• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

Kişinyov və London arasında gərginlik

20.06.17 10:30 1204
Kişinyov və London arasında gərginlik
Moldova ilə Böyük Britaniya diplomatik qalmaqalın astanasındadır. Moldova ərazisində yaradılan separatçı Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselskinin Londonda Xarici İşlər Nazirliyində qəbul edilməsi iki ölkə arasında qalmaqala səbəb olub. Tanınmamış respublikanın tarixində belə bir qəbul ilk dəfədir ki, baş verir. Məlumat üçün bildirək ki, separatçı qurumun rəhbərinin başçılıq etdiyi heyət ötən həftənin sonu Londonda olub. Səfərdən sonra Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski mətbuata açıqlamasında səfərin yüksək səviyyədə keçdiyini bildirib. Kişinyovun nəzarəti altında olmayan qurumun rəhbəri əvvəlcə "Oksford ittifaqı”ında (London Universitetinin təşkil etdiyi diskussiya klubu) mühazirə oxuyub. Onun çıxışında əsas xətt Dnestryanı bölgənin müstəqilliyi ilə bağlı olub. Dnestryanı bölgənin rəhbəri mühazirəsində bildirib ki, öz təhlükəsizliklərini yalnız bölgənin dövlətçiliyini qorumaqla təmin edə bilərlər: "Biz əlbəttə müstəqil olacağıq, lakin bunu sülh yolu ilə nail olmaq istəyirik”. Bununla da o, Moldovanın tərkibində qalmaq istəmədiklərini bəyan etmiş olub.
Bundan əlavə, Krasnoselski Britaniya paytaxtında Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenko ilə görüşüb. Rusiyanın "Komersant” qəzeti yazır ki, məhz səfir Dnestryanı bölgə rəhbərliyinin Birləşmiş Krallığa səfərini təşkil edib. Lakin ən əsas odur ki, heyəti Britaniya XİN-də qəbul ediblər. Burada onun XİN-in Şərqi Avropa və Mərkəzi Asiyaya cavabdeh olan departament rəhbəri Nikoloy Pollittlə görüşü olub. V.Krasnoselskinin mətbuat xidməti məlumat verib ki, "britaniyalı diplomatlar Tiraspolun Dnestryanı bölgə ilə Kişinyov arasında həlini tapmayan problemlərin danışıqlar stolu arxasında aradan qaldırılması istiqamətindəki səylərinin müdafiə edir”. Bundan əlavə, Tiraspolda hesab edirlər ki, britaniyalı diplomatlar problemin həli ilə bağlı yaradılan beynəlxalq vasitəçi qrup (5+2) formatını müdafiə edir. Bura Moldova və Dnestryanı bölgə (münaqişə tərəfləri) - ATƏT, Rusiya, Ukrayna, ABŞ və Avropa İttifaqı daxildir. Tərəflər həmçinin formatın bərpa edilməsini və tez bir zamanda vasitəçi dövlətlər və münaqişə tərəflərinin iştirakı ilə iclasın keçirilməsinin zəruriliyini bildiriblər.
Düzdür, Dnestryanı bölgənin rəhbərləri, məmurları dəfələrlə Londonda olublar. Lakin bu, ya münaqişənin həlli ilə bağlı keçirilən beynəlxalq forumlar, ya da münaqişə tərəflərinin görüşləri ilə bağlı olub. Britaniyalı diplomatların 5+2 formatını müdafiə etmələri də qalmaqal doğurub. ATƏT-ə sədrliyi həyata keçirən Avstriya görüş xətrinə görüş keçirilməsinə qarşıdır. Qurumdan bildiriblər ki, tərəflər ilkin olaraq ötən il əldə edilən razılaşmalara əməl etməlidirlər: "Bundan əlavə, yeni konkret sazişlər hazırlamalıdırlar. Kişinyov və Tiraspol arasında hələ ki, hər hansı bir proses getmədiyindən Böyük Britaniyanın 5+2 formatını çağırması ATƏT-in mövqeyi ilə uzlaşmır və Kişinyovun haqlı şəkildə narazılığına səbəb olur. Kişinyovda hesab edirlər ki, Dnestryanı bölgəni yalnız Rusiya müdafiə edir. Avropa ölkələrindən isə heç bir dövlət onu dəstəkləmir”.
Moldovanın məsələyə münasibəti özünü çox gözlətməyib. Rəsmi Kişinyov dərhal baş verənləri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirib. Parlamentin spikeri Andrian Kandu bildirib ki, xarici siyasət idarəsinə məsələ ilə bağlı araşdırma aparmaq tapşırılıb. "Əgər Krasnoselski cənablarının həqiqətən də Londonda Xarici İşlər Nazirliyində qəbul edildiyi xəbəri təsdiqini taparsa, onda biz Xarici İşlər və İnteqrasiya Nazirliyinə beynəlxalq hüquq normalarının belə kobud şəkildə pozulmasına niyə yol verildiyini araşdırmağı tapşıracağıq. Axı Böyük Britaniya Moldovanın ərazi bütövlüyünü tanıyıb”, - deyə Kandu bildirib. Bu bəyanatdan bir qədər sonra Böyük Britaniyanın bu ölkədəki səfirliyi müvafiq bəyanatla çıxış edib. Burada Knasnoselskinin Nikolay Pollittlə məhz XİN-də görüşdüyünün təsdiqini tapdığı bildirilib. Sadəcə, bunun "özəl, şəxsi” bir səfər olduğu vurğulanıb. Əlavə edilib ki, Britaniya Dnestryanı bölgənin rəhbərinin mövqeyini dəstəklədiyini bəyan etməyib. Eləcə də, yaxın vaxtlarda 5+2 formatının keçirilməsi barədə təklifə reaksiya verməyib. Moldova XİN rəhbərinin müavini Lilian Dariy də səfərin şəxsi xarakter daşımasına baxmayaraq, separatçı qurumun rəhbərinin Britaniya XİN-də qəbul edilməsini məqsədəuyğun hesab etməyib. Onun sözlərinə görə, Britaniya XİN-nin məsələ ilə bağlı açıqlaması onları qane etməyib. Buna görə də məsələ XİN-də Britaniya səfiri ilə müzakirə edilə bilər. Nazir müavinin hesab edir ki, əgər səfər şəxsi xarakter daşıyırdısa, onda separatçı qurumun rəhbərinin işi elə Oksfordda mühazirə deməklə başa çatmalı idi. O ki qaldı separatçı qurumun rəhbərinin səfərinin şəxsi və yaxud işgüzar olması barədə xəbərə, bununla bağlı Krasnoselski bildirib ki, "onları XİN-də qəbul ediblər və görüş hansısa kafedə keçirilməyib. Qoy bu, Britaniya XİN-də baş tutan şəxsi bir görüş olsun”. Beləliklə, çox maraqlı bur durum yaranıb və indiki halda Britaniyanın Kişinyovdakı səfiri Rebekka Coysun halına yalnız acımaq qalır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər