• cümə, 19 Aprel, 10:53
  • Baku Bakı 13°C

Kişi aktyorların qadın həmkarlarına bayram tərifi

07.03.20 09:00 2705
Kişi aktyorların qadın həmkarlarına bayram tərifi
O millətik ki, qadına "başım baxtı, evim taxtı” deyirik
Hər bir cəmiyyətin xoşbəxt sabahı onun qadınlarından asılıdır. Tariximizin və mədəniyyətimizin neçə-neçə parlaq səhifəsi məhz qadınların adı ilə bağlıdır. Sabah isə 8 Mart Beynəlxalq qadınlar bayramıdır. Əslində qadının, bir gün deyil, hər gün sevilməyə layiq incə və zərif bir məfhum olması da hamıya məlumdur. Qadının toxunduğu hər bir işdə sevgisi, zərifliyi sezilir. Azərbaycan incəsənətində, mədəniyyətində qadınların rolu və iştirakı da əvəzsizdir.
Biz də qadınların bu önəmli günündə kişi sənətkarlarımız arasında sorğu keçirdik. Onlardan aktrisalarımızın səhnədə, kinoda öz potensiallarını nə qədər göstərə bildiklərini soruşduq.
Xalq artisti Nurəddin Mehdixanlı qeyd etdi ki, Azərbaycan incəsənətində aktrisalarımızın müstəsna rolu var: "Azərbaycanda teatrın təməli qoyulduqda səhnəyə çıxmaq üçün qadın aktrisalarımız olmadığından, onların obrazını kişilər canlandırırdılar. Daha sonra Azərbaycan qadınları müəyyən təqiblərə məruz qalaraq səhnəyə çıxdılar, filmlərimizdə obraz canlandırdılar. Bu gün elə bir vəziyyət yetişib ki, nə Azərbaycan teatrını, nə də kinosunu qadınlarsız təsəvvür etmək mümkün deyil. Aktrisalarımız səhnələrimizi, efirlərimizi, kinolarımızı bəzəyir. Onlar Azərbaycan teatrının ulduzuna çevrildilər. Bu gün biz keçmişimizə qayıdanda, orda Mərziyə Davudova, Hökmə Qurbanova, Sofa Bəşirzadə, Sonaxanım Hacıyeva kimi Azərbaycanın ilk qadın aktrisalarını görmüş oluruq. Onların Azərbaycan teatrı və kino mədəniyyətimizin uğur qazanmasında müstəsna xidmətləri danılmazdır. Həmin dövrdə səhnəyə çıxmaq, uğur qazanmaq o qədər də asan deyildi. O zaman aktrisa kimi səhnəyə çıxmaq qurbana çevrilmək demək idi. Onlar ölümlə hədələnir, təqiblərə məruz qalırdılar, ailələri onlardan imtina edirdi. Bütün bunlara baxmayaraq, qadın aktrisalarımız həmin problemlərin üzərindən keçərək Azərbaycan teatrını, kinosunu yaşatdı. Bu gün teatrlarımızın səhnəsində həmin sənət fədailərinin varisləri çalışırlar. Azərbaycan qadın aktrisaları kinomuzda, teatrımızda uğurlar qazanırlar. Teatrımızı, teatr mədəniyyətimizi yaşadırlar. Azərbaycan qadını təkcə evdar qadın deyil, həkim, müəllim, hərbçi, həm də teatr və kino xadimidir. Həyatını milli teatr və kinonun yaşamasına həsr edir”.
Xalq artisti aktrisalarımızın timsalında qarşıdan gələn bayram münasibəti ilə Azərbaycan qadınlarını təbrik etdi: "Dünyanın harasında yaşamasından asılı olmayaraq, adını şərəflə qoruyan, daşıyan bütün analarımızı, bacılarımızı, gəlinlərimizi təbrik edirəm. Qadını xoşbəxt olan millət də xoşbəxtdir. Qadını xoşbəxt olmayan millət heç zaman nə millət ola bilər, nə də xoşbəxt. Azərbaycan qadınını başqa xalqların qadınlarından fərqləndirən odur ki, o, ailəcanlıdır, övladına, ocağına bağlıdır, sədaqətlidir. Bu gün Azərbaycan qadınının yeri başımızın üstündədir. Biz o millətik ki, qadınımıza "başım baxtı, evim taxtı” deyirik. Tanrı Azərbaycan qadınını qorusun”.
Aktyor, Pantomima teatrının direktoru Elman Rəfiyev aktrisalarımızın həm teatrda, həm filmlərdə potensiallarını yüksək qiymətləndirir: "Belə bir zəmanədə incəsənətlə məşğul olan xanım, sözün əsil mənasında fədaidir. Hansı işlə məşğul olmasından asılı olmayaraq xanımlarımızın işlərini yüksək dəyərləndirir, onların əməyinin bəhrəsini görməsini arzu edirəm. Mənim üçün qadın zərif bir məxluqdur. O, hər zaman güclüdür. Əbəs yerə demirlər ki, hər güclü kişinin arxasında güclü qadın dayanır. Elə aktrisalarımızı var ki, çox yaxşı potensiala malik olsa da, bu potensialını göstərmək üçün uyğun şərait yoxdur. Onlar bu vaxta qədər öz potensiallarını tamaşaçılara çatdıra bilməyiblər. Güman edirəm ki, öz sevdikləri işlə məşğul olmaq, o potensialı nümayiş etdirmək üçün bir gün zaman və şərait yetişəcək. Belə ki, əgər zərrə qədər də olsa istedadın varsa, özünə əmin olmaq məcburiyyətindəsən. Hazırda mənim 50 yaşım var, 39 ildir ki, bu sənətdəyəm. Bu yaşıma qədər simam kifayət qədər tanınmamışdı. Son illər çəkildiyim seriallar sayəsində tanınmağa başlamışam. Gərək heç zaman geri çəkilməyəsən, daima səbirli olub, potensialına güvənəsən. Potensial varsa, nə zamansa özünü göstərəcək. Bizim bəzi aktrisalarımız sənətə gəldikdən müəyyən bir müddət sonra gözlədikləri nəticəni əldə etməyəndə, sənətdən uzaqlaşırlar, həvəsdən düşürlər”.
Əməkdar artist qadınların qarşıdan gələn bayramını təbrik etdi, onlara daima zərif qalmalarını arzuladı: "Qadın zərif bir məxluqdur. Qadın görünüşü, zərifliyi qoruyub saxlamalıdır. Çünki Allah qadını bizim üçün belə yaradıb. Kişinin gözü gözəl qadın görəndə dincəlir. Qadın, sözün əsl mənasında böyük qüvvədir. Bu gün uşaqların tərbiyəsi ilə məhz qadınlar məşğul olur. Qadınların üzərinə düşən yük böyükdür. Onların üzərinə düşən yükü kişilər daşıya bilməz”.
Əməkdar artist, rejissor Nicat Kazımov aktrisaları səhnənin bəzəyi hesab edir: "Aktrisalarımız arasında potensiallarını göstərməyi bacaranlar da var, bacarmayanlar da. Qadınlar olmasa, səhnə o qədər də cəzbedici və sehrli görünməz. Necə ki, qadınlar kişilərin həyatını daha maraqlı edir, eyni ilə də səhnədə tamaşaya maraq qatırlar. Qadın aktrisalarsız teatr təsəvvür edə bilmirəm. Mənim bir rejissor olaraq aktrisalarla heç bir problemim yoxdur. Onlara böyük hörmətim var. Müxtəlif nəsildən olan və fərqli potensiallara malik aktrisalarla çalışmışam. Qarşıdan gələn bayram münasibəti ilə qadınlarımızı təbrik edir, onlara ilk növbədə xoşbəxtlik arzulayıram. Xoşbəxtliyin içərisində hər şey var - ailə səadəti, əmin-amanlıq, qadın xoşbəxtliyi – hər şey var. Bütün xanımlara xoşbəxtlik arzulayıram”.
Əməkdar artist Azad Şükürovaktrisalarımızın Azərbaycan kinosunda və incəsənətində əməyini yüksək qiymətləndirir: "Azərbaycan kinosunda istedadlı aktrisalarımız hər zaman olub və olacaq da. Bu gün çox güclü gənc aktrisalarımız da yetişir. Azərbaycan kinosunda və teatrında, istedadlı, sözünü demiş və öz potensialını nümayiş etdirən çox istedadlı qadın aktrisa məktəbimiz var. Allah hamısına cansağlığı versin. Ümumiyyətlə, aktyorun özü də hər zaman yaradıcılığından narazı qalır, daha çox oynamaq, daha çox səhnədə görünmək istəyir. Bu da normal bir şeydir. İstənilən halda, aktrisalarımızın potensiallarını göstərməsinin tərəfdarıyam. Yaxşı obrazlar canlandırsınlar, maraqlı tamaşalarda rol alsınlar, sevdikləri obrazları ifa etsinlər və əsas məsələ, daim sevib sevilsinlər”.
Aktyor Elçin İmanovaktrisalarımızın incəsənətimizdə yeri və rolunun önəmindən danışdı: "Hər zaman bizim istedadlı aktrisalarımız olub və olacaq da. Sadəcə bu aktrisaların potensialından istifadə etməyi bacaran rejissorlarımız azdır. Bəzən həyatını sənətinə qurban verən aktrisalarla rastlaşırıq. Mən hər zaman qadın aktrisalarımızla danışanda, deyirəm ki, ailənizi heç zaman sənətinizə qurban verməyin. İnsan həyatında daimi qalan ailədir. Bu gün çox aktrisalarımız var və onları tamaşaçıya tanıtdıracaq rejissorlarımız azdır. Bizim aktrisalarımızın özlərində də günah var. Onlar potensiallarını göstər bilmirlər. Azərbaycanda aktrisa olmağın özü də asan iş deyil”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər