• çərşənbə, 24 Aprel, 13:15
  • Baku Bakı 27°C

Kitab oxumaq nədir...

01.12.19 13:00 1492
Kitab oxumaq nədir...
"Azərkitab”dan repotaj
Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa gərək yoxdur. Elə kitab oxumağın qarşısı alınsın, yetər. Bu, amerikalı yazıçı Rey Bredberinin məşhur sözləridir. Bu sabah yenə də ağlımdaykən dedim bir Azərkitabı yeni ünvanda ziyarət edim. Şüarı "Məqsədimiz yenidən kitaba dönməkdir” olan Azərkitabın yeni ünvanı General Akim Abbasov küçəsi 78-dir. Kitabsevərlərin nəzərinə çatdırım ki, bu Lider Tv-nin yaxınlığında, Yasamal parkı ilə üzbəüz yerdədir. Nəysə ki, yol aldım Azərkitaba. Yolboyu köhnə adətim üzrə yenə gəncləri sorğu-suala tutdum: "Nə oxuyursuz? Kimin kitablarını mütaliə edirsiz" Yenə vəziyyət ürəkaçan olmadı ki, olmadı. Beş nəfər kitab oxuyan varsa, onun üçü dərslik, biri detektiv, biri də dəbdə olan hansısa bestselleri oxuyur.
Hə... Bir də motivasiya kitabları oxunur. "Buna da şükür” deyim-deməyim, bilmədim. Belə... Elə camaatı sorğu-suala tuta-tuta, "az getdim, üz getdim, dərə-təpə düz getdim”. Bir də baxdım ki, böyük qırmızı hərflərlə "Azərkitab” sözü işıqlı binadan mənə boylanır. Bina damənə sütunları ilə İtaliyadakı qədim tikililəri xatırlatdı. Müasir dizaynda qapılar adamın üzünə açılan kimi personal da təbəssümlə qarşılayır. O dəqiqə bilirsən ki, aha, doğma yerdəsən. Burda nə istədiyini yarımsözdən tutacaqlar, lazım olan kitablara doğru istiqamətləndirəcəklər. Bunları fikirləşə-fikirləşə bir də özümü rəflərin qarşısında kitabları vərəqələyən gördüm. Kitablara toxunmaq, qoxulamaq nə qədər gözəldir. Başımı qaldırıram. Görəsən, burada nə qədər kitab var?! Yüzlərlə? Minlərlə? Adam otura burda, çölə çıxmaya, elə günlərlə kitab oxuya... Xəyallardan ayılıb bir gözəl xanım işçini də yanımda görürəm. Təbəssümü də ki öz yerində. "Buyurun, xanım, siz hansı kitablarla maraqlanırsız? Bədii? Elmi-publisitik? Detektiv? Tarixi?” Xanıma deyəndə ki, "Kaspi” qəzetinin əməkdaşıyam, dükanınızdan reportaj yazmaq istəyirəm, "buyurun” deyib məni klassik ədəbiyyat nümunələri olan bölməyə apardı. Tolstoydan, Çexovdan tutmuş, Hötedən, Kamüdən tutmuş taa çağdaş ədəbiyyata qədər. Ürəyindən hansı kitabı almaq, oxumaq keçsə, əlini uzat rəfdən götür. Mənim xoşuma daha çox bir seriyada buraxılmış kitablar gəlir. Onlar ruhumuza qida olan kimi, estetik cəhətdən də göz oxşayır, rəfdə çox gözəl görünürlər. Burdan da bir-iki addım o yana dükanın digər şöbələri də adamın üzünə gülür. Baxıram müxtəlif dillərdə – Azərbaycan, rus, türk, ingilis, fransız dillərində çeşid-çeşid, rəngbərəng, istənilən zövqə uyğun kitablar var. Kitablar o qədər səliqə-sahmanla düzülüb ki, elə bilirsən ölçüb-biçib yığıblar. Şöbələri gəzirəm. Uşaq ədəbiyyatı, idman, detektiv, elmi, tarixi, fantastik ədəbiyyatla zəngin bir kitab mağazası görürəm.
Kitablara baxa-baxa bayaqdan yanımda mənə yoldaşlıq edən xanıma məni maraqlandıran suallarıma da cavab almağı unutmuram. Xeyli söhbətdən sonra bu nəticəyə gəlirəm ki, klassik ədəbiyyat, az qala, rəflərdə toz basır, az hallarda maraqlanıb alırlar. Onu da gənclər yox, orta və yaşlı nəslin nümayəndələri daha çox alır. Alıcılar əsasən detektiv, romantik janrlara üstünlük verir. Ən çox satılan kitablarsa Rövşən Abdullaoğlunun, Qaraqanın, Elxan Elatlınını kitablarıdır. Çingiz Avdullayevin kitabları isə həm Azərbaycan, həm rus dillərində çox alınır. Qeyd etdiyim kimi mağazada müxtəlif dillərdə kitablar alıcıların ixtiyarına verilib. Onlarla da maraqlandım. Rus dilində olan kitabları daha çox orta və yaşlı nəsil, bir də ümumən rusdilli əhali alır. Gənclər daha çox Türkiyə türkcəsində olan kitabları alırlar. Bu kitablara həm türk müəllifləri, həm də xarici ədəbiyyatın bu dilə tərcümələri də aiddir. Amma bunu da öyrəndim ki, kitab alan daha çox rusdillilərdir.
Söhbətləşə-söhbətləşə uşaq ədəbiyyatı böləməsinə keçirik. Qeyd edim ki, Azərkitabda uşaq bölməsi ayrıca bir dünyadır. Bədii ədəbiyyatdan tutmuş, məktəblilər üçün əlavə dərs vəsaitinə kimi hər şey var. Burda hələ məktəbəqədər yaşda olan uşaqlarımız da yaddan çıxmayıb. Onlar üçün də çox maraqlı kitablar var. Burda elə alıcıları görüb onlarla da kiçik bir sorğu aparmaq istədim. Fikirlərini öyrəndim.
Yeni dövr uşaq ədəbiyyatından xeyli şikayət etdilər: "Nə qədər uşaqlarımıza Abdulla Şaiqin, Xanımana Əlibəylinin kitablarını alaq?” Yanında balaca qızı olan bir ana da Azərbaycan dilində TEAS Pressin "Üç alma” seriyasından olan kitablarını aldığını bildirdi. Satıcı xanımsa daha çox fransız yazıçısı Jül Vernin əsərlərinin alındığını dedi. Bir də müxtəlif sahələr üzrə ensiklopediyalara daim maraq olduğunu qeyd etdi. Alıcılarınsa daha çox əlavə dərs vəsaitlərini vərəqlədiyinin şahidi oluram. Soruşuram, cavab ürəkaçan deyil: "Bunları mütləq almalıyıq!” "Niyə bədii ədəbiyyat almırsız” sualımın isə əlində telefonda yazışan xanımın cavabı "oxumağa vaxtımız yoxdur!” olur.
Söhbətimiz şeir kitablarına yönəldi. Poeziyaya, şeiririyyata maraq xeyli azalıb. Alanlar da ancaq klassik ədəbiyyatla maraqlanırlar: Nizami, Füzuli, Nəsimi... Müasir şairlərin kitablarının satışı, demək olar ki, yox səviyyəsindədir. Rəflərdə toz basır. Tək-tük hallarda hansısa şairin kitabını soruşarlar. O da ya alarlar, ya da almazlar. Bəzən elə vərəqləyib gedirlər.
Gənclərsə daha çox motivasiya kitablarına üstünlük verirlər. Burada olduğum vaxtda elə özlərindən də niyəsini soruşdum. Maraqlıdır, həyatlarını daha yaxşı, daha düzgün qurmaq, gəlir əldə etmək, peşə seçimində səhv etməmək və ümumiyyətlə, pozitiv ruha köklənmək üçün bu kitablara üz tutduqlarını bildirdilər.
Orta yaşlı bir xanım da kitab və mütaliə ilə bağlı sorğu apardığımı görüb özü mənə yaxınlaşdı. Ürəyi dolu imiş. Deyir ki, indiki gəncləri internet korlayıb, telefon, kompüter korlayıb. Bütün günü başlarını salıb telefonda eşələnirlər. Kitab oxumaq nədir, heç sevgiyə də vaxt tapmırlar. Vaxtın darlığından şikayətlənirlər. Yolda-izdə, elə evimin içində də nəvələrimin kitab oxuduğunu görmürəm. Amma mən bu yaşımda da gəlirəm kitab alıram, eynəklə də olsa oxuyuram. Çünki kitab canımızdakı ruhdur. Gəncləri yenidən kitaba qaytarmaq lazımdır...
Daha çox satılan kitablar içərisində əgər nəşriyyatlarla götürsək, "Qanun”un kitablarıdır. Niyəsi də maraqlıdır: nisbətən ucuzdur deyə. Tərcümə və poliqrafik keyfiyyətlərindən müəyyən qədər narazı olsalar da, alıcılar alır.
Azərkitabda bütün bu bölmələrələ yanaşı, böyük və qəşəng konfrans zalı da var. Burada müxtəlif tədbirlər, kitab təqdimatları, seminarlar keçirilir. Demək olar ki, ay ərzində zal heç boş almır. Yeni-yeni, müxtəlif tədbirlər ədəbiyyat adamları və oxucuları burada bir araya gətirir.
Alıcılar və personalla sağollaşıb çıxıram. Bu gün də müxtəlif düşüncəli, xarakterli, intellektual səviyyəsi fərqli oxucularla həmsöhbət oldum. Hansı kitabları oxuduqlarını, nəylə maraqlandıqlarını, nədən razı, nədən narazı olduqlarını öyrəndim. Amma kimin nə oxumasından asılı olmayaraq, Azərkitab çox maraqlı və rəngarəng kitab evidir! Peşəkar, mehriban və gülərüz personalına da söz ola bilməz. Burada hər zövqə, hər düşüncəyə, hər yaş kateoqriyasına uyğun aid kitablar var, təki oxumaq, təki mütaliə etmək istəyən olsun...

Xanım Aydın

banner

Oxşar Xəbərlər