• cümə axşamı, 25 aprel, 19:30
  • Baku Bakı 21°C

Kimsəsizlər və evsizlər üçün ümid yeri...

09.11.17 10:00 9549
Kimsəsizlər və evsizlər üçün ümid yeri...
Evi olmayan kimsəsizlər sığınacaqla təmin olunacaq. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi yaradılıb.Bəs sığınacağa qəbul necə aparılır və nə qədər kimsəsiz eyni vaxtda bu xidmətdən yararlana bilər?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev "Kaspi”yə açıqlamasında bildirdi ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq 50 yerlik, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi isə 25 yerlikdir: "Hər iki müəssisədə müvafiq şəxslərin rahatlığı üçün müasir tələblərə uyğun şərait yaradılıb. 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Həmçinin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yetkinlik yaşına çatmayanların həm rahat qalmaları, həm də reabilitasiya tədbirlərinə cəlb olunmaları üçün lazımi şərait mövcuddur”.
Sığınacağa qəbul şərtlərinə gəldikdə isə qurum rəsmisi deyir ki, yoluxucu xəstəlikləri olanlar müəssisəyə qəbul edilmirlər: " Müvafiq şəxslərin yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa qəbulu daxili işlər və yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin müraciəti əsasında həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən müraciətlərə baxılaraq, "Sosial xidmət haqqında” Qanunda müəyyən edilmiş meyarlar əsasında şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir. Bundan sonra onun müəssisəyə qəbul edilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul olunur. İlkin tibbi müayinə aparılır və əgər şəxsin sağlamlığı aşkar şübhə doğurursa, o, stasionar müalicə müəssisəsinə (ixtisaslaşdırılmış müalicə müəssisəsinə) göndərilir. Yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmirlər”.
Sığınacaqlara qəbul olan 18 yaşdan yuxarı şəxslər 180 gündən artıq qalmamalıdır. Müsahibimiz deyir ki, orada qalan şəxs nizam-intizam qaydalarını pozduqda da, sığınacaqdan çıxarıla bilər: "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa qəbul edilən şəxsin müəssisədə qalma müddəti 180 gündən çox olmamaqla müəyyən edilib. Bununla belə, şəxsin ərizəsinə əsasən və ya Sosial Sığınacağa qəbul edilmiş şəxs tərəfindən daxili nizam-intizam qaydaları pozulduqda, o, müəssisənin direktorunun əmri ilə vaxtından əvvəl də Sosial Sığınacaqdan çıxarıla bilər. Burada qalma müddəti başa çatan şəxsin əlilliyi olarsa, yaxud pensiya yaşına çatmış şəxsdirsə, o, öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. Onu da qeyd edim ki, şəxs Sosial Sığınacağı tərk edərkən onun məşğulluğuna köməklik göstərilməsi də diqqətdə saxlanılır. Bunun üçün müəssisə həmin vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surətini, peşə bacarıqlarına, hansı əmək vərdişlərinə malik olması barədə arayışı müvafiq rayon (şəhər) Məşğulluq Mərkəzinə göndərəcək”.
Həmsöhbətimizin sözlərinə görə, sığınacaqda məskunlaşan 18 yaşdan aşağı uşaqların daimi yaşayış yeri ilə təmin olunması üçün aidiyyəti işlər aparılacaq: "Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yetkinlik yaşına çatmayan uşaqların qalma müddəti isə 90 gün müəyyən olunsa da, bu müddət uşağın müəssisəyə yerləşdirilməsi səbəbindən, onun şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi prosedurlarından asılı olaraq, 180 günə qədər uzadıla bilər. Uşaqlar müəssisəni tərk edərkən, onların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndiriləcək. Onların daimi yaşayış yeri ilə təmin olunması üçün aidiyyəti işlər aparılacaq. Yəni bu uşaqların valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi üçün müvafiq işlər görüləcək”.
E. Babayev sonda vurğuladı ki, qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin də yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda yerləşdirilməsi təmin olunacaq.
Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağının rəhbəri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, belə sığınacaqların yaranması həssas vəziyyətdə olan insanların cəmiyyətə inteqrasiyası üçün çox yaxşıdır. O, sosial sığınacaqlarla yanaşı, sosial yataqxanaların da yaradılmasının tərəfdarıdır: "Sosial proqramın konkret məqsəd və vəzifələri olmalıdır. Sosial yataqxana və sığınacaq fərqli kateqoriya, fərqli paketdir. Sosial yataqxana həssas vəziyyətdə olan və evsiz şəxslərə verilir. Amma yataqxana təqdim edilərkən, bu yataqxananın sonradan evə çevrilməsinin nəzərdə tutulub-tutulmamağına diqqət yetirilməlidir. Sosial yataqxana o şərtlə verilməlidir ki, şəxs öz həyatının çətin anını burada keçirsin. Bu evə çevriləcəksə, şəxs bu barədə məlumatlı olmalıdır”.
Müsahibimiz təklif edir ki, sosial yataqxanalarla təmin olunan şəxslər 6 ay kommunal xidmətlərdən azad olunmalı, əmək fəaliyyətinə cəlb edilməlidir: "Müqavilə bağlanarkən şəxsin mütləq şəkildə əmək fəaliyyəti ilə məşğulluğu üçün öhdəlik götürməsi nəzərdə tutulmalıdır. Heç olmasa, 3 il həmin şəxslərə həyat şəraitinin yaxşılaşdırılması üçün imkanlar yaradılmalıdır. Sığınacaqlar isə müxtəlif hədəf qrupları üzrə işləyir və onlar psixoloq, hüquqşünasla təmin edilməlidir”.
Qeyd edək ki, sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksi Bakının Zabrat qəsəbəsində yerləşir.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər