Kişilərə ödənişli atalıq məzuniyyəti verilə bilər
Atalıq məzuniyyətinə dair
qanunvericilik müddəalarına yenidən baxılması, o cümlədən ödənişli atalıq
məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklifi irəli sürülür. Belə ki, BMT-nin
Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda
gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab
tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd
edilən bu müddəa atalar üçün analara bərabər imkanlar yarada bilər.
Təkliflərdə uşaqlarını böyüdən və eyni
zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə
əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək
məsələsi də yer alıb. Layihəyə əsasən, bu tədbirlərin Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Nazirlər Kabineti və Milli Məclis tərəfindən həyata keçirilməsi nəzərdə
tutulur.
Qanunvericilikdə atalıq məzuniyyəti ilə
bağlı xüsusi maddə nəzərdə tutulmasa da, demək olmaz ki, indiyə qədər övladı
dünyaya gələn ataların məzuniyyət məsələsi Əmək Məcəlləsindən kənarda qalıb.
Sənəd uşağın dünyaya gəlməsi ilə bağlı
atalara bəzi təminatları müəyyən edir: işəgötürən təqvim ilində bir dəfə həyat
yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi
əsasında ona 14 təqvim günü müddətinə və ya ailə, məişət və digər sosial
məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verə bilər.
Qanunvericilik işləyən analar (ana işləmədikdə və ya ümumiyyətlə olmadıqda
işləyən atalar) üçün uşaq doğularkən birdəfəlik müavinətin ödənilməsini nəzərdə
tutur. Müavinət iş yerində və ya işçinin yaşadığı ünvan üzrə əhalinin sosial
müdafiəsi mərkəzində ödənilir. Bu müavinətin alınması üçün ərizənin təqdim
edilməsi müddəti müəyyən edilməyib. İki və daha artıq uşağın dünyaya gəlməsi
zamanı müavinət hər uşağa görə ödənilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Sədaqət Qəhrəmanova mətbuata açıqlamasında kişilərə
ödənişli atalıq məzuniyyətinin verilməsi ilə bağlı təkliflərə müsbət yanaşıb:
"Ailədə uşağa ana ilə bərabər, ata da baxmalıdır. Uşaqların böyüməsində qadın
və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq
məzuniyyəti verilə bilər. Bəzən ailədə uşağın tərbiyəsi ilə daha çox ana məşğul
olur. Ata isə hesab edir ki, o, ancaq ailə üçün "çörək” qazanıb gətirməlidir,
bununla da işi bitir. Ancaq kişi də hiss etməlidir ki, övlad həm də onundur.
Buna görə də ailədə valideynlərin uşaqlara qarşı məsuliyyəti bərabər olaraq
müəyyən edilməlidir”.
Qeyd edək ki, bizdə atalıq məzuniyyəti
ilə bağlı təkliflər vaxtilə Milli Məclisdə də müzakirə olunub, amma nəticəyə
gəlinməyib. Məsələnin gündəmə gəlməsində isə həmişə xarici ölkələrin təcrübəsi
nümunə kimi götürülüb. Məsələn,
Skandinaviya ölkələrinin timsalında atalıq məzuniyyətinin ən yaxşı nümunəsi
qeyd edilir. Ölkədə ataların məcburi doğum icazəsi 14 həftəyə çatdırılıb.
Yenidən ata-ana olanlar əmək haqlarının 80 faizini alaraq ümumən 59 həftə doğum
icazəsindən istifadə edə bilirlər. İcazənin 14 həftəsinin ata tərəfindən
istifadəsi vacibdir. Belə ki, əgər ata bu icazədən tam istifadə etməsə, uşaq
yardımı azaldıla bilər. İsveçdə ataların həyat yoldaşlarının doğuşundan sonra iki
ay məcburi doğum icazəsi var ki, arzu edənlər 240 günə qədər məvaciblərinin
saxlanması şərti ilə icazəsindən yararlana bilərlər. Doğum icazəsindən istifadə
etməyən ataların uşaqları dövlətdən bizim "uşaq pulu” adlandırdığımız yardımı
ala bilmir. Eləcə də Çexiyada kişilər qadına tətbiq olunan 3 illik ödənişli
analıq məzuniyyətindən yararlana bilirlər. Yəni atalar da bu icazədən istifadə
edib, uşaqlarına baxa, aylıq məvacibləri də işləmədikləri halda onlara ödənə
bilər. Estoniyada anaya doğuşdan 70 gün öncə də
nəzərə alınmaqla 18 ay analıq icazəsi verilir və bu müddətdə qadınlar
müavinətlərini də alırlar. Ölkədə atalar üçün də doğumdan sonrakı 3-cü ayda
başlamaq üzrə ödənişli icazə hüququ mövcuddur.
Bizim Əmək Məcəlləsində bu mövzuda kişilər unudulmasa
da, görünür, bu güzəştlər qənaətbəxş deyil. Bununla belə, ödənişli atalıq
məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklifi birmənalı qarşılanmır.
Sahibkarlığa zərbə?
Sosial məzuniyyətin iki hissəyə - doğuşa görə və
qismən ödənilmiş sosial məzuniyyətə bölündüyünü deyən VətəndaşlarınƏmək HüquqlarınıMüdafiə
Liqasının sədriSahib Məmmədovödənişli
atalıq məzuniyyəti ilə bağlı təkliflərə müsbət yanaşmır: «Bizim Əmək
Məcəlləsində ananın əvəzinə sosial məzuniyyətdən istifadə etmək hüququ təsdiq
olunub. Doğuşa görə məzuniyyətdən yalnız o halda ata istifadə edə bilir ki, ana
doğuş zamanı vəfat edir. O zaman uşaq sağ qalırsa, doğuşdan sonrakı 56 günlük
sosial məzuniyyətdən ata istifadə edə bilər. O zaman təbii ki, ödəniş də
saxlanılacaq. Qismən ödənişli sosial məzuniyyət hüququndan nəinki ata, həmçinin
evdə olan nənə, baba və ya ailənin digər üzvləri də istifadə edə bilər. Eyni
zamanda, ananın doğuşu ilə bağlı ata 14 günlük ödənişli məzuniyyət hüququndan
istifadə edə bilər. Bu, yalnız o halda olur ki, qadının yanına gedib-gəlməyə, ona
baxmağa başqa heç kəs olmur. Yəni
yalnız zəruri hallarda bundan istifadə olunur. Əgər indi atalıq məzuniyyətinin
ödənişli olması ilə bağlı təkliflər səslənirsə, mən bir ekspert kimi razı
deyiləm. Nəyə görə kişiyə ödənişli məzuniyyət verməlidirlər?”
Ekspert narazılığını işəgötürənlərin yarana biləcək
problemləri ilə əlaqələndirir: "Biz sahibkarlığı inkişaf etdiririk,
işəgötürənlərin xərcini azaltmaq üçün vergi yükünün, sosial yükün
azaldılmasını, sosial yükün işçi ilə işəgötürən arasında bölünməsini düşünürük.
Digər tərəfdən də dövləti təzədən bu qayğılarla yükləmək olmaz. Əgər qanun
qəbul olunarsa, hamı – dövlət qulluğunda çalışan da, özəl sektorda işləyən də
bu məzuniyyətdən istifadə edəcək. Könüllü, ödənişsiz olanda isə, ondan yalnız
zəruri hallarda istifadə olunur. Ancaq ödənişli olanda valideyn lazım olmasa
belə, ərizə yazıb evdə oturub istirahət edəcək, onun pulunu isə işəgötürən
ödəməlidir. O yerdə ki işəgötürən müqavilə bağlamayıb, onun problemi olmayacaq.
Ancaq hansı işəgötürən işçi ilə əmək müqaviləsi bağlayıb, o, işləməyəndə də
kişilərə 14 gün üçün əlavə pul ödəməlidir. Bu, sahibkarlığa zərbə vuracaq.
Məncə, bu təklif ölkə prezidentinin sahibkarlıq, sahibkarlığın inkişaf
etdirilməsi ilə bağlı həyata keçirdiyi strategiya ilə o qədər də uzlaşmır və
beynəlxalq təcrübədə nadir hallarda rast gəlinən məsələdir». Ekspert hesab edir
ki, ailədə qadına kömək etmək üçün qanunvericilik kifayət qədər şərait
yaradıb.
Aztəminatlı və maliyyə imkanları məhdud ailələrə dəstək
Azərbaycan
Jurnalistlər Şəbəkəsi İB-nin rəhbəri Ayaz Mirzəyev isə
məsələnin sosial faktorunu önə çəkir: "Ailələr var ki, yalnız ata və anadan
ibarətdir. Yaxın qohumlar ya yoxdur, ya da çox uzaqda yaşayır. Belə olan
təqdirdə, yenicə övlad sahibi olmuş ailənin fərdlərinin üzərinə əlavə çətinliklər
düşür. Yeni doğulan uşağa və onun anasına qısa müddət də olsa qulluq lazımdır.
Tutaq ki, ailənin pulu var, baxıcı tuta bilir. Bəs əgər məhdud maliyyə
imkanları varsa, onda vəziyyət necə olacaq? Oxşar qaydalar ailə fərdlərinin
birinin ciddi xəsarət alması və iş qabiliyyətini itirməsi, ağır xəstələnməsi və
digər hallara da aiddir”. İB sədri hesab edir ki, yeni təklif daha çox
aztəminatlı və maliyyə imkanları məhdud ailələrə dəstək kimi nəzərdə tutulur:
"Məsələnin digər tərəfi də odur ki, onsuz da qayda olsa da, olmasa da, fərdlər
bu addımı atır, bir və ya daha çox həftəlik ödənişsiz məzuniyyət götürürlər.
Amma bu təkliflər reallaşsa, imkan verəcək ki, artıq işəgötürənlər həmin fərdə
bu məsələdə daha çox anlayışla yanaşsınlar. Və istər-istəməz hər kəs bu qaydaya
riayət etməlidir. Atalıq məzuniyyəti pullu olarsa, bu daha yaxşıdır”.
Göründüyü kimi, məsələyə münasibətdə fikirlər
haçalanır. İlk dəfə və ya yenidən ata olmağa hazırlaşan insanlar isə təklifə münasibətdə
sevinclərini gizlətmirlər. Ancaq yenə də son söz təklifi qanuna
çevirənlərindir.
Təranə Məhərrəmova