• cümə, 29 Mart, 01:29
  • Baku Bakı 7°C

Kişilərə meydan oxuyan 16 yaşlı xanım - Portret

29.11.16 11:58 3585
Kişilərə meydan oxuyan 16 yaşlı xanım - Portret
Şahmat Azərbaycanda ən çox sevilən idman növlərindən biridir. Ölkəmiz həmişə yüksək zəka tələb edən bu idman növündə öncüllərdən olub. Həmişə mötəbər iddialı komandalardan sayılan kişilərdən ibarət şahmat yığmamız bunun bariz sübutudur. Azərbaycanın son illərdə dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov kimi şahmatçılar bəxş etdiyi xatırlatmaq kifayətdir. Şahmat Azərbaycanda kişilər arasında olduğu kimi, qadınlar arasında da sevilən idman növlərindən hesab edilir. Bir vaxtlar dünya şahmat elitasında Aynur Sofiyeva, Firuzə Vəlixanlı kimi qrossmeysterlərimiz olub. Ancaq sonradan Azərbaycanda qadın şahmatında tənəzzül yaşandı. Bir müddət qadınlarımızın əldə etdiyi nəticələr kişi şahmatçıların uğurlarının kölgəsində qaldı. Ta ki, bu il Bakıda keçirilən 42-ci şahmat olimpiadasına qədər. Bakıda təşkil edilən mötəbər yarışda kişilərdən ibarət yığmamız yerli şahmat həvəskarlarını məyus etdi. Ancaq əvəzində qadın şahmatçılarımız möhtəşəm çıxışla yadda qaldılar. Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova, Aydan Höccətova, Nərmin Kazımovdan ibarət Azərbaycanın əsas millisi elə ilk turlardan yüksək pillələrdə yer alaraq, hamını yaxşı mənada təəccübləndirdi.
Qadınlardan ibarət millimiz bu yarışdakı çıxışı ilə hər kəsi heyrətləndirdi. Turnirdən öncə reytinqinə görə 16-cı olan yığmamız 140 ölkənin yarışdığı olimpiadanı 8-ci pillədə başa vurdu. Millimiz çempion olan Çindən 4, 2-ci olan Polşadan isə cəmi 1 xal geri qaldı. Böyük şahmat məktəbinə malik Rusiya isə millimizlə eyni - 16 xal topladı. Şimal qonşularımız yalnız əlavə göstəricilərdə qadın şahmatçılarımızı üstələyərək, olimpiadanı daha yüksək pillədə (4-cü) başa vurdular.
Qadın şahmatçılarımızın bu uğurunda, millimizin ən gənc üzvlərindən biri, 16 yaşı olan Günay Məmmədzadənin də böyük payı oldu. Cəmi 14 yaşında qrossmeyster adını qazanan, ölkəmizdə rekorda imza atan Günay, hər keçən il bir az da inkişaf edir. Bu yazıda sizə qadın şahmat millimizin gənc üzvü Günay Məmmədzadədən bəhs edəcəyik.


5 yaşından başlayan yol

Günay Məmmədzadə 2000-ci il, iyunun 19-da Bakıda dünyaya göz açıb. O, hələ çox kiçik yaşlarında yüksək zəka tələb edən oyunun sirlərinə yiyələnməyə başlayıb. Günayı şahmata həvəsləndirən isə onun nənəsi və babası olub. Yox, onlar heç də peşəkar şahmatçı olmayıblar. Sadəcə, bu oyunun həvəskarı olan nənə və babanın öz aralarındakı oyunlarına baxan balaca Günayda ağ-qara taxta üzərində oynanan bu idman növünə maraq yaranıb. Onun ilk müəllimləri də elə nənəsi və babası olub. Balaca Günaya şahmatın "əlifba”sını məhz nənəsi və babası öyrədir. O, şahmatın qaydalarını tez mənimsəyir. Cəmi 5 yaşında uşağın şahmat qaydalarını tez mənimsədiyini görən valideynləri onun inkişafı üçün mühüm addım atırlar. Günayı 1 saylı şahmat məktəbinə yazdırırlar. Günayın nəticələri də özünü çox gözlətmir. Ölkədaxili yarışlarda yüksək yerlər tutan Məmmədzadə gələcək vəd edirdi. Çox keçmir ki, o, beynəlxalq yarışlarda da iştirak etməyə başlayır. Beynəlxalq arenada ilk ciddi uğurunu isə 9 yaşında əldə edir. O, 2009-cu ildə 10 yaşadək qızlar arasında dünya çempionatının qalibi adını qazanır. Bir neçə il sonra isə Günay bu uğurunu Avropa çempionatında da təkrarlayır. Bu dəfə 14 yaşadək qızların yarışında.


14 yaşlı qrossmeyster

2014-cü il isə Günay üçün daha uğurlu olur. Belə ki, həmin ilin fevralında Moskvada keçirilən ənənəvi "Moskva Open” və Minskdə baş tutan David Bronşteynin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə uğurla çıxış edən Günay, beynəlxalq qrossmeyster normasının ilk balını və beynəlxalq usta normasının sonuncu balını toplayır. Bununla da, gənc şahmatçı qadın şahmatımızda rekorda imza atır. O, Türkan Məmmədyarovanın uğurunu geridə qoyur. Məmmədyarova 2007-ci ildə, 18 yaşı olarkən bu idman növündə ən yüksək dərəcəyə sahib çıxmışdısa, Məmmədzadə onun nəticəsini daha 4 il yaxşılaşdırdı.

Məqsədinə nail olur - Milliyə dəvət alır

Cəmi 14 yaşında şahmatda ən yüksək dərəcəyə çatan Günay qarşısına yeni hədəf qoyur - milliyə dəvət almaq. Həmişə böyük ambisiyaları olan yeniyetmə şahmatçı, qrossmeyster dərəcəsinə yiyələndikdən bir müddət sonrakı açıqlamasında "Bakıda təşkil ediləcək şahmat olimpiadasında kişilərdən ibarət yığmada yer almaq istəyirəm” deyərək, heç də bu yaşadək əldə etdiyi uğurlarla kifayətlənməyəcəyini göstərdi. Ancaq Günayın bu arzusu reallaşmır. Buna baxmayaraq, o, digər məqsədinə nail olur. Bu ilin sentyabrında paytaxtımızda təşkil edilən şahmat olimpiadasında Günay qadınlardan ibarət əsas millimizin üzvü olur. Bu, onun əsas millidə ilk sınağı idi. Gənc şahmatçı olimpiadada 2-ci lövhədə yarışır. Bakı olimpiadasında möhtəşəm nəticə qazanan əsas millimizin bu uğurunda Günayın da xüsusi rolu var idi. O, xüsusilə Hindistan və Polşa kimi çətin rəqiblərlə oyunlarda özündən reytinqdə yüksək olan şahmatçıları məğlub etməklə, yığmamızın turnirin favoritlərindən olan bu komandalarla görüşdən qalib ayrılmasına böyük töhfə verdi. Maraqlıdır ki, millimiz hər görüşü 1 xal fərqlə başa vurdu.
Ümumilikdə isə Günay olimpiadada 10 görüş keçirdi ki, bu oyunlardan da 4-də qalib gəlib, 3-də məğlub oldu. Günay digər 3 görüşü isə "sülh”lə başa vurdu. Onun bu cür mötəbər yarışda ilk dəfə iştirak etdiyini nəzərə alsaq, nəticəni yaxşı saymaq olar.


Xoşagəlməz tendensiyanı dayandırır

Olimpiadada göstərdiyi nəticələrdən sonra Günay FİDE reytinqini 2371-ə yüksəltdi. O, bu nəticə ilə ilk "yüzlük”də qərarlaşıb (93-cü yer). 21 yaşadək qızların reytinq siyahısında isə Günay 10-cu pillədə yer tutub. Onu da qeyd edək ki, son illər ərzində Azərbaycanın qadın şahmatçılarından heç biri FİDE reytinqində ilk "yüzlük”də təmsil olunmurdu. Günay bu xoşagəlməz tendensiyaya son qoymağı bacardı.
Bir neçə gün öncə isə Günayın sorağı Serbiyanın Novi Sad şəhərindən gəldi. O, "Odlar Yurdu” komandasının heyətində şahmat üzrə klublararası Avropa kubokunun iştirakçısı oldu. "Odlar Yurdu” Avropa kubokunu 4-cü pillədə başa vurdu.


Şahmat taxtasında əsas "silahları”

Günay şahmatdan başqa digər idman növlərilə də maraqlanır. O, vaxtilə voleybolla məşğul olub. Şahmat və voleyboldan başqa sevdiyi idman növləri isə atçılıq, üzgüçülük və atıcılıqdı. Günayın şahmat taxtasında ən çox sevdiyi fiqurlar "at” və "vəzir”dir. O, bu fiqurları şahmat taxtasındakı "əsas silahları” sayır. Gənc şahmatçının kumiri isə Maqnus Karlsendi.

Portreti

Günay Məmmədzadənin böyük məqsədləri var. Cəmi 14 yaşında qrossmeyster dərəcəsinə yiyələnərək qadın şahmatımızda rekorda imza atan gənc istedad yeni rekordları hədəfləyib. O, böyüklər arasında dünya çempionu olmağı qarşısına məqsəd qoyub. Özü də 20 yaşına çatmamış. Niyə? Vunderkind bu məqsədini belə əsaslandırıb: "Qadınlar arasında dünya çempionu olmaq istəyirəm. Amma buna erkən yaşlarda nail olmağı qarşıma məqsəd qoymuşam. Bu yolla dünya rekorduna imza atmaq istəyirəm. Hazırda bu mənada ən yaxşı göstəriciyə çinli Yifan Hou sahibdir. 20 yaşlı şahmatçı son dünya çempionudur”.
Günay "ümid edirəm ki, 20 yaşında karyeramın zirvəsində olacağam” deməklə, böyük uğurlar əldə etmək üçün uzun illər gözləmək fikrində olmadığını nümayiş etdirib. Elə gənc istedadın portretini yaradarkən, ilk növbədə bu xarakteri - ambisiyalı və özünəinam hissinin yüksək olması əsas götürülməlidir.
Ancaq Günay təkcə yüksək məqsədləri olan yox, həm də bu məqsədləri həyata keçirməyi bacaran biridir. Bunu isə 14 yaşında qrossmeyster dərəcəsi alıb, 16 yaşında milliyə düşməklə çoxdan sübut edib.




banner

Oxşar Xəbərlər