• cümə axşamı, 25 aprel, 22:56
  • Baku Bakı 21°C

Kinoteatrlar nazirliyin tövsiyəsini nəzərə almırlar

06.04.17 09:30 1733
Kinoteatrlar nazirliyin tövsiyəsini nəzərə almırlar
Bir neçə ildir ki, yerli filmlərimizin inkişafı ilə bağlı yazılar yazır, onların təqdirəlayiq hal kimi qiymətləndiririk. Film çox olduqca, nəinki rejissorlar, prodüserlər, hətta kinoteatrlar arasında da rəqabət halları çoxalır. Əvvəllər film azlığından şikayətlənən tamaşaçı və film istehsalçıları indi başqa problemlərlə üzləşməli olurlar. Artıq kino ölkəmizdə biznesə çevrilir...

Bu biznesin inkişafı üçün sərmayəçilər ilk növbədə kinoteatrların sayını artırmağa qərar veriblər. Demək olar ki, şəhərdəki ticarət mərkəzlərinin hamısında bir neçə zaldan ibarət kinoteatrlar fəaliyyət göstərir.

Kinoteatrlar şəbəkəsinin hər biri öz yayım şirkətini təsis edərək, nümayiş olunan filmlərin reklam və yayımını həyata keçirir. Nəzərə alaq ki, Azərbaycanda kinoteatrların əksəriyyəti paytaxt Bakıda fəaliyyət göstərir. Yalnız "Cinemaplus” şəbəkəsinə aid kinoteatrlardan biri Gəncədə, "Park Cinema”ya məxsus kinoteatrlardan biri isə Masallıda yerləşir.
Məsələyə nazirlik də qarışıb

Məsələyə ümumi yanaşdıqda, ölkə ərazisinə yalnız bir və ya iki yayım şirkəti nəzarət edə bilər. Ərazi və kinoteatr sayının az olması bunu deməyə əsas verir. Ancaq bizim kinoteatrların demək olar ki, hər biri öz yayım şirkətini təsis edib və buna görə film istehsalçılarından əlavə faiz (10 faiz) tələb etməyə başlayıblar. Gəlirin 60 faizi kinoteatrın, 40 faizi isə istehsalçının payına düşür. "Cinemaplus” və "Park Cinema” kinoteatrlar şəbəkələri arasında başlayan rəqabət tamaşaçıların və film istehsalçılarının ciddi narazılığına səbəb olub. Bu məsələ ilə bağlı da mətbuatda bir birinin ardınca problemlər qabardıldı. Kinoteatrlar film istehsal edən şirkətlər qarşısında şərtlər qoymağa başladılar. Ekrana çıxan filmin prodüserləri öz məhsullarını bu balaca ölkədə tamaşaçıya çatdırmaqda çətinlik çəkirlər. Kinoteatrların onların qarşısında qoyduqları şərtə görə, ekrana çıxacaq film bir kinoteatr şəbəkəsində göstərilirsə, digərində nümayiş oluna bilməz.

Təsəvvür edin, siz "Park Bulvar”dasınız və dostlardan birinin təriflədiyi filmə baxmaq istəyirsiniz. "Park Cinema”ya yaxınlaşırsınız bilet alasınız, məlum olur ki, o film ancaq "Cinemaplus” kinoteatrlar şəbəkəsinə aid zallarda göstərilir. İndi siz həmin filmə baxmaq üçün "Park Bulvar”dan "28 Mall” və ya "Gənclik Mall” ticarət mərkəzinə getməlisiniz ki, orada həmin filmi izləyəsiniz. Sözsüz ki, bütün tamaşaçılar bu addımı atmır.

Məsələ o qədər qabardıldı ki, nəticədə məsələyə Mədəniyyət və Turizm Nazirliyi münasibət bildirdi. Nazirliyin yaydığı məlumatda deyilir ki, ölkədə müstəqil şəkildə fəaliyyət göstərən "CinemaPlus” və "Park Cinema” kinoteatr şəbəkələri və onların nəzdindəki distribütor şirkətləri arasında son zamanlar yaranmış xoşagəlməz münasibətlər cəmiyyətdə və internet məkanında müzakirələrə səbəb olub: "Məntiqi izahı olmayan bu xoşagəlməz hal narahatlıq doğurmaya bilməz. Statusundan, fəaliyyət növündən asılı olmayaraq hər bir mədəniyyət müəssisəsinin vəzifəsi insanların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq və onlara yüksək səviyyəli mədəni xidmətin göstərməkdir. O cümlədən, kino sahəsində bir növ inhisarçı mövqe tutan müəssisələr tamaşaçı marağını hər şeydən üstün tutmalı və bu marağa zərər verə biləcək addımlara yol verilməməlidir. Hazırda ölkəmizdə dövlət sifarişli filmlərlə yanaşı, müstəqil kino sahəsində də canlanma müşahidə edilməsi və milli filmlərə tamaşaçı marağının artması müsbət hal kimi xarakterizə oluna bilər. Bu prosesin inkişaf etməsi bütün maraqlı tərəflərin xoşməramlı münasibətindən asılıdır. Ona görə də kino fəaliyyəti ilə məşğul olan hər bir müəssisə özəl biznes maraqları ilə yanaşı, həm də ümumi mənafelərin qorunmasına çalışmalıdır”.

Mədəniyyət və Turizm Nazirliyi tərəfləri məsələnin qarşılıqlı hörmət və anlaşma şəraitində müsbət həllinə və gələcəkdə ictimai narazılıq doğuran halların baş verməməyi üçün son dərəcə diqqətli olmağa çağırdı.

Qeyd olunub ki, Azərbaycan filmlərinin yayımının təşkil olunması ölkəmizdə fəaliyyət göstərən hər bir kinoteatrın vəzifə borcudur.
Hər şəbəkənin öz tamaşaçısı var
Mövzu ilə bağlı "Park Cinema” kinoteatrlar şəbəkəsinin marketinq üzrə direktoru Musa Axundovla əlaqə saxladıq. O. Bildiridi ki, film başqa kinoteatrlarda gedirsə belə, "Park Cinema” onu həvəslə öz kinoteatrımızda göstərməyə hazırdır: "Qeyd edim ki, kino şəbəkələri arasında münaqişə mövzusu xəbər agentlikləri tərəfindən azərbaycanlı rejissor və prodüserlər arasında keçirdiyi sorğu vasitəsilə gündəmə çıxıb. Xəbər agentlikləri "Park Cinema” nümayəndələrindən münasibət öyrənməyiblər və buna görə də məsələ ilə bağlı belə anlaşılmazlıq yaranıb”.

Musa Axundov Mədəniyyət və Turizm nazirliyinin Azərbaycanın kino şəbəkələri arasında münaqişə ilə bağlı açıqlamasını şərh edərkən onu da əlavə etdi ki, yaranmış vəziyyət haqqında ətraflı məlumat verməyi özlərinə borc bilir: "Kino bazarında rəqabətin olması normal haldır, rəqabət olmadan irəliyə doğru irəliləmək, inkişaf etmək mümkün deyil. Digər kinoteatrlardan fərqli olaraq biz, film istehsalçılarından prokatda eksklüziv hüquq tələb etmirik. Belə bir şey yoxdur və heç vaxt olmayıb da. Biz rejissorlarla görüşür və prokatın təfərrüatlarını müzakirə edirik. Bu zaman filmin ancaq "Park Cinema”da nümayişi barədə şərt qoymuruq. Əgər film digər kinoteatrlarda nümayiş olunursa belə, biz onu kinoteatrımızda həvəslə göstərəcəyik. "Park Cinema”nın qapıları hər zaman film istehsalçılarının üzünə açıqdır. Filmləri digər kinoteatr şəbəkəsində nümayiş olunan istehsalçıları biz özümüz tapırıq və onlara filmi "Park Cinema”da da prokata çıxarmağı təklif edirik”.
Marketinq üzrə direktor onu da dedi ki, həm kinoteatrlara, həm də filmlərə inkişaf üçün geniş auditoriya lazımdır: "Nümayişin eksklüzivliyi isə kino bazarına böyük zərər vurur. Eksklüziv prokata razılıq verərkən, rejissorlar çox şey itirirlər, çünki hər şəbəkənin öz tamaşaçısı var. Əgər film bir neçə şəbəkədə nümayiş olunarsa, ona mümkün tamaşaçıların 100%-i tamaşa edə bilər, yox əgər şəbəkələrdən yalnız birində gedərsə, mümkün tamaşaçıların sayı 65%-dək azalır. Bu isə aydın məsələdir ki, film istehsalçısının prokatdan əldə etdiyi gəlirə təsir göstərir. Bu zərərli mövqedir, amma bəzən rejissorlar eksklüzivliyə üstünlük verir və itkilərlə üzləşirlər. Bu gün Azərbaycanda çoxlu sayda filmlərin istehsal edilməsi yaxşı haldır, biz isə kinoteatr olaraq tamaşaçılarla film istehsalçıları arasında vasitəçiyik. Təbii ki, "Park Cinema” kinoteatrı həm filmlərin sayının artmasında, həm də daha çox tamaşaçı cəlb etməkdə maraqlıdır. "Park Cinema” müasir Azərbaycan filmlərinin bütün kino şəbəkələrində nümayiş olunmasının tərəfdarıdır və biz Azərbaycanda film istehsal edən bütün rejissor və şirkətlərlə əməkdaşlığa açığıq. Bizim mövqeyimiz ədalətlidir və biz sözdə deyil, əməldə də Azərbaycanda kino çəkən hər kəsi dəstəkləməyə hazırıq”.
Musa Axundov bildirdi ki, artıq bir neçə ildir ki, "Park Cinema” Azərbaycanda ilin ən çox ziyarətçisi olan kinoteatrlar şəbəkəsi adını qazanır: "2016-cı ildə "Park Cinema” kinoteatrlar şəbəkəsi "Warner Bros.Pictures Intl” tərəfindən Azərbaycan ərazisində geniş prokata çıxarılan filmlərə baxmış tamaşaçıların sayına görə lider olub”.

Qeyd edək ki, "Warner Bros.Pictures Intl” studiyasının distribusiyasını həyata keçirən "İNTER CİNEMA” şirkəti, "Park Cinema” kinoteatrlar şəbəkəsinin liderlik qazandığını rəsmi məktubla bildirib.

Filmi ekrana buraxmazdan əvvəl kinoteatrlarla məsləhətləşmirlər
"CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə bildirdi ki, deyilənlərin əksinə, "CinemaPlus” bütün kinoteatrlarla fəal əməkdaşlıq edir, onların rəhbərləri ilə sıx əlaqədədir və ara-sıra onlarla rəqabət aparan kinoteatrların rəhbərlərini qapalı gecələrə və təqdimat mərasimlərinə dəvət edir: "Bəzi filmlərin bir şəbəkədə göstərilib, digərində göstərilməməsi hər kinoteatrın bir neçə ay əvvəldən hazırlanan repertuar planlaşdırması ilə əlaqədardır. Bəzi yerli kino istehsalçıları filmi ekrana buraxmazdan əvvəl kinoteatrlarla məsləhətləşmir. Buna görə də repertuar planlaşdırmasında artıqlıq yaranır. Bu baxımdan, bu və ya digər filmin repertuarda yer almaması olduqca normal haldır”.

Müsahibimiz "CinemaPlus” kinoteatrlar şəbəkəsinin hər zaman yerli kinematoqrafiyanı dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini dedi: "Bunu sadəcə, kinoteatrın rəsmi saytında baxmaqla görmək olar. Orada çox sayda Azərbaycan filminin yaratdığı rəngarənglik asanlıqla hiss edilir. Bunun bir sıra səbəbləri və sübutu var. "Əli və Nino" filminin yalnız "CinemaPus" kinoteatrlar şəbəkəsində nümayiş olunduğunu qeyd etmək olar. Digər kinoteatrlar isə bu filmi nümayiş etdirməyin maliyyə cəhətdən faydalı olmayacağını hesab etdi. Son uğurlu yerli layihələr olan, "Bayram axşamı” və "Stalin Başı” filmləri distribyütor şirkəti tərəfindən alınıb və "CinemaPlus” tərəfindən təqdim olunan daha sərfəli kommersiya şərtləri nəticəsində onlara nümayiş hüququ verib. "CinemaPlus” yeganə kinoteatr şəbəkəsidir ki, yerli dublyajın inkişafına investisiya edir və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Digər kinoteatrlar belə layihələri mənfəətli hesab etmirlər. Baxmayaraq ki, dublyaj "Cinemazadeh” studiyasında peşəkarlar tərəfindən edilir. Bizim üçün çox vacibdir ki, azərbaycanlı tamaşaçılar sevdikləri xarici filmlərə doğma dillərində baxsınlar."CinemaPlus" Bakıdan kənarda, Gəncə şəhərində müasir, 5 zallı kinoteatr açan ilk şəbəkədir. Bu layihə təkcə paytaxtda yox, həm də Azərbaycanın digər şəhərlərində kino mədəniyyətinin inkişafına böyük təkan verəcək”.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər