AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kirayə qiymətləri “at belinə” qalxıb

Kirayə qiymətləri “at belinə” qalxıb

İqtisadiyyat
27 Sentyabr 2013, 12:35 1321
Sentyabrdan başlayaraq Bakıda mənzillərin kirayə haqqı artmağa başlayıb. Əgər 5-6 ay bundan əvvəl Yeni Yasamal, Yasamalda, Neftçilər, Həzi Aslanov, Əhmədli, 20 Yanvar və digər stansiyaların yaxınlığında bir otaqlı kirayə mənzillərin 200, 2 otaqlıları 250 manata kirayə götürmək mümkün idisə, indi ümumiyyətlə kirayə mənzil tapmaq müşkülə çevrilib.
Oktyabrda ailə quracaq müsahibimiz Anar deyir ki, sentyabrın 10-dan 250 manata birotaqlı ev axtarışına çıxıb: “Ancaq bu qiymətə nə Yasamalda, nə Yeni Yasamalda, nə də metronun 20 Yanvar, Neftçilər, Həzi Aslanov stansiyalarının yaxınlığında ev tapa bilmirəm. 300 manatdan aşağı içi boş mənzil yoxdur. Hətta 300 manatlıqları da götürmək üçün ev sahibləri ilə danışanda deyirlər ki, artıq mənzil kirayə verilib”.

Artımın səbəbi nədir?

Makler Mehman Kərimov bizimlə söhbətində dedi ki, mənzillərin sentyabrdan bahalaşmasının səbəbi həm dərslərin başlaması, həm də payız mövsümündə işçi qüvvəsinin Azərbaycanın regionlarından iş üçün Bakıya üz tutmasıdır: “Nəinki kirayə mənzillərin, həm də satışda olan mənzillərin də qiyməti qalxıb. Əgər əvvəllər 200-250 manata normal təmirli, hətta içində əşyalar olan ev almaq mümkün idisə, indi 350 manatdan aşağı qiymətə kirayə ev tapmaq çox çətindir. Hazırda demək olar ki, birotaqlı evlər qalmayıb. Qalan evlərin isə təmiri yaxşı deyil”.
Kirayə bazarda ucuzlaşmanın gözlənilməsinə gəlincə, müsahibimiz bildirdi ki, bunu gözləmək yersizdir: “Çünki evlər həmin evlər olacaq. Kirayə evlərə də tələbat böyük olduğundan ucuzlaşmanın olacağını düşünmürəm”.
İqtisadçı Vüqar Bayramovun “facebook” sosial şəbəkəsində yazdığına görə, son bir ildə Bakının kirayə mənzil bazarında qiymətlər 20 faizə yaxın yüksəlib: “Bu daha çox təklifin azalması fonunda həm paytaxtdan kənardan Bakıya müşahidə edilən axın, eləcə də ölkəyə gələn turistlərin bir qisminin, xüsusən də tələbələrin, tədqiqatçıların hotellərdən daha çox kirayə evlərdə məskunlaşması ilə bağlıdır. Təhsil mövsümünün başlaması ilə daha da sürətlənən qiymət artımı prosesinin sentyabrın sonlarınadək davam edəcəyi gözlənilir”.
V.Bayramovun fikrincə, tələbələr üçün universitetlərin kampus və yataqxanalara malik olması problemin yumşalmasına gətirib çıxara bilər: “Təəssüf ki, universitetlərin böyük əksəriyyətinin hələ də kampusu yoxdur. Hətta bu halda belə kirayə evlərə tələbələrin tələbatı qalacaq. Nəzərə alsaq ki, kirayə evlərdən yalnız tələbələr deyil, eyni zamanda gənc ailələr də istifadə edir, o zaman kirayə haqlarının tənzimlənməsinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”.

Dövlət “qiymət tavanı” müəyyənləşdirə bilər

Kirayə haqlarında müşahidə edilən artımın qarşısını alma yollarına gəlincə, iqtisadçı deyir ki, dünya praktikasında problemin aradan qaldırılmasının 2 mümkün yolu var: “Birincisi, daha çox inzibatı müdaxilə kimi qiymətləndirilir və nə qədər qəribə görünsə də, liberal iqtisadiyyata malik Amerika Birləşmiş Ştatlarında tətbiq edilib. Qiymətlərə maksimum və ya hətta minimum hədlərin müəyyənləşdirilməsinə hələ qədim dövrlərdən təsadüf edilir. Orta əsrlərdə çörəyin qiyməti üçün maksimum hədd müəyyənləşdirilmişdi. Amma “qiymət tavanı” üçün ən çox müraciət edilən nümunə ABŞ-da İkinci Dünya müharibəsindən və 1971-73-cü illərdə Nikson administrasiyası tərəfindən tətbiq edilən kirayə haqları üçün maksimum qiymətin müəyyənləşdirilməsidir. Müharibədən sonra vətənlərinə qayıdan döyüşçülər Birləşmiş Ştatların iri şəhərlərində məskunlaşmağa başladılar. Onların çoxunun ailə qurması isə Nyu-York kimi iri şəhərlərdə ev kirayəsinə olan tələbatı artırdı. Kirayə haqları yüksəldiyindən ABŞ hökuməti ev problemini kirayə haqlarına qiymət tavanı müəyyənləşdirməklə həll etdi. Maraqlıdır ki, ABŞ-ın bəzi şəhərlərində həmin “tavanlar” hələ də qüvvədə qalıb. Azərbaycanda da qiymət tavanın müəyyənləşdirilməsi mümkündür. Belə ki, inzibati zonalardan asılı olaraq paytaxtda otaqların sayına görə qiymət tavanlarının müəyyənləşdirilməsi həyata keçirilə bilər”.

Sosial evlər tikilsə...

İkinci metoda gəlincə, V.Bayramov deyir ki, bu metodda dövlətin müdaxiləsi nəzərdə tutulsa da, daha çox stimullaşdırmaya xidmət edir: “Bu zaman ölkədə sosial mənzil fondu formalaşdırılır və həmin fond daxilində mənzillər uzun müddətli dövrdə aşağı ödənişlə gənc ailələrə və ya tələbələrə təklif edilir. “Mənzil Məcəlləsində sosial mənzil fondunun yaradılması məsələsi öz əksini tapsa da, hələlik bu istiqamətdə real addımlar atılmayıb. Digər ölkələrin təcrübəsi göstərir ki, sosial mənzil fondunun formalaşması üçün büdcədən tikinti üçün vəsait ayrılmalıdır və özəl şirkətlər tərəfindən tikilərək dövlətə təhvil verilməlidir. Bu mənzillər müvafiq dövlət qurumunun, məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirilə və aztəminatlı ailələrə yalnız kirayəyə deyil, aşağı qiymətlə uzun müddətə kreditə də verilə bilər. Məsələn, Türkiyədə sosial mənzil layihəsi çərçivəsində evlər uzun müddətli kreditə verilir və ailənin aylıq ödənişi təxminən 100 dollar ətrafında dəyişir. Bu, İstanbul və Ankara kimi şəhərlərdəki kirayə qiymətlərindən xeyli aşağıdır. Bu pulu ödəyən ailə 25 ildən sonra həmin mənzilin sahib olur. Kirayə sosial evlər hazırda bir sıra inkişaf etməkdə olan ölkələrdə, o cümlədən qonşu Rusiyada istifadəyə verilib. Azərbaycanın maliyyə imkanlarının genişliyini nəzərə alsaq, qısa zamanda ölkəmizdə də bunun tətbiqi realdır. Düşünürəm ki, Sosial Kirayə Fondunun formalaşması insanların kirayə probleminin həll edilməsinin ən yaxşı yoludur”.

Lalə Musaqızı