• cümə, 29 Mart, 11:01
  • Baku Bakı 5°C

Kitab bayramı

02.10.17 09:15 13584
Kitab bayramı
Bakı yenidən beynəlxalq bir tədbirə ev sahibliyi edir. Qonaqları isə əsl kitabsevərlərdir. 28 sentyabr 2017-ci il tarixində Bakı İdman Sarayının qapıları V Bakı Beynəlxalq Kitab Sərgisi – Yarmarkası iştirakçılarının üzünə açıldı. Bayram əhval-ruhiyyəsində, orkestrin musiqi sədaları altında baş tutan sərgini Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev açıq elan etdi. Tədbirə gələnləri salamlayıb, bu cür yağışlı-küləkli havada möhtəşəm tədbirə gəldiklərinə görə təşəkkürünü bildirərək, fədakarlıqlarını yüksək dəyərləndirdiyini qeyd etdi. Üç gün davam edəcək kitab sərgisində 40-dan çox xarici və onlarla yerli nəşriyyatın iştirak etdiyini, sərgi çərçivəsində təqdimatlar, müzakirələr, dəyirmi masalar keçiriləcəyini söylədi.
Cənab nazir sərgi haqqında məlumat verdi, kitabın əhəmiyyətindən və ölkədə kitab sahəsinin inkişafından ötrü aparılan işlərdən söz açdı: "Cənab prezident İlham Əliyevin sərəncamı ilə kiril əlifbası ilə çap olunan kitabların latın qrafikası ilə yenidən çapı mədəniyyət sahəsində, kitab sahəsində böyük hadisədir. Yenə də ölkə başçısının sərəncamı ilə yüz əlli cildlik dünya ədəbiyyatı toplusunun nəşri olduqca ciddi hadisədir. Bu gün artıq kitabla bağlı beynəlxalq sərgilər keçirilir. Azərbaycan ədəbiyyatı kitab dünyasına çıxır. Sevindirici haldır ki, Azərbaycan ədəbiyyatı dünyada nəşr olunur, müasir yazıçılarımızın əsərləri səhnələşdirilir, filmlər çəkilir. Deməli, çağdaş ədəbiyyatımız çox güclüdür və yaşayır!”
Açılış mərasiminin davamında Xalq yazıçısı Elçinə söz verildi. Yazıçı kitab bayramı münasibətilə hər kəsi təbrik etdi, kitabın xalqım formalaşmasında, intellektinin, mədəniyyətinin yüksəlməsində fövqəladə rolundan danışdı. Arzu etdi ki, bu gün tədbirdə iştirak edən xarici ölkə nəşriyyatlarının sayı, gələn festivallardan yüz qırxa qədər artsın.Tədbir Əbülfəs Qarayev, Elçin Əfəndiyev, Kərim Tahirov və digər rəsmilərin sərgidəki kitab stendlərinə yaxınlaşıb nəşriyyatların yeni nəşrləriylə maraqlanmasıyla davam etdi.
Milli Kitabxana, F.Köçərli adına Dövlət Uşaq Kitabxanası, Respublika Kitabxana Kollektoru, Milli Kulinariya Mərkəzi, Azərbaycan Respublikası Ombutsman aparatı, Azərbaycan Xalça Muzeyi, "Kaspi" nəşrləri, "Şərq-Qərb", "Teas press", "Qanun", "Xan", "Libraff" nəşriyyatı, "Azərkitab", "Nərmin" Yayın Evi, "İrs" Mədəniyyət Təhsil Mərkəzi, Azərbaycan Yaradıcılıq Fondu, Araz Yayımları, "Aspoliqraf" nəşriyyatı, "Apostroff" nəşriyyatı, Azərbaycan Yazıçılar Birliyi, "Təhsil" nəşriyyatı, "Renessans-A" nəşriyyatı, "Xəzər" nəşriyyatı, "Bookzone" kitab evi, "Kitabevim.Az", "Hədəf" Nəşrlər evi, "Xan" nəşriyyatı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyi, "Qələm" nəşriyyatı və sairə təşkilatların stendləri göz oxşayırdı.
Qeyd etdiyim kimi V Bakı Beynəlxalq Kitab Sərgisində bir çox ölkələrin nümayəndələri qonağımızdır. Qardaş Türkiyə Respublikasından olduquca məhşur KİTYAY Kitap Yayın Basım, "Zengin Yayıncılık”, "Kaynak Yayınları”– "Boyalıkuş Yayınları”, "Epsilon Yayinevi”, "Parıltı Yayıncılık”, Türk Edebiyatı Vakfı, "İnsan” Yayınları”, "Nar” Yayınları, "Ötüken”, "Kılavuz Kitap”, "Kız Kulesi Yayıncılık”, "Erkam Yayınları”, "Albayrak Yayın Gurubu”, "Yeni İnsan Yayınevi” nəşriyyatları kitablarını sərgiləyir.
Rusiya Federasiyasındansa "Ассоциация Книгоиздателей России", Издательство "МЕДИАРОСТ", Издательский дом "МЭИ", "Чувашское Книжное Издательство", "Татарское Книжное Издательство", Международный Союз Книголюбов (MCK), Издательский дом "ЛАДЫ-РУСЬ" , Издательство "УМНАЯ БУМАГА", Издательский дом "ПРОФ-ПРЕСС", Ассоция Книгоиздателей России – "Белый Город" və s. kimi nüfuzlu nəşriyyatlar sərginin qonaqlarıdır. Bundan başqa, Misir Ərəb Respublikası, İran İslam Respublikası, Kolumbiya, Hindistan, Özbəkistan, Moldova və digər ölkələrin də nəşriyyat nümayəndələri kitablarını sərgiləməyə təşrif buyurublar.
İran İslam Respublikasının kitab stendi Məmədhüseyn Şəhriyarın foto-xalçasıyla diqqəti cəlb edir. Olduqca maraqlı kitab nümunələriylə sərgiyə xüsusi əhval-ruhiyyə verir. Kitab sərgisiylə bağlı fikirlərini bizimlə İran Səfirliyi "Şəhriyar" Mədəniyyət Mərkəzinin direktoru Əlirıza Behrudi bölüşdü: müsəlman tarixində kitab çox müqəddəs sayılır. Kitab irsdi, mirasdı. Bu irsi, mirası gərək nəsildən nəsilə ötürək, yaşadaq. Kitab kimlikdi. Kitab hüriyyətdir, kitab bir bütövlükdü. Ona görə də biz gərək kitab sahəsini daim inkişaf etdirək. Deməliyəm ki, tədbir olduqca gözəl təşkil olunub. Artıq ikinci dəfədir ki, sərgidə iştirak edirik. Bakıda bu cür sərginin baş tutması isə bunu göstərir ki, Azərbaycan xalqı kitaba böyük dəyər verir. Bu sahəni inkişaf etdirməkdən ötrü əlindən gələni əsirgəmir. Bu çox sevindiricidir. İranda da hər il bu cür kitab festivalı keçirilir. Sərgi günlərində on minlərlə adam sərgiyə gəlir. Çox arzu edirəm ki, gələn sərgi bu sarayda yox, sarayın sərhədlərini aşıb bütün dənizkənarı bulvar boyu olsun. Mən buna ümid edir və hər kəsin kitab bayramını təbrik edirəm”.
Stendlər arasında dolaşırdım ki, Tatarıstanın "Татарское Книжное Издательство" nəşriyyatı diqqətimi cəlb etdi. Nəşriyyatın müdir müavini Xusnutdinov İldar Salixzyanoviç fikirlərini bölüşdü: "İlk dəfədir ki, bu sərgidə iştirak edirik. Gözəl ölkəniz, şəhəriniz var. Dilimiz, ruhumuz, hətta mətbəximiz də birdir. Bu bizi daha yaxınlaşdırır. Nəşriyyatımız haqqındasa deyim ki, artıq 98 ildir fəaliyyət göstərir. Həm bədii, həm elmi kitablar, həm də uşaq ədəbiyyatı çap edirik. Bundan başqa Təhsil Nazirliyinin xətti ilə məktəb kitabları bizim nəşriyyatda işıq üzü görür. Hər il 200-dən artıq adda kitab çap olunur. İndiyə kimi nəşr etdiyimiz kitablar saysız hesabsızdır. Biz nəinki Tatarıstan, həm Rusiya, həm bir çox dünya ölkələri ilə əlaqələr yaradır, kitablar nəşr edib, yayırıq. Saytımızda, hətta nəşr etdiyimiz kitabların elektron variantını da yerləşdiririk ki, kitabsevrələr oxuya bilsin, mütaliə etsin. Təki kitab oxuma mədəniyyəti daim inkişafda olsun və bu ənənə unudulmasın. İstənilən oxucu elektron saytımıza daxil olub həmin kitabları onlayn oxuya bilər. Tatarıstanın Kazan şəhərində yerləşən digər nəşriyyat – "ИДЕЛ-ПРЕСС" nəşriyyat-poliqrafiya kompleksinin direktoru Askarov Anas Talqatoviç də kitab festivalında birinci dəfə iştirak etdiyini, hər şeyin çox gözəl təşkil edildiyini bildirdi. Nəşriyyatda çap olunan yüzlərlə kitabdan, qiymətlərdən, endirimlərdən bəhs etdi. Qeyd edim ki, Tatarısan Respublikasının sərgilədiyi kitablar keyfiyyətli, görünüşcə nəfisdir. Bədii ədəbiyyat, uşaq ədəbiyyatı, müxtəlif lüğətlər nəşriyyatın üzə çıxardığı dəyərli kitablardır.
Misir Ərəb Respublikası da onlar üçün ayrılmış stenddə ən gözəl kitablarını sərgiləyir. Qonaq stendlərdən ən gözəllərindən biri idi məhz elə misirlilərin stendidir. Misir Milli Kitabxanası və Arxvinin sədri Dr.Əhməd Şuki sərgiyə qatılmaqlarından böyük məmnunluq hissi duyduğunu, havanın yağmurlu və soyuq olmasına baxmayaraq, bu qədər izdihamın saraya gəlməsindən sevindiyini bildirdi: "Əgər xalq kitab sevirsə, kitab oxuyursa, o xalq ucalacaq, yüksələcək. Stendimizdə müxtəlif kitablar var. Oxucular maraq göstərirlər. Kitab bayramınız mübarək olsun!"
Əhməd Şukidən başqa Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr.Əhməd Sami Elaydi də sərgilənən kitablar haqqında məlumat verdi və bu cür möhtəşəm festivalın davamlı olmasına sevindiyini, burdakı iştirakından xoşbəxt olduğunu söylədi. Qeyd edim ki, stend-guşənin kitabları satış üçün nəzərdə tutulmayıb, festival bitəndən sonra Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq ki, kitablar daha geniş oxucu kütləsinə çatdırıla bilsin.
"Ассоция Книгоиздателей России – "Белый Город"un direktoru Vyaçislav Davidoviç təəssüratlarını danışdı. Sərgidə ilk dəfədir ki, iştirak edirlər. Bu nəşriyyatda bədii, elmi, dini, ensiklopedik kitablar, uşaq ədəbiyyatı, suvenir – hədiyyəlik kitablar və s. çap olunur. Vyaçeslav bəy bildirir ki, biz öz dəyərimizi bilən nəşriyyatıq. Heç vaxt nə zahirən, nə daxilən keyfiyyətsiz kitab çap etmirik. Kitabların dizaynı nəfis, mahiyyəti, içisə yüksək səviyyəli olmalıdır. Hər cür qiymətə olan kitablar nəşr edirik ki, heç kim kitabın qiymətinə görə mütaliədən uzaqlaşmasın. Nəşriyyatımızın işləri yaxşı gedir, çap etdiyim kitablara Rusiyada tələbat böyükdür. Bu nəşriyyatın qeyri-adi kitabları var. Bir seriya şeirlər kitabı rəssamın sulu boyayla işlədiyi orijinal əl işləri ilə bəzədilib. Hər bir kitabdakı rəsm digərindəkindən fərqlənir. Bu kitablar bir-bir səbirlə, zövqlə işlənib. Həmin kitablar oxucular arasında böyük maraq doğurur. Bizim qiymətlərlə götürsək, nəşriyyatın kitablarının qiyməti 10 manat – 100 manat civarında dəyişir.
"Teaspress" nəşriyyatının stendi göyqurşağını xatırladır. Kitablar rəngarəngdir, gözəldir, bəzəklidir, zövqlüdür. Nəşriyyatın nümayəndəsi Ülkər xanım bildir ki, məqsədləri kitab təbliğatıdır, beşikdən ölənə qədər hər kəsə kitab oxutmaqdır. Kitabları 50 faizə qədər endirimlə satışa qoyduqlarından alıcılar da həvəslə müxtəlif seriyadan olan əsərləri həvəslə alırlar. Sərginin açılış günü həm də yazıçı Çingiz Abdullayevin imza günüdür. Çingiz müəllimə sevgi burda da özünü göstərir. Ən çox oxucu kütləsi məhz burada – "Teaspress" nəşriyyat evinin qarşısındadır. İmzalı kitabçün növbəyə duranların sevinci uzaqdan belə hiss olunur. Festival boyu uşaq yazıçısı Reyhan Yusifqızının, Ədalət Tahirzadənin də imza günləri olacaq. Nəşriyyatın "Üç alma" seriyasından olan uşaq ədəbiyyatı kitabları da endirimlə satışdadır. Valideynlər bu fürsəti gərək əldən verməyələr.
"Qanun" nəşrlər evinin stendi, deyəsən, sərgidə ən böyük stenddir. Ən böyük endirimləri də oxucular üçün Şahbaz Xudiyev edib. Alıcılar bu festivaldan əməlli-başlı yararlanır. Xeyli adam əlində dəst-dəst kitab stenddən məmnunluqla aralanır. Festival boyu Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Nəriman Əbdürrəhmanlı, Şərif Ağayarla görüş və imza günü keçiriləcək. Kitablar endirimli qiymətlərlə oxuculara təqdim olunacaq.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun "Global Shapers" İcmasının dəstəyi ilə "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçirilir. Sərgi boyu qonaqların hədiyyə etdiyi kitablar toplanıb bir hissəsi Cocuq Mərcanlı kəndinin yenidən qurulan kitabxanasına, bir hissəsi isə regionlardakı kəndlərdəki aztəminatlı kitabsevərlərə bağışlanılacaqdır. "Sən də oxu!" aksiyasının əsas məqsədi kitabları paylaşmaq, hər kəsdə elmə, təhsilə marağı artırmaqdır.
Festival çərçivəndə British Council tərəfindən sərgi salonun Mətbuat zalında yazıçı Devid Perrişin "Futbolka və Kostyum. Yaradıcı Biznesə Səyahət" kitabının və Peter Lenyinin "Mədəniyyət mərkəzlərinin layihələndirilməsi" kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçiriləcək.
Qeyd edim ki, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilən günlər boyu Azərbaycan Yazıçılar Birliyinin guşəsində Nəriman Həsənzadənin, "Hədəf Nəşrləri"nin stendə Əjdər Olun, "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin guşəsində Elxan Elatlının, Araz Yayınları guşəsində Esmira Fuadın, Kəbutər Haqverdinin, "Xan" nəşriyyatının guşəsində İlqar Fəhmi, Müşfiq Xanın və başqa yazıçıların imza günləri, tədbirlər, təqdimatlar keçirilir.
Beləliklə, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası həm oxuculara yerli və xarici nəşriyyatların kitablarını təqdim edir, həm yarmarka boyu istədikləri kitabları müəyyən endirimlərlə almağa şərait yaradır, həm də sevdikləri yazıçılarla görüşlər, imza günləri təşkil edir. Payızın bu ilk çağında oxucularçün, kitabsevərlərçün bundan gözəl bayram ola bilərmi?! Əlbəttə ki, yox. Siz də buyurun gəlin! Özünüzçün, dostlarınızçün, sevdiklərinizçün kitab hədiyyə alın. Qiymətlərdə edilmiş endirimlər əlinizə düşən fürsətdi. Beynəlxalq Kitab Sərgi-Festival günlərini özünüzçün əsl bayrama döndərin!

Xanım AYDIN



banner

Oxşar Xəbərlər