• çərşənbə, 24 Aprel, 21:04
  • Baku Bakı 23°C

“Kinoteatrlar artsa da tamaşaçı artmır”

11.12.17 12:12 13543
“Kinoteatrlar artsa da tamaşaçı artmır”
- Əvvəlcə istəyirəm, özün haqqında danışasan.
- Zaur Mirzəzadə, 1983-cü il, sentyabrın 23-də anadan olmuşam. Televiziyada, radioda aparıcı, prodüser, rejissor, redaktor vəzifələrində çalışmışam. "Cavanlıq” serialının ideya və ssenari müəlliflərindən biriyəm. Bütün bunlardan sonra bank sahəsində işləmişəm, marketinq işində. Uzun müddət reklam çəkilişləri aparmışam. Ukraynada kinorejissorluq oxumuşam. Çexiyada isə kino rejissorluğuna aid ustad dərslərində iştirak etmişəm. O dərslərə qatılanlar həm çəkilişlərdə iştirak edir, həm də özləri nəsə öyrədə bilərlər. Amma düzünü deyim ki, hələ rejissorluq etməmişəm.
- "Təhmin və Zaur” filminin rejissoru sənsən.
- Bəli, "Naxox”un, bir də "Təhmin və Zaur”un rejissoru mənəm. Prodüser kimi isə işim "Xoxan”dan başlayıb.
- "Xoxan”la bağlı danışacağıq. Maraqlıdır, iki film rejissorusan, amma deyirsən, rejissor kimi heç nə çəkməmişəm.
- Mən bu iki filmin həm də prodüseriyəm, ona görə dedim. Bunlar prodüser kimi çəkmişəm.
- Rejissor kimi çəkməklə, prodüser kimi çəkmək arasında nə fərqlər var?
- Rejissor kimi çəksəm, komediya çəkmərəm. Xoşum gəlir komediyadan, gülməkdən xoşum gəlir, gəl ki, komediya çəkmərəm. Yəni çalışaram ki, nəsə mesajı olan, daha ciddi bir film çəkim. Mənə elə gəlir, bu ciddi iş də çox vaxt alar. Ssenarisindən tutmuş hazırlıq dönəminə qədər, uzun bir vaxt. Əslində, indi istəyirəm ki, ciddi bir film çəkim.
- Ölkədə ciddi şəkildə kinoteatra axını təmin edən "Xoxan” oldu. O zamanlar kinoteatr şəbəkəsi faktiki yox idi.
- Türkiyə filmləri də o dövrdə az idi. Bu fakt danılmazdı ki, o dalğanı gətirən "Nizami” kinoteatrı oldu.
- Kinoteatrın təmirdən sonra açılması da həmin dövrə təsadüf edir.
- Bəli. Türkiyə filmlərinin nümayiş olunmasında bu kinoteatrın rolu çox önəmlidir. Xüsusən də, kinoteatrın keçmiş direktoru Vüqar bəyin. O dövrdə "Xoxan” filminin nümayişi məsələsi ilə Orxan Mərdanla birgə məşğul olurduq. O, özəl kinoteatrlara gedib-gəlirdi, qəbul etmədilər. Dedi ki, bircə "Nizami” kinoteatrıdır ki, hələ müsbət cavab verib. Düzdür, rəhbərliklə görüşməmişdi, amma ilkin məsələləri danışmışdı. Başlayanda, bazarı öyrənmək üçün Türkiyəyə getmişdik. Həmişə deyirəm, kinoteatrların problemi ondadır ki, tarixə söykənmədən iş görürlər. Biz özbaşımıza iş görürük. Dünya praktikası deyilən bir şey və bu təcrübədən uğur qazanmış adamlar var. Belə ki, yenidən velosiped kəşf etmək lazım deyil.
Hə, "Nizami” ilə danışdıq. Hər gedəndə çay süfrəsi açılırdı, saatlarla oturub söhbət edirdik. Və görürdük, rəhbərlik bizə hərtərəfli dəstək olmağa hazırdır. Dəvətnamələrin çapında köməklik göstərildi, gecələr posterlərin hazırlanması üçün orada qalırdıq, yanımızda olurdular. Ümumiyyətlə, biz hamıdan qabaq danışmışdıq ki, "Nizami”də qala-gecə keçirəcəyik. Gələk "Park Cinema”ya. Bizə dedilər ki, burada Azərbaycan filmləri tutmayacaq. Niyəsini soruşanda "Ögey ata”nı misal gətirdilər. Biz o filmin uğurlu olmamağının səbəblərini saydıq. Belə ki, filmin ümumiyyətlə, posteri yox idi. Mənim üçün o film uğurlu idi. Promosuz, necə gəldi, çəkilmişdi. Amma kim ki gedib o kinoya baxırdı, gəlib deyirdi ki, gülməlidir. Ölkədə o dövrdə diqqəti üzərinə çəkən film "Rəcəb İvedik” idi. O da yalnız "Nizami” kinoteatrında çox baxıldı. Yəni "Nizami” kinoteatrı kütlənin böyük hissəsini özünə cəlb etdi, ondan sonra paylandı digərlərinə. O vaxt "Cinema Plus” "28 Cinema” adlanırdı. "Xoxan” nümayişi ilə bağlı "Cinema Plus”un gətirdiyi səbəb belə oldu ki, siz "Cinema Park”la danışıbsınız. Nə dəxli var? Dedilər, yox, yayımı bizə verməsəniz, göstərməyəcəyik. Bax, belə problemlər yaranırdı o vaxtlar. Hətta, adını çəkməyim, oranın köhnə direktoru ilə bir balaca münaqişəmiz olmuşdu. Ona dedim ki, Azərbaycan kinosu ilk addımlarını atmaq istəyir, biz öz vəsaitimizlə, əziyyətlə film çəkirik, siz mane olursunuz. Sağ olsun, Fərda, Elməddin, dostum Orxan və o filmdə olan hər kəs. Mete var, Promete var, səs rejissoru Orxan Ağalarov, filmin rejissoru Samir Kərimoğlu var bu siyahıda. Onların hamısının böyük zəhməti var, çünki bu insanlar gecə-gündüz bizimlə bir yerdə əziyyət çəkirdilər. Cüzi məbləğdə də məvacib alırdılar. Yenə deyirəm, sağ olsunlar, biz onlar inanmışdıq, onlar bizə inanmışdı. Doğrultdular, doğrultduq inamı. Samirin bizdən öncə də filmləri var idi. Bizi tanıyandan sonra isə bir yerdə iş gördük. O da hamı kimi gecələr, yatmır, filmin rejissorluğunu edirdi. Əziyyətlərini halal etsinlər.
- Film harada ekrana çıxdı?
– "Cinema Plus”dan başqa bütün kinoteatrlarda.
- Həm də "Nizami” kinoteatrının digər kinoteatrlarından fərqi ondandır ki, "Nizami” Kino Mərkəzidir. Ayrıca kinoteatrdır. İçəri girincə, bilirsən ki, kinoya baxmağa gəlmisən, paltar almağa yox.
- "Nizami” Kino Mərkəzi kimi on dənə də mərkəz yaradılsa, kinomuzun inkişafına böyük təkan olacaq. Yəni çox istəyirəm, insanlar kinoteatra kinoya baxmaq məqsədilə gəlsinlər. Gəlmişik "Mall”a, neyləyək? Məşğuliyyət tapmadıq, gedək kinoya. Sonra çıxıb ağız-burnumuzu büzək... Belə olmasın yəni. Gəlmişik ki, kinoya baxaq, ən ucuz istirahətimizi təmin edək. Bəli, ən ucuz. Məncə, ən ucuz istirahət növü olmalıdır kino.
- Qayıdaq "Xoxan”a. Nə qədər satıldı?
- Dəqiq rəqəm deyə bilməyəcəm, amma böyük rəqəm idi.
- Mətbuatın yazdığına görə, yüz mini keçmişdi.
- Hə, keçmişdi. Böyük rəqəm idi, öz dövrü üçün.
- Məncə, üç kinoteatr göstərmişdi.
- Yox, dörd. ”Nizami” kinoteatrı, "Park Bulvar”, "Metro Park”, "Aygün Cinema” nümayiş etdirdi. Ondan sonra öz gücümüzə Mingəçevirə , Lənkərana getdik.
Lap başdan məni qane etmirdi, doqquz milyon əhaliyə nisbətdə yüz min çox az idi. Bu rəqəmi böyütmək lazım idi. Məsələni tez-tez kinoteatrlara deyirdik. Biz kinoteatrlara seansın sayını deyirdik. Başqa marketinq kodlar var idi, ondan istifadə edirdik.
- Sirr deyilsə hansı kodlar idi?
– Tamaşaçıya seçim qoymurduq. Gəlib görürdü ki, ancaq "Xoxan” göstərilir. Başqa kinolar da var, amma o kinolarla nisbətdə yenə də "Xoxan”a üstünlük verilir. Hətta, kinoteatrla mərcə girmişdik ki, biz sizə bu qədər vaxta bu qədər adam verəcəyik, əgər verə bilməsək, ümumiyyətlə, bizə faiz verməyin. Sonra kinoteatr kampaniyalar həyata keçirməyə başladı. Müxtəlif şirkətlərlə bağlı müxtəlif kampaniyaları var idi. Başladılar kampaniyaları bizə aid etməyə. Dedim, bizə aid deyil, kampaniyalara görə, "X” şirkəti sizə pul verir, onda pulun yarısını mənə ver. Sən özün üçün kampaniya edirsən, mənim kinoma nə aidiyyəti var? Sən öz cibindən eləməlisən o kampaniyanı.
- Misal üçün, "X” şirkəti deyir ki, filan xidmətə qoşulmaq pulsuzdur, eləmi?
- Hə, iki nəfər gəlir, üçüncü bilet pulsuzdur və s. Bu cür şeylər olmuşdu. Mən sabah gedim on min adam gətirim, deyim ki, bunlar mənim adamlarımdır, biletsiz qəbul edək, söz vermişəm. Niyə söz veribsən? Belə şey mümkün deyil axı! Burada belə bir şey var, platforma bunlarındır deyə, bizdən güclü idilər. Bax, bizlə bu cür rəftar edirdilər. Tam səmimi deyim, hesablamaları səhv idi, biz gedib orada yenidən hesablamalar aparırdıq. Bu normal idi. Praktika yox idi. Çünki belə bir şey görməmişdilər ki, yerli kino çıxsın və bu qədər adam gəlsin və maraq yaransın.
Başqa problemlər də vardı. "Park Cinema” yayım şirkəti bizdən on faiz pul alırdı. Uzun müddət onları başa sala bilmədik ki, on faiz artıqdır. Belə ki, filmdən gələn əlli faizi, üstəgəl, on faizi də yayım üçün alırdılar. Belədə gəlirin altmış faizi onların, qırx faizi bizim olurdu.
- O cür problemlərlə "Xoxan”ın yayımını həll elədiniz.
- Hə, o cür böyük bir əziyyətlə həll elədik. "Xoxan” tutdu, şükür Allaha!
- Filmdə baş rolda Fərda və Elməddin çəkilib.
- Bəli, baş rollarda Fərda və Elməddindir. Hətta, piar məqamı da var idi orada. Məşhur bir "İnstaqram” istifadəçisi vardı, Aynur Hüseyn. O da oynamışdı. Şəhriyar Əbilov var idi. O dövrdə Şəhriyar kinoya çəkilmirdi.
- "Xoxan” nə vaxt ekrana çıxmışdı?
- 11 dekabr 2014-cü ildə.
- Bu üç ildə nə dəyişib? İndiki problemlər nədir?
- Çexiyaya getdim. "Naxox” kinoteatrlarda olanda burada deyildim. Qayıdandan sonra dedik ki, heç kimlə rəqabət apara bilmirik. Özümüzü tərifləmirik ha! Gördük ki, rəqabət apara bilmirik. Dedik, gəlin biri-birimizlə rəqabət aparaq.
- Sən "Cinema Plus” şəbəkəsinə keçdin...
– Fərqi yoxdur, əslində. Orda, ya burda. Məqsəd o idi, kino çəkək. Kino sahəsində bizim tanıdığımız adamlar var, çoxdan tanıdığımız adamlar var.
Dedim ki, gedim, onlarla danışım. Bildirdim ki, "Təhminə və Zaur” adında bir filmim var, mənə bu qədər pul lazımdır. Dedilər ki, biz götürürük.
- İdeya, ssenari ilə getdin şirkətə, onlar da qəbul etdilər.
- Hə, dedim hər şeyi mən edəcəm. Sadəcə, bu məbləğdə pul verməlisiniz. İnandılar, bu işə əl qoyduq. Beləliklə də "Təhminə və Zaur” filmi ərsəyə gəldi. Hə, bir şeyi də deyim ki, film yayıma gələn ilin yanvar ayında çıxmalı idi, oktyabr ayında çıxdı.
- Niyə?
– Müəyyən səbəblər üzündən tez oldu. Filmin istehsalı daha tez oldu. Yetmiş üç günə bitdi.
- Yəni çəkiliş, montaj bir yerdə?
- Bəli. İyirmi bir gün çəkilişimiz olub. Yerdə qalanı da Post Productiona həsr etmişik. Bayaq sual verdin ki, niyə mən prodüser kimi çəkirəm? Rejissor kimi çəksəydim, vaxtım gedəcəkdi. Filmin rejissor ssenarisi yazılmalıdır. Mən rejissor ssenarisini yazmadan ssenarini götürüb çəkiliş meydançasına getmişəm. Bu tamaşaçıya qarşı hörmətsizlik deyil. "Təhminə və Zaur” filmi bizim çəkdiyimiz filmlərin heç birindən pis deyil. "Xoxan”la müqayisə etmirəm. Onunla heç nəyi müqayisə etmək olmaz. Vaxt gələcək o film əfsanəyə çevriləcək, rahat deyirəm bu sözü. Vaxt gələcək "yeni kino dalğası "Xoxan”la başladı” deyəcəklər, yazacaqlar.
- İndi də deyirlər.
- Deyirlər, amma bəziləri qəbul eləmir. Qəbul eləməyən adamların da çoxunu tanıyırıq. Bir də ki bizim ən böyük problemimiz odur ki, otuz, qırx nəfər adamıq, gəl ki, paxıllıqla məşğuluq.
- Kinematoqrafları deyirsən?
– Bəli. Keçən dəfə saydıq, on beşi keçmədi. Hamısını deyirəm. Bir film çəkən, çəkmək istəyib ortada canfəşanlıq edən adamların hamısını. Bu adamları da siyahıya daxil elədik. Say çox azdır. Və bu azlıqda belə biz biri-birimizin ayağından çəkirik. Ölkədə ilə yüz film çəkməyə adam yoxdur.
- Səhv eləmirəmsə, hardasa iyirmi film çəkilir.
- Uzağı.
- Yüz film üçün gərək bir rejissor yeddi film çəksin. O da mümkün deyil.
– Çoxlu filmlər çəkin, deyirlər. Heç olmasa iki film. Misal üçün, İlham Qasımov iki film çəkmək istəyir. Orxan Mərdan, mən də...
- Halbuki, dünyada prodakşınlar var ki, ilə on-on iki film çəkirlər.
- Yüz faiz. Türkiyədə əhali sayı çoxdur, kifayət qədər kinoteatrları var. Türkiyənin çox biabırçı filmləri var ki, girir bazara və oradan bir milyon baxışla çıxır.
- Milyon baxış onlarda elə böyük rəqəm deyil.
- Bəli. Amma bu baxış həm milyonlarla vəsait deməkdir. Biz bir milyona Türkiyənin "B” kateqoriyalı filmlərindən daha yaxşı film çəkirik.
- Azərbaycanda film istehsalı daha ucuz başa gəlir.
– "Xoxan”ın dövründə lap ucuz idi. Əvvəllər belə idi ki, çəkiliş üçün hansısa məkana üz tutanda nəinki havayı çəkiliş aparırdıq, hətta məkan sahibindən pul da alırdıq. Bu da büdcəni düzəltmək üçün idi. İndi elə deyil. İndi hansı restorana gedirsən, deyir ki, nəyimə lazımdır kino? Səviyyəsiz-səviyyəsiz kinolar çəkməkdən yorulmadınız? Soruşursan ki, kinoteatra gedib hansı filmə baxıbsan? Deyir, neynirəm e, baxmağı, kino var ki?
- Bu adamlara haqq vermirəm. Amma bəlkə də, adamlarda bu cür təsəvvürü yaradan, çoxlu sayda mənasız, məzmunsuz filmlərdin çəkilməsidir.
- Gedib baxmayıb axı?
- Ümumi rəy yaranıb cəmiyyətdə.
– Hə, bu ümumi rəy "Xoxan”da da var idi. "Bizimkilər kino çəkə bilmir” rəyi.
- Biletlərin qiyməti yeddi manatdır. Günorta seansı dörd manat, əyalətlərdə daha ucuzdur, beş və üç manat arası dəyişir. Qiymətlər qalxıb.
- İndi hər şeyin qiyməti qalxıb. Dolların bahalaşması hər şeyə təsir edib. Ümumiyyətlə, insanların da kinoteatrlara gediş-gəlişi azalıb, bunlar da təsir edir. Bu da çox gülməlidir. Bir filmə iki yüz min baxış yoxdur. İki yüz min nə rəqəmdir axı, bununla fəxr edəsən?! Çexiyanın da on milyon əhalisi var. Çexiyada film çıxır, iki həftəyə bir milyon adam yığır. Film pisdir, yaxşıdır, fərq eləmir. Qoy adamlar filmdən çıxandan sonra desinlər fikirlərini. Mən həmişə deyirəm, kino beş milyon adam gətirə bilər. Bu o demək deyil ki, on milyonun beşi gəlir kinoya. Yox, eyni adamlar təkrar gəlir. Bizim çəkdiyimiz kinolara "birdəfəlik kino” deyə bilərsən, mən razı, amma gəl, heç olmasa bir dəfə bax də... Yerimizdə sayırıq. Belə bir görüntü var ki, biz hazırda kino-kino oynayırıq. İstehsalçı olaraq az pul qazansam, məndən necə yaxşı kino istəyə bilərlər? Bizim kinonu Holliwud filmi ilə necə müqayisə edə bilərlər?

Söhbətləşdi: Qan Turalı
banner

Oxşar Xəbərlər