• cümə axşamı, 25 aprel, 21:28
  • Baku Bakı 21°C

Kitab nəşrləri üçün qonorar necə ödənməlidir?

09.01.17 12:05 8529
Kitab nəşrləri üçün qonorar necə ödənməlidir?
Sovet dövründə kitabının nəşr olunması yazıçı və şair üçün üçqat bayram sayılırdı - həm kitabı çapdan çıxır, həm oxucular tərəfindən tanınır, həm də kitabının nəşrindən qonorar qazanırdı. Nəşriyyatlar kitabın satışına görə müəllifə pul ödəyirdilər. Bu gün isə vəziyyət fərqlidir. Kitabını öz hesabına nəşr etdirən müəllifin əlinə demək olar ki, satışdan qazanc gəlmir. Nəşriyyatlar müəllifə ya qonorar ödəmirlər, ya da hansısa şərtlərlə cüzi məbləğ verirlər. Belə olanda müəlliflərdə yazmaq üçün həvəs və sevgi ilə bərabər, bir o qədər də yazdıqlarından qazanmamaq ümidsizliyi yaranır.
Nəşriyyatlar niyə kitab çapına görə yazarlara qonorar ödəmir? Kitab nəşrləri ilə bağlı sovet dövründəki kimi qonorar sistemini bərpa etməyə ehtiyac varmı? "Müzakirə”mizdə bu suallara cavab tapmağa çalışdıq.
Nəşr bazarı formalaşsa...
Yazıçı Firuz Mustafa qonorarın verilməsini və ya köhnə qonorar sisteminin bərpasını oxucuların fəallığından və dövlətin istəyindən asılı hesab edir.Yazar Səxavət Sahilin fikirləri isə fərqlidir. O, bildirdi ki, kitablarla bağlı qonorar sistemini bərpa etmək üçün nəşr bazarı formalaşmalıdır: "Bunun üçün nəşriyyatlar müsabiqə təşkil edə, oxucular arasında rəy sorğuları keçirməklə, yaxşı əsərləri ortaya çıxarıb, nəşr edə bilərlər. Digər tərəfdən, dövlət də müəyyən məsələlərdə - vergi kimi məsələlərdə güzəşt edə, nəşriyyatların müəyyən layihələrini dəstəkləyə bilər. Qonorar sistemi ilə bağlı fond da yaradıla bilər. Bu tip fondların yaradılması ümumiyyətlə, bu sahədə mühüm irəliləyişə gətirib çıxarar”. Yazarın fikrincə, qonorarın verilməməsi bir çox səbəblərdən qaynaqlanır: "Əvvəla, onu yaddan çıxarmaq olmaz ki, kitab satışı o qədər də ürəkaçan deyil. Lakin buna baxmayaraq, az da olsa qonorar verən nəşriyyatlar var. Qonorarın heç verilməməsi o halda ola bilər ki, kitab təkrar nəşr olunur və s.”
Kitab oxumağı sevməyən toplum
Yazar Günel Eyvazlı dünya praktikasından misal gətirərək, kitablarının satışından qazanc əldə edən yazıçıların kifayət qədər olduğunu bildirir: "Bu yazıçıların əsas işi yazmaqdır. Kənar, yararsız düşüncələrlə, maliyyə sıxıntıları ilə yüklənməyən ədiblər onlara göstərilən qayğı, diqqət sayəsində pul qazana bilirlər. Xarici nəşriyyat şəbəkələri hər hansı bir yazıçının piar, nəşr olunma məsələlərini öz üzərinə götürərək, həm yazıçının imzasını tanıdır, həm də onun beyin məhsulundan yaxşı mənfəət əldə edə bilir. Bu populyarlığın arxasında keyfiyyətli əsərlər olmaya da bilir. Hər halda, yaxşı reklam yaxşı pul qazandırır. Həm yazıçıya, həm də nəşriyyata”. Yazarın fikrincə, Azərbaycanda yazıçıların firavan zamanları sovet dönəmində qalıb: "Burada yenə də söhbət keyfiyyətdən getmir. Sadəcə, müəyyən pullar ayrılırdı və çap olunan şəxslər bunu qonorar şəklində ala bilirdilər. Ən acınacaqlı durum çağdaş dövr nümayəndələrimizdədir. İndi yazıçıların çoxu özləri pul xərcləyərək, kitab çap etdirirlər”. G.Eyvazlı bildirir ki, ölkəmizdə mövcud olan bəzi nəşriyyatlar və onların gerçəkləşdirdiyi az sayda layihələr vardır ki, onlar öz maliyyə hesablarına yazıçıya kitab nəşrində yardımçı olurlar. Qonorardan isə söz gedə bilməz: "Kitabdan əldə olunan gəlirdən müəllifin ümumiyyətlə, xəbəri olmur. Kitab layihənin hesabına dərc olunur, satışdan əldə olunan pullar isə həmin nəşriyyatların öz cibinə gedir. Yazıçı yalnız kitab qazanır, maddi cəhətdən heç nəsiz qalır. İntellektual zəhmət öz dəyərli qiymətini sosial, təfəkkür intibahına məruz qalan toplumlarda alır. Yəni toplum öz idrakında və intellektində elə səviyyəyə çatır ki, kitab və digər mədəni, mənəvi tələbatlar da onun siyahısında öz yerini tutmuş olur. Əfsus ki, oxucularımızın hansı durumda olması göz önündədir. Heç məmurlarımız kitab oxumur. Bu tərz məşğuliyyət, zövq olaraq hələ ki, cəmiyyətimizdə formalaşmayıb. Qısası, biz kitab oxumağı sevməyən toplumuq”.
Nəşr olunan iki kitabına görə nəşriyyatdan bir qəpik də qonorar ala bilmədiyini deyən yazar bildirdi ki, qonorarı saytlardakı köşə yazılarına görə əldə edib: "Hal-hazırda qəzet və dərgilərdə olan yazılarıma görə qonorar alıram. Bir də tərcümə olunan kitablara görə qonorar mövcuddur. İstənilən halda, verilən haqq indiki bazarla müqayisədə olduqca azdır. Və yazıçının sırf bu qonorara köklənib yaşaması qeyri-mümkündür.
Real durumda daxili bazarda böyük pullar qazanmaq ümumiyyətlə, qeyri-mümkündür. Yaxşı qazanc və məşhurluq əldə etmək üçün xaricə çıxış lazımdır. Çünki oxu səviyyəsi yüksək olan oxucular okeanların, dənizlərin o tayındadır. Dərd burasındadır ki, dünyaya çıxmaq üçün kitabların tərcümə olunmasına ehtiyac var. Və əgər sən tərcümə olunmaq istəyirsənsə, yenə də öz maliyyənə arxalanmalısan. Yəni bunu sənin yerinə heç kim etməyəcək”.
Söz hörmətdən düşəndə
Yazıçı Aslan Quliyevə görə, müəlliflərə yazılarına görə qonorar verilməsi nəşriyyatların imkanlarından, ən əsası da kitab bazarının olmasından asılıdır: "Kitab satılmırsa, nəşriyyatın çap elədiyi kitaba görə gəliri olmursa, müəllifə qonorar verə bilməz. Bunun üçün ilk növbədə kitab dükanlarının sayı artırılmalı, oxucularda kitaba maraq oyadılmalıdır. Ədəbi müsabiqələr keçirilməli, televizorlarda, radiolarda, qəzet və jurnallarda kitablar təbliğ olunmalıdır. Oxucu yazıçını tanımırsa, kitabını almayacaq. Məktəblərdə, institutlarda yazıçılarla görüşlər keçirilməli, bədii kitablar müzakirə olunmalıdır. Amma bizdə kitabı öldürür, yazıçını gözdən salırlar. Bu yaxınlarda Ramana kitabxanasında Süleyman Vəliyevin yüz illiyi qeyd olunurdu. Kitabxana işçiləri gözəl, maraqlı tədbir təşkil eləmişdilər. Süleyman Vəliyev də öz dövrünün ən keşməkeşli həyatı olan, müharibədə iştirak eləmiş, əsir düşmüş, ən istedadlı yazıçılarından biridir. Di gəl, məktəb direktoru müəllimlərə və şagirdlərə bu tədbirdə iştirak etməyi qadağan eləmişdi. Öz kəndçilərinə bütün kəndin fəxr elədiyi yazıçının anım tədbirinə qatılmağa qadağan eləyəsən?! Belə olan təqdirdə kitabın, yazıçının hörməti olarmı? Kitab alarlarmı? Ölkənin, millətin gələcəyini düşünməyənlər bilərəkdən, düşünülmüş surətdə sözü hörmətdən salırlar”. Yazar kitab qonorarı ilə bağlı hazırkı vəziyyəti xarakterizə edərək bildirdi ki, naşirlər nəinki kitablarını çap elədiklərinə görə yazarlara pul verirlər, əksinə, kitablarını çap eləmək üçün pul alırlar: " Çünki çap elədikləri kitabı satmağa ümidləri yoxdur”.
Kitab nəşri sərf etmir
"Səda” Nəşriyyatının rəhbəri Tərlan Quliyev yazarlara qonorar verilməməsini iqtisadi böhranla əlaqələndirir: "Əvvəllər kitablar böyük tirajlarla nəşr olunurdu. Yazarlara da qonorar vermək mümkün olurdu. İndi isə 200 tirajla çap olunan kitabdan yazıçıya hansı qonorarı vermək olar?” Naşirin sözlərinə görə, bu gün nəşriyyatlar özləri də zərərlə işləyir: "Heç bir qazanc yoxdur. Kitab nəşri heç yazarların özlərinə də sərf etmir. Yazarlar yazırlar ki, kitab satılsın, insanlar oxusun, ancaq kitab nə satılır, nə də oxunur. Heç kim kitab almır. Vəziyyət başqa ölkələrdə də belədir”. Naşirin sözlərinə görə, bu gün yazarlar ən yaxşı halda 500 tirajla kitab çap etdirirlər. Sovet dövründə isə bu rəqəm 200 və 500 min arasında dəyişib: "Sovet dövründə kitablar yaxşı satılırdı və müəlliflər yaxşı pul qazanırdılar. Nəşriyyatlar da kitab satışından yaxşı pul qazandıqları üçün müəllifə qonorar ödəyirdilər. Bu gün vəziyyət tam fərqlidir”.
Nəyə görə köhnə qonorar prinsipini bərpa edək?
"Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov hesab edir ki, bu məsələdə nə nəşriyyatları, nə də müəllifləri günahlandırmaq olmaz: "Sovet dövründə nəşriyyatlar hamısı dövlət nəşriyyatları idi. Onların fəaliyyəti qanunla tənzimlənirdi. Şeir idisə, misrasına, nəsr əsəri idisə vərəqinə görə qonorarlar müəyyənləşmişdi. İndi isə üzdə olan nəşriyyatların hamısı müəlliflərlə bir növ işbirliyi ilə kitabları buraxırlar. Ya kitabları onlara sifariş edirlər, ya kitabın satışından faiz verirlər. Onların da xərci və qonorar məbləği qarşılıqlı razılaşma ilə həll olunur. Düzdür, bu sahədə müəyyən bir xaos yaranıb. Ancaq indi kifayət qədər nəşriyyat da, müəllif də var. Müəlliflər özlərinə uyğun nəşriyyat seçirlərsə, nəşriyyatlar da öz planlarına uyğun müəllif seçməlidirlər. Əgər hansısa müəllifi əməkdaşlıq etdiyi nəşriyyat qane etmirsə, başqasına üz tuta bilər. Bu məsələdə "filan qədər qonorar verəcəksən” - deyə direktiv akt tətbiq etmək mümkün deyil”. Naşir qonorar sisteminin sovet dövründəki kimi bərpasına ehtiyac görmür: "Nəyə görə köhnə qonorar prinsipini bərpa edək? O, düzgün prinsip deyil. O, sovet dövrünə, sosializm cəmiyyətinə uyğun bir prinsip idi. Məsələn, sovet dövründə Rəsul Rzaya şeirinin misrasına görə yazılan qonorar ədəbiyyata yenicə gələn gəncə verilən qonorardan fərqli idi”. İndi tam fərqli qonorar prinsiplərinin mövcud olduğunu deyən naşir həmin prinsiplərin biznes əsasında qurulduğunu bildirir: "Əgər kitab satılırsa, onda nəşriyyat da həmin müəllifi seçməyə və ona uyğun qonorar verməyə maraqlıdır. Bu, öz-özünə tənzimlənəcək. Bu prosesin dövlət tərəfindən tənzimlənməsi hazırda işləri korlaya bilər. Əksinə, bu işi müəlliflə nəşriyyatların öhdəsinə buraxmaq lazımdır. Onların hər ikisi müstəqil fəaliyyət göstərən - hüquqi və fiziki şəxslərdir. Onların aralarında qarşılıqlı razılaşma prinsipi əsas götürülə bilər. Bu məsələdə kənar müdaxilə düzgün deyil”. Bu sahədə dünyada qəbul olunmuş prinsiplərdən - birdəfəlik ödəniş və kitabın satışından faiz verilməsi məsələsindən danışan naşirin sözlərinə görə, adətən əksər tanınmış müəlliflər kitabın satışından faiz istəyirlər. Belə ki, onların da prodüserləri kitabın nə qədər satılması ilə bağlı nəşriyyatın fəaliyyətinə nəzarət edirlər. Nəticədə, nəşriyyatlar da qazanclarından müəllifə qonorar ödəyirlər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər