• cümə, 29 Mart, 10:29
  • Baku Bakı 5°C

Kiyev Krımın statusunu dəyişməyə hazırlaşır

12.08.17 10:00 2556
Kiyev Krımın statusunu dəyişməyə hazırlaşır
Sentyabr ayında Kiyev Krımın statusu ilə bağlı Konstitusiyaya ediləcək dəyişikliyin təqdimatını keçirəcək. Bu barədə Ukrayna prezidenti Petro Poroşenko Ali Radanın deputatları ilə, eləcə də, Krım-tatar Məclisinin liderləri Refat Çubarov və Mustafa Cəmilov ilə keçirilən görüşdə bəyan edib. Ukrayna prezidenti hələ 2015-ci ildə yarımadaya Krım-tatar milli muxtariyyətinin verilməsini təklif edib. Kiyev Rusiyanın Krıma verdiyi statusu qəbul etmir və həmin əraziləri Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri hesab edir. Qərb və Rusiya mətbuatı yazır ki, Poroşenkonun Cəmilov və Çubarovla bu həftə baş tutan görüşü alman siyasətçilərin qalmaqallı bəyanatları fonunda səslənib. Avqustun əvvəlində Almaniyanın Azad Demokratik Partiyasının lideri Kristian Lindner açıq şəkildə Ukraynanın hər vəchlə rədd etdiyi və reallaşmasından ehtiyat etdiyi bir ideya səsləndirib. Kuluarlarda bu ideyanı bir növ "dəyişmə” adlandırırlar. Yəni Krımın kimə məxsus olması barədə mübahisələri qeyri-müəyyən vaxta kimi təxirə salmaq və daha çox Donbasdakı münaqişənin həlli ilə məşğul olmaq təklif edilir. Hazırda məhz bu proses gedir – "Normand formatı” və Minsk prosesi tam şəkildə Ukraynanın şərqində münaqişənin həllinə yönəlib. Krım məsələsi mövcud və fəaliyyətdə olan hər hansı bir beynəlxalq danışıqlar prosesində müzakirə olunmur. Əslində bu, belə də olmalıdır. Çünki, Rusiyanın iştirakı olmadan bu yöndə hər hansı bir danışıqlar aparılması əhəmiyyətsizdir. Moskva isə bu mövzunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskovun sözləri ilə bağlayıb. "Krım məsələsi deyilən məsələ mövcud deyil. Bu səbəbdən də Krım məsələsini müzakirə etmək mümkün deyil”.
Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin normallaşmasının zəruriliyi barədə danışan alman partiya lideri Kristian Lindner hesab edir ki, bunun üçün ilk növbədə Krım mövzusunu təxirə salmaq gərəkdir. Və əsas etibarilə Donbasda qan tökülməsinə son qoyulması üzərində çalışmaq gərəkdir. Bu ideyanı almanların 44 faiz dəstəkləyir. Bunu Die Welt qəzeti Civey Tədqiqat İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən dərc edib. Ukraynanın kütləvi informasiya vasitələri "Bild” qəzetinə istinadən Almaniya hökumətinin mətbuat xidmətinin rəhbəri Ulrike Demmerin sözlərini dərc ediblər. Xanım bildirib ki, alman liberallarının Krım məsələsi ilə bağlı mövqeyi rəsmi Berlinin mövqeyi ilə ziddir. Alman tərəfi bu bəyanatı səsləndirməyə məcbur idi. Çünki, Lindnerin bəyanatı Ukraynada tənqidlərə səbəb olmuşdu. Xarici işlər naziri Pavel Klimkin alman kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib ki, "biz bir sıra siyasilərin beynəlxalq hüquq normalarının qulaqardına vurulmasına, hətta bu prinsiplərin pozulmasına haqq qazandırmalarından çox ciddi şəkildə narahatıq. Bununla onlar işğalçının hərəkətlərinə haqq qazandırmış olur və onları gələcəkdə bu cür addımlar və cinayətlər törətmələri üçün həvəsləndirirlər. Hətta deyərdim ki, onlar işğalçıların törətdikləri cinayətlərin iştirakçılarına çevrilmiş olurlar”.
Kiyevdə ən çox müzakirə olunan məsələlərdən biri də Krımda loyallıq nümayiş etdirən insanların evində axtarış hallarının artmasıdır. Xüsusən də Krım-tatar Məclisi sədrinin müavini Axtem Çiyqoz barəsində qaldırılan cinayət işi və keçirilən məhkəmə prosesi diqqət mərkəzindədir. Bu şəxs 2015-ci il yanvarın 29-da həbs edilib. Onu 2014-cü il fevralın 26-da Krım parlamenti qarşısında keçirilən etiraz aksiyalarını həyata keçirmək üzrə həbs ediblər. Həmin aksiya Krımın kimə məxsus olması ilə bağlı keçirilən referenduma qarşı olub. Çiyqoza qarşı məhkəmə qərarı sentyabrın 11-də çıxarılmalıdır. Krım tatarları arasında Ukrayna hakimiyyətini fəaliyyətsizlikdə ittiham edənlər də çoxalıb. Kiyev bu problemi Qərbin əli ilə həll etməyə çalışır. Ötən ay Ukrayna Rusiyadan Beynəlxalq Haaqa Məhkəməsinə şikayət də edib. Artıq dinləmələrə də start verilib. Məhkəmə ilkin olaraq Rusiya tərəfini Krım-tatar Məclisi ilə bağlı mövqeyini dəyişməyi tələb edib. Məclisin fəaliyyətinə mane olmamağı, yerli sakinlərin hüquq və azadlıqlarının təmin olunmasını, o cümlədən Ukrayna və tatar dillərində danışıb təhsil almalarını təmin etmək tələbi irəli sürüb. Lakin ilk qərar çıxarıldıqdan sonra Məclisin rəhbəri Refat Çubarov bəyan edib ki, Rusiya məhkəmənin qərarlarını icra etmir: "Repressiyalar sistemli şəkildə qalmaqda davam edir. Hətta deyərdim ki, daha da gücləndirilir. İşğalçıların BMT qərarlarına nəzər salmaları əlamətləri belə görünmür”.
Alman siyasətçinin sözlərini şərh edən Çubarov bildirib ki, "Qərbdə anlamırlar ki, Krım tək ərazi deyil, bu, köklü xalqın vətənidir. Əgər biz bu məsələnin həllini perspektiv üçün saxlasaq, onda Rusiya yerli xalqı məhv etmək üçün əlindən gələni edəcək”.
Beləliklə, mövcud durum nə Ukrayna tərəfi, nə də Krım tatarları üçün əlverişli deyil. Rəsmi Berlin Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarıdır və tərəfləri bir sıra strateji layihələr bağlayır. Söhbət "Şimal axını-2” layihəsindən gedir. Rəsmi Berlin əksər Avropa dövlətlərinin narazılığına baxmayaraq bu layihənin reallaşmasına çalışır. Bu layihə isə Ukraynanın tranzit ölkə kimi aradan çıxmasına xidmət edir.
Azər
banner

Oxşar Xəbərlər