AZE | RUS | ENG |


Kirayə qiymətlərinin artması müvəqqətidir

Kirayə qiymətlərinin artması müvəqqətidir
Ekspertlər sentyabrda qiymətlərin stabilləşəcəyini deyirlər

"Ailə qurduqdan bəri  bir neçə ildir ki, valideynlərimizlə birgə yaşayırıq. Əvvəllər bu bizə nəinki çətin gəlirdi, hətta deyərdim ki, bir növ işimizi asanlaşdırır və artıq məsrəfə yol verməyimizin qarşısını almış olurdu. Amma getdikcə iki ailənin birlikdə yaşaması  daha da çətinləşdi. İndi kirayə mənzil axtarırıq ki, öz evimiz olsun. Necə deyərlər ev içində ev olmaz. Bir neçə mənzillə maraqlansaq da, hələ ki büdcəmizə uyğun ev tapa bilməmişik. Kirayə bazarındakı mənzillərin qiyməti od tutub yanır. Orta gəlirli ailə üçün normal kirayə mənzil tapmaq artıq müşkülə çevrilib. Düzdür, ucuz qiymətə kirayə evlər var. Amma ona da ev demək olarsa”…

Bu sözləri bizimlə söhbətində Gülnar Əhmədovabildirdi. O, son günlər öz ailəsi üçün kirayə ev götürmək istəsə də, qiymətlərin  ailənin büdcəsinə uyğun gəlmədiyini deyir. Təbii ki, bu, sadəcə bir nümunədir. Bəs görəsən kirayə bazarındakı qiymət artımı nə ilə bağlıdır? Mövsümi xarakter daşıyır, yoxsa uzun müddət davam edəcək? 

Əvvəlcə bu işlə məşğul olan şirkətlərlə əlaqə saxlayıb kirayə mənzillərin qiyməti ilə maraqlandıq. Bir neçə şirkətlə qiymətləri müqayisə edib ümumilikdə gəldiyimiz nəticəni təqdim edirik. Deməli, şəhərin mərkəzində və mərkəzə yaxın, normal şəraiti olan iki-üçotaqlı kirayə evlərin qiyməti minimum 400 manatdan başlayır. Məsələn, daha çox tələbələrin maraqlandığı Yasamal rayonu ərazisində 2 otaqlı mənzillərin kirayə qiyməti şəraitindən asılı olaraq 300-450 manat arasında dəyişə bilir. Sözügedən ərazidə 3 otaqlı mənzillərin kirayə qiyməti isə 450-500 manatdan başlayır və daha da arta bilir. Birotaqli mənzillərə tələbat çox olduğuna görə qiymətlər 250-300 manat arasında dəyişir. Düzdür, bu ərazidə binalar köhnə olsa da, mənzillərin hər bir şəraiti olduğunu bildirdilər. Onu da qeyd edək ki, ərazidən-əraziyə də kirayə evlərin qiymətində xeyli fərq olduğunu müşahidə etdik. Məsələn, Əhmədli, Nərimanov, Neftçilər metrolarına və mərkəzə yaxın evlərin qiyməti 400 manatdan başlayır və 700-800 manata qədər arta bilir. Nisbətən qıraq yerlərdə isə mənzillərin kirayə qiyməti də aşağıdır. Məsələn, Masazırda, Xırdalanda və digər şəhərətrafı ərazilərdə  200-250 manata hər şəraiti olan iki-üç otaqlı normal ev tapa bilərsiniz. 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı  deyir ki, mövsümlə əlaqədar olaraq avqust ayının ikinci ongünlüyündən başlayaraq kirayə bazarında aktivlik artacaq və qiymətlər bir qədər də bahalaşa bilər: "İyun ayından sonra baş verən qiymət azalması indi mövsümlə bağlı olaraq qiymət artımı ilə əvəz olunur. Lakin hesab edirəm ki, aprel-may aylarında qeydə alınan göstəricilər yenidən bərpa olunacaq. İlkin mərhələdə tələbin artımı ilə əvvəlki dövrlə müqayisədə cüzi də olsa müəyyən artım olacaq. Amma sentyabrın sonlarına doğru qiymətlərin yenidən stabilləşəcəyini düşünürəm. İndi şəhərin mərkəzində və mərkəzə yaxın olan ərazilərdə xüsusən Xalqlar Dostluğu, Əhmədli və Həzi Aslanov metrolarına yaxın yerləşən kirayə mənzillərə tələb daha çoxdur. Bu ərazilərdə birotaqlı mənzillərin qiyməti orta hesabla 250 manatdan başlayır. Lakin  mənzilin harada  yerləşməsi ilə yanaşı, onun təchizatı məsələsi də mühüm rol oynayır. Mənzilin daxili şəraiti və məişət avadanlıqları  qiymətlərə ciddi təsir edir. İki-üçotaqlı mənzillərin qiyməti 300 manatdan başlayır və 400 manata qədər ola bilir. Mərkəzə yaxınlaşdıqca isə qiymətlərdə bahalaşma müşahidə olunur. Turist axınının hələlik kirayə mənzil bazarına bir o qədər də ciddi təsiri hiss olunmur. Çünki turistlərin böyük əksəriyyəti  otellərdə qalmağa üstünlük verir. Ölkəyə gələn turistlərin cüzi hissəsi kirayə mənzil bazarına müraciət edir ki, onlar da daha çox şəhər mərkəzinə yaxın və nisbətən bahalı mənzilləri seçirlər. Belə mənzillərə isə təlabat olduqca aşağıdır. Ona görə də turistlər hələlik kirayə bazarına ciddi təsir göstərmir. Hesab edirəm ki, sentyabrın ortalarına qədər qiymət artımları davam edəcək. Sentyabrın sonlarından isə kirayə bazarında qiymətlər stabilləşəcək”. 

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev də bildirdi ki, qiymətlərdəki dəyişikliklər mövsümi xarakter daşıyır: "Kirayə bazarında hələlik ciddi qiymət artımı müşahidə olunmur. Hətta deyərdim ki, Bakının mərkəzindəki mənzillərin qiymətində müəyyən endirimlər də var. Amma bağ evlərinin qiymətində mövsümi artım müşahidə olunur və hesab edirəm ki, yaxın zamanlarda bu qiymətlər də aşağı düşəcək. Çünki artıq yay mövsümü sona çatmaq üzrədir. Şəhərin mərkəzində və mərkəzdənkənar ərazilərdəki qiymətlərin dəyişimi hər il olduğu kimi, təkrarlanır. Lakin istənilən halda, dərs ilinin başlanmasına az qalmış cüzi artımların olması təbiidir. Burada qeyri-adi heç nə yoxdur. Turistlərin gəlişi ilə bağlı isə deyə bilərəm ki, turistlər şəhər daxilində daha çox sutkalıq mənzillərə tələbatı artırır. Amma ümumilikdə gəlmə turistlərin sayının artması   sözsüz ki, müəyyən qədər kirayə bazarına da təsir edib. Sentyabrın sonlarına yaxın bazar yenidən həmişəki vəziyyətinə qayıdacaq”. 

Şəbnəm Mehdizadə
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2659
TRY 1 Türk lirəsi 0.4329
KWD 1 Küveyt dinarı 5.6292
SEK 1 İsveç kronu 0.2043
EUR 1 Avro 2.0123
CHF 1 İsveçrə frankı 1.7323
USD 1 ABŞ dolları 1.7002