Kiyevin musiqi paytaxtı olmasına bir həftə qaldı - Fotolar
Ötən il
İsveçin paytaxtı Stokholmun "Qlobe” arenasında keçirilən "Eurovision 2016” mahnı
müsabiqəsinin qalibi Ukrayna təmsilçisiCəmalə olmuşdu. 1944-cü ildə
Stalin repressiyaları zamanı Krım tatarlarının taleyindən danışan "1944”
mahnısı ilə birinci yerin sahibi olan ukraynalı təmsilçi ifası ilə "Eurovision
2016”-nın qalibiyyətini məhz Ukraynaya aparmışdı. Onun bu ifası bir çox söz-söhbətlərə
səbəb olsa da, nəhayət, builki müsabiqənin məhz Ukrayda keçirilməsi təqsdiləndi.
Beləliklə, "Eurovision
2017” mahnı müsabiqəsinin yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11
may, finalı isə 13 may tarixində keçiriləcək. Sözügedən yarışmaya 43 ölkə, o
cümlədən Azərbaycan qatılacaq. Diana Hacıyeva Azərbaycanı "Skeletons"
(Skeletlər) mahnısı ilə təmsil edəcək. Onun ilk yarımfinalda 8-ci çıxış edəcəyi gözlənilir.
Diana
Hacıyeva kimdir?
Bu yarışmada
ölkəmizi təmsil edəcək D.Hacıyeva caz musiqiçisi, "Bəri bax” kollektivinin
solistidir.O, 1989-cu ildə Bakı şəhərində anadan olub. Hazırda Bakı Caz Mərkəzində
çalışır. 2010-cu ildə Diana Hacıyeva "Eurovision” mahnı müsabiqəsində Azərbaycanı
təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77
iştirakçının yer aldığı yarımfinallarda altıncı yerdə qərarlaşıb. 2011-ci ildə onun
"Find Yourself” adlıklipi çəkilib.
Gənc müğənni
2009-cu ildəgitaraçı Əli Nəsirovla ailə həyatı qurub. Onların 2014-cü
ilin noyabr ayında qız övladları dünyaya gəlib. Son bir neçə ayda bir çox təlimlərdə
iştirak edən Diananın artıq müsabiqədə nümayiş etdirəcəyi klipi və səhnə
performansı hazırdır. Belə ki, təmsilçimiz ötən gün Kiyev səhnəsində ilk məşqini
edib. "Skeletons” mahnısı üçün hazırlanan səhnə şousu avropalıların sevgisini
qazanıb. Ekspertlər bildirib ki, birinci yarımfinalda ən uğurlu çıxış.
Portuqaliya (Salvador Sobral) və Azərbaycan (Dihaj) təmsilçilərinindir.
Diananın final gecəsi münsiflərdən xalı çox olmasa da, tamaşaçı səsverməsində
ön pillələrdə yer alacağı deyilir.
Diananın səhnə
şousunun xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Səhnədə ümumilikdə 6 nəfər
yer alıb. Diana və at başlı gənc əsas, digər 4 nəfər isə köməkçi
obrazlardır.Səhnədə sinif otağı qurulub və yazı taxtasında şüarlar qeyd
edilib. "Təxəyyül”, "hissiyyat”, "hazırcavab”, "pis oğlan” kimi sözlər yazılıb.
Diananın sağında pilləkən yerləşdirilib və üzərində başında at təsviri olan rəqqas
yer alıb. Belə təsəvvür olunub ki, oğlan özünü yüksəkdən tutur və Diananın
fikirlərinə önəm vermir.
Diana isə ona
sinif otağında sevgini fəlsəfi baxımdan başa salmağa çalışır və onu öz səviyyəsinə
endirməyə cəhd edir. Hətta rəqs zamanı Diana emosional şəkildə "maskalı pis
oğlan”a etirazını bildirir. Lakin, at başlı gənc dikbaşlığını qoruyur, pencəyini
düzəldir və onun fikirlərini önəmsəmir.
Şoudan
görünür ki, sonra oğlan yavaş-yavaş pilləkənlərdən aşağı düşür. Hacıyevanın fəlsəfi
hissləri onu aşağı düşməyə məcbur edir. Lakin artıq sinif otağı dağılır, Diana
otağı sökənlərə etiraz edir. Səhnəcikdən başa düşülür ki, Diana rəqqası öz səviyyəsinə
endirə bilir, amma gec olduğunu anladır. Təmcilçimiz səhnədə sadə bir geyimdən
istifadə edib. O, səhnəciyin sonunda üst geyimini yerə atır və şou başa
çatır.
Müsabiqə nömrəsinin
quruluşçu rejissoru Nailə Məmmədzadə "Eurovision 2012" interval
aktlarını və 2015-ci ildə Avropa Oyunlarının bağlanış mərasimini də həyata
keçirib. N.Məmmədzadə musiqinin janrı və formatından asılı olaraq müğənninin
özünü rahat hiss etdiyi, kiçik teatr tamaşası tərzində maraqlı və alternativ səhnə
şousu hazırlayıb.
Diana
Hacıyeva çıxışı ilə bağlı təəssüratlarını bölüşüb: "Skeletons"
mahsının quruluşunda teatr yanaşması istifadə edilib. Xoşbəxtəm ki, bizim nümayəndə
heyəti səhnədə məhz bu nömrəni təqdim etmək qərarına gəldi. İş təkcə super
effektlərdə və ya texnologiyalarda deyil, onun mənim üçün böyük əhəmiyyəti var.
Şou müxtəlif emosiyalar yaradır və ümid edirəm ki, tamaşaçılar biganə
qalmayacaq".
Yarımfinal və finalda kimlər iştirak edəcək?
Bir həftədən
sonra, mayın 9-da keçiriləcək ilk yarımfinalda bu ölkələrin nümayəndələri
mahnılarını təqdim edəcək: 1. İsveç, 2. Gürcüstan, 3. Avstraliya, 4. Albaniya,
5. Belçika, 6. Monteneqro, 7. Finlandiya, 8. AZƏRBAYCAN, 9. Portuqaliya, 10.
Yunanıstan, 11. Polşa, 12. Moldova, 13. İslandiya, 14. Çexiya, 15. Kipr, 16.
Ermənistan, 17. Sloveniya, 18. Latviya.
Mayın 11-də
baş tutacaq ikinci yarımfinalda isə iştirakçı ölkələr bu qaydada səhnəyə
çıxacaq:1. Serbiya,
2. Avstriya, 3. Rusiya, 4. Makedoniya, 5. Malta, 6. Rumıniya, 7. Hollandiya, 8.
Macarıstan, 9. Danimarka, 10. İrlandiya, 11. San Marino, 12. Xorvatiya, 13.
Norveç, 14. İsveçrə, 15. Belarus, 16. Bolqarıstan, 17. Litva, 18. Estoniya, 19.
İsrail. Müsabiqənin qaydalarına görə, qalib ölkə, eləcə də müsabiqənin yaradıcı
üzvləri birbaşa finala vəsiqə qazanır.
Erməni təxribatları
davam edir
Azərbaycan təmsilçisinin
ifa etdiyi "Skeletons” mahnısı ilə bağlı da söz-söhbətlər, qalmaqallar bitib
tükənmir. Belə ki, bu mahnının digər ölkələr tərəfindən daha çox sevildiyini və
bəyənildiyini görən Ermənistanı ötən il "Eurovision" mahnı müsabiqəsində
təmsil edən İveta Mukuçyan Diananın ifa etdiyi "Skeletons" barədə
iddia irəli sürmüşdü. Həmin iddianı eschalley.com "Eurovision" xəbər
saytı dərc etmişdi. Məqalədə qeyd olunmuşdu ki, Almaniyada yayımlanan
"Eurovision" proqramında İveta qonaq qismində çıxış edib, müğənni bu
il yarışmada iştirak edən 10 sənətçinin mahnıları barədə fikir
bildirib.İveta Sandra Bjurman və İsa Məlikovun müəllifi olduğu və Azərbaycan
təmsilçisinin oxuduğu "Skeletons"un birinci onun üçün yazıldığını
söyləyib: "Bu mahnını bilirəm. Ötən il mənə də göndərilmişdi. Ancaq mən qəbul
etmədim. Mahnı yazılarkən mən də orda idim. Hər şeyi bərabər hazırladıq".
Xatırladaq
ki, Sandra Bjurman Safura Əlizadənin "Drip drop", Səmra Rəhimlinin
"Miracle", Ell and Nikkinin "Running scared", Səbinə
Babayevanın "When the music dies" mahnılarının söz yazarıdır.
Müsabiqənin qalmaqallı məsələləri
Avropa Yayım
Şurası rəsmi olaraq bəyan edib ki Rusiya "Eurovision 2017" musiqi
yarışmasında iştirak etməyəcək. Bu bəyanat musiqi müsabiqəsinin rəsmi saytında
yerləşdirilib.
Təşkilatın
nümayəndələri vurğulayıblar ki, Rusiyanın bu müsabiqədə iştirak etməsinə şərait
yaradacaq həll yollarını tapmağa cəhd ediblər. Bu mövzu ilə bağlı "Eurovision”un
saytında qeyd edilib ki, Rusiyaya müxtəlif variantlar təqdim olunub: "Rusiyalı
iştirakçı Yuliya Samoylovaya videokörpü vasitəsi ilə müsabiqəyə qoşulmaq təklifi
edilib. Bundan başqa, təşkilat komitəsi iştirakçını başqası ilə əvəz etməyi də
təklif edib. Lakin hər 2 variant Rusiyanın Birinci kanalı vasitəsi ilə rədd
edilib. Kanalın rəhbərliyi qeyd edib ki, "Eurovision 2017" mahnı
müsabiqəsi yayımlanmayacaq. Bu o deməkdir ki, Rusiya müsabiqədə iştirak edə
bilməyəcək. Biz bütün 43 ölkənin müsabiqədə iştirak etməsi üçün əlimizdən gələni
etdik".
Məsələ
burasındadır ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya təmsilçisi Yuliya
Samoylovanın ölkəyə girişinə qadağa qoyub. Buna səbəb isə müğənninin Krıma səfər
etməsidir. Y.Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan edilib.
Qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə əldə edilmiş məlumatlar
əsasında qəbul olunub.
Y.Samoylova
müsabiqədə "Flame is Burning" mahnısı ilə çıxış etməyi planlaşdırırdı.
Müğənni uşaqlıqdan əlil arabasında hərəkət edir və birinci qrup əlilliyi var.
"Eurovision
2017”nin ən maraqlı iştirakçıları
Hər il olduğu
kimi, hər kəs bu yarışmanı səbirsizliklə gözləyir. Çünki bu müsabiqədə maraqlı
ifalarla bərabər, həm də maraqlı iştirakçılar olur. Müsabiqə bitsə belə, orada
yaşanan hadisələr ən azı bir neçə ay müzakirə obyektinə çevrilir. Ona görə də
bu müsabiqədə iştirak etmək hüququ qazanan ölkələr çalışırlar ki, daha maraqlı
iştirakçılarını göndərsinlər. Bu baxımdan qeyd edim ki, "Eurovision 2017”nin ən
gənc iştirakçısı Bolqarıstanı təmsil edəcək Kristian Kostovdur. 17 yaşlı
Kristian Rusiyada anadan olub. Kostovun atası bolqar, anası isə
qazaxdır.2000-ci ildə Moskvada dünyaya gələn müğənni müsabiqədə
"Beautiful Mess" mahnısı ilə çıxış edəcək.
Müsabiqənin favoritləri
Bukmekerlər
mahnı müsabiqəsinin iştirakçıları arasında ilkin favoritlərini açıqlayıblar. Bu
barədə Eurovisionworld.com saytı məlumat verib. Proqnozlara görə, birinci yeri
"Occidentali's Karma” mahnısı iləitaliyalı iştirakçı Françesko Qabbani tuta bilər.
Bolqarıstandan olan Kristian Kostovun
"Beautiful Mess” mahnısı ilə müsabiqənin ikincisi olmaq ehtimalı yüksəkdir. Üçüncü
yerə isə bukmekerlər "I can`t go on” mahnısı ilə İsveçin nümayəndəsi Robin
Benqsstonu layiq görüb.
Xəyalə Rəis