• cümə axşamı, 28 mart, 13:06
  • Baku Bakı 16°C

Kino rejissorlarının bir dərsi - Reportaj

07.10.17 09:30 6367
Kino rejissorlarının bir dərsi - Reportaj
Bu gün Azərbaycan incəsənətində iri addımlarla irəliləyən sahələrdən biri də kinodur. Elə bir dövrdəyik ki, artıq kinoteatrlarda xarici filmlərlə yanaşı, yerli filmlərimiz də nümayiş olunur. Hətta biletlərin satış sayına görə onlarla rəqabətə də girir. Kinonun nə qədər həssas və maraqlı bir sənət olduğu hər kəsə bəllidir. Filmi ərsəyə gətirən əksər kadrları isə Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti yetişdirir. Hansı ki, bu universitetdən hər il neçə-neçə ixtisaslı aktyor, rejissor məzun olur. Biz də Azərbaycan kino sahəsi üzrə yetişən gənclərin dərs zamanı fəaliyyətlərini izləmək üçün sözügedən universitetə yollandıq.

Bu dəfə universitet gözümüzə tamam başqa bir görkəmdə göründü. Yeni təmirdən çıxan mədəni təhsil ocağı göz oxşayırdı. Müasir avadanlıqlarla təmin olunmuş təhsil müəssisəsi sanki muzeyi xatırlatdı. Zövqlə dekor edilmiş bəyaz divarlarda rəssamların əl işləri ümumi ahəngə xüsusi bir rəng qatır. Universitetə dərs saatında daxil olduğumuz üçün koridorlarda xüsusi bir sakitlik hökm sürürdü.

Eldar Quliyevin gənc rejissorları
Dəhlizdə xalq artisti, tanınmış kinorejissor Eldar Quliyevlə rastlaşdıq. Asta bir templə sinif otağına tərəf yol alan universitetin kino kafedrasının professoru yavaş-yavaş gözdən itdi. Sonra qurumun mətbuatla əlaqələr şöbəsinin əməkdaşı bizi mehribanlıqla qarşıladı. İstənilən dərs prosesində müşahidəçi qismində otura biləcəyimizi söylədi. Elə az əvvəl koridorda qarşılaşdığımız Eldar müəllimin dərsinə qonaq olmaq istədiyimizi bildirdik.

Əslində, "Debüt” studiyasının ilk bədii rəhbəri olan Eldar müəllimin çox kaprizli xarakterə sahib olduğunu və onun kiminləsə yaxından ünsiyyət qura biləcəyini düşünmürdüm. Universitetin SABAH qrupundan ibarət təşkil olunmuş "Resjissor sənəti” ixtisasının 4-cü kurs tələbələrinin dərsində gördüklərimdən sonra bu fikirdən daşındım. Qrupun kurs rəhbəri olan Eldar Quliyev onlara "Rejissor sənətinin əsasları” dərsini tədris edirdi.

Kiçik qara pərdələrdən ibarət olan səhnəli otağın digər divarları da qara boya ilə boyanmışdı. Müəllim-tələbə dialoqu, tədris üçün ən ideal bir sinif otağı idi. Təmirdən sonra daha gözəl və səliqəli görünən bu otaqlar insanlara yenidən çalışmaq əzmi verir...

Bu kursun tələbələri Həsənov Şəfa, Şövkət Fikrətqızı, Həsənov Hüseyn, Həsənov Masər, Hüseynov Samir, Aslanlı Nurlan da çəkəcəkləri filmlərdə hansı əsərlərdən yararlanacaqları və ya gələn semestr təqdim edəcəkləri diplom işi üçün necə bir ssenari düşündükləri haqqında diskussiya edirdilər. Tələbələr öz müxtəlif əl və üz hərəkətləri ilə necə bir ssenari hazırlayacaqlarını və bu ssenarini hansı şəkildə həyata keçirəcəklərini izah edirdilər.

Hər bir tələbə seçdiyi əsərin ssenarisini danışandan sonra isə Eldar Quliyev onlara eyni sualla müraciət edirdi: "Səni başa düşürəm, əsas odur ki, sən niyə bu əsəri seçmisən? Bununla nə deməyə çalışırsan? Çəkəcəyin bu kadrla hansı mesajı ötürmək istəyirsən. İstəyin və məqsədin nədir?”
Bu suala öncədən hazırlıqlı olan tələbələr seçdikləri əsərlə bağlı müzakirələr aparır və özlərinə məxsus izah verməyə çalışırdılar.
"Sabah”ın istedadlı tələbələri
Dərs prosesi bitdikdən sonra tələbələrlə söhbət etmək və onların tələbəlik həyatı ilə bağlı müzakirələr etmək imkanımız oldu. Bu qrupun tələbələrinin nə üçün yığma və "Sabahın uşaqları” kimi adlandırması ilə maraqlandıq. Aydın oldu ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. ADMİU-nun SABAH qruplarında iki ixtisas (aktyor sənəti və rejissor sənəti) və 3 ixtisaslaşma (kino rejissoru, televiziya rejissoru, musiqili teatr rejissoru) üzrə 41 tələbə təhsil alır. Onlardan ilk qrup isə hazırda qonağı olduğumuz "Rejissor sənəti” ixtisasıdır.

Şəfa deyir ki, bu qrupa daxil olmaq onlara heç də asan başa gəlməyib. Belə ki, yalnız imtahanlardan yüksək nəticə göstərən tələblər bu qrupda təhsil almaq imkanı qazana bilərdi: "Birinci kursda mən televiziya rejissorluğuna daxil olmuşdum. Belə bir elanı gördükdə müraciət etdim. Bizi testlə imtahandan keçirdilər. Sonra rejissorlarla təkbətək müsahibələr etdik. Bu qrupda təhsil alan tələbə yoldaşlarım da başqa ixtisaslardan gəliblər”.

3 ildir ki, qrupa dərs deyən Eldar Quliyevi tələbələri çox sevir. Deyirlər ki, onlar müəllimlərindən kinoya aid hər şeyi öyrəniblər. Filmə necə yaxınlaşmaqdan tutmuş, onu necə ssenariləşdirmək və lentə almağa qədər. Tələbələr müəllimlərinin diplom işinə görə onları yormadığını və rahat şəkildə çalışa bildiklərini deyirlər. Müəllimləri onları diplom işlərinə görə çox dağa-daşa salmır və asan yolla hər şeyin həllini göstərir. Tələbələr deyirlər ki, müəllimləri məsləhət verəndə, həmişə belə deyir: "Mən rejissor yetişdirmirəm, ilk olaraq ziyalı yetişdirirəm. Rejissor olmaq o deməkdir ki, beynində təxəyyülün nəyisə yaradanda, arxasında durasan ki, buna görə etdim”. Tələbələr digər müəllimlərinin də onlar üçün əllərindən gələn köməkliyi etdiklərini bildirirlər.

Şəfa Həsənova deyir ki, incəsənət universitetinin tələbələri xüsusi sərbəstliyə və azadlığa sahibdirlər: "Müəllimlərimiz bizə azadlıq verir. Yaradıcı insan azad olmalıdır ki, nəsə yarada bilsin. Təsəvvürümə də gətirə bilmərəm ki, mən başqa bir universitetin tələbəsi ola bilərəm. Çünki rahatlığa, sərbəstliyə öyrəşmişəm. Buradakı mühit çox yaxşıdır. Müəllim tələbəyə, tələbə də müəlliminə hörmət edir”.
Onu da bildirək ki, qonağı olduğumuz qrupun iki nümayəndəsi ötən gün ölkəmizdə keçirilən "Gənclərin IV Film Festivalı”nda mükafata layiq görülüb.
Festival çərçivəsində Azərbaycan, Avropa və Amerikanın bir çox filmlərinin təqdimatı, ustad dərsləri, canlı musiqi nümunələri, eləcə də gənc Azərbaycan filmoqraflarının 40-dan çox filmi nümayiş olunub. SABAH qrupunun IV kurs tələbəsi Masər Həsənovun "Everest”, "Sevgi naminə” filmləri nümayiş olunub. Hüseyn Həsənovun filmi isə 1-ci yerə layiq görülüb.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər