• cümə, 19 Aprel, 11:24
  • Baku Bakı 13°C

“Kitab xəzinəmiz”də bir gün

21.01.20 15:30 4111
“Kitab xəzinəmiz”də bir gün
Dənizkənarı Milli Parkda gəzişib uçuşan qağayılara baxıram. Necə azad, necə də rahat qanad çalırlar. Fikrimdəsə ədəbiyyat, kitablar, mütaliədir. Elə həmişəki kimi. Xəzərin sahilində "Kaspi”nin şənbə nömrəsində "dalğalanacaq” mövzumu düşünürəm. Xeyli zamandır Bakıdan, Sumqayıtdan, digər şəhər və kəndlərdən, o cümlədən, ölkələrdən kitabxanalar və kitab dükanlarından reportajlar hazırlayıram. Hərəsinin öz yeri, öz xatirəsi, öz maraqlı yazılma tarixçəsi var. Gəzişə-gəzişə, bunları düşünə-düşünə "Sahil” bağına çatıram. Ağaclar yarpaqlarını töküb, ortalıqda böyük fəvvarə də susqun-susqun dayanıb. Qəribə bir yay intizarı var onda sanki. Böyür-başından adamlar harasa tələsir. Mənsə əllərim cibimdə dayanıb fəvvarəyə, daha doğrusu, fəvvarənin hovuzuna baxıram. Suya düşmüş xəzəl astaca kağız gəmiciklər kimi heç yerə tələsmədən üzür. Ağlımda nələrsə var, düşünürəm. Fikrimi tıxacda qalan maşınların siqnal səsləri dağıdır. Solğun və kimsəsiz budaqlar arasında Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının yuxarı eyvanından ədəbiyyatımızın dühaları boylanır. Bəlkə də, ilk dəfədir ki, bu binaya belə diqqət kəsilirəm. Həmişə işin-gücün çoxluğundan qaçaraq gəlib kitab sifariş edir, gəlişini artıq içəridə gözləməli olurdum.
Halbuki indi bu qaçaqaça, gözləməyə də ehtiyac qalmayıb. Nəysə ki, bu haqda bir az sonra danışacam. Binaya baxıram. Deməli, kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılıb. Rəsmi açılışı isə 23 may 1923-cü ildə olub. Və bu gün bu kitabxana nəyinki Azərbaycanın, həmçinin də Qafqazın və Avropanın ən böyük kitabxanalarından biridir. 1959-cu ildə tikilmiş, açılışı isə 1961-ci ildə olmuş bu binanın layihəsini memar Mikayıl Hüseynov verib. O ki qaldı binanın yerinin seçilməsi və tikilməsinə, bu işdə yazıçı Süleyman Rəhimovun böyük xidmətləri olub. İşıqforun yaşılı yanan kimi yolu keçib özümü kitabxanaya yetirirəm. Pilləkənlərlə qalxıb kitabxanaya daxil oluram. Yenə də həmişəki kimi, fikrimdən Əbdürrəhman Caminin "Kitab işıq saçar bir günəş kimi, kitabdır arifin könül həmdəmi!" misraları keçir. Oxucu kartımı keçid terminalına yaxınlaşdırıb içəri keçirəm. Kartı olmayanlar üçün deyim ki, kart əldə etməkdən ötrü girişdən sağ tərəfdə olan otağa yaxınlaşsınlar. Orda olduqca nəzakətli xanımlar sizə şəxsiyyət vəsiqəniz əsasında oxucu kartı təqdim edəcəklər. Belə. Pilləkənlərlə qalxıb dahi, əsərləri daim, elə bu gün də aktual olan Mirzə Fətəli Axundovun qarşısından ehtiramla keçirəm. Hər yan oxucuyla doludur. Bu məni çox sevindirir. Əlində kitabı vərəqləyə-vərəqləyə oxu zalına gedən kim, sifariş piştaxtasının qarşısında dayanıb həvəslə kitabını götürən kim, axtarış masasında nəzarətçi qızların köməyi ilə kitab axtaran kim! Bir sözlə, kitabxana "qaynayır”!
Yadımdan çıxmamış deyim ki, nəzarətçi xanımlar kitabxanaya ilk dəfə gələn və ya ümumiyyətlə, kitab axtarmaqda çətinlik çəkən hər kəsə məmnuniyyətlə – yorulmadan, ərinmədən köməklik göstərirlər. Sağ olsunlar! Bu belə. Özümsə bu dəfə heç bir kitab sifariş vermədən tələbə gənclərə xidmət zalına boylanıram. Nə yalan deyim? Gözləmirdim. 250 nəfərlik oxucu yeri olan bu zalda oturmağa bir boş yer yoxdur. İlahi bir səssizlik hökm sürür. Hamının fikri qarşısındakı kitabdadır. Gözəl! Sakitcə çıxıb humanitar elmlər zalına keçirəm. Elə ora da doludur. Bir mərtəbə yuxarı qalxıb eyvandan aşağı boylanıram. Burdan kitab aludəçiləri, kitab həvəskarları necə də gözəl görünürlər. Baxıram və bilirəm ki, hərəsinin öz dünyası əlindəki kitabındadır. Uzun sözün qısası, bizə əziz və doğma olan Milli Kitabxanamızda yaradılan yeni şərait, internet səhifələri haqqında sizə geniş məlumat verim. Deməli belə: Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır və artıq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana – biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.
Keçək kitabxananın oxucular üçün yaratdığı şəraitə. Yazımın əvvəlində qeyd etmişdim ki, daha əvvəlki kimi sifariş verib vaxt itirməyə ehtiyac qalmayıb. Burda həm əvvəlki qaydayla gəlib kitab sifariş verib gözləməklə yanaşı, evdə, işdə, lap elə yolda internet vasitəsilə Milli Kitabxananın saytına daxil olub sifariş vermək olar. Bu halda oxucu əvvəlcədən sifarişini vermiş olacaq və kitabxanaya gələndə istədiyi kitablar artıq onun yolunu gözləyəcək. Bundan ötrü google axtarış sistemində Milli Kitabxana və ya www.anl.az yazmaqla kitabxana saytına daxil olmaq, saytın Elektron kataloq bölməsinə keçid almaq və elə eynən kitabxanada olduğu kimi kitabı axtarışa verib, lazım olanları qeydə almaq lazımdır. Çox sadə bir əməliyyatla vaxtınıza qənaət edə, işinizi xeyli yüngülləşdirə bilərsiniz. Bundan başqa, həmin bu Elektron Kataloq bölməsində axtardığınız mətni tapıb "Onlayn oxumaq” şansınız da var. Hələ ki kitabxananın bazasında olan bütün mətnlər elektronlaşmayıb. Amma buna baxmayaraq, axtardığınız mətn saytda yoxdursa, təəssüf etməyin. Dərhal müraciət edin. Sizə lazım olan kitabı bildirin. Kitabxana bu sifariş əsasında kitabın elektron versiyasını kataloqa daxil edəcək. Əslində, kitabxananın saytından onlayn oxumaq imkanı çox əla bir fürsətdir. Ola bilər ki, sizin heç kitabxanaya müəyyən səbəblərdən yaxınlaşmaq imkanınız olmasın. Və ya paytaxtdan uzaqda – Azərbaycanın hər hansı bir ucqar rayonunda, kəndində yaşayırsız. Və yaxud da ki elə başqa ölkədə olarsız və hər hansı bir kitaba ehtiyacınız olar. Bu halda, buyurun, istifadə edin.
Saytdan danışmışkən biblioqrafik sorğu haqqında da bildiklərimi bölüşmək istəyirəm. Deməli, saytın "Onlayn xidmət”ində "Biblioqrafik sorğu” bölməsi var. Bu bölmə oxuculara məsafədən sorğu (virtual) biblioqrafik sorğu xidmətini təqdim edir. Bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan sadəcə internet vasitəsilə konkret nəşrin (kitab, jurnal, qəzet və s.) Milli Kitabxananın fondunda olub-olmaması haqqında məlumat əldə edə bilər. Bunu da qeyd edim ki, kitabxanın bu xidməti günün 24 saatı onlayndır. Yəni internet vasitəsilə günün istənilən vaxtı kitabxananın xidmətindən istifadə etmək olar.
Həmçinin Elektron məlumat bazaları bölməsində şəxsiyyətlər, əlamətdar günlər, tarixi hadisələr haqqında geniş məlumat var. Saytın imkanları mən sadaladıqlarımla bitmir – daha geniş və daha çoxdur. Mən ancaq daha çox tələbat olanlarından yazdım (hansı ki özüm də mütəmadi istifadə edirəm). Özünüz sayta daxil olmaqla özünüzə lazım olanlarla da maraqlana bilərsiz.
Kitabxanada həm də lazım olan kitabların üzünü – sürətini də çıxarmaq mümkündür. Bəlkə, hər hansı bir kitab sizə evdə, işdə və ya hardasa uzaq bir yerdə istifadə üçün lazımdır. O zaman buyurun, kitabın üzünü çıxarın. Şəxsən mənim üçün bu əvəzsiz xidmətdir. İstər tərcümə işlərimdə, istər hər hansı bir məqalə, istər də elə müəyyən qeydlər apara-apara mütaliə edəndə əlimdən tutur. Bu gün də sürətçıxarma şöbəsinin qarşısında bir xeyli adam dayanmışdı. Nəysə ki, Axundovun qarşısında dayanıb bir daha ehtiramımı ürəyimdə çatdırıram. Bilirəm ki, məni eşidir, duyur. Və aşağı düşüb kitabxanadan çıxıram. Və ilk dəfədir ki, kitabxanadan kitab oxumadan çıxıram... Yavaş-yavaş addımlayıb Rəşid Behbudov küçəsinə dönürəm. Rəşid Behbudov sanki indi bütün Azərbaycanı qucaqlayacaqmış kimi qollarını açıb dayanıb. Və tam onunla üzbəüzdə Kitabxananın yan tərəfində gözümə açıq kitabxana – ağacların altında, təmiz havada, rahatlıq və internetlə təchiz olunmuş gözəl bir məkan dəyir.
Məlumat üçün deyim ki, Açıq kitabxana 2016-cı ilin iyul ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında paytaxt sakinləri və şəhərimizin qonaqları üçün fasiləsiz və sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə fəaliyyətə başlayıb. Milli Kitabxananın nəzdində olan bu kitabxana həftənin bütün günləri, 24 saat ərzində xidmət göstərir. Burda müxtəlif kitablar, jurnallar var. Gəlib götürüb rahatca oturub oxumaq olar. Hətta oxucu özündə olan, artıq oxuduğu bir kitabı gətirə, burda olan başqa bir kitabla dəyişə də bilər. Bunu da deyim ki, burda çox gözəl ab-hava var. Heç vaxt da boş olmur. Burda daim oxucu var. Üstəlik bu Açıq kitabxanada tez-tez – xüsusən də isti fəsillərdə kitab təqdimatları keçirilir. Düzü, burdakı tədbirlər daha xoş keçir mənim fikrimcə. Açıq havada, eynilikdən uzaq, həm təqdimat keçirilən kitabla maraqlanırsan, müzakirə edirsən, həm də ki ədəbi mühitdə olan dost-tanışla görüşüb söhbətləşirsən. Bunun nəyi pisdir ki? Qış fəslidir. Hava soyuqdur. Amma bu gün də əlində kitab oturub mütaliə edən adamları görmək mümkündür. Bu oxucular həm də Qapalı məkanları sevməyənlərdir, elə mənim kimi. Kitabxanada bütün bu işlərin oxucuları kitabxanaya cəlb etmək, insanlarda mütaliə sevgisini yenidən bərpa etmək naminə edildiyini düşünürəm...
Xanım Aydın



banner

Oxşar Xəbərlər