Kiçik mükafatların böyük sevinci
Artıq bir mövsümü də beləcə
başa vurduq. Bu mövsüm də teatr aləmində bir-birindən maraqlı tamaşalar,
premyeralar, qastrol səfərləri ilə yadda qaldı. Teatr canlı sənət növüdür. Burada
çalışanlar isə sənət aləminin fədailəridir desək, yəqin ki, yanılmarıq. Çünki
bu insanlar kiçik imkanlarla böyük işlər görür, insanların az da olsa könlünü
oxşamağı və onları teatr kimi sehrli aləmə aparmağı bacarırlar. Xoş sözlər
deməklə, bir az diqqət və qayğı göstərməklə onlara dünyaları bəxş etmək
mümkündür.
Sevindirici haldır ki,
aktyor və aktrisalara böyük qonorarlar verməyin mümkünsüz olduğunu söyləyən
teatr rəhbərləri bir neçə ildir onların mövsüm ərzindəki fəaliyyətlərini
qiymətləndirərək mükafatlandırma gecələri keçirirlər. Hansı ki, bu tədbirlərdə
mövsüm ərzində ən çox çalışan və uğurlar qazanan zəhmətkeş teatr fədailəri
diplomlarla təltif olunur və rəhbərlik tərəfindən mükafatlara layiq görüldülər.
Təbii ki, bu da aktyor və aktrisalara
böyük dəstəkdir. Teatrı canlı saxlamaq üçün bu mükafatların rolu əvəzsizdir. Hətta
növbəti mövsüm üçün aktyorlara böyük stimul və
enerji verir.
Artıq bir neçə ildir ki, bu
tendensiya teatrlarda yayılmağa başlayıb. Keçən ay Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat
iclası keçirildi və əməkdaşlara ilin "Sima” teatr mükafatı təqdim edildi.
Mükafatlar "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, "Mövsümün ən
fəal ictimaiyyətçi əməkdaşı”, "Mövsümün ən işgüzar aktyoru”, "Mövsümün seçilən aktyoru”,
"Mövsümün ən yaxşı texniki işçisi” "Mövsümün fərqlənən aktyoru”, "Teatrın
dostu”, "Mövsümün ən işgüzar əməkdaşı”, "Mövsümün ən yaxşı epizodik rol
ifaçısı” nominasiyaları üzrə olmaqla 12 adda müəyyənləşdirilmişdi. 2017-ci ilin
"Sima”ları siyahısına Xəyalə Meydanova ("Uğurlu debüt”), Elşən Şıxəliyev ("Mövsümün
ən yaxşı xarakterik obraz ifaçısı” (kişi)), Mehriban Abdullayeva ("Mövsümün ən
yaxşı xarakterik obraz ifaçısı” (qadın)), Hüsniyyə Quliyeva ("Mövsümün ən fəal
ictimaiyyətçi əməkdaşı”), Elnur Hüseynov ("Mövsümün seçilən aktyoru”), Müşfiq
Əliyev ("Mövsümün ən işgüzar aktyoru”), İradə Mirişli ("Mövsümün ən yaxşı
texniki işçisi”), Bəhram Həsənov ("Mövsümün fərqlənən aktyoru”), Ülviyyə
Həsənqızı ("Teatrın dostu”), Ələsgər Muradxanlı ("Mövsümün ən işgüzar əməkdaşı”),
Eyvaz İbrahimov ("Mövsümün ən yaxşı epizodik rol ifaçısı”), Xəyalə Rəis - "Kaspi”
qəzeti ("Teatr və KİV”) adları yazıldı.
Məlumatınız olsun ki, 2015-ci ildən təqdim olunan "Sima” mükafatı teatrın
yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə
stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı,
ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə
mövsüm ərzində hazırlanan ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların,
mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması
məqsədilə təsis olunub.
İyulun 16-da isə Abdulla
Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurması
münasibəti ilə tədbir keçirdi. Bayram tədbirində il ərzində Kukla Teatrı ilə
yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı şəkildə
işıqlandırmağa yardımçı olan KİV nümayəndələri "Teatrın dostu” mükafatı ilə
təltif olundular.
"Kaspi”nin əməkdaşı, teatrşünas
Xəyalə Məmmədova, jurnalist Ülviyyə Həsənqızı, "Trend” İnformasiya agentliyinin
əməkdaşı Vüqar İmanov fərqləndirildilər. Teatrın bir çox əməkdaşı isə müxtəlif
nominasiyalar üzrə təltif olundular.
Maraqlısı da o idi ki, bəzən
20-30 il səhnədə olan və bu illər ərzində heç bir mükafat almayan, məhz mövsüm
sonu tədbirlərində mükafatlandırılan aktyorlar səhnədə çıxış edərkən göz
yaşlarına hakim ola bilmirdilər. Kiçik bir mükafatla sanki onlara dünyaları
vermişdilər. Balaca uşaq kimi sevinməklərinin şahidi olmaq lazım idi. O
hisslər, həyəcanlar sözlə ifadə edilməyəcək dərəcədə gözəl idi. Bu baxımdan,
yeni tendensiyaya görə teatr rəhbərlərini alqışlamaq lazımdır. Heç olmasa ildə
bir dəfə teatr fədailərinin əməyini qiymətləndirdikləri üçün onlara təşəkkür
düşür. Bu mükafatlar aktyorlara stimul verməklə yanaşı, onların arasındakı
rəqabəti artırır, daha məsuliyyətli olmağa vadar edir.
Növbəti sevindirici xəbər
ondan ibarətdir ki, belə mükafatlandırma mərasimlərinin nəinki paytaxt
teatrlarında, eyni zamanda bölgə teatrlarında da keçirilməsinə başlanılıb. Belə
ki, iyulun 15-də qonağı olduğumuz Lənkəran Dövlət Dram Teatrının 126-cı
mövsümünün yekununda teatrın əməkdaşlarına, eyni zamanda mətbuat nümayəndələrinə
mükafatlar təqdim edildi.
Bölgə teatrı kimi
qiymətləndirdiyimiz və daxilində maraqlı teatr mübadiləsi gedən Lənkəran
Teatrında mövsüm ərzində bir-birindən maraqlı tamaşalar hazırlanıb. Hazırlanan
tamaşalar beynəlxalq festivallarda nümayiş olunub. Teatrın mövsüm sonunda xalq
artisti Qabil Quliyev, teatrın ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayev,
baş rejissorun truppa üzrə köməkçisi, aktyor Səyad Əliyev diploma
layiq görüldülər. Eyni zamanda "Kaspi” qəzetinin müxbiri, teatrşünas
Xəyalə Rəis teatrla səmərəli əməkdaşlığa görə mükafatlandırıldı. Onlarla
bərabər, teatrın sevilən aktyoru Sücəddin Mirzəyevə də 60 illik yubileyi
münasibəti ilə mükafat təqdim olundu. Tədbirdə onun Lənkəran Teatrının
sütunlarından, teatrın əvəzolunmaz aktyorlarından biri olduğu qeyd edildi.
Mükafata layiq görülən
teatr nümayəndələrinin sevincinin həddi-hüdudu yox idi. Onlar çıxışlarında
rəhbərliyin yaradıcı və texniki əməkdaşların əməyini qiymətləndirməsinə görə
sevinc hissləri keçirdiklərini bildirirdilər. Bu proseslərə şahid olduqdan
sonra anladım ki, aktyorun qəlbi heç də körpə uşaq qəlbindən seçilmir. Onlar
kövrək olduqları qədər də həssas və duyğusaldırlar. Kiçik bir diqqət onları
necə xoşbəxt və sevincli edirmiş. Onların gözlərindəki o xoşbəxtliyi sezməmək mümkün
deyildi.
Madam ki, teatr
nümayəndələrini belə mükafatlarla sevindirmək mümkündür, bu ənənəni nə üçün
digər teatrlar da tətbiq etməsin?
Xəyalə Məmmədova