Kitaba aid hər şey bir mərkəzdə- Reportaj
Ötən ay Bakı şəhərində
sahəsinə görə Azərbaycanda ən böyük
kitab mağazasının – Kitab Təbliğatı Mərkəzinin açılışı gerçəkləşdi.
Mağazanın açılışında deputatlar, rəsmi şəxslər, ədəbiyyat, eləcə də incəsənət
aləminin nüfuzlu, tanınmış nümayəndələri də iştirak edirdi. Açılışdan bir neçə
həftə sonra biz də mərkəzə baş çəkib, gənclərin yol saldığı bu kitab evinə
qonaq olduq.
Bizi
mehribanlıqla qarşılayan Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan
Həsənovla bina ilə tanışlığa başladıq. Kitab Təbliğat Mərkəzinin tarixindən
danışan M.Həsənov bildirdi ki, atası Sabir Həsənov sovetlər dövründə çoxsaylı
kitab mağazaları olan Azərkitab Kitab Palatasının nəzdində bir mağazada satıcı
və daha sonra isə müdir kimi fəaliyyət göstərib. Bu tədris məkanını açmaq da
məhz buradan qaynaqlanıb. Tarixin amansız tələbləri nəticəsində Azərkitab
bağlandıqdan sonra Sabir müəllimin daxilində bir boşluq yaranıb. Misirxan bəy də atasının bu arzusunu həyata
keçirmək istəyib.
Mərkəzin
direktoru ilə binanın açılışından və bu bir ay ərzində buraya müraciət edən
kitabsevərlərdən danışdıq: "Mayın 9-da Kitab Təbliğatı Mərkəzinin açılışı oldu.
Bu mərkəzi açanda, bizə şübhə ilə yanaşırdılar ki, indi kitab oxuyan azdır,
mərkəzə gələn olmayacaq və sair. Amma elə deyil. Mərkəzimizə kifayət qədər
müraciətlər olur, müştərilərimiz haqqımızda xoş sözlər deyirlər. Onlar nə yaxşı
ki, belə bir məkanın açıldığını və buna
qədər Azərbaycanda belə bir yerin olmadığını deyirlər. Artıq gənclərin və digər
kitabsevər təbəqənin kitab oxumaq üçün daimi bir məkanı var. Bilirsiniz ki,
paytaxtımızda kitab mağazaları azdır. Ancaq bir mərkəz yaratmaqla nəinki kitab
mağazası, kitab oxumaq üçün məkan, uşaqları maariflədnirmək üçün ekskursiyalar,
yazarlarla görüşlər keçirmək üçün əlverişli şərait yaradırıq. Kitab deyəndə
ağla nə gəlirsə, hamısını bir mərkəzdə toplamışıq. Bunu da vətəndaşlarımızın
rahat şəkildə kitabdan yararlanması və istifadəsi üçün etmişik. Biz elə bir
mərkəz yaratmışıq ki, burada bütün sahələrə aid kitablar yer alıb. Kim hər
hansı kitabı və ya kitab oxumaq üçün əlverişli şərait axtarırsa, onu məhz bizim
mərkəzimizdə tapa bilir”.
M.Həsənov
deyir ki, dünyada elektronika, sosial şəbəkələr üstünlük təşkil etsə də, kitabların
yerini heç nə vermir: "100 il də keçsə, kitab kitabdır. İnsanların kitaba kifayət
qədər marağı var. Xalqımız köhnə adət-ənənəni davam etdirir, kitabı sevir və
oxuyur. Bundan da güclü bir dövlət istəyiriksə, elmə söykənməliyik, bunun üçün
isə kitab oxumalıyıq. Dövlət bundan ötrü insanlara hər bir şəraiti yaradıb. Bu
gün belə bir mərkəzi açmışıq, əvvəl niyə aça bilmirdik. İmkan yox idi. Amma
indi başqa vəziyyətdir. Həm də kitab oxumaq üçün yerlər də yox idi”.
Azərbaycanda
fəaliyyət göstərən əksər nəşriyyatlarla çalışan Kitab Təbliğatı Mərkəzində
Türkiyədən, Rusiyadan və digər xarici ölkələrdən gətirilən kitablar da
mövcuddur. Yazarlar da öz kitablarını bu mərkəzə təqdim edirlər. Qonaq
olduğumuz mərkəz, eyni zamanda, müqavilə ilə kitabları alır və satışını həyata
keçirir.
İlk sifarişlərinin Türkiyədən gətirildiyini
deyən Misirxan bəy yeni sifarişlər qəbul etdiklərini bildirdi: "İstəyirik ki,
Kitab Təbliğatı Mərkəzinə daxil olan insan "yoxdur” sözü eşitməsin”.
Müsahibimiz
təbliğat mərkəzini açarkən məqsədlərinin "kitaba dönmək” olduğunu vurğuladı:
"İşə başlayarkən oturub əsaslı şəkildə düşündük. Belə qərara gəldik ki, biz
təlimlərə məhz uşaqlardan başlamalıyıq. İnvestisiyanı gənclərə qoymaq lazımdır.
Əgər gələcəyimizi gözəl görmək istəyiksə, işə uşaqlarımızdan başlamalıyıq.
Çünki gələcəyimiz məhz onların əlindədir. Biz də bunun üçün mərkəzi açar-açmaz,
Bakı Təhsil İdarəsi və Təhsil Nazirliyi ilə müqavilə bağladıq. Məktəblilər
bizim mərkəzə gəlir və biz onlarla kitab oxumaq barəsində terninqlər keçirik”.
Diqqətinizə
çatdıraq ki, 4 mərtəbəli mərkəz 1200 kvadratmetr sahəni əhatə edir. Qapıdan
içəri daxil olar-olmaz. "Hədiyyələr” otağı ilə qarşılaşırıq. Bu bölüm maraqlı
hədiyyəlik kitablarla bəzədilib. Misirxan bəyin sözlərinə görə, onlar hədiyyə
almaq prinsipini dəyişmək istəyirlər. Ən gözəl hədiyyənin məhz kitab olduğunu
düşünürlər.
Buradakı
kitablar öz görünüşünə görə digər kitablardan seçilir. Onlar çox bəzədilmiş və
məlumat xarakteri daşıyır. Eyni zamanda, mərkəzdə Book–cafe bölməsi fəaliyyət
göstərir ki, buraya müraciət edən hər bir oxucu bu kafeteriyadan istifadə edə
bilər. Mağazanın 1-ci mərtəbəsində
Ziyalılar Evi də fəaliyyət göstərir.
Hədiyəlik
kitablardan sonra "Dünya ədəbiyyatı”, "Tarixi ədəbiyyat”, "Tərcümə ədəbiyyatı”
və "Qan yaddaşımız” sərlövhələrinə göz gəzdirdim. Mərkəzin ikinci mərtəbəsində
"Uşaq aləmi” mövcuddur. Bura uşaqlar üçün əsil nağıllar aləmini xatırladır.
Müxtəlif fiqurlar üzərində asılan kitablarda Azərbaycan, rus, ingilis, türk
dillərində nağıllara rast gəlmək mümkündür. Dünya klassiklərinin uşaqlar üçün
tərcümə olunmuş kitabları da burada yer alır. İkinci mərtəbədə, həmçinin "Uşaq
aləmi” zalı da var. Mərkəzin bu guşəsində uşaqlar sanki nağıllar aləminə
səyahət edirlər. Burada nağıllardan tanıdığımız personajlara rast
gəlmək mümkündür. Bununla yanaşı, burada canlı ünsiyyətə də yer verilir. Bu
güşənin yaradılmasında məqsəd uşaqlarda hələ uşaq vaxtından ədəbiyyata, milli
dəyərlərimizə, qəhrəmanlarımıza sevgi və maraq oyatmaqdır.
Mərkəzin rəhbəri
nəinki uşaqların kitab oxuduğunu, hətta burada kiçik ekskursiyalar
keçirildiyini də deyir. Belə ki, buraya müraciət edən uşaqlarla birlikdə
nəşriyyatlara ekskursiyalar edilir. Uşaqlara kitabın necə ərsəyə gəlməsi
mərhələlərlə göstərilir.
Rəhbərliklə
söhbət zamanı aydın olur ki, gənclərimiz daha çox bədii ədəbiyyata üstünlük
versələr də, rus, ingilis, türk dillərində də kitab oxuyurlar.
Binanın
ikinci mərtəbəsinin girişində "Hüquq ədəbiyyatı” bölümü də fəaliyyət göstərir.
Bu bölməyə də böyük maraq olduğu bildirilir.
Mərkəzin 2-ci
və 3-cü mərtəbəsi kitab satışı üçün nəzərdə tutulub. 4–cü mərtəbəsində isə
qalereya və konfrans zalı yerləşir ki, burada oxucuların yazarlarla, şairlərlə
görüşləri keçirilir. Böyük konfrans otağında isə əsasən imza günləri təşkil
edilir.
Bina ilə
tanış olduqdan sonra digər bölmələrdəki kitabları nəzərdən keçiririk. M.Həsənov
deyir ki, bir şirkət burada satılan kitabların məsuliyyətini daşıyır. Bu
mərkəzdə satılan bütün kitablar orijinallığı ilə seçilir. Çünki saxta
kitabların onların imicinə zərər gətirdiyini əsas tuturlar.
Xəyalə Rəis