• cümə axşamı, 25 aprel, 15:18
  • Baku Bakı 23°C

Kİmlər gəlir, kimlər gedir bu ölkədən... Araşdırma

23.08.13 09:39 1783
Kİmlər gəlir, kimlər gedir bu ölkədən... Araşdırma
Bir neçə il əvvəl maraqlı bir davanın şahidi olmuşdum. Davada bir tərəf azərbaycanlı gənc, digər tərəf isə pakistanlı idi. Azərbaycanlı gənc nə qədər qarşı tərəfin üzərinə hücuma keçsə də, pakistanlı gənc əllərini inkar formasında yelləyə-yelləyə, qəribə ləhcə ilə “mənə dava olmaz” deyə təkrarlayırdı. Sonradan öyrəndik ki, həmin pakistanlı Yasamalda kirayədə yaşayır, azərbaycanlı gəncin iddiasına görə, məhlənin qızına söz atıb.
Hansı tərəf nə qədər haqlı idi, bilə bilmədik, görünən o idi ki, pakistanlı gənc burada özünü çox ehtiyatlı aparırdı və bu da deməyə əsas verirdi ki, o, ölkəyə qanunsuz gələnlərdən idi. Hər halda, çalışırdı ki, söhbət uzanmasın. Maraqlıdır, Azərbaycanda bu vəziyyətdə yaşayan miqrantlar çoxdurmu? Onları ölkəmizə gətirən səbəblər nədir? Daha çox hansı ölkənin vətəndaşları Azərbaycana üz tutur?
Əcnəbilər çoxlu qanun pozuntusuna yol veriblər
Suallara cavab axtarmazdan öncə statistikaya nəzər salaq. Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, 2012-ci il ərzində daxil olmuş 96634 sənədə baxılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib. Ötən il quruma əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi ilə bağlı 49822 müraciət daxil olub: “Bunlardan 3667–si müvəqqəti olma müddətinin uzadılması, 42851–i müvəqqəti yaşamaq icazəsi, 3304–ü daimi yaşamaq icazəsi ilə bağlı olub. Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olan 368 müraciət müvafiq qaydada araşdırılıb, həmin müraciətlərdən 303–ü Azərbaycan Respublikası vətəndaşlığına qəbul, 6–sı Azərbaycan Respublikası vətəndaşlığına bərpa, 59–u isə Azərbaycan Respublikası vətəndaşlığına xitam məsələləri ilə bağlı olub. Qaçqın statusu almaq niyyətində olan 52 nəfər əcnəbi Dövlət Miqrasiya Xidmətinə müraciət edib”.
Xidmətdən qəzetimizə o da bildirildi ki, qurum fəaliyyətə başladığı ilk gündən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini uğurla həyata keçirib: “Ötən 6 il ərzində Xidmət əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində əcnəbilər tərəfindən 50000–dən artıq hüquq pozma halları aşkar edilib. Onların 10000–dən çoxunun, əsasları olduğu üçün ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 39500–dən artıq əcnəbinin isə ölkə ərazisindən çıxarılmaları təmin edilib. Yalnız 2012–ci il ərzində qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozan 20655 əcnəbi və ya vətəndaşlığı olmayan şəxs aşkar edilib ki, onlardan da 3409 şəxsin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 17246 əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması təmin olunub. Həmçinin, Dövlət Miqrasiya Xidməti tərəfindən sahibkarlıq subyektlərində 626 yoxlama həyata keçirilib və 322 halda inzibati pozuntu aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun qərarlar qəbul edilib. Bundan əlavə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi və mövcud icazələrin müddətinin uzadılması məsələləri ilə bağlı xidmətə 16090 müraciət daxil olub, əvvəlki hesabat dövrlərində icraatda olan 1556 müraciət də nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun aparılan araşdırmalardan sonra 11970 nəfərə fərdi icazə verilib.
Dövlət Xidmətindən o da qeyd edildi ki, Azərbaycanda müvəqqəti və daimi qeydiyyatla bağlı daha çox müraciət edənlər Türkiyə vətəndaşlarıdır. Həmçinin ölkədə olan qeyri-leqal miqrantların arasında Türkiyə vətəndaşlarının sayı daha çoxdur. Hazırda Azərbaycanda Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, İran, Pakistan, Böyük Britaniya, ABŞ-dan olan miqrantlar çoxluq təşkil edir.
Gürcüstandan gələn miqrantların sayı artıb
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, son vaxtlar Azərbaycana daha çox miqrant qonşu Gürcüstandan gəlir: “Orta Asiya respublikalarından, Rusiya Federasiyasından gələnlər də çoxdur. Keçmiş sovet respublikalarından sonrakı yerləri Türkiyə və Böyük Britaniya vətəndaşları tutur. Onlar əmək fəaliyyəti ilə məşğul olmağa gəlirlər. İran, Əfqanıstan, Pakistandan alver məqsədilə gələnlər miqrantlar arasında çoxluq təşkil edir. Bəzi hallarda Kamerun, Flippin kimi ölkələrdən də miqrantların gəlişi müşahidə olunur. Bunlar hamısı ölkəyə qanuni əsaslarla daxil olsalar da, sonradan əksəriyyəti qanunsuz yaşamağa üstünlük verirlər. Məsələn, bizim hesablamalarımıza görə, təkcə ötən il ərzində Flippindən Azərbaycana 900-dən çox qadın gəlib. Onlardan təxminən 10 faizə qədəri müvafiq dövlət orqanlarında qeydiyyata düşüb, yaxud ölkəni vaxtında tərk edib. Qalan hamısı Azərbaycan ərazisində qanunsuz yaşamaqda davam edir”.
Azərbaycanın tədricən immiqrasiya ölkəsinə çevrilməkdə olduğunu deyən Ə.Əliyevin sözlərinə görə, dövlətin gördüyü qabaqlayıcı tədbirlər kifayət etmir: “Azərbaycanda qonşu ölkələrlə, hətta inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə daha sərt miqrasiya siyasəti aparılır. Amma bu, sona qədər deyil. O mənada ki, Dövlət Miqrasiya Xidməti bir qayda olaraq icazələrin verilməsindən imtina edir. Ondan sonra isə əcnəbilər Azərbaycanda qanunsuz yaşamaqda davam edir”.
Bir sıra ölkələrdə miqrantların yaşamaq üçün əl atdıqları vasitələrdən biri də həmin ölkələrin vətəndaşları ilə nikah bağlamaqdır. Bəs Azərbaycanda necə, belə hallar varmı? Ə.Əliyevin sözlərinə görə, mövcud qanunvericilik buna yol vermir. Belə ki, 1998-ci ildə müvafiq qanuna edilən dəyişiklikdən sonra nikah yüngülləşdirici hal kimi qəbul olunmur və Azərbaycan vətəndaşı ilə nikaha girən əcnəbiyə ölkədə qalmaq icazəsi vermir.
Həmsöhbətimiz onu da bildirdi ki, Azərbaycandan gedən miqrantlar daha şox Rusiyaya, Qərbi Avropa ölkələrinə, Türkiyəyə, ABŞ-a, Kanadaya və Avstraliyaya üz tuturlar.
Həbibə Abdulla
banner

Oxşar Xəbərlər