• cümə, 29 Mart, 05:05
  • Baku Bakı 7°C

Kitabın bayramı

30.09.19 10:45 958
Kitabın bayramı
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası" 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açıb. Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. "Nəsimi İli”nə həsr olunan sərgi-yarmarkada 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar iştirak edir. Sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olunacaq. Yarmarka poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunması üçün gözəl fürsət yaradıb. Üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatları, "dəyirmi masa”lar təşkil olunacaq. "Müzakirə”mizdə sərgi-yarmarkanın kitabın təbliğindəki rolunu aydınlaşdırmağa çalışdıq.

Lazımlı platforma
"Kitab sərgisi təkcə kitabın bayramı deyil, həm də elmin bayramıdır” deyən AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli qeyd etdi ki, müstəqillik illərində Azərbaycanda kitab nəşri sürətlə inkişaf edib: "Nə qədər yeni nəşriyyatlar meydana gəlib. Bu nəşriyyatların poliqrafik səviyyəsi də son dərəcə yüksəlib. Eyni zamanda, janr baxımından müxtəliflik var. Dünya ədəbiyyatından tutmuş Azərbaycan ədəbiyyatının ən müxtəlif janrlarında yazılan əsərlər qədər, ən yüksək səviyyədə cəmiyyətə təqdim olunub”. Akademik bildirdi ki, başqa ölkələrin nəşriyyat nümayəndələrinin də sərgidə iştirak etməsi təqdirəlayiq haldır: "Hesab edirəm ki, Azərbaycan kitabının keçdiyi inkişaf yolu onların vasitəsilə dünya ictimaiyyətinə təqdim olunmaq üçün lazımlı platformadır. Sərgi-yarmarka Azərbaycan kitabının uğurunu parlaq şəkildə nümayiş etdirir. İştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər”.
Spesifik sərgilər də olmalı
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi qeyd etdi ki, kitab işi hazırda bütün dünyada internetin yayılmasından, rəqəmsallaşmadan irəli gələrək nisbətən geriləməkdədir: "Buna rəğmən, bizim kitabı qorumağımız və yaşatmağımız lazımdır. Kitab sərgisi Azərbaycan üçün çox əhəmiyyətlidir”. Müşavirin fikrincə, sərgi-yarmarkanın iki ildən bir keçirilməsi əslində uzun fasilədir: "Hesab edirəm ki, kitab sərgiləri hər il təşkil olunmalıdır. Son illər Azərbaycanda nəşriyyat sektoru, kitab sənayesi çox inkişaf edib. "Libraf” kitab mağazaları, "Azərnəşr”in dükanları, «Əli və Nino» kitab evləri açıldı. 3 il bundan əvvəl demək olar ki, Bakıda kitab evi qalmamışdı. Son 3 ildə artıq bu sahədə xeyli inkişaf var”. Müşavir hesab edir ki, sərgi-yarmarkanı daha geniş məkanda təşkil etmək mümkündür: "Mən bu fikri mədəniyyət naziri Əbülfəs Qarayevə də söylədim. Biz də Türkiyə dövləti olaraq dəstək veririk. Ayrıca olaraq spesifik sərgilərin də keçirilməsinə ehtiyac var. Məsələn, şeir kitabları, türkcə kitablar, hekayə kitabları sərgiləri də keçirilməlidir. Bunun üçün də yazarlarla oxucuları görüşdürən çoxlu proqramların hazırlanması lazımdır. Hesab edirəm ki, bu addım rəqəmsal zamanda kitabı yenidən sevdirəcək. Bu baxımdan, kitab təbliğini diqqətçəkən hala gətirəcək yollar da tapmağımız lazımdır”.

Daha geniş məkanda keçirilsə...
«Qanun» Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hazırkı sərginin əvvəlki illərdə keçirilən sərgilərlə müqayisədə daha izdihamlı olduğunu deyir: «Bu il sərgiyə daha çox insan gəlir. Biz də 2000 adda kitabla sərgiyə qatılmışıq. Eyni zamanda, hər saatdan bir imza günü keçiririk. Ayın 28-də də imza günümüz davam edəcək. Azərbaycanda ilk dəfə fransız yazıçısı Jan Xristof Rufinin imza günü olacaq. Bu baxımdan inkişafa doğru xeyli fərq var. Ümumiyyətlə, kitab yarmarkası mədəni tədbirdir. Hər bir yarmarka bir az da kitabın təsirini artırır. Bu il məktəblilər də yarmarkaya qatılıb. Bu, çox yaxşı əlamətdir”. Naşir də hesab edir ki, kitab sərgisi daha geniş məkanda keçirilməlidir. Belə ki, Əl Oyunları Sarayı sərgiyə bir qədər darısqallıq edir: "Hesab edirəm ki, sərgi daha geniş yerdə keçirilsə, auditoriyası da, təbliği də geniş olar”.
Kitabları daha çox görürüksə...
«Əli və Nino» Kitab Evinin meneceri Lalə Rəhmanovanın fikrincə, sərgi-yarmarka həm xırda, həm də böyük nəşriyyatların özlərini bir-birlərinə təqdim etməsi şansı qazandırır. Eyni zamanda, oxuculara yüzlərlə yeni kitabı təqdim etmək üçün gözəl fürsətdir: "Oxucular üçün də maraqlıdır ki, müxtəlif endirimlərdən yararlana bilirlər. Onlar çoxlu kitablar alırlar”. Menecer qeyd etdi ki, «Əli və Nino» da endirimlərlə oxucuların qarşısına çıxıb və 10 yeni kitab təqdim edir: "2 AZN-dən başlayan kitablar satılır. Çox şadıq ki, bu qədər oxucu gəlib. Xüsusən gəncləri kitab sərgisində görmək daha sevindiricidir. Oxucular yeni kitablarla tanış olmaq məqsədilə yaxınlaşırlar. Onlara həvəslə yeni kitablar haqqında məlumat veririk. Bu, nəşriyyat olaraq bizə zövq verir. Sərgilərin keçirilməsi ona görə önəmlidir ki, kitabları daha çox görürüksə, daha çox sevirik”.
Həm gənc yazarlar, həm də oxucular üçün
Yazıçı Mübariz Örən "Sərgidə çoxlu nəşriyyatlar iştirak edir və çoxlu çeşiddə kitablar nümayiş olunur” deyərək təəssüratını bölüşdü: "Xarici ölkədən gələn nəşriyyatların da iştirakı sərgini daha maraqlı edir və əsl kitab bayramıdır. Sərgi həmçinin kitab mədəniyyətimizin qarşılıqlı mübadiləsidir. Sərginin təkcə gənc oxucular üçün deyil, həmçinin gənc yazarlar üçün də böyük motivasiyası var. Onlar burada öz əsərlərini nümayiş etdirə və tanıtma imkanı qazanırlar. Həmçinin öz məhsullarını sata bilirlər”. Yazıçının fikrincə, dünya kitab sənayesində baş verən yeniliklərindən xəbər tutmaq üçün də sərginin böyük əhəmiyyəti var: "Xüsusən gənclər müxtəlif dillərdə danışmağı bacarırlar. Sərgidə də başqa ölkələrin ədəbiyyatından da çoxlu nümunələr yer alıb. Sərgi kitabın təbliğatı və inkişaf etdirilməsi məqsədini daşımaq baxımından əhəmiyyətlidir”.

Kitabın təbliği
Şair Qəşəm Nəcəfzadə sərgi-yarmarkanı əsil kitab bayramı adlandırdı: "Bütün dost-tanışları kitab yarmarkasında görmək mümkündür. Hər dostu görəndə bir kitab, hər kitab görəndə bir dostu görürsən. Bütün bunlar kitaba yaradılan maraqdır. Sərgi kitabın təbliği baxımından çox önəmlidir. Mən çoxlu kitablarla tanış oldum. Həmçinin çoxlu kitablarımı oxucular aldılar. Bu cür sərginin keçirilməsi çox önəmlidir”. Q.Nəcəfzadə bildirir ki, kitab sərgisinin gənc yazarlar üçün də böyük əhəmiyyəti var: "Onlar yazıb-yaradırlar və görürlər ki, kitabları diqqət çəkir. Onlar çox həvəslənirlər. Bu, onu göstərir ki, hər bir gənc fəal olsa, onların kitabları təbliğ oluna və satıla bilər”. Şairin fikrincə, sərgidə nümayiş olunan kitabların qiymətləri də normaldır. Belə ki, 5-6 AZN-dən baha kitab satılmır: "Mənə elə gəlir ki, bu cür sərgiləri hər il keçirmək lazımdır. Bu, kitabın təbliğinə çox kömək edər və kitaba olan marağı azalmağa qoymaz”.

Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər