsu Monzaemon (1653–1725) kimi samuray cəmiyyətindən ayrılmışdır. Başou və şagirdləri samuray camaatından təmamilə ayrılıb çouninliyə keçməmiş, hər ikisinə qarşı da eyni məsafə uzaqlığında, yəni ortada dayanmağı bacarmışlardır. Bu şairlər çounin və samuray dünyasını bayağı olaraq qəbul etmiş və bundan dini fanatizm dərəcəsinə çatacaq bir nifrətlə qaçmışlar, ancaq bu vəziyyət şairlərin dinə sığındıqları mənasına gəlmirdi. Başounun "Başouan” adlı kitabında inzivaya çəkilməsiylə bağlı yazılar vardır, lakin burada buddizmdən bəhs olunmur. Onun yazılarında buddizm təsiri müşahidə olunsa da, bu təsir çox zəifdir. O, ədəbiyyatı gündəlik həyatın qarışıqlığından və bayağılığından bir qaçış vasitəsi kimi görürdü. Başqa cür ifadə etsək, Başouya görə, sənət sənət üçündür. Bütün həyatı yaradıcılığa həsr olunmuş Başou bunu "zəriflik yolu” olaraq adlandırırdı.
Başoununkuna bənzər bir sənət anlayışı ümumiyyətlə XII-XIII əsr şairlərində müşahidə olunurdu. Bu şairlərin əsərləri 2000-ə yaxın yapon şeir və nəğmələrinin daxil edildiyi "Şin Kokinşu” (Qədim və müasir poeziyanın yeni toplusu) adlı şeir məcmuəsində toplanmışdır. Bəlkə də Başou bu səbəblərə görə xüsusilə Sayqyou (1118–1190) və Minamoto no Sanetomo (1192–1219) kimi şairlərə çox pərəstiş etmişdir. Başou heç bir ictimai sinfə aid olduğunu hiss etməmiş və özünü bayağı dünyadan təcrid etməyi sənətçinin seçdiyi bir yol olaraq qəbul etmişdir. "Zayu no Mei” (1691) adlı əsərində belə bir haykay vardır:

Danışa danışa,
Dodaqlar və çənələr yorulur soyuqda,
Payız mövsümündə əsən rüzgarda.

Bu sətirlər onun ictimai hadisələrə qarşı olan qayğısızlığını, hər hansı bir cəmiyyətə və ictimai sinfə tənqidlə yanaşmadığını göstərir. Başou hər zaman həyatı şeir, şeiri də həyat olaraq görmüşdür. Şairlərin bu sənəti icra edərək dolanışıqlarını təmin edə bilmələri XV əsrdə yaşayan haykay şairi Monk Souqi (1421–1502) dövründən etibarən mümkün olmuş və bu adət beləcə davam etmişdir. Dolanışığını müəllimliklə təmin edən Başou da öz dövrünün məşhur bir şairi olduqdan sonra əsərlərinin maddi qarşılığını almış və bu şəkildə həyatını sərbəstcə yaradıcılığına həsr edə bilmişdir.
1684–cü ildən etibarən, pərəstiş etdiyi şair Sayqyou kimi onu məşhur edən səyahətlərinə başlamış və ömrünün son on ilini səyahət edərək keçirmişdir. Ən önəmli əsərlərini bu dövrdə yazıb-yaratmış və səyahətlər onun şəxsiyyətinin ayrılmaz bir hissəsi halına gəlmişdir.
İlk böyük səyahəti (1684–1685) səkkiz ay çəkən Başou bu səfəri ərəfəsində Edodan İqaya, İqadan Yamatoya, Yamatodan da Kyotoya qədər səyahət etmiş və qayıtdıqdan sonra "Nozaraşi Kikou” adlı kitabını yazmışdır. Daha sonra, 1687–ci ildə on ay çəkən yeni bir səyahətə çıxmış, İqa, İse, Suma, Akaşi, Şinana bölgələrini gəzib dolaşaraq yenidən Edoya qayıtmış və əldə etdiyi məlumatlarla "Oi no Kobumi” və "Saraşina Kikou” adlı gəzinti kitablarını tamamlamışdır. Hər iki kitabında da gəzib gördüyü yerləri haykay şeiri ilə təsvir etmişdir. Son uzun səyahəti 1689-cu ildən 1690-cı ilə qədər bir il çəkmiş və Başou bu tarixlərdə Edodan Rikuzen, Rikuçuu yoluyla şimaldakı Devaya qədər getmiş, oradan da Eçiqo, Oqaki və Oumidən keçərək İqaya qayıtmışdır. Bu səyahəti "Oku no Hosomiçi” adlı əsərinin təməlini təşkil edir. Başonun etdiyi bütün səyahətlərdə yolu məmləkəti İqadan keçmiş və Şimala etdiyi son səyahətini nəzərə almazsaq digər bütün səfərləri Edo–Kyoto–Osaka üçlüsü ilə məhdudlaşmışdır.
Başounun gəzib-gördüyü yerlər şeir ədəbiyyatında tez-tez adı keçən adət-ənənələri və tarixi qalıqları ilə məşhurluq qazanmış diyarlardır. Böyük ustad keçdiyi yerlərdəki insanların həyatlarını və yaşam tərzlərini heç qələmə almamışdır. Bununla bağlı Başou belə demişdir: "Məni yoldançıxardan səyyahların ilham pərisi oldu; əlimi heç bir şeyə vurmadım. Nə şalvarımdakı bir yırtıq göründü gözümə, nə də papağımın sökülmüş ipləri. Okuya uzanan yollara necə gəldi getdim”. Bu sözlərdən də aydın olduğu kimi Başounun səyahətləri ümumilikdə məqsədsiz və plansızdır. Yazar üçün səyahətdə yaşadığı gerçəklər və səyahətin sənət üçün önəmi bir-birindən çox fərqliydi. Bu zamana kimi səyahət yapon lirik şeirində olmayan bir metod idi. Bu zamana kimi tarixi və ədəbi əhəmiyyətlərindən ötəri məşhurluq qazanan bəzi yer adları istifadə olunurdu, fəqət şairlərin çoxu bu yerləri ömürlərində bir dəfə belə olsun ziyarət etməmişlərdi. Başou Nikkonun yaşıllaşan yarpaqlarını, Moqami çayının yüksələn sularını öz gözləri ilə görmüş, uzaqdakı şəlalələri, meşələrdəki böcək səslərini öz qulaqları ilə eşitmişdi. Təbiətin yenidən kəşfi inqilabi xarekterliydi. Başounun təbiəti əsas tutaraq yazmasının səbəbi yaponların o dövrdə təbiətə düşkün olmalarından irəli gəlmirdi. Tam əksinə Başou bu mövzularda yazdığı üçün yaponlar təbiəti sevməyə başladılar.
Başou səyahət gündəliklərindən başqa nəsr formasında da əsərlər yazmışdır ki, bunlar haykayın nəsrlə yazılmış nümunələri olan haybunlardır. Başou haybunlarında dostları ilə vidalaşar, şəkillərdən bəhs edər və evini təsvir edər. Bütün bunları yazarkən klassik çincənin gözəl söz söyləmə ənənələrini təqib edərək bəzəkli yaponcanı istifadə etmişdir. Buna ən gözəl nümunə "Sarumino” (Meymunun plaşı, 1691) adlı topludakı "Gencuan no Ki”-dir (Genjuanın qeydləri).
Başounun öz şeirləri sağlığında çap olunmamış, ölümündən sonra şagirdləri tərəfindən toplanaraq kitab halına salınmışdır. "Hakusenşu”(1698) və "Şou Kuşu” (1709) adlı ən əsas toplusunun hər birində beş yüzdən artıq şeir vardır. "Hakusenşu” Kasakuni, "Şou Kuşu” isə Dohou adlı şagirdləri tərəfindən toplanmışdır.
Başounun mindən artıq şeiri günümüzə qədər gəlib çatmışdır. Onun öz yazdığı haykay şeirləri və haykay renqa toplularına töhfə üçün yazdığı şeirlər bir-birindən olduqca fərqlidir. Yapon ədəbiyyatında buraxdığı dərin izləri haykaya borclu olan ustadın şeirlərində özünə məxsus çox fərqli xüsusiyyətlər vardır. İlk olaraq Başounun haykaylarında fərdi müşahidələr çox kəskindir.
İkinci olaraq, Başou təbii səslərə və onların şeirdə yaratdığı əks-sədaya çox önəm verir. Şair incə zəkasıyla təbiətdəki səslərin təbii halını pozmadan onları poetik qəliblərə salmışdır. Əks-səda səslərini eyni şəkildə insan dilinə ötürmək demək olar ki, mümkünsüz olduğu halda Başou bunu sınamışdır.

Üçüncü olaraq Başou özüylə lağ etmək məsələsində də ustadır.

Yolumun sonundayam amma
Hələ ölmədim
Payız axşamında.
(1684)

Dördüncü isə Başounun haykayları hər nə qədər asılı sətirlərdən yaradılmış olsa da, bütünlükdə sərbəst lirik şeirlərdən ibarətdir. Bu baxımdan Başou özündən əvvəlki şairlərin istifadə etdiyi tanka və çouka kimi şeir şəkillərinə fərqli bir şeylər qataraq yeni bir forma yaratmışdır. Məhz Başounun uğurudur ki, hayku bu gün belə zövqlə oxunmaqda və yazılmaqdadır.
Yaponiyadan yayılan nüfuzu qlobal səviyyəyə çatmışdır. Başou haykunun ustadı kimi qəbul olunur. Əsərləri heyran edicilik qabiliyyəti ilə yanaşı müxtəsərlik və aydınlığı ilə də seçilir. 1686-cı ildə Başou suya atlayan bir qurbağanı izah edən hayku yazmışdır. İngilis dilinə saysız-hesabsız tərcümələri ilə həmin hayku ədəbi şöhrətli Başounun ən məşhur əsəri olmuşdur.

Köhnə gölməçə,
Bir qurbağa atladı
Şap deyə suya.


Sonda isə fikrimizi Başounun sözləri ilə yekunlaşdırmaq istərdik: "Haykay şeiri yazarkən şairlər təbiilik və sünilik arasında qalarlar. Şair öz daxili aləmi və duyğuları üzərində dayanaraq bunları ahəngli bir hala gətirdiyi zaman könlünün və ürəyinin bütünü şeir olaraq ötər. Bu səbəbdən də daxili aləmə dalmadan yazılan bir haykay xamdır, çünki o artıq duyğunun deyil, düşüncənin məhsuludur. Bu isə şeirin fərdi bir təcrübənin məhsulu kimi meydana gəlmədiyi, məqsədli və süni olaraq yaradıldığı mənasına gəlir”.

Gülnar YUNUSOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
"Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsi
banner

Oxşar Xəbərlər