Kiçik ölkənin dünya boyda barışı - Reportaj - Fotolar
Təyyarədən baxanda belə bir mənzərə seyr etməli olursan: yarımsəhra
landşaft, demək olar ki, çılpaq dağlar, az qala ağacın da xəsisliklə bitdiyi
bir məkan. Təyyarədən çıxarkən, dəhşətli isti üz-gözünü qarsıyır, "Allah, belə
yerdə də yaşamaq, belə yeri də sevmək olarmı” sualını verirsən.
Və cəmisi 4 gün kifayət edəcəkdi ki, ilk təəssüratın yaratdığı bu
suala görə utanım. Belə yerdə yaşamaq, belə yeri sevmək üçün də min səbəb
varmış sən demə. "Qürurlu, əzmkar, sülhsevər, insanpərvər, varlığını qorumaq
üçün əsrlər boyu mübarizə aparan
insanlar. Dillərini, mədəniyyətlərini qoruyan fədailər. Haqsızlıqla
üzləşsələr də, ruhdan düşməyən, heç nədən şikayətlənməyən, pozitivliklərini itirməyən,
daim gülümsəyən, qarışqa kimi çalışan adamlar. İlahi, bu ölkəni necə sevməmək
olar?” Yox, buna qədər hələ var ey. Bu, ölkədən ayrıldığım anın təəssüratıdır.
Bu zamana qayıdarıq, inşallah.
Türkün səhvi
Bu ölkə haqqında nə bilirik ki? Çoxumuzun bilgisi elə ümumi
məlumatlardan ibarətdir. 60-cı illərdən başlayaraq Aralıq dənizdə yerləşən bu
adanın yunan kəsimi türklərə qarşı qətliamlara başlayıblar. "Sivil” adlandırılan
dünyanın tam biganə münasibəti fonunda. İstəyiblər ki, türkləri bu coğrafiyadan
tamamilə silsinlər. Türkün varlığı, mədəniyyəti, qüruru həmişə qorxudub onları.
Və qətliamlar başlayıb. Yalnız Türkiyənin özünü yetirməsindən sonra barbarların
qarşısı alınıb. "Barbar” ifadəsi isə mənə məxsus deyil. Yunanların adada
törətdiyi qətliamları araşdıran BMT təmsilçisi Lars Harkanson ifadəsidir. Tarixin daha dərin qatına
getsək, görərik ki, türklər bu adaya təxminən 500 il əvvəl gəliblər. Həmin vaxt
yaxınlıqdan keçən ticarət gəmilərinə ada sakinləri daim basqınlar edirmişlər. Osmanlı
sultanı da bu basqınların qarşısını almaq üçün adanı tutur. Amma ada
sakinlərinə toxunmur. Onlar kimliklərini də, dillərini də, mədəniyyətlərini də
qoruyurlar, inkişaf etdirirlər. Baxmayaraq ki, yunanları məhv etmək üçün
türklərə cəmisi 1-2 gün kifayət edərmiş. Amma etməyiblər.
Azərbaycanda qətlə
yetirilən uşaqların yaşıdlarının taleyi
500 il əvvəl türklərin etmədiyini 500 il sonra "sivil dünya”da
yunanlar etməyə cəhd göstərdilər. Türkləri adanın tarixindən və coğrafiyasından
silməyə başladılar. Bütün dünya kar və kor oldu. Amma Türkiyə vardı. Yaxşı ki,
vardı. Türk əsgərlərinin adaya daxil olması ilə qətliamların qarşısı alındı.
Ada isə 2 yerə parçalandı. Cənubi Kipr (yunan kəsimi) və Şimali Kiprə (türk
). Və bundan sonra "sivil dünya”nın "ədalət”
maşını işə düşdü. Qətliamın qarşısını alan Türkiyə işğalçı adlandırıldı, ikili
standartların tətbiqinə başlanıldı.
"Qətliamlar, kütləvi məzarlıqlar, ikili standartlar " ifadələri hər
bir azərbaycanlıya tanışdı. Ermənilərin Azərbaycanda törətdikləri qətliamların,
vəhşiliklərin miqyası o qədər böyük olub ki... 20-ci əsrin sonlarında Xocalı
dəhşəti törədilib. Vəhşi xislətlə, azğın düşüncə ilə. 20-ci əsrin əvvəllərində
və sonlarında Azərbaycanda qətlə yetirilən uşaqların yaşıdları 60-70-ci illərdə
də Kiprdə eyni taleyi yaşayıblar. Azərbaycanda da, Kiprdə də qətlə yetirilənlər
türklər olublar. "Sivil” dünya Azərbaycanda da, Kiprdə də baş verən qətlimalara
qarşı susub, seyr edib, həqiqəti deməmək üçün lal, görməmək üçün kor olub.
Amma bu xalq bütün haqsızlıqlara baxmayaraq, sülhpərvərliyini,
insanpərvərliyini unutmayıb. Düz 43 ildir ki, Kiprin türk kəsimi böyük sülh
mücadiləsi aparır, adanın türklər və yunanlar tərəfindən birgə idarə oluna
biləcəyini deyir. Amma qarşı tərəf bu
sülh çağırışına "hə” demir. Çünki niyyətindən qan damır.
Ancaq Şimali Kiprin insanları pozitivliklərini zərrə qədər də itirmir,
mənliklərini, qürurlarını qoruyur, ədalət, sülh istəklərini daha qabarıq tərzdə
göstərirlər. Gecə-gündüz çalışırlar. "Sivil” dünyanın yatmış vicdanını oyatmaq
istəyirlər. Adanın birgə idarə edilməsi üçün keçirilən referendumda yunan
tərəfi "yox” cavabını, türk tərəfi isə "hə” cavabını vermişdi. Gözləmək olardı
ki, məhz bu cavablardan sonra dünya nəhayət ki, ədalətə növbəti dəfə
tüpürməyəcək, adanın türk sakinlərinin də haqqını tanıyacaq, onlara qarşı
tətbiq olunan embarqolar aradan qaldırılacaq. Amma nə fayda... Cənubi Kipr
Şimali Kiprlə birgə yaşayışa "yox” deyib. Qarğa-quzğun səsi eşidilmir. Tam
sükut. Bu yaxınlarda isə BMT-nin təşəbbüsü ilə Krans-Montana şəhərində
keçirilən müzakirələr də nəticəsiz bitib. Yenə də yunan tərəfinin aqressivliyi,
sülhə "yox” deməsi ucbatından. BMT-nin baş katibi Antonio Quterreşi də urvatsız
ediblər yunanlar. Amma yenə də türklərin haqqını tanımaq istəmirlər ki,
istəmirlər.
Türk olmamağın üstünlüyü
Bütün bunların fonunda isə Şimali Kiprdə 43-cü sülh və azadlıq
bayramı baş tutdu. Şimali Kipr növbəti dəfə bütün dünyaya sülhpərvər niyyətini
bəyan etdi. Növbəti dəfə varlığını qoruyacağını
göstərdi. Bayram münasibətilə ölkəyə gələn əcnəbi jurnalistləri əvvəlcə
Şimali Kiprin xarici işlər naziri Tahsin Ərtuğruloğlu qəbul etdi. Nazir
konfliktin tarixi, son danışıqlar barədə məlumat verdi, yunan tərəfinin heç bir
kompromisə hazır olmadığını bildirdi. Tahsin Ərtuğruloğlu ikili standartlardan
danışarkən, Dağlıq Qarabağ probleminə də toxundu. Ermənistanın işğalçılıq
siyasətinə göz yumulduğunu bildirdi. O, eyni standartların Kipr məsələsində də
tətbiq edildiyini vurğuladı. Nazir bu münasibətin nədən qaynaqlandığını belə
izah etdi: "Görünür, türk və müsəlman olmamaq, bir addım öndə olmaq deməkdir”. "Sivil”
dünyanın ədalətsiz sifətinə vurulan tutarlı şapalaq idi bu sözlər.
Şimali Kipr Respublikasının prezidenti Mustafa Akınçı da
jurnalistlərlə görüşdə, yunanların sülh çağırışlarına cavab vermədiyini
qabartdı. O, Şimali Kiprin Türkiyəyə birləşdirilməsinin heç vaxt gündəmdə
olmadığını deyərək, türk əsgərinin burda olmasının yalnız təhlükəsizlik
baxımından təminat olduğunu bildirdi: "Yunanlar türk əsgərlərinin adadan
çıxarılmasını tələb edirlər. Ancaq bunun müqabilində təhlükəsizlik üçün heç bir
təminat vermirlər”.
Deməli, niyyət dəyişməyib. Yenə də barbar düşüncəsi, qan daman
fikirlər hakimdir. Hadisələr başlayarkən, türklər kütləvi surətdə qətliama
məruz qalarkən, Kipr yunanlarının baş yepiskopu
Makarios törətdikləri vəhşiliklərə belə "ilham” vermişdi: "Türkiyə
türkləri xilas etmək üçün adaya gələ bilər, amma gəlib xilas etməyə türk
tapmamalıdır”.
Qaniçənliyin, vəhşiliyin bundan böyük idbarlığı varmı? Şimali Kiprdə
türklərin qətlə yetirildiyi kütləvi məzarlıqlara baxmaq belə dəhşət yaradır. 8
günlük, 12, 15 aylıq körpələri qətlə yetirənlərin necə bir vəhşi olduqlarını
təsəvvür etməyə də çətinlik çəkirsən. Təkcə bir məzarlıqda 129 türk basdırılıb.
Müxtəlif yaşlarda olan türklər. Əksəriyyəti də uşaq və yeniyetmələr.
Türkiyə o səhvi buraxmaz
Türk əsgəri adaya gəlməsəydi, böyük ehtimalla türkün izi bir
coğrafiyadan silinəcəkdi. İndi isə o qətli törədənlərin nəsli o əsgərin adadan
çıxmasını tələb edir. Heç bir təhlükəsizlik təminatı vermədən. Məqsəd aydındır.
Amma Türkiyə o səhvə yol verməz. Türki əsgəri o torpaqları qorumağa qadirdir.
Şimali Kiprin prezidenti Musta Akınçının dediyi kimi: "Adadakı torpaqların hər
qarışında türklərin də haqqı var”.
Türkiyənin Kipr probleminə həssaslıqla yanaşdığı da məlumdur. Başqa
yol da yoxdur zatən. Dünyanın haqsız təzyiqinə rəğmən, planetin hər yerində
olan türkü qorumağa məcbursan. Harada türk varsa, ora vətəndir, ora Türkiyədir.
43-cü sülh və azadlıq bayramında da Türkiyə ali səviyyədə təmsil olunmaqla, ada
sakinlərini müdafiəsiz qoymayacağını bəyan etdi. Bayram tədbirinə qatılan
Türkiyə nümayəndə heyətinə baş nazir Binəli Yıldırım rəhbərlik edirdi.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da nümayəndə heyətinin
tərkibində idi. Törəndə çıxış edən Binəli Yıldırım türk əsgərinin adada olması
səbəbləri barədə danışdı. Yalnız və yalnız sülh tərəfdarı olduqlarını, amma
qarşı tərəfdən də adekvat addım gözlədiklərini bildirdi. Onu da qeyd edim ki,
bayram tədbirində Azərbaycan parlamentinin üzvü Hikmət Babaoğlu da iştirak
edirdi.
Adanın ən böyük silahı
Şimali Kiprin çox dəhşətli bir silahı da var. Amma bu silah od
saçmır, insanpərvərik, ədalət yayır. Amma bu insanpərvərlik, ədalət düşməni
mənən əridir, məhv edir, qorxudur. Bu ölkənin ən dəhşətli silahı onun bayrağıdır.
Bayraq Şimali Kipr türklərinin mənliyi, qüruru, varlığını göstərən "silah”dır.
Bayram törənində yeniyetmələr meydana gətirdikləri bayrağı prezident Mustafa
Akınçıya verdilər. Qorumaq üçün. Prezident isə bayrağı öpərək, qəbul etdi,
qoruyacağına and içdi. Şimali Kiprdə dağın döşünə böyük bir bayraq hörülüb. Bu
bayraq gecələr işıqlandırılır. Və işıqlandırıldıqca da, qarşı tərəfdə - Cənubi
Kiprdə görünür. Yunanlar bu bayrağın varlığından dəhşətə gəlirlər,
qeyzlənirlər, aqressivləşirlər, başqasının varlığını qəbul etmək istəmirlər.
Hələ bir neçə il əvvəl Avroliqanın pleyy-off mərhələsində Cənubi Kiprin APOEL
klubu ilə qarşılaşmaq üçün Lefkoşaya gedən "Neftçi” ilə azərbaycanlı
jurnalistlər də səfərə çıxmışdılar. Həmkarlarım qayıtdıqdan sonra yunanların
onlara qarşı aqressiv münasibət bəslədiklərini deyirdilər. Səbəb də bayraqmış.
Türkün bayrağı, Şimali Kiprdə dağın döşünə hörülmüş bayraq. Yunanlar gecələr
işıqlandırılan bu bayrağı gördükcə, qəzəbdən içlərini yeyirmişlər, Azərbaycan
jurnalistlərinə qarşı nifrətlərini aşkar şəkildə büruzə verirmişlər. Deyirlər
ki, Lefkoşanın yunanlar yaşayan hissəsində ən ucuz evlər o bayrağın göründüyü
evlərdir. Bundan dəhşətli silah ola bilməz. Bu silahın qarşısında istənilən
düşmən gücsüzdür.
Bu əsgəri məğlub etmək olar?
Bayram törəninin ən təsirli anı isə türk əsgərinin tribunaların
önündən keçməsi idi. Türklərin adadakı tək təminatçılarının. Əsgərlər tribuna
önündən keçərkən prezident də, sadə vətəndaş da ayağa qalxdı. Əsgəri ayaqda
salamlamaq lazımdır. Belə əsgəri məğlub etmək olar? Olmaz!!! Şimali Kiprin
səmalarında türk şahinlərinin süzməsini görmək isə başqa bir aləm idi. Qırıcı
təyyarələr səmada qıy vurarkən, ada sakinlərinin simasındakı qüruru və
xoşbəxtliyi görməyə dəyərdi. Qırıcıların qulaq batıran uğultusu onlar üçün azan
səsi qədər doğmadır. Qarşı tərəfdə isə bu səsdən təşviş keçirən, qulaqlarını
tutanlar var. Bu səs "türk əsgəri burda, bu torpaqlarda haqqı olanların
yanındadır” mesajıdır. Düşüncəsi sağlam olanlar, niyyətindən qan dammayanlar bu
mesajdan çoxdan nəticə çıxarardılar. Çox təəssüf ki...
Turizm və təhsil – həyat
mənbəyi
Elə bilirsiniz bu ölkənin problemi yoxdur? Var, özü də kifayət qədər.
"Sivil” dünyanın embarqosu ilə üzləşən kiçik bir ölkənin problemləri niyə
olmasın ki? Amma bu problemlərə hansı müstəvidən yanaşma tərzi çox önəmlidir.
Problemlərin xirtdəkdən olmasına baxmayaraq, Şimali Kipr sakinləri heç vaxt
pozitivliklərini, simalarındakı təbəssümü itirmədilər. Hərdən adama elə gəlirdi
ki, bu adamları gülümsəmələri xoşbəxt edir. Həqiqət də elə budur. Bu insanlar
bütün problemləri gülümsəyərək həll edirlər. Gülümsəyərək işləyirlər, mübarizə
aparırlar, sülh istəklərini çatdırırlar, ölkələrini sevirlər. Ən əsası, insanlığı
sevirlər. Şimali Kiprin yeganə yaşam mənbəyi turizmdir. Amma turizmlə bərabər
təhsilin də inkişafı barədə düşünüblər.
Ölkədə turist əlindən tərpənmək mümkün deyil. Günün istənilən vaxtı
küçədə ancaq turistlə qarşılaşacaqsınız. Hərdən adama elə gəlirdi ki, sanki bu
ölkədə yerli əhali yoxdur. Amma var. Onlar isə işdə-gücdədirlər. Ölkəyə gələn
turistlərə xidmət edirlər. Özü də necə xidmət edirlər... Sevgi ilə, məhəbbətlə.
Bir sözü yüz dəfə soruş, hərə dəfə də simalarında təbəssümlə cavab verəcəklər.
Yorulmadan, usanmadan xidmət edirlər. Vətənin inkişafı naminə, varlıqlarını
qorumaq naminə. Aralıq dənizinin ağ suları səni 4 tərəfdən əhatə edibsə, başqa
nə lazımdır? Təbii ki, infrastruktur. Yüksək səviyyəli infrastrukturu qurmağı
bacarıblar. Və bunun da üzərinə yüksək səviyyəli xidməti əlavə ediblər.
Mükəmməl tandem yaranıb. Bu gün turizm ölkənin bəlkə də həyat mənbəyidir.
Bir də gələcəyə hesablanmış təhsil sistemləri var. Ölkədə yüksək
təhsil verən 15 universitet mövcuddur. Daha 15 universitetin isə açılması
planlaşdırılır. Bu qədər universitet kiçik ölkənin nəyinə lazımdır? Bu
universitetlər Şimali Kipr üçün yox, bütün dünya üçündür. Dünyanın soyuq
ruhunu, lal baxışlarını bu universitetlər vasitəsilə əridir, oyadırlar. Bu
universitetlərdə 105 ölkədən 100 minə yaxın tələbə təhsil alır. Doğu Akdeniz
Universitetinin ərazisini gəzmək üçün avtobusdan istifadə etməli olduq. Yoxsa,
universitetin ərazisini piyada gəzmək üçün bir gün vaxtımızı sərf etməli
olardıq. Bu universitetdə 27 minə yaxın tələbə təhsil alır. Universitetin
ərazisində bir tələbənin təhsil alması üçün bütün infrastruktur mövcuddur.
Qalır, oxumaq.
Düşmənin də abidəsi qorunur
Şimali Kipr tarixi abidələr sarıdan da korluq çəkmir. Hansı şəhərə
gedirsiniz gedin, orda mütləq qədimliklə baş-başa qalacaqsınız. Ölkədə həm
türk, həm də yunan mədəniyyətinə aid xeyli tarixi abidələr mövcuddur. Bunu
deməsəm, ürəyim dayanar... Şimali Kiprdə yunanlara aid tarixi abidələr də göz
bəbəyi kimi qorunur, onların tarixi barədə turistlərə saxtalaşdırılmamış
məlumatlar verilir. İnanmıram ki, yunan tərəfi türk abidələrinə qarşı belə
lütfkarlıq göstərsin. Məni qınamayın, azərbaycanlılara məxsus tarixi abidələrin
ermənilər tərəfindən barbarcasına dağıdılmasını görən bir insanam mən... Türk
bu məqamda da böyük olduğunu göstərir.
Törətdikləri qətliamlara baxmayaraq, türklər yunanlar haqqında "düşmən”
ifadəsini işlətmirlər. 43 ildir türklər
sülh çağırışı edir, "gəlin adanı birlikdə idarə edək, birlikdə yaşayaq,
birlikdə xoşbəxt olaq” mesajına cavab istəyirlər. Təəssüf ki, hələ də müsbət
cavab ala bilmirlər. Şimallıların bu niyyəti dünya boyda sülh deməkdir. Bu,
dünyanı gözəlləşdirmək, insanpərvərlik, ədalət yaymaq istəyidir. Hətta dünya bu
ülvi istəklərə qarşı çıxsa belə, inadından dönməmək iradəsidir bu barış
niyyəti.
"Qürurlu, əzmkar, sülhsevər,
insanpərvər, varlığını qorumaq üçün əsrlər boyu mübarizə aparan insanlar.
Dillərini, mədəniyyətlərini qoruyan fədailər. Haqsızlıqla üzləşsələr də, ruhdan
düşməyən, heç nədən şikayətlənməyən, pozitivliklərini itirməyən, daim
gülümsəyən, qarışqa kimi çalışan adamlar. İlahi, bu ölkəni necə sevməmək olar?”
Yox ey, təkrarçılığa yol vermirəm. Dediyim zamana qayıtmışam. Ercan hava
limanındayam. Şimali Kiprdən ayrılıram. Elə aeroportdaca reportajımın, bu ölkə
ilə bağlı təəssüratımın süjet xəttini cızıram. Məni özümlə söhbətdən pasportumu
yoxlayan əməkdaşın səsi ayırır: "Əfəndim, ölkəmizi sevdinizmi?” Nə cavab verə
bilərdim ki? Sadəcə, gülümsədim.
P.S. Şimali Kiprin prezidenti Mustafa Akınçı əcnəbi jurnalistlərlə
görüşdə belə dedi: "Bura dünyanın iki dövləti istisna olmaqla, bütün
ölkələrindən rahatlıqla” gəlmək olar”. O ölkələrdən biri Ermənistandır.
P.P.S. Hə, onu da deyim ki, Dağlıq Qarabağ problemi ilə bağlı
ədalətli mövqeyi ilə seçilən kanadalı jurnalist Skott Teylor da Şimali Kiprə
gəlmişdi. Orda da Qarabağ həqiqətlərindən danışırdı. Nahar zamanı süfrəyə dolma
gətirilərkən, Skottun "dolma Azərbaycanındır”
deməsi də xoş ovqat yaratdı. Səfər boyunca bizi müşayiət edən, sevgi və
məhəbbətlərini zərrə qədər də əskik etməyən Turqut Vəhbi ilə Hevva Hayrısevərə
sonsuz ehtiramımı bildirməsəm, günah olar. Bu ölkəni həm də onların
qonaqpərvərliyində, gülüşündə, səmimiyyətində sevdim. Dolmanın dadına baxdımmı?
Baxdım. Dolma həqiqətən də bizimdir. Turqut Vəhbi, Havva Hayırsevər, Bakıda
Azərbaycan dolmasının dadına baxmaq ümidi ilə.
Natiq Muxtarlı
Bakı-Lefkoşa-Bakı