• çərşənbə, 17 Aprel, 01:22
  • Baku Bakı 14°C

Klim və onun sıfır ritualı

21.06.14 10:43 1296
Klim və onun sıfır ritualı
“Dövr var idi ki, teatr binaları tikilir, oyun üçün yeni məkanlar yarandılırdı. Tikilib başa çatdıqdan sonra, orada həqiqi həyatın daşıyıcıları olan insanlar peyda olurlar. Bu insanlar su kimi axırlar. Məhz su ağacın inkişafının əsasıdır, baxmayaraq ki, onun forması görünməzdir. Onlar bu oyun məkanında oynamırlar, əksinə öz həqiqətlərini axtarırlar. Bu axtarış isə onları başlanğıca, sıfır nöqtəsinə gətirir. Bu insanlar səhnədə doğulurlar, səhnədə yaşayırlar, səhnədə var olurlar və səhnədə heçliyə qovuşurlar.
İnsan daima özünü axtarır. Varolma maqsədini dərk etməyə çalışır. Bunu üçünsə o daima başlanğıcına, öz sıfırına qayıtmalıdır. Sıfır qeyri-vahiddən doğan vahiddir. Biz qəbul etsək də, etməsək də mövcudiyyət, qeyri-mövcudiyyətin sayəsində anlam qazanır. Çünki hər şey heç nələrdən başlayır və heç nə sıfırda var olur.”
Vladimir Klimenko

“Yenilik” kateqoriyasında “Qızıl maska” mükafatının ilk sahibi, avanqard rejissor və dramaturq Klim yeni rus teatrının qəbul olunmuş liderlərindəndir. O, cəsarətlə ən radikal eksperimentləri həyata keçirir, tamaşaçıları mexaniki şəhər ritmindən ayırır və onları epik meditasiyaya dəvət edir. Klimin teatrı qeyri-adidir. Klim zaman və məkan qanunlarını alt- üst edir. Bu büllur teatrdır ki, Klim ondan tələb olunanları deyil, özü istədiklərini yaradır.
Klim Lvov yaxınlığında doğulub. Poltavşinada böyüyüb. Teatr deyilən xəstəliyə Xarkovda, səhnə maşinisti işlədiyi Şevçenko adına akademik teatrda yoluxub. 80-ci illərin əvvələrində Moskvaya gəlir və Vladislav Troitskinin “Dax” dərnəyində aktyorlarla birgə işləyir, pyeslər yazır. Onun “Boqdana” pyesi Les Kurbas adına Lvov teatrında, “Ukrayna dekameronu” Odessada, “İlahi tənhalıq” pyesi isə hətta İvan Franko adına Milli Dram Teatrında uğurla oynanılır. Ancaq obyektiv demək lazımdır ki, müasir Ukrayna səhnəsi üçün Klim yaddır. Bunun səbəbini Klim özü daha dolğun izah edir. Beləliklə, sizə Klimin teatr düşüncələrini təqdim edirik:
Reforma ilk növbədə cəsədlərin teatrdan kənara çıxarılması ilə mümkündür.
...İnsanlar seçim hüququ əldə ediblər, düşünürlər, çəkinmədən düşündüklərini deyirlər. Lakin bəzən hətta şübhə yaranır ki, həqiqətən biz düşünə bilirikmi?
...Bu gün yeni vəziyyətdə əgər biz çiçəklənən sivilizasiya arzulayırıqsa, teatrsız bunu həyata keçirə bilmərik. Mən əminəm ki, təbiətdə teatrın dövlət və cəmiyyət üçün keyfiyyətinin qorunub saxlanması qanunu mövcuddur. Və bu keyfiyyətin qorunub-saxlanması mənim, sənin, bir sözlə bizim öhdəmizə düşür.
...Teatr məbəddir. O, sakitlik tələb edir. Sən burada tövbə etməlisən, təmizlənməlisən, azad olmalısan. Teatrın qüdsiyyətinə ləkə vuran hər şey əslində bizim paklığımıza vurulan ləkədir.
... Məsələn, Ukraynada ümumiyyətlə dünya kontekstini hiss etmir və anlamırlar. İndi mədəni müharibə gedir və teatr məhv olma təhlükəsilə üz-üzə durur. İnsanlıq üçün təhlükə ola biləcək hər şey teatr üçün də təhlükədir. Biz teatral sivilizasiya olaraq teatrın taleyilə bağlı məsələlərdə cavabdehlikdən qaça bilmərik. Teatr özünün mövcudiyyət amalını itirib. O xəstədir və öz qüvvəsilə sağalmaq əzmində deyil.
...Əgər sən dövlətdən pul alırsansa demək sən peşəkarsan. Əgər sən öz imkanların hesabına nəsə edirsənsə, demək sən həvəskarsan. Müasir teatrın sənətkarlığı dövlətdən pul almaq məqsədi üzərinə cəmləşib.
...Mən bütün bunlardan imtina etdim. Mən istədiyini edən təlxəyəm və mən azadam.
Mənə Kiyev supermarketlərində satıcı qızlara baxmaq, aktrisalara baxmaqdan daha xoşdur.
...Kiyevdə mükəmməl energetik landşaft, heyranedici tamaşaçı kütləsi olmasına baxmayaraq teatrlar ümidsiz haldadır. Onlar nəyisə dəyişməyə qorxurlar və ya dəyişmək iqtidarında deyillər. Mənə Kiyev supermarketlərində satıcı qızlara baxmaq, aktrisalara baxmaqdan daha xoşdur, çünki onlar özlərini azad hiss edirlər. Lakin teatrda qorxu hökm sürür. Adət olunmuşdan kənara çıxmaq qorxusu. Lakin biz qorxulardan qurtulmayınca sənət və sənətkarlıqdan söz aça bilmərik.
...Reforma etmək olar və bu ilk növbədə cəsədlərin teatrdan kənara çıxarılması ilə mümkündür. Bizə necə deyərlər, cərrah lazımdır ki, çürümüş, sıradan çıxmış hissəni kəsib atsın.Teatrların inkişafı üçün dövlətin diqqəti və qayğısı da mütləqdir. Çünki, teatr mədəniyyətdir, mədəniyyət isə xalqın, dövlətin simvoludur. Dövlət millətdir, millət isə teatrın var olmasıdır. Teatr milli özünüdərk sistemidir. Əgər milliyyət yoxdursa demək teatr yoxdur. Bu qanundur.
...Aktyor agentlikləri yaratmaq, direktor, baş rejissor və sair vəzifələrə müsabiqələr elan etmək və bu yolla insanları mədəni rəqabətə cəlb etməklə teatrların yaradıcı səviyyəsini artırmaq olar. Əgər yerli qüvvələr kifayət etməsə, xarici kadrları bu işə cəlb etməkdən çəkinməmək gərəkdir. Eyni zamanda teatr təhsilində də islahatlar etmək zəruridir. İntellekt oxunan kitabların sayı deyil, öyrənmə qabiliyyətidir. Mən istəyirəm ki, bu torpağın uşaqları, təhsil alsınlar. Puşkinin, Blokun və s. yaradıcılığına maraq göstərsinlər. Gecələr yuxularını komikslərə yox, Dostoyevskiyə, Tolstoya qurban versinlər.
...Biz mübarizədən kənar qalmışıq. Reallığı dəyişmək üçün döyüşçü olmaq lazımdır. Biz isə sakitcə əzab çəkməyi üstün tuturuq.
Mən yaradıram və yaratdıqca özüm də təkrar sıfırdan yaranıram.
...Yenilənmə hər kəsə, hər yerdə və hər şeydə vacibdir. Bir çoxları mənim eksperimentlərimi çılğınlıq, boş xülya hesab etsələr də mən heç kimdən və heç nədən asılı olmadan, azad şəkildə mübarizə aparıram. Biz yaratmaq üçün varıq. Əgər yaratmasaq nəyə və kimə lazımıq. Mən yaradıram və yaratdıqca özüm də təkrar sıfırdan yaranıram. Mənim teatrım yoxluğun varolmasıdır. Mənim teatrım sıfırdır. Sıfır başlanğıcdır, sıfır qayıdışdır. Sıfır var olmağa can atan yoxluqdur. Lakin mənim sıfırım heçlik deyil. Mənim sıfırım riyazi qanunları alt- üst edən sıfırdır.
...Məkan teatrda qeyri-məkanlaşır, sıfır olur.
...Teatr zamanda doğur və zaman içində əriyərək sıfır olur.
...Aktyor səhnədə doğur və səhnədə əriyərək itir, sıfır olur.
Çoxları bunu anlamaq, bunu dərk etmək iqtidarında deyillər. Lakin Dostoyevskinin bir sözünü xatırlatmaq istərdim: Yoxluğu bir anlam kəsb etməyənin varlığı da mənasızdır.
Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər