• cümə axşamı, 25 aprel, 07:50
  • Baku Bakı 14°C

Kino ilə ölkəni dünyaya tanıtmaq olar

29.11.16 13:01 2734
Kino ilə ölkəni dünyaya tanıtmaq olar
Noyabr ayının 9-dan 12-ə kimi Amerikanın Viskonsin ştatında "Weyauwega” beynəlxalq film festivalı keçirilib. Festivalın qalibi isə tanınmış rejissorumuz Rüfət Əsədov olub. Onun "Kənddə sonuncu yəhudi” ("The last Jew in the village") filmi-"Ən yaxşı qısametrajlı sənədli film” (Best short documentary film) nominasiyasında qalib olub.

Film - ailəsi, qohumları İsrailə köçsə də, doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.

Beləliklə, nailiyyətlərinin səs-sorağı ta Amerikadan gələn həmyerlimiz öz təəssüratlarını "Kaspi”yə bölüşdü. O, bizimlə söhbətində beynəlxalq arenalarda Azərbaycan filminə olan münasibətdən və festivalların ölkənin tanınmasındakı rolundan da danışdı.
Qeyd edək ki, filmin ssenari müəllifi Vaqif Azəryar, operatoru Yuri Varnovski, montaj rejissoru Vüsal Nazimoğlu, səs rejissoru Pərviz, prodüserlərdən biri amerikalı Oleq Harencardır. Filmin xronometrajı 32 dəqiqədir. Bundan əvvəl "Kənddə sonuncu yəhudi” sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş "Near Nazaret” film festivalında nümayiş olunub. Geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanan film festivalın iki diplomuna layiq görülüb.
- İlk olaraq sizi təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirik.
- Təşəkkür edirəm. Diqqətiniz üçün minnətdaram.
- Amerikada belə bir festivalın qalibi olduğunuzu eşitdik. Festival barədə təəssüratlarınızı öyrənmək maraqlı olardı.
- "Kənddə sonuncu yəhudi” film bundan əvvəl bir neçə festivalda iştirak edib. Bu da onlardan biridir. Noyabr ayının 9-dan 12-ə kimi Amerikanın Viskonsin ştatında "Weyauwega” beynəlxalq film festivalı keçirildi. Bu, müəllif filmləri festivalı idi. Çox maraqlı, sərbəst, yaradıcı bir mühit vardı. 18 ölkədən 50 film seçilmişdi. Məlumat üçün bildirim ki, bu festivalda vaxtilə 2014-cü ildə Oskar mükafatına layiq görülən "The Lady in Number 6”, 2015-ci ildə Oskar nominantı olan "Everything will be OK” və sairə filmlər iştirak ediblər. Filmimin belə bir festivalda qalib olması çox sevindirici haldır. Festivalda bir sıra nominasiyalar təqdim olunmuşdu. Onların içərisində bizim filmimiz qısametrajlı sənədli filmlər sırasında qalib oldu. Festival bir həftə çəkdi. Mənim özüm üçün də maraqlı idi ki, müxtəlif ölkələrdən müxtəlif dünyagörüşlü insanlarla görüşdük. 5 günə 50-yə yaxın film izlədim. Həm dünyanın müxtəlif ölkələrindən olan rejissorların filmlərini izlədim, həm də filmimizə kənardan olan münasibəti gördüm.
Belə tədbirlərin olması çox vacibdir. Festivala təqdim etdiyim film yəhudi taleyi haqqındadır. Bu, ümumbəşəri problemdir. Ancaq onu hər yerə bağlayan tellər var. Bu insan Azərbaycanda doğulub, uşaqları, bacıları, qardaşları Amerikada, İsraildə, Rusiyada yaşayır. O, ölkəsini tərk edib, qohumlarının yanına getmir, çünki torpağına bağlı insandır.
- Gözləyirdinizmi ki, sizin filminiz qalib gələcək?
- Fikirləşirdim ki, San Fransiskoya gedim. Növbəti filmin çəkilişləri ilə bağlı oradakı prodüser və bir neçə adamlarla danışım. Mənim planımda var idi ki, ayın 16-da San Fransiskoda olum. Sonra mənə zəng edib, xəbər etdilər ki, festivalın nəticələri açıqlanıb və mən orada olmalıyam. Mən də getdim, düşündüm ki, həm ziyarət, həm də ticarət edim. Festivalın birinci günü ümumi açılış oldu, ikinci gün filmin təqdimatında zala daxil olarkən təşkilatçılar tərəfindən böyük rəğbət hiss etdim. Kolumbiya Universitetinin professoru mənə yaxınlaşıb, təbrik etdi. O da münsiflər heyətinin üzvlərindən biri idi. Əslində gözləmirdim ki, qalib olaram.
- Sizcə, belə festivallar ölkəmizi beynəlxalq arenalarda təmsil etmək üçün nə dərəcədə önəmlidir?
- Festival ölkənin tanınması üçün çox vacibdir. Açıq deyək, Azərbaycan tam olaraq kinematoqrafik dövlət deyil. İldə 2-3 film çəkilirsə, bu o demək deyil ki, ölkəmiz mükəmməl film istehsalçısıdır. Ölkəni xaricdə film sahəsində tanıtmaq üçün çoxsaylı filmlər çəkilməlidir. Biz müstəqil şəkildə işləyirik. Bunun üçün həm dövlət sifarişi olmalıdır, həm də müstəqil filmlər çəkilməlidir. Sonuncu dəfə qalib olduğum festivalda Azərbaycanı tanıyan yox idi. Qalib olduqdan sonra mənim adımı çəkdilər və orada Azərbaycanın adı səsləndi. Misal üçün, mən Kaliforniyada olanda orada ölkəmizi, cənab prezidentimizi tanıyırdılar. Burada isə bizi tanımadılar.
- Sizcə, kino ilə ölkəni dünyaya tanıtmaq olarmı?
- Əlbəttə olar. Hazırda dünyada sayı-hesabı olmayan filmlər çəkilir. 320 milyonluq əhalisi olan ABŞ-da bəlkə 4-5 min kino məktəbi var. Onların hamısı işlək vəziyyətdədir. Belə böyük kino sənayesi olan bir ölkədə qalib gəlmək, Azərbaycanın adının səslənməsi təqdirəlayiq haldır. Kino çox qəliz məsələdir. Kinonun dili aydındır. Burada ifadə vasitələri daha genişdir. Kinonun imkan və vasitələri çox böyükdür. Elə bir dövrdə yaşayırıq ki, hamı kitab oxumur. Sosial şəbəkələr gündəmi zəbt edib. İnsanlar kitabdan çox filmə baxırlar. Düşünürəm ki, belə festivallarda iştirakımız çox vacibdir və dövlət əhəmiyyətli bir işdir.Məsələn, İrana qarşı dünyadakı münasibət hər kəsə bəllidir. Ancaq bütün olanlara baxmayaraq, dünya, xüsusilə də Amerika, Avropa onu sevməsə də, İran kinosunun hesabına ölkə haqqında anlayışları var. 1998-ci ildən festivallarda iştirak edirəm. Bu sahədə təcrübəm kifayət qədərdir. Gördüm ki, kinonun ölkənin tanınmasında çox güclü təsiri var. Kino ilə ölkəni dünyaya tanıtmaq mümkündür.
- Çox zaman deyirlər ki, xristian ölkələrinin nümayəndələri incəsənət baxımından müsəlman ölkələrinə qısqanclıqla yanaşırlar. Xüsusilə də bu, "Oskar” mükafatında özünü büruzə verir.
- Konkret olaraq "Oskar” mükafatından söhbət gedirsə, o mükafat məhz Amerika kinosu üçün nəzərdə tutulub. Orda xarici dildə olan film üzrə cəmi bir nominasiya var. Yerdə qalan 99 faiz Amerika filmləri təşkil edir.1998-ci ildə Fransada, Strasburqda festivalda iştirak edirdim və o zaman həmin festivalda "Vahimə” adlı qısametrajlı filmə görə ikinci yerə layiq görülmüşdüm. Həmin festivalda münsif heyəti kürsüsündə erməni vətəndaşı da var idi. Bütün münsiflər heyəti yaxınlaşıb məni təbrik etdi, təkcə ermənidən başqa. Onun münsif heyəti olmasına baxmayaraq, o mükafatı mənə vermişdilər.İran dövlətinə olan nifrətə baxmayaraq, onların filmləri bir çox festivallarda mükafat alır. İran təsdiq etdi ki, bu yolla onlar ölkəni tanıda bilirlər. İstənilən festivalda İnan filmləri mükafat alıb. Hətta İran filmi "Oskar” da alıb. Nəinki "Oskar”, "Kann” festivalında da, "Venesiyada” da, "Berlin”də də mükafat qazanıb. Bu, insani faktordur. Kimin nədənsə xoşu gəlir, ya gəlmir... Ola bilər ki, bu faktor da rol oynaya bilər. Sizin qeyd etdiyiniz faktor da böyük rol oynayır, mən bunu inkar etmirəm.
- Festival bitdikdən sonra uzun müddət Amerikada qaldınız. Orada yaradıcılıq işləriyləmi məşğulsunuz?
- San Fransisiko Kino İnstitutunun dəvəti ilə oraya getmişdim. Filmimizin prodüseri amerikalı Oleq Harencarın çəkdiyi filmin təqdimatı idi. Orada bir neçə festival prezidentləri ilə gələcək filmimizin müəyyən məsələlərini həll etmək üçün danışıqlar apardım. Nəticəsi də uğurlu oldu.
- Çəkəcəyiniz yeni film nə ilə bağlıdır?
- Artıq filmin üçdə biri çəkilib. Cənab prezidentimiz İlham Əliyev bu il Azərbaycanda mültikulturalizm ili elan edib. Mövzuya gəlincə isə, haradasa bu, yəhudi mövzusunun ardı olacaq. Cənab prezident özü demişdi ki, yəhudilər mənim dostumdur. Bunu mənim özüm Qubada qulağımla eşitmişəm. Biz Azərbaycan ərazisində yaşayan azsaylı xalqların həyatına müxtəlif aspektdən yanaşmalıyıq. Bu mövzu mənə daha yaxındır. Bildiyim mövzunu işləyəndə mənim üçün daha maraqlı olur. Qeyd edim ki, çəkilişlər Nyu-Yorkda, İsraildə, Moskvada olacaq. İndi yavaş-yavaş çəkirik.
- "Kənddə sonuncu yəhudi” filminizi növbəti festivallara təqdim etməyi düşünürsünüzmü?
- Festivallar var. Sağlıq olsun. Bu elə bir sistemdir ki, onlar özləri dəvət edirlər. Əgər şəbəkəyə düşürsənsə, onlar onu qəbul edir və dəvət edirlər. Mən komediya filmləri çəkmirəm ki, məni o cür festivallara çağırsınlar. Filmlərim daha çox psixoloji tematika mövzusunda olduğuna görə, o səpkidə olan festivallara dəvət edirlər.
- Sizin sosial səhifənizin izləyicilərindənik. Səhifənizdə qeyd etmisiniz ki, Ravvin obrazı ilə bir filmə çəkilirsiniz. Bu sizin aktyor olaraq debütünüzdürmü?
- Mən aktyor deyiləm. Olub ki, bir-iki filmdə epizodik rollarda kadrda qaçmışam (gülürük). Orxan Fikrətoğlunun "Dairə” filmində Ravvin rolunu canlandırmışam və bu, dünyada ən balaca roldur. Bu rol bir neçə saniyəlikdir. Filmdə mən özümü çəkmirəm. Ancaq elə bir fikir var, qısametrajlı film nəzərdə tutulur. Çoxdandır Qüds haqqında film çəkmək istəyirəm. Bəlkə də 20 ildən artıq ki, bu haqda düşünürəm. Çünki ora tamam bir başqa mühitdir. Həddən artıq məni cəlb edir. Əgər mən bu filmi çəkməsəm, rahat yaşaya bilməyəcəm. Bu məni sıxır. Yayda Qüdsdə olanda da hiss etdim ki, bu filmi çəkməliyəm.
- Bəs Qarabağ mövzusunda necə, film çəkmək istəmirsiniz?
- Mənim Qarabağ haqqında filmim olub. Kino elə bir şeydir ki, maliyyə ilə bağlıdır. Rəssam deyiləm ki, boyamı alım, oturub evdə çəkim. Bəstəkar da deyiləm ki, evdə oturub musiqi bəstələyim. Dünyanın ən xoşbəxt peşə sahibləri kimi yazarları hesab edirəm. Çünki nəsə istehsal etmək üçün nəyəsə ehtiyacları yoxdur. Əgər kompyuteri yoxdursa da, qələmlə də yazacaq. Kino isə elə bir şeydir ki, onu gedib danışırsan, ya yalanla rastlaşırsan, ya da izah edə bilmirsən ki, sən bu sahədə uzun müddətdir işləyirsən.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər