• cümə axşamı, 28 mart, 15:08
  • Baku Bakı 16°C

Kitabxanaların magik gücü

23.02.15 03:51 1073
Kitabxanaların magik gücü
Hər ilin sonunda milyonlarla insan növbəti ilin yanvarın 1-dən başlayaraq görəcəyi saysız-hesabsız işləri planlaşdırır. Kimi sağlam həyat tərzi formalaşdırmaq, kimi vegeterian olmaq, kimi mükəmməl bədənə sahib olmaq, kimi öz kiçik biznesini qurmaq, kimi yeni sahədə özünü sınamaq, kimi tərzini dəyişmək, kimi yeni dil öyrənib, özünü inkişaf etdirmək üçün uzun siyahı tərtib edir. Lakin bu siyahını neçə nəfər tamamlaya bilir və ilin sonunda neçə nəfər ilin əvvəlində qarşısına qoyduğu məqsədi unutmadan onun üçün çalışıb məqsədinə çatır?! Əmin olun, bu adamların sayı yüksək rəqəmlə göstəriləcək qədər çox olmur. Çünki dəyişmək, xüsusilə də gündəlik işlərin və qayğıların arasında dəyişmək üçün lazım olan yenilikləri etmək, düzəni pozmaq elə də asan deyil. Amma sizə dəyişmək yolunda təmənnasız xidmət edəcək ictimai bir qurum olduğunu düşünün, əgər onun köməyi və motivasiyası olsa necə? Əminik ki, sizi məqsədlərinizə kökləyəcək xarici həvəsləndirici qüvvə çox işinizə yarayacaq. Bəs bu magik yer haradır? Əlbəttə ki, yerli kitabxananız. Sizə il boyu məqsədlərinizə köklənmənizə kömək edəcək və hər gün yenilənmənin və özünüinkişafın tərkib hissəsi kimi istifadə edə biləcəyiniz kitabxanalardan necə yararlanacağınızı göstərəcəyik.
Daha çox oxuyun. Bəli, bu işdə kitabxanaların sizə necə kömək edəcəyi aydındır. Geniş izaha ehtiyac olmadığını nəzərə alsaq, qeyd ediləcək yeganə məsələ, kitabxanaların daha çox oxumaq üçün həm çap, həm də elektron kitabları rahatlıqla tapacağınız yer olduğunu xatırlatmaqdır. Kitabxanalarla bağlı insanların diqqətdən qaçırdığı bir məqam da buranın təkcə kitab axtarmaq üçün geniş seçim imkanlarının olduğu yer olmamasıdır. Kitabxanalarda sizə həm də zövqünüzə, maraq dairənizə uyğun kitab seçməkdə, ən çox tələb olunan və ya ən maraqlı kitablardan yararlanmaq üçün kömək göstərilir, yəni ucsuz-bucaqsız rəflər arasında zaman itirmək məcburiyyətində qalmırsınız. Kitabxanaçılar bu sahədə ustadırlar, dünyanın hər yerindən kitabxanaya müraciət edən insanlar onların zövqünə etibar edir. Onların təcrübəsi və qiraət zövqü sizi nə oxumalı olduğunuzla bağlı problemdən qurtaracaq. Bir sözlə, hər kitabdan iki cümlə ön söz oxumaq məcburiyyətində qalmayacaqsınız. Onu da qeyd edim ki, bir çox kitabxanaçıların artıq şəxsi veb-səhifələri də var, onlar burada oxuduqları kitablarla bağlı yazır və oxucularla məsləhətlərini bölüşürlər, belə saytlardan da yararlana bilərsiniz.
Gündəlik hadisələrdən xəbərdar olun. Hər gün dünyada baş verən hadisələrdən xəbər tutmaq, yenilikləri qaçırmamaq, hadisələrin inkişafını izləmək çətindir. Ən azı, iş saatları, daha sonra isə ailə və dostlara ayırdığınız vaxt ərzində bunu etmək mümkün deyil. Belə xəbərləri izləmək isə ödənişli xidmətdir, yəni hər saatbaşı telefonunuza dünya xəbərləri başlıqlar və əsas detallardan ibarət paket şəklində mesaj yolu ilə göndərilir, təbii ki, bu da ödənişlidir. Amma kitabxanalar dünyada baş verən ən son hadisələri gündəlik izləyə biləcəyiniz qəzet və jurnallarla doludur, üstəlik, hər gün yenilənir və pulsuzdur. Ola bilər ki, həmin günə olan qəzetlər pullu təklif edilsin, bu zaman isə telefonunuzun kitabxanasına üz tutun. Smartfon istifadəçiləri bu xidmətdən tamamilə pulsuz yararlanır.
Daha az TV izləyin. Uzun və yorucu iş günündən sonra ləzzətli yemək süfrəsini televizor önünə çökmək kimi “ləzzətli” vərdiş izləyir. O qədər yorğunluqdan sonra etəməyə enerjiniz çatacaq yeganə asan işdir. Halbuki bunu qeyri-ixtiyari, yəni kor-koranə formalaşmış vərdiş kimi icra edirsiniz. Televizor önündə keçirdiyiniz zamanları kitab oxumaq, yeni dil vərdişlərinə yiyələnmək, ya da kiçik həyətyanı sahədə nə iləsə məşğul olmağa da sərf edə bilərsiniz. Kitabxanaların bununla nə əlaqəsi olduğunu düşünürsünüzsə, deyim ki, əgər bu vaxtı kitablara həsr etməyə qərar vermisinizsə, ağlınıza kitabxanaya getməyi gətirib özünüzü demotivasiya etməyin. Çünki ABŞ-da demək olar ki, hər kitabxananın gündəlik elektron kitab təklifləri olur, onları asanlıqla smartfon və tabletlərinizə yükləyə və saatlarınızı televiziya kanallarını çevirməkdən daha səmərəli işə sərf edə bilərsiniz. Bir sözlə, “bu vaxtda kitabı hardan alım” deyə düşünməyin. İndi səyahətdə, gözləmə zalında, nahar fasiləsində hər yerdə, istədiyiniz vaxt nəsə oxuya bilməniz üçün düşündüyünüzdən geniş imkanlar, saysız-hesabsız təkliflər var.
Tez-tez idman edin. Bəziləri çöl işləri ilə məşğul olmağı çətin hesab edir. Hətta çöldə idman etməkdən utananlar belə var. İlk baxışdan bu sizə zaman itkisi, yorucu, bezdirici, hətta bir az da utandıran məşğuliyyət kimi görünə bilər. Əslində idman zalında yürüyüş xalçasında keçən saatlar həqiqətən də bir müddət sonra sıxıcı gəlir. Bunun ən yaxşı üsulu zala sizi motivə edəcək bir insanla getməkdir. Yox əgər belə bir insan yoxdursa, kədərlənməyin, kitabxanalar var. Bu zamanın necə keçdiyini unutmaq və ondan ikitərəfli yararlanmaq istəyirsinizsə, elektron kitabxananızdan oxumağı planlaşdırdığınız kitabın audioversiyasını smartfonunuza yükləyin. Audiokitablar təkcə vaxtın necə keçdiyini unutmağı yox, həm də növbəti idman saatını səbrsizliklə gözləməyinizi təmin edəcək. Əslində audiokitablar bildiyiniz kimi elə də məşhurlaşa bilmədi, insanlar bu kitablardan tıxacda, ictimai nəqliyyatda, çox səs-küy olan yerdə, nəsə fiziki işlə məşğul olarkən istifadə edirlər.
Daha çox xeyriyyəçiliklə məşğul olun. Kitabxanalar bu işlərlə məşğul olmaq üçün hər zaman əvəzsiz və təmənnasız tərəfdardırlar. Onlar qeyri-kommersiya qurumudur, yəni istənilən vaxt pulu və köməyi geri ala bilərsiniz. Əgər 2015-ci ildə daha çox ianə vermək, nəsə bağışlamaq istəyirsinizsə, bu niyə yerli kitabxanalar olmasın? Həmin pul yenidən insanlar üçün istifadə olunacaq, bəlkə yeni kitablar alınacaq, bəlkə yeni avadanlıq üçün xərclənəcək, bəlkə yerli əhali üçün yeni proqram quraşdırılacaq, bəlkə də kasıb insanların işə cəlb edilməsi üçün lazımı vəsait olacaq.
Yeni nəsə öyrənin. Ray Bredbörinin məşhur deyimini xatırlayaq: “Kollecə getmək imkanım yox idi, mən də bu çatışmazlığı 10 həftədə 3 günümü kitabxanada keçirməklə örtdüm”. Kitabxanalar sizi lazımi məktəb ləvazimatları, dərs kitabları, mövzular, elmi məqalələr, dil öyrənmək üçün lazım olan bütün proqramlar, bir sözlə, sizə özünüzdən də çox kömək etmək üçün hər şeylə təmin edir. Kitabxanalar olan yerdə iri məbləğdə pullar xərclədiyiniz dil kurslarına, ya da belə kurslara gedib məsləhət verməyə həvəsli təcrübəliləri dinləməyə belə ehtiyac yoxdur.
Ailənizlə daha çox zaman keçirin. Kitabxanalar bütün il boyu uşaqlar üçün qiraət klubları təşkil edir, eyni zamanda, övladları ilə birgə peşəkarların da iştirak etdiyi beyin oyunları oynamaq istəyən valideynlər də unudulmayıb. Bir çox kitabxanaların “eReading Rooms” adlı otaqları var, burada hər yaş qrupuna hesablanmış kitablar toplanır. İstər övladlarınızla birgə bədii qiraət saatlarında iştirak edə, istərsə də onlar üçün burada rahatlıqla kitab seçə bilərsiniz. Sevdiyiniz hekayələr vasitəsilə uşaqlarınızla ünsiyyət qurmaq və onlarla əyləncəli və səmərəli zaman keçirmək üçün kitabxanalar yenə əvəzsiz məkanlardır.
Çox səyahət etaz xərclə. 2015-ci ildə çantanıza yerləşmədiyi üçün getdiyiniz ölkələrə və ya həmin ölkələrdən vətəninizə daşıdığınız kitablar üçün qürurla lazımsız yerə yüksək məbləğlər ödəmək vərdişini tamamilə tərgitməlisiniz. Bu səhnəni səyahət xatirələrinizdən silməyə çalışın. Bunun üçün Kindle və ya İpad kifayətdir. Başlıqları və kitabları yığır, istədiyiniz yerdə, istədiyiniz qədər oxuyur, istədiyiniz yerə aparır və əlavə məbləğ ödəmirsiniz. Hətta bəzi beynəlxalq hava limanlarında gözləyən sərnişinlər üçün kitab rəfləri belə mövcuddur.
Yeni sahədə karyera qurun. Heç bilirsinizmi ki, yeni iş axtaranlar və ya hansısa yeni sahədə öz biznesini qurmaq istəyənlərə kitabxanalar nə qədər kömək edir? Məsələn, təsəvvür etsək ki, siz yeni bir şirkətdə işə başlayırsınız və sizdən özünütəsdiq üçün təqdimat tələb ediblər. Kitabxananızın köməyi ilə siz hətta 3D formatında belə rolik hazırlaya bilərsiniz, hətta onlar sizin start-up layihənizə kömək məqsədi ilə kitab çap etdirmənizə belə kömək edər, onu yığar, korrektə, redaktə edər, reklamı ilə məşğul olar. Kitabxanalar və kitabxanaçılar yaradıcı insanlara qarşı hər zaman həssasdır.
Stressdən uzaq durun. Bəzən insanın dincəlmək və yenilənmək üçün gündəlik həyatında heç cür yoluna girməyən, mütəmadi olaraq tərsinə gedən hadisələrdən uzaqlaşmağa ehtiyacı olur. Hər gün açıq havada yalnız qiraət və ya yeni nəsə öyrənmək məqsədilə keçirəcəyiniz zamanlar özünüz də gözləmədiyiniz halda həyatınızın axarını dəyişəcək. Yeni vərdişlər formalaşdırmaq elə də çətin deyil, xüsusilə də bu vərdiş tamamilə pulsuz, yalnızca kitabxana kartınızın hesabına formalaşarsa.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər