• cümə axşamı, 28 mart, 23:02
  • Baku Bakı 13°C

Klassiklər bahalı ətir kimidir

06.09.16 10:38 1844
Klassiklər bahalı ətir kimidir
Avropa ədəbiyyatının güclü ideyaları və özünəməxsus yazı üslubu ilə seçilən qələm və söz sahiblərindən Zoran Drvenkar Berlində keçən həyatı, senzura və ədəbi pillələrdə müəllim-şagird münasibətləri kimi bir çox mövzuda hamının maraqla izlədiyi fikir və düşüncələrini "newyorkdailyproject.com” saytı ilə paylaşıb.
- Bir zamanların sosial-mədəni həyatı ilə nümunəvi olan Yuqoslaviyasında, yəni bu günün Xorvatiyasında, Krizevcidə doğuldunuz. Amma həyatınızın böyük bir qismini Berlində keçirdiniz. Ana dilində yazıb-yaratmaq nəsib olmadı. Öz dilinizdə yaza bilməmək və didərgin olmaq siz’ bir yazıçı kimi necə təsir etdi?
- İnsanlara keçdiyim proses maraqlı olduğundan mütəmadi olaraq bu sualı verirlər. Çünki, Yuqoslaviya kimi bir yerdən Berlinə gəlmək hər kəsə qəribə gəlir. Amma uşaqkən heç bir problem yox idi. Türklər, yuqoslavlar və almanlar birgə xoşbəxt idik. Əlbəttə, o vaxtlar tez-tez sataşmalar, sıxışdırmalar da olurdu, amma yenə də xoşbəxt idik və hamımız eyniydik. Aid olmadığınız bir yerdə yaşadığınız zaman yaradıcılığınız, qələminiz təsirlərə məruz qala bilər. Amma mən ora aid idim, Berlin mənim evim idi. Ona görə mühitin kəskin dəyişməsi, Berlindəki həyat tərzi yazdıqlarıma çox təsir etmədi. Eyni şey dil üçün də keçərlidir. Alman dili mənim düşüncə dilim oldu və ana dilimdə yazmamaq məni narahat etmirdi. Alman dili daha asan idi.
- Berlində böyüyən və yaşayan bir yazar kimi, regionun multikulturallığı və kəskin fərqliliklərin bir arada olması sizə necə təsir etdi? Məsələn, Berlin divarının dağıdılması sizə təsir etdimi?
- Divarın Qərbində yaşayırdım, amma heç vaxt divarı qəbul etmədim. Şərqə baxanda heç vaxt divar görmədim. Mənim üçün elə bir divar heç vaxt mövcud olmamışdı. Düşünürəm ki, həyatımızdakı bəzi şeylərin öhdəsindən onları qəbul etməyərək və mənimsəməyərək gələ bilərik. Əlbəttə, divarın dağıdılması hamımızı sevindirdi, insanların qucaqlaşması möhtəşəm idi, amma arada divarın olub-olmamağı mənim, onsuz da, vecimə deyildi.
- Uşaqlıq və gənclik illərinizdə nələr oxuyurdunuz? Sizi qidalandıran, həvəsləndirən mənbələr hansılar idi? Sizin üçün kitablar seçən, bu işdə sizə kömək edən kimsə var idimi?
- Məni həvəsləndirən, yazmağa səsləyən bir çox mənbə vardı. Əminliklə deyərəm ki, onlar olmasaydı, indi burda olmazdım. Sadəcə yazar kimi yox, fərd olaraq da buralarda ola bilməzdim. Oxumağa beş yaşımda başlamışdım və 11 yaşıma qədər kitabxanamızdakı bütün kitabları oxumuşdum. Ucuz, içində çoxlu erotik çalarlar olan 60 səhifəlik romanlar idi hamısı. Bir az böyüdükdən sonra daha ciddi kitablar tapdım. ətrafımda "Sən bunu oxusan yaxşı olar”, ya da "bunu oxumasan, yaxşı olar” deyən heç kim olmayıb. O qədər şanslı deyildim. Hər şeyi oxudum.
Ailəm nəinki kitab oxumağı aşılayardı, bir küncə çəkilib kitab oxuduğum zamanlarda belə əsəbiləşər və kitabı əlimdən alardılar. Seçib oxuyacağım kitabların necə bir insan olacağıma təsiri barədə heç kim məni məlumatlandırmırdı.
Nə etdimsə, sadəcə etmək istədiyim üçün etdim. İlk şeirimi yazanda da eyni şey oldu. Bəlkə də, həqiqətən, çox pis idi o şeir, heç kim oxumadı və maraq göstərmədi. Həyatım boyunca nə istədimsə onu etdim; şeir yazmaq istədim və yazdım, özüm çox bəyəndim. İstədiyim yoldaydım çünki. Çünki "kimsə oxusun” motivasiyası yazar üçün təhlükəlidir.
Oxuduğum kitabları yox, o kitabları yazanların düşüncə tərzini, kitabların düşündürmə tərzini əxz elədim Məncə, hər yazıçı bunu etməlidir. Yazıçıların nə yazdıqlarından çox, necə yazdıqlarından öyrənməliyik. İlk dəfə yazmağa başlayanda, yazdıqlarımın 90 faizi o yazıçıların təsiri altında qalmışdı. Amma indi tam olaraq əks bir vəziyyətdir. Çünki bu müddət öz üslubumu və yazı tərzimi inkişaf etdirməyə imkan yaratdı.
- Klassiklərə yanaşmanız necədir? Gəncliyinizdə klassikləri oxumağı sevirdinizmi? Müasir ədəbi əsərləri sizinçün nə dərəcədə maraqlıdır?
- Əslində, yazılan şeyin müasir və ya klassik olmasını dövrə görə ayırmıram. Yazarın düşünmə tərzi önəmlidir. Bu düşünmə tərzinin hansı zamana aid olduğu önəmlidir. Müasir ədəbiyyatdakı düşünmə tərzi, həqiqətən də, müasirdir. Üstəgəl oxucuya hekayənin gerçəkliyini də hiss etdirə bilir.
Klassiklər bahalı ətir kimidir. Qoxusunu ala bilirsən, amma gerçəkliyini hiss edə bilmirsən. Klassiklər heç vaxt mənə gerçəklik duyğusunu hiss etdirə bilmədi. Zaman, məkan və həyat tərzi olaraq çox uzaqda hiss etdim. Klassiklər içində Dostoyevskini ayırıram, onun qoxusu tamamilə fərqlidir, yazdıqları həyatidir. Onun hekayəni yazmaq və düşünmək tərzi həmişə müasir qalacaq.
- Sıradan bir fərd olan Zoranı yazar kimi yetişdirən nədir? Öz oxucun olsan, "yazıçı” kimliyində nələrə diqqət edərdin?
- Həyatımda etdiyim xətalar, həqiqətə uzanan yolçuluğum, bir daha səhv etməmək üçün yetirdiyim diqqət, dostluqlar, yaxınlıqlar və sevgi, məni yazıçı kimi yetişdirən ən başlıca amillərdəndir. Bir növ bunların qarışığıyam. Ədəbiyyat elə bir şeydir ki, mənfi personajlarımda belə mən varam.
- "Soyuqdan Qorxmayan Tək Quş” əsəriniz hər yaşda oxucu tərəfindən oxuna bilər. Hekayənin hansı yaş qrupuna necə təsir edə biləcəyi və toxuna biləcəyini necə kəşf edirsiniz?
- Uşaqlar üçün yazmağı heç düşünməmişdim. Personajlarımı düşündüm və bu personajlar uşaq ədəbiyyatının içinə "axdı”. Uşaqlar, gənclər və hazırlıqlı oxucular üçün yazmaq çətinlik yaratmır. Nəticədə mən personajı düşünürəm. Amma eyni dönəmdə iki fərqli xətt üzərində yazmaq çox çətindir, bunu edə bilmirəm. Gərək bir az vaxtkeçsin.
- Ən çox hansı yaş qrupuna görə yazmaq istəyirsiniz?
- 6-10 yaş arası dövr, uşaqların dünyanı kəşfetmə illəridir. 11-dən sonra ümid etməyə, sevməyə, dava etməyə və müxtəlif yaralar almağa başlayırlar. Bu səbəblə 8-16 yaş arası insanlar üçün yazmağı sevirəm. Onların bu yolunda, həyatla bağlı ilk real təcrübələrində onlarla birgə olmaq əladır. Bu qrupa xitab edərkən, ilk düşündüyüm şey də ümid olur, çünki elə bu yaşlarda ümidə daha çox ehtiyac duyurlar. Onlarla aramızda qurduğum ünsiyyət və onların bu ünsiyyətə olan inamları da məni xoşbəxt edir.
- Senzura barədə nə deyə bilərsiz?
- Bu mövzu ikibaşlıdır. Bir yanda nəşriyyatlar var. Nəşriyyatlar yazıçıya nə istədiyini deməlidir. Uğurlu bir kitab üçün yazıçını düzgün yola yönləndirməlisiniz. Yazıçı və naşir kitabdan məmnun olmalıdırlar, yaxşı kitab ancaq elə ərsəyə gələ bilər. İşin digər tərəfində isə pul qazanmaq durur.
Kitablarımdan birinin son 20 səhifəsində erotik məqamlar vardı. Kitabım bitiyində redaktorum həzlə oxuduğunu amma son 20 səhifəsini çıxartmaq məcburiyyətində qaldıqlarını bildirdi. "Hardadır o 20 səhifə?” deyə soruşduğumda, "O hissəyə ehtiyac yoxdur, kitab belə də qəşəngdir” demişdi. Daha sonra başa düşdüm ki, kitabım yeniyetmə məktəblilər üçün imiş, redaktorum o səbəblə belə bir hərəkət etmişdi. Kitab çap edildikdən sonra, o hissənin çıxarılmasına icazə verdiyim üçün xoşbəxt idim. Yeniyetmə bir məktəb uşağının belə yazıya ehtiyacı yoxdur. Və bunu da bildirim ki, əgər redaktorla birgə mətn üzərində işləyirsinizsə, hər cür tənqidə açıq olmalısınız.
– Bioqrafiyanızı araşdırdıqda, məktəbdən və təhsil sistemindən çox da xoşlanmayan bir şagird olduğunuzu görürük. Bu günün təhsil sistemini düşünün, müəllimlərə bir mesajınız varmı?
- Məktəbə nifrət edirdim. Şagird olanda məktəb məni qorxudurdu. İndi bir yazıçı olaraq uşaqlarla məktəblərdə görüşəndə yaxşı müəllimlərin də olduğunu və bəzi məktəblərin yaxşı təhsil verdiyini görürəm.
Necə başa düşürəm? Müəllimlərə baxaraq yox, uşaqların reaksiyalarına baxaraq başa düşürəm. Suallarıma və gətirdiyim misallara verdikləri cavablara baxaraq Kitablarımın əyləncəli kitablar olduğunu hər kəs bilir. Onlarla görüşlərimizdə kitabdakı misallar üstündən zarafatlaşıram, amma bəzi uşaqlar o qədər sıxışdırılıblar ki, o qədər ağır bir tədris rejiminin altındadırlar ki, nə eləsəm də gülmürlər. Əyləncəli suallar verə bilmirlər, hətta sual verməkdən də çəkinirlər.
Necə sevə bilərəm ki belə bir sistemi? Necə bir insan olacağıma qərar verən sistemdən illər boyu qaçdıqdan sonra, kitablarımı oxuyan uşaqların robotlaşdığını, monoton fərdlərə çevrildiklərini görəndə, təhsilə nifrətim daha da artır. Müəllimlərə ilk məsləhətim, diqqətli olmaqlarıdır. Çünki adi bir ş”ey” yox; bir insan yetişdirirlər. Yaxşı bir insan olmaq uğrunda onlara yoldaşlıq edirlər. Çox səbirli olmalı və umidlərini heç vaxt itirməməlidirlər.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər