• cümə, 29 Mart, 13:03
  • Baku Bakı 14°C

Kişilərin sevimli məkanından - Reportaj

05.05.14 11:53 4800
Kişilərin sevimli məkanından - Reportaj
Etiraf edək ki, bu gün gənclərimizin çoxu boş vaxtlarını çayxanada keçirməyi sevirlər. Kimisi dostları ilə istirahət etmək, nərd, domino oynamaq, kimisi qəlyan çəkib əylənmək, kimisi də sadəcə vaxt öldürmək üçün bu cür məkanlara üz tuturlar. Adı çayxana olsa da, çox nadir hallarda kiminsə yalnız çay içmək üçün çayxanalara üz tutduğunun şahidi ola bilərik. Bir sözlə, çay bəhanədir desək, yanılmarıq. Hələ üstəlik, indi çayxanalarda gənclər çaydan daha çox qəlyana üstünlük verirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə xəbərdarlıq edir ki, bir qəlyan qüllabı siqaret qüllabından 30 dəfə zərərlidir. Gənclərin fikirlərini, çay evlərindəki vəziyyəti, qiymətləri öyrənmək üçün çayxanalardan birinə üz tutduq. Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Ev çayı” diqqətimizi çəkdiyindən yolumuzu elə oradan saldıq.
Zalda 5, kabinetdə 10 manat olan çay
Adının çəkilməsini istəməyən “Ev çayı”nın kassiri həm buranın çayçısı, həm də qəlyan düzəldənidir. Etiraf edir ki, digər çay evlərinə nisbətən burada qiymətlər azca bahadır. Onun sözlərinə görə, qiymətlərin baha olması heç də müştərilərinin gəlməsinə maneə olmur: “Bizim çay evinə gələn qonaqlar içəri daxil olan kimi buranın ab-havasını, şəraitini, xidmət səviyyəsini gördüklərindən onlara qiymətlərin cədvəli bəlli olur. Bizdə qiymətlər adi, heç bir üstünlüyü olmayan çayxanalardan baha olsa da, ümumilikdə götürdükdə, hamının cibinə uyğundur. Bu məkanın ümumi zalı olmaqla yanaşı, kabinetlərə də ayrılıb. Çünki elə adamlar var ki, ayrıca kabinetdə oturmaq istəyir”.
Kassir bildirdi ki, ayrıca kabinetlərdə xidmət haqqının qiyməti ümumi zala nisbətən çoxdur: “Ümumi zalda çay 5 manat, fərdi kabinetdə 10 manatdır”.
Onu da deyək ki, 1 çaydan 8 armudu stəkan çay tutur.
Almalı və çiyələkli qəlyana tələbat çoxdur
Çay evində sadə çayın verilmədiyini söyləyən kassir deyir ki, onlarda çay ancaq dəstgahla olur. Yəni qiymətlərə dəstgah da daxildir: “Çay dəstgahında müxtəlif şirniyyatlar, mürəbbə və «Snikers» verilir”.
Gün ərzində təxminən 100 nəfər müştəriyə xidmət göstərən çay evinin kassirinin sözlərinə görə, məkanın adı “Çay evi” olsa da, əksər müştərilər buraya daha çox qəlyan çəkməyə gəlirlər: “Qəlyanın da xüsusi hazırlanma qaydası var. Gərək müştərilərin zövqünü oxşayasan ki, ikinci dəfə də gəlsinlər. Qəlyanın necə hazırlanması sifarişçinin öz istəyindən asılıdır. Elə adamlar var ki, kömürdə hazırlanmış qəlyan, elələri də var ki, meyvəli qəlyan istəyirlər. Meyvələrdən daha çox almalı və çiyələkli qəlyana üstünlük verirlər”.
Çayçının sözlərinə görə, qəlyanın da qiyməti çay dəyərindədir. Belə ki, zalda qəlyanın biri 5, kabinetdə 10 manata təqdim edilir”.
“Wi-fi”li çayın ayrı ləzzəti var
Qeyd edək ki, artıq xaricdə olduğu kimi, Azərbaycanda da restoranlarda, kafelərdə, hətta bəzi çay evlərində “wi-fi” quraşdırılıb. Bu da müştəriləri çay evinə cəlb etməyin bir yoludur. “Ev çayı” da müştərilərinin istəyini nəzərə alaraq “wi-fi” quraşdırıb. Çayçının dediyinə görə, hətta bütün gününü internetə görə çayxanada keçirənlər də olur. Sözügedən çay evinin daimi müştərilərindən olan Azər də belələrindəndir. Azər deyir ki, bekarçılıqdan elə vaxt olur çay evinə səhər gəlib axşam gedir: “İşim-gücüm olmadığından günüm burada keçir. Çay evinin yaxınlığında yaşayıram. Evdə internet yoxdur deyə, bekarçılıqdan buraya gəlirəm. Elə günüm olub ki, səhərdən axşama qədər burada oturub telefonumla İnternetə girmişəm. Bir sözlə, “wi-fi”-li çayın ayrı ləzzəti var”.
Restoranla çayxananın fərqi
Bir stolda oturub zövq ala-ala qəlyan çəkən gənclər diqqətimizi cəlb etdi. Öyrəndik ki, tələbədirlər. Dediklərinə görə, dərsdən vaxt tapan kimi bir yerə yığışıb qəlyan çəkməklə əylənirlər. BDU-nun tələbəsi Cabbar deyir ki, hər gün dərsdən çıxandan sonra uşaqlarla yığışıb buraya gəlirlər: “Ya çay içirik, ya qəlyan çəkirik. Bunların yanında isə domino və nərd oyunu mütləqdir”.
Kollecdə oxuyan Şahinin sözlərinə görə, qəlyan çəkmək onun üçün ən gözəl əyləncə vasitəsidir: “Mən çay evlərinə daha çox qəlyana görə gedirəm. Qəlyan çəkəndə özümü çox rahat hiss edirəm”.
Tələbələr qiymətlərin də ciblərinə uyğun olduğunu bildirdilər. Cabbarın sözlərinə görə, çay evlərində qiymətlər demək olar ki, stabildir. Sadəcə xidmətə, məkana görə cüzi fərq ola bilər.
Stolun bir küncündə oturub telefonu ilə İnternetə girən Asim dostunu gözlədiyini bildirdi. Asimin sözlərinə görə, çayxanaların qışda ayrı ləzzəti var: “Hava soyuq olanda burada oturub dostlarla çay içmək, söhbətləşmək, domino, nərd oynamaq adama ayrı zövq verir. Həm də çayxananın restorandan fərqi ondadır ki, ucuz qiymətə saatlarla burada otura bilirsən. Amma restorana getsən, yeməyini yeyən, çayını içən kimi oranı tərk etməlisən”.
“Rafaellə Coşqun tez-tez buraya gəlir”
“Oyunçu aparsın” deyib, stolların birində nərd oynayan Elmirlə Natiqə yaxınlaşdıq. Oyunlarına davam etmək şərtilə bizimlə söhbətləşməyə etiraz etmədilər. Onların sözlərinə görə, buraya adətən dərdləşməyə və nərd oynamağa gəlirlər. Elmirin sözlərinə görə, çay evi dostlarla oturub söhbətləşmək və əylənmək üçün ən gözəl yerdir: “Çox vaxt 5-6 nəfər birdən gəlir, domino, nərd oynayır, zarafatlaşırıq. Dostlar çox olanda adətən kabinetdə otururuq ki, heç kim bizə və biz də heç kimə maneə olmayaq”.
Sonda kassirlə xudahafizləşəndə öyrəndik ki, bura şou-biznesin tanınmış nümayəndələri də təşrif buyururlar. Onun sözlərinə görə, məsələn, tez-tez Rafael və Coşqunun çay evinə gəlməsi müştərilərin zövqünü oxşayır: “Onlar burada olanda müştərilərlə ünsiyyətə girib onları güldürürlər”.
Səid QƏRİB

banner

Oxşar Xəbərlər