AZE | RUS | ENG |


Kitab kultunun bərpası

Kitab kultunun bərpası
Yazarlar bunun heç də asan olmayacağı qənaətindədirlər

Rumıniya hökuməti əhalinin kitab oxuması üçün maraqlı bir layihəyə imza atıb. Kluj-Napoka şəhər merinin yeni layihəsinə əsasən, yay mövsümündə nəqliyyatda kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq. Şəhərdə əhalinin kitaba olan marağını artırmaq təkcə bu təşəbbüslə bitmir. Çünki, "Bookface” şirkəti də əhalini kitab oxumağa təşviq etmək üçün maraqlı addım atıb. Şirkətin şərtlərində bildirilir ki, "Facebook” hesabına kitabla çəkilmiş şəkilini yerləşdirən hər bir sosial şəbəkə istifadəçisi ictimai iaşə obyektləri, kitab mağazaları və stomatoloji kabinetlərə güzəştlər əldə edəcək. Hər il aprelin 23-də Kluj-Napoke şəhərində Ümumdünya kitab günü keçirilir. Həmin gün əlində kitab olan hər bir şəxs Nəbatat bağını pulsuz ziyarət edə bilər. 

Qeyd edək ki, kitabın oxunması üçün bizim ölkəmizdə də müxtəlif tədbirlər həyata keçirilir. Hazırda V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili bu istiqamətdə atılan addımlardan biridir. Eləcə də Təhsil Nazirliyinin bu günlərdə "Hər gün oxu" və "Oxumağı vərdişə çevirək!” şüarı ilə start verdiyi aksiya da maraqlıdır. "Bir vaxtlar kitab əlimizdən düşməzdi. Hara gedərdiksə, yanımızda mütləq oxumaq üçün kitab olardı”- fikirlərindən çıxış edərək cəmiyyətin diqqətini mütaliəyə yönəltmək məqsədi daşıyan aksiyaya dəstək olanlar çoxdur.

"Müzakirə”mizdə "Aksiyalar yolu ilə mütaliəni vərdişə çevirmək olarmı?” sualına cavab tapmağa çalışdıq.

Kütləvi ədəbiyyat da olmalıdır

Yazıçı Varis hesab edir ki, oxunaqlı kitablar olanda oxucu yenə oxumağa başlayacaq: «90-cı illərdə - tələbəlik vaxtlarımızda  metroda, avtobusdakı gənclərin hamısını əlində kitablar var idi. Bu, sovet dövründən qalan bir ənənə idi. İndi nadir halda insanların əlində kitab görmək olur. Cəmiyyətin kitaba marağı kökündən sarsılıb. Çox az qisim kitab oxuyur. Məncə, bu keçid dövrü bitəndən sonra yenidən kitaba qayıdış başlayacaq”. Varisin fikrincə, kitabın təbliği istiqamətində hər hansı bir aksiya ilə müvəqqəti nəyəsə nail olmaq olar. Kitaba münasibəti isə kökündən dəyişmək lazımdır: "İnsanlar aksiyaya iştirak xətrinə qatılırlar. Məncə, inzibati tələblə kitaba məhəbbəti geri qaytarmaq mümkün deyil. İnsanın kitaba verdiyi dəyəri oyatmaq üçün müəyyən şərtlər lazımdır. Bu şərtlərdən biri də insanın tam rahat, asudə olması və kitaba vaxt ayıra bilməsidir. Bu gün insanlar daha çox məişətə, gündəlik qayğılara vaxt ayırırlar. Kitab haradasa 10-cu sıraya keçib”. Yazıçının fikrincə, həmçinin çox maraqlı kitablar olmalıdır ki, insanlar kütləvi şəkildə oxumağa başlasınlar: "Böyük hadisəyə səbəb olan, bədii məziyyətləri ilə ölçülən kütləvi ədəbiyyat da çıxmalıdır. Nə zaman ki, cəmiyyətdə kitaba maraq yoxdur, onda ballestrik ədəbiyyata üstünlük vermək lazımdır ki, insanları kitaba qaytarmaq mümkün olsun. Bu faktorların qarşılığı kitaba marağı qaytara bilər”. 

Marketinq qaydalarını nəzərə almaq lazımdır

Yazar Aysel Əlizadənin fikrincə, insanların mütaliəyə marağını yönəltmək üçün müxtəlif müsabiqələr elan etmək olar. O cümlədən, gənclərə kitab hədiyyə etmək, efirlərdə yerli müəlliflərin kitablarının təbliğatını aparmaq, marketinq qaydalarına uyğun piar təşkil etməklə tamaşaçıların diqqətini çəkmək olar: "Kitabı bayrama çevirmək olar. Düzdür, indi bu istiqamətdə müxtəlif işlər görülür, yarmarkalar da təşkil olunur. Ancaq cəmiyyətə birbaşa təsir edən mexanizm televiziyadır. Hesab edirəm ki, bu mexanizmdən kitabın təbliğatı üçün çox uğurlu və asan yolla istifadə etmək olar. Müasir marketinq qaydalarına uyğun şəkildə hərəkət etmək mümkündür. Bu gün kitabdan bir az ayrı həyat sürən azərbaycanlıya efirdən yorucu şəkildə «kitab oxuyun» - desək, o, kanalı dəyişəcək. Bunun metodlarını işləyib hazırlamaq lazımdır”. Yazar qeyd edir ki, dünyada tanınmış yazıçılar oxucuya daha əlçatan və maraqlı olmaqdan ötrü müxtəlif performanslar sərgiləyirlər. Tutaq ki, biri bunu siyasi müstəvidə edib qalmaqal yaradır. Biri istəyini digər industriyanın köməyi ilə həyata keçirir: "Türkiyə yazıçısı Əlif Şəfəqin dünyanın hər yerində bir çox kitabları çap olunub. Bir də görürsən ki, onun obrazının piarı üzərində işlər gedir. Reklamlarda çəkilir və ya hər hansı reklam şitində fotosunu görmək olur. Və yaxud İrina Xakamada siyasətdən gedəndən sonra kitablar yazmağa başladı. Onun kitablarından birinin adı «Böyük siyasi seks» adlanır. Ona «axı bu kitabın içində sekslə bağlı heç nə yoxdur» deyə sual verəndə Xakamada «mən bu adı piar xətrinə seçmişəm» deyə cavab verib. Hesab edirəm ki, kitabı oxutmaq üçün müasir dünyanın tələb etdiyi metodlara əl atmaq olar. Çünki buna məcbursan. Dünya başqa ritmdə gedir. Biz isə daha öncəki zamanların ritmi ilə kitab oxumaq istəyirik. Bunlar üst-üstə düşmür. Mən burada insanları da qınamıram. Çünki istənilən industriyada həmin zəhməti insanlara çatdıra biləcək müəyyən metodlar işlənir. Beləliklə də biz reklam sahəsi, marketinqlə üzləşirik. Buna bu qədər ehtiyac olmasaydı, marketinq ayrıca bir sahəyə çevrilməzdi. Bunun üçün də paraleldə iş görən adam kitab buraxmaq və kitab təbliğ etmək istəyən cəmiyyətdə bu detalları bilməlidir”. Bizim çox şeyə orta əsrlərdəki əxlaq kodeksi ilə yanaşdığımızı deyən yazar bunu yanlış hesab edir: "İnformasiya dönəmində, hər şeyin çox dinamik yayıldığı bir vaxtda insan təfəkkürünü zəbt eləmək çox dinamik əsaslarla həyata keçirilməlidir. Biz insanlara köhnə metodlarla kitab oxutdura bilməyəcəyik. Kitab evləri, nəşriyyatlar bu sahədə işlər görür, endirimli kitab aksiyaları olur, Təhsil Nazirliyi təbliğat aparır. Amma əslində hamı cəmiyyətin kitab oxumağının nə qədər lazımlı olduğunu bilir. Təbii ki, biz bütün əhalini intellektual və mütaliəli edə bilməyəcəyik. Bu gündən sabaha ötürəcəyimiz cəmiyyətin sahibləri daha dünyagörüşlü və bilgili olsunlar deyə, istəyirik ki, oxusunlar». Kitab təbliğatı ilə bağlı bir neçə ölkədə araşdırma apardığını deyən A.Əlizadə bütün cəmiyyətlərdə kitabın yayılması və oxudulması problemi ilə rastlaşdığını deyir: «Keçən ay Türkiyədə bəzi nəşr evləri və məşhur yazıçılarla görüşdüm. Onların da kitab oxutmaq və satmaq problemi olduğunu müşahidə etdim. Bütün cəmiyyətlərdə artıq yeni mexanizm üzərində düşünülür. Bəzi cəmiyyətlər bunun həllini audiokitablara keçməkdə görür. Məsələn, Rusiya cəmiyyəti bu metoda üstünlük verir. Onlarda bu metoda çox ehtiyac var. Məsələn, evdar qadın iş görə-görə və ya maşın sürə-sürə audiokitabı dinləyir. Biz də insanlara kitab oxutmaq üçün fərqli metodlara keçməliyik. Biz yalnız «kitab oxuyun» metodunu tövsiyə edə bilmərik. Çünki zaman çox dəyişib. Kitab yazılırsa, bizim onu cəmiyyətə təqdim etmək texnologiyamız da işlənməlidir. Yazıçı həm yazır, həm naşirə verir, həm redaktəsi üzərində işləyir, həm satışı və piarı ilə məşğul olur, həm də ondan gələn gəlirlərin ardınca özü düşür. Bütün bu sistemli işi gerçəkləşdirmək üçün peşəkarlardan ibarət təşkilatlanma yaratmaq olar”. Yazar hesab edir ki, texnoloji, elmi baxımdan bizdən irəlidə olan cəmiyyətlərin bu işdəki təcrübəsini tətbiq etməliyik. Belə ki, bu istiqamətdə mental məsələlər də çox önəm daşıyır. 
  
"Problem kitabda yox, cəmiyyətin zövqündədir” 

Yazıçı Orxan Fikrətoğlu hesab edir ki, ümumilikdə problem kitabda yox, cəmiyyətin zövqündədir: "Mənə elə gəlir ki, son zamanlar kitab oxunur, sadəcə, bizə gərəkli olan və ciddi ədəbiyyat oxunmur. Daha çox kriminal, hisslər üzərində qurulan ədəbiyyat xüsusən sosial şəbəkələr vasitəsilə oxunur”. Yazıçı hesab edir ki, kitab kultunun qaytarılması təkcə bir qurumun görə biləcəyi iş deyil: "Kitabın total şəkildə ayağa qaldırılması, idarə olunan tərzdə millətin kodunda, genetik yaddaşında oyanışla mümkündür. Bunun üçün təhsil, mədəniyyət sistemimiz, elektron və yazılı KİV-lər kitab təbliğatı ilə məşğul olmalıdırlar. Bugünkü iqtisadi gerçəklikdə ruhaniyyatı insanların şüurunda yerləşdirmək çox çətindir. Ancaq kitab kultunun bərpası hər bir azərbaycanlının şüuraltında var. Sadəcə, bu, yazıçıların vəzifəsidir. Ənənəvi olan müəyyən kodlar var ki, onlar mütləq gəncliyə ötürülməlidir. Vətənpərvərlik, dövlətin təməl prinsiplərinin, ərazilərimizin qorunması və s. hər bir azərbaycanlıya aşılanmalıdır”. O.Fikrətoğlunun fikrincə, kitaba qayıdış üçün kütləvi tədbirlərə də start vermək olur. Yazıçı həmçinin, kitab mağazalarının azlığını da bu istiqamətdə problem kimi dəyərləndirir: «Əgər kitab mağazaları özəlləşdirilibsə, ayrı-ayrı ticarət və turistik obyektlərə çevrilibsə, oxucu kitabı haradan alıb oxusun? Bu gün onun sosial şəbəkə boyda rəqibi var». O.Fikrətoğlunun fikrincə, kitabın təbliği istiqamətində müxtəlif aksiyalar keçirilməlidir: «Mən özüm də bu aksiyalarda iştirak etməyə hazıram. Məsələn, bütün televiziyalar və mətbuat bir gün ərzində mövzularını və verilişlərini yalnız kitaba həsr edə bilərlər”. 

Yalnız aksiyalar lazımdır

Şair Elxan Zal ilk növbədə kitabın təbliğ olunmasının tərəfdarıdır: "Bu gün gənclik daha çox elektron kitablara üstünlük verir. Ona görə də kitabın təbliğata ehtiyacı var. Bu işə orta məktəbdən başlanmalıdır. Məsələn, Yaponiyada hər şagird həftədə bir dəfə kitabxanada olmalıdır. Bu, onun dərs balına təsir edir. Bu isə onların kitaba marağında rol oynayır. Bizdə hələ bu cür tələblər yoxdur». Elxan Zal kitab oxunması üçün müxtəlif aksiyaların keçirilməsinin tərəfdarıdır: «Hesab etmirəm ki, televiziyalarda keçirilən şoular kitab oxumağa marağı artırar. Bunun üçün yalnız müxtəlif aksiyalar təşkil etmək lazımdır». 

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001