AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kimsəsiz uşaqlar üçün yaşayış binası tikilə bilər

Kimsəsiz uşaqlar üçün yaşayış binası tikilə bilər

Təfsilat
20 Dekabr 2012, 11:16 1669
Azərbaycanda uşaq müəssisələrindən çıxan, valideynləri olmayan, yaşı 18-dən yuxarı olan uşaqlar üçün yaşayış binasının tikilməsi məsələsi gündəmdədir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnaistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

"Düşünürəm ki, "Gənclər siyasəti haqqında" yeni qanunda bu məsələlər öz əksini tapacaq. Bununla bağlı "Təhsil haqqında" qanunda, Mənzil Məcəlləsində müəyyən dəyişikliklər edilə bilər", - millət vəkili əlavə edib.

Rəcəbli deyib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dövlət Neft Şirkəti tərəfindən belə uşaqlar üçün 20 mənzilli bina tikilib. Həmin binadakı mənzillər qız uşaqlarına verilib.

Komitə sədri deyib ki, Azərbaycanda uşaq müəssisələrində qalan, eyni zamanda atılmış uşaqların sayı azalır.

"Son məqsəd budur ki, uşaq ailədə böyüsün. Biz on ildən sonra buna nail olmalıyıq. Onda belə uşaqların mənzil problemi də öz həllini tapmış olacaq", - Rəcəbli qeyd edib.

Təhsil naziri Misir Mərdanov isə deyib ki, yaşı 18-dən yuxarı olan belə uşaqlar müəyyən hallarda özlərinə yaşayış yeri tapa bilmədiklərindən yenidən uşaq evinə geri qayıtmağa məcbur olurlar. Təhsil Nazirliyi bunları nəzərə alaraq həmin uşaqların 18 yaşdan sonrakı taleyi və onların işlə təmin olunması ilə bağlı Prezident Administrasiyası və Nazirlər Kabinetinə təklif göndərib.