AZE | RUS | ENG |


Kitabsevənlərin ocağı - Reportaj

Kitabsevənlərin ocağı - Reportaj
Uşaqlar həm dərs kitabları, həm də bədii ədəbiyyatla maraqlanırlar



 
 
Məktəbin kitabxanasına yolu düşməyən şagird yoxdur. Kimisi dərs kitabları, kimisi bədii ədəbiyyatla maraqlanır. Şagirdlərdə mütaliə vərdişinin aşılanması üçün müəllimlərlə bərabər kitabxana işçiləri də fəal çalışırlar.

Kitabxananın müdiri Cəmilə Zeynalova bildirdi ki, əsas oxucuları ibtidai sinif şagirdləridir. Yuxarı sinif şagirdləri daha çox yerli dramaturqların əsərlərinə müraciət edirlər. Onlar Mirzə İbrahimov, İlyas Əfəndiyev, Səməd Vurğun, Əbdürrəhim bəy Haqverdiyevin kitabları üçün gəlirlər. Aşağı siniflər əsasən bədii ədəbiyyata meyillidirlər: "10-11-ci sinif şagirdləri ali məktəbə hazırlaşdıqları üçün çox az hallarda bədii əsərlərə müraciət edirlər”.
Hazırda məktəbin kitabxanasında 3905 kitab var. Dərslik kitabları bu siyahıya aid deyil. Siyahı əsasən bədii ədəbiyyat, ensiklopediya, tərcümə və s. nəşrlərdən ibarətdir. Kitabxanaçı bildirir ki, şagirdlər kitabı səliqəsiz şəkildə qaytardıqda onları restavrasiya edərək yenidən istifadəyə verirlər. Kitablar çox pis vəziyyətə düşəndə isə onu siyahıdan çıxarırlar. Cəmilə xanıma "Bəzən şagirdlər kitabları itirirlər. Belə olan halda kitabxana hansı tədbirləri görür?” sualını verərkən kitabxanaçı "Metodik vəsaitdə yazılıb ki, şagird itən kitabın 10 mislini almalıdır: "Bizim vicdanımız ona yol vermədiyi üçün şagird həmin kitabdan bir ədəd yenisini alıb gətirir. Bir kitab beş manatdırsa onun 10 misli 50 manatdır. Mən valideyndən necə tələb edim ki, övladı kitabı itirib, buna görə bizə 50 manat versin. İtən kitabların yeri də boş qalmamalıdır”. Məktəbə kitablar əsasən Şuşa rayon Təhsil Şöbəsindən göndərilir. "Kitablar kitabxanaya faktura və siyahı ilə göndərilir. Kitabxana müdiri də müvafiq sənədə imza atmaqla həmin kitabları məktəbin kitabxanasında yerləşdirir. Mütəmadi olaraq, şagirdlər ensiklopediya və lüğətləri kitabxanada oxuyurlar. Kitablar evdə oxumaq üçün verilmir. Şagirdlər evə apara bilməyəcəyi kitabların lazımi hissələrinin üzünü kitabxanadakı kserokopiya aparatında çıxarırlar”. Kitabxanaçı deyir ki, tədbirlər, bədii gecələr olan zaman hər şagirdə eyni kitabdan verə bilmədikləri üçün lazımi şeirlərin surətini çıxarıb onlara paylayırlar. Kitabları geri alarkən orada yazılan əsər haqqında şagirdlərlə sual-cavab edilir.
Kitabxana müdirinin dediyinə görə, hər rüb ərzində kitabxana öz hesabına tədbir keçirir. Məsələn, bədii qiraət müsabiqələri təşkil olunur və sonunda uşaqlar diplomlarla təltif edilirlər. Mövzuya münasibət bildirən Cəmilə xanım deyir: "Səməd Vurğunun 110 illik yubileyi ilə əlaqədar bədii qiraət, şeir müsabiqəsi keçirmişik. Bundan başqa, Bəxtiyar Vahabzadənin şeirlərindən ibarət qiraət müsabiqəsi təşkil etmişik. Əvvəlcədən hər sinfin divarında müsabiqənin elanları haqqında lövhələr yapışdırırıq. İbtidai siniflərdə "Ucadan oxu” təşkil edirik, 7-ci siniflərdən yuxarı isə əsərlərin müzakirəsi ilə bağlı tədbirlər keçiririk. Müsabiqələr uşaqlar arasında şeirə olan həvəsi də artırır. Şagirdlər özləri şeir müsabiqələrini həvəslə gözləyirlər. Bizim uşaqlarımız nağıllara, hekayələrə daha çox üstünlük verirlər. Bununla belə, xarici dramaturqları da şagirdlərə sevdirməyə çalışırıq”.
Məktəbin 8-ci sinif şagirdi Nərmin Əkbərli mütəmadi şəkildə kitabxanaya gəldiyini və İlyas Əfəndiyevin «Xurşudbanu Natəvan», «Körpüsalanlar” və s. əsərləri oxuduğunu bildirir. Nərmin kitabxananın "Ədəbiyyat bilicisi” müsabiqəsində iştirak edib. Bundan əlavə, o, poeziya vurğunudur. Belə ki, Səməd Vurğunun yubileyi ilə əlaqədar müsabiqədə ikinci yeri tutub. Ən çox sevdiyi şair və yazıçılar isə Əbdürrəhim bəy Haqverdiyev, Səməd Vurğun və Bəxtiyar Vahabzadədir. 8-ci sinif şagirdi Gülmmədova Nigar isə deyir ki, daha çox informasiya əldə edə biləcəyi maraqlı əsərlərə müraciət edir. Nigar xarici ədəbiyyatı, Azərbaycan klassiklərinin əsərlərini, həmçinin İmadəddin Nəsiminin qəzəllərini oxumağı çox sevir.
Əslən əfqanıstanlı olan şagird Sara Şəhidi də Azərbaycan yazıçılarının əsərlərini çox bəyəndiyini bildirir. Xüsusən də Mirzə İbrahimovun «Düz-çörək” əsərini çox xoşlayır. Günel adlı digər şagird isə daha çox Azərbaycanın Xalq nağıllarını sevdiyini qeyd edir.
Şagirdlərin kitabxanada davranışları, eləcə də bizimlə səlis danışıqları onların mütaliəyə böyük həvəslərindən xəbər verir. 
 







Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2659
TRY 1 Türk lirəsi 0.4329
KWD 1 Küveyt dinarı 5.6292
SEK 1 İsveç kronu 0.2043
EUR 1 Avro 2.0123
CHF 1 İsveçrə frankı 1.7323
USD 1 ABŞ dolları 1.7002