• çərşənbə, 24 Aprel, 13:28
  • Baku Bakı 27°C

Kimi danışdırırsan “Aqrolizinq”dən şikayətçidir

19.07.13 09:41 2132
Kimi danışdırırsan “Aqrolizinq”dən şikayətçidir
“Bu il Azərbaycanda taxılı yığmaq müşkülə çevrilib. Kombayn çatışmazlığı ucbatından insanların illik çörəyi batır. Həm də ölkəmizdə kənd təsərrüfatına ciddi ziyan dəyəcək. 15 milyon pul ayrılıb ki, yeni kombaynlar alınsın. Ancaq bilinmir ki, bu kombaynlar camaata necə xeyir verəcək. Qəribədir, bunun əvəzində kənd təsərrüfatı texnikasına olan gömrük tariflərini azaltmaq olmazdımı? İqtisadçılarımız niyə susur?”.
Bu sözləri facebook səhifəsində İtaliyanın Kənd Təsərrüfatı Universitetində təhsil aldığı qeyd edilən Rövşən Abbasov yazıb.
İqtisadçı Azər Mehtiyev isə kombayn çatışmazlığı ilə bağlı statusunda qeyd edib ki, fermerə bundan ağır əzab düşünmək olmazdı: “Taxıl yığımının gur dövründə məlum olub ki, kombayn çatışmazlığından ölkə boyu fermerlər becərdiyi taxılı toplaya bilmir, taxıl sahələrdə batır. Kimi danışdırırsan “Aqrolizinq”dən şikayətçidir. “Aqrilizinq”in bütün texnikası hazırda йалныз iri təsərrüfatlarda məşğuldur. Bu qurumda fermerlərə elə qiymətlər oxuyurlar ki, fermer heç yaxın düşə bilmir”.
Qeyd edək ki, iyun ayının ortalarından bu günəcən sözügedən problem KİV ilə yanaşı, facebook istifadəçilərinin də statuslarında işıqlandırılır.
Kombaynların sayı 3 dəfə artırılmalıdır
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də APA-ya açıqlamasında bu il ölkədə kombayn çatışmazlığı olduğunu etiraf edib: «Bu problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyi və «Agrolizinq» ASC qərargahlar yaradıb”.
“Aqrolizinq” ASC-dən isə mətbuata verilən məlumata görə, respublikada mövcud olan 2660 kombaynın bir hissəsi köhnəldiyinə görə 1352 kombayn ölkənin taxıl sahələrinə çatmır. Bu ilin sonuna kimi isə ölkə prezidenti tərəfindən ayrılan 15 milyon manatla 150 yeni taxılyığan kombayn alınacaq. Amma ekspertlər hesab edirlər ki, alınacaq kombaynlar gələn il taxıl yığımında yenə kifayət etməyəcək. Çünki fermerlərin ehtiyacını tam ödəmək üçün 4 min kombayna ehtiyac var.
Ekspertlər bildirirlər ki, taxıl yetişən kimi onu biçmək lazımdır. Əks halda yağmaq ehtimalı olan yağış fermerin aylarla qulluğunda dayanaraq becərdiyi taxılı məhv edərək fermerin həm zəhmətini, həm də ailəsinin dolanışığını hədər edə bilər. Bu il də məhz kombayn çatışmazlığı ucbatından fermerlər taxılı zəmilərdən vaxtında biçmədilər və yağış məhsulun bir hissəsini məhv etdi. Digər tərəfdən isə vaxtı ötdüyündən buğdalar dağılaraq yerə tökülüb zay olmaq təhlükəsi ilə üz-üzə qaldılar.
Vaxtında biçilməyən taxıl
İqtisadçı Vüqar Bayramov təəssüflə bildirdi ki, fermerlər hər il kombayn problemi yaşayırlar: “Bu, artıq fermerlərin ənənəvi probleminə çevrilib. Kombaynların çatışmazlığı bir sıra hallarda taxılın tarlada qalması və taxıl sahələrinin yararsız hala düşməsinə səbəb olur. Bu il də kombayn çatışmazlığı Azərbaycanda taxıl istehsalına mənfi təsir göstərəcək. Çünki fermerlərin kombaynla təmin edilməsində problemlər var. Fermer təsərrüfatlarının ayrıca kombayn almaq və ayrıca kombayndan istifadə etmək imkanları yoxdur. Fermerlər kombayn problemini bu texnikanı icarəyə götürməklə həll edirlər. Təəssüflər olsun ki, hazırkı durum onların kombaynı icarəyə götürməsinə də imkan vermir”.
Kombayn çatışmazlığının taxıl yığımının ən ciddi problemlərindən biri olduğunu deyən V.Bayramov bildirdi ki, vaxtında biçilməyən taxıl məhv olur, gec biçilməsi həm də onun keyfiyyətinə mənfi təsir göstərir. Belə ki, tarlada çox qalan taxıl keyfiyyətini itirir.
Tələbat düzgün qiymətləndirilməlidir
Azərbaycanda Dövlət Lizinq Şirkətinə hər il kombaynların və digər avadanlıqların alınması üçün vəsait ödənildiyini deyən iqtisadçının fikrincə, yaxşı olardı ki, lizinq şirkətləri fermer təsərrüfatlarının tələbatını öyrənsinlər və buna uyğun olaraq çatışmayan texniki avadanlıqları nəzərə alaraq lizinq xidmətləri təklif etsinlər: “Əks halda bu cür problemlər yaranır. Lizinq xidməti ilə alınan vəsaitlərin artırılmasına ehtiyac var. Tələbatların düzgün qiymətləndirilməsi və fermerlərin zamanında texniki avadanlıqlarla təmin olunması olduqca vacibdir”.
V.Bayramov da hesab edir ki, kombaynların alınması üçün 15 milyon manat vəsait kifayət etməyəcək: “Fermerlərin kombaynla tam təminatı üçün 15 milyon manatdan artıq vəsaitə ehtiyac var: “Fermer təsərrüfatları həm dolayı, həm də birbaşa dövlət dəstəyindən istifadə edir. İl ərzində dövlət büdcəsindən 100 milyon manata yaxın subsidiya birbaşa fermer təsərrüfatlarına ayrılır. Eyni zamanda, dolayı dəstək də var. Amma daha yaxşı olardı ki, texniki bazanın möhkəmləndirilməsi ilə bağlı ayrılan vəsaitlərin həcmi artırılsın”.
100 min manatı qazanıb qaytarmaq lazımdır
Kənd təsərrüfatı naziri İsmət Abbasov ANS-ə açıqlamasında hazırda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin balansında lizinqə vermək üçün kombaynlar olduğunu bildirib. Onun sözlərinə görə, “Aqrolizinq”in birdən-birə ölkəyə çox sayda kombayn gətirməsi mənfi nəticələr verə bilər: “Kombaynları gətirən kimi, gərək insanlar onu lizinqə götürsünlər. Amma təəssüf ki, onu lizinqə götürənlərin sayı da azdır. Ona görə ki, bir kombaynın qiyməti təxminən 100 min manatdırsa, fermer onu götürmək həvəsində olmur. Çünki o, 100 min manatı qazanıb qaytarmaq lazımdır”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər