• çərşənbə axşamı, 23 aprel, 14:04
  • Baku Bakı 24°C

Kiçik hekayələrdə böyük sənətkarlıq üslubu

10.06.20 15:00 2812
Kiçik hekayələrdə böyük sənətkarlıq üslubu
(Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı əsasında)
XX əsr Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə kiçik hekayələrin böyük ustadı kimi tanınmışdır. Cəlil Məmmədquluzadənin əsərlərində əsas mövzulardan biri qadınlara qarşı edilmiş haqsızlıqlar olub. Müəllifin digər əsərləri ilə yanaşı, həmçinin "Ölülər" əsərində də qaldırdığı məsələlərdən biri məhz qadın hüquqsuzluğudur.
Cəlil Məmmədquluzadədən sonra Azərbaycan ədəbiyyatında kiçik hekayələr müəllifi olan Yusif Vəzir Çəmənzəminlinin əsərlərində qadınların huquqsuzluğu, savadsızlığı (təhsil ala bilməmələri), daha sonra xurafat, saxtakar mollalar, məşədilər, kərbəlayılar, hacılar və s. haqqında dönə-dönə söhbət açılır.
Yusif Vəzir Çəmənzəminli əsərlərində qaldırdığı problemləri yeri gələndə satira ilə, yeri gələndə yumorla, yeri gələndə də xalq yaradıcılığı örnəklərinin köməyi ilə daha kəskin, daha sərt şəkildə oxucularına çatdırır. Bu baxımdan onun yaradıcılığında sözlü ədəbiyyat örnəklərindən bəhrələnmə geniş yer tutur. Məsələn, Y.V.Çəmənzəminlinin "Toy" hekayəsində az yaşlı qız uşağının qoca kişiyə ərə verilməsinə etiraz əlaməti olaraq hekayənin əvvəlində deyilir ki:


Mən bu dərədən ötmərəm,
Çadramı yellətmərəm,
Ağsaqqala getmərəm,
Hoqqabaz oğlan gərək,
Kəkili saz oğlan gərək!..

Əsərin əvvəlində verilən bu mətndən artıq oxucuda hekayənin ümumi məzmunu haqqında təsəvvür yaradır. Y.V.Çəmənzəminli "Toy" hekayəsində yazır ki, kişinin arvadı vəfat edir, o, on il gözləyir. Kişi bu on ili ona görə gözləyir ki, baldızı hələ uşaqdır. Vaxt yetişir və həmin o körpə qız uşağı on dörd yaşına çatır, vəfat etmiş bacısının həyat yoldaşına ərə getmək üçün əyninə gəlinlik paltarı geyinir və ağlaya-ağlaya bu sözləri deyir: "mən o kişidən qorxuram; bacımı çərlədən kişi məni də öldürəcək”. Hekayədə on dörd yaşlı qız uşağının fəryadı, əslində, həmin dövrün az yaşlı qız uşaqlarının etiraz səsi idi. Ümumiyyətlə, "Toy" hekayəsində Y.V.Çəmənzəminlinin yaratdığı surətlər tipik surətlərdir. M.F.Axundov "Hacı Qara" əsərində Hacı Qaranı dövrün acgözlüyü, hiyləgərliyi ilə seçilən insanlarının tipik obrazı kimi yaratmışdırsa, Yusif Vəzir də burada eyni ilə obrazların xarakterlərinə uyğun olaraq onları tipikləşdirmişdir. Məsələn, on dörd yaşlı qız uşağı dövrünün çarəsiz qız uşaqlarının tipik surəti idi. Eynilə hekayədəki digər obrazlar da belədir.
On dörd yaşlı qız uşağının əynindəki gəlinlik donu onu ağ günə yox, qara günə aparırdı. Ağsaqqala, özü də ölmüş bacısının həyat yoldaşına ərə gedən, əslində, öz bacısının günüsünə çevrilən on dörd yaşlı bir qız uşağı heç vaxt xoşbəxt ola bilməzdi. Həmin yaşda qız uşaqları ər evində yox, ata evində olub təhsil almalıdırlar. Əsil xoşbəxtlik ağ libasla ölçülmür, əsil xoşbəxtlik odur ki, qarşı tərəflər bir-birinin fikirlərini, istəklərini başa düşə bilsinlər.
Yusif Vəzir Çəmənzəminli "Millətpərəstlər" hekayəsində də qızların rahat yaşamaları, rahat təhsil almaları məsələsinə toxunmuşdur. Bu hekayədə hadisələr bu cür baş verir: küçədə əli kitablı balaca bir qız uşağı məktəbə gedir. İlk olaraq Məşədi Qasım qıza yaxınlaşaraq, ondan kimin qızı olduğunu soruşur və iki barmağı ilə qızın yanağına toxunur. Qız uşağı cavab vermədən evlərinə qaçır. Daha sonra qız Kərbəlayı Balaşa, Keçəl Vəliquluya, Kərbəlayı Ramazana, Hacı Qənbərə rast gəlir. Bunlar da ondan kimin qızı olduğunu soruşurlar. Əslində, qız uşağından kimin qızı olduğunu soruşmalarında məqsəd onun atasını tanımaq və elçi düşüb elmə, təhsilə marağı olan qızı almaq idi. Bu işdən qızın anası xəbər tutur, qızını məktəbə qoymur. Qızın kitablarını əlindən alıb evə səpir. Məktəb paltarını çıxardıb atır sandığa. Qızına da köhnə arxalıq geydirib, oturdur yun darağının dalında. Qız uşağının məktəb paltarının çıxardılıb sandığa atılması onun hüquqlarının bükülüb sandıqda həbs olunması deməkdir. Əgər cəmiyyətdə o cür saxtakar, ikiüzlülər olmasaydı, o qız uşağı yun darağının arxasında yox, məktəbdə parta arxasında əyləşəcəkdi.
Yusif Vəzir Çəmənzəminli yazıçı olmaqla yanaşı, həmçinin gözəl folklorşünas alim idi. XX əsr Azərbaycan folklorşünaslıq elminin inkişaf edib, geniş qol-budaq atmasında sözsüz ki, Yusif Vəzirin az rolu olmamışdır. Y.V.Çəmənzəminli istər romanlarında, istərsə də hekayələrində folklor mətnlərindən çox sıx istifadə edirdi. Bunun əsas səbəbi ondan ibarətdir ki, Y.V.Çəmənzəminli folklor toplayıcısı idi. O folklora dərindən bələd idi. Folklor mətnlərinin onun əsərlərində geniş yer almasının digər səbəbi budur ki, yazıçı bu yolla həmin mətnlərin it-bat olmasının qarşısını alırdı. Həmin əsərlər bir mənbə kimi gələcəkdə istifadə olunsun deyə o bu işləri görürdü. Bu günün özündə belə Y.Vəzirin yaradıcılığı müxtəlif rakurslardan araşdırılır.
Yusif Vəzir Çəmənzəminli "Dərdli Züleyxa" hekayəsində də ənənəsinə sadiq qalaraq mətn daxilində folklor nümunələrindən istifadə edir. Müəllif digər əsərlərində olduğu kimi, bu hekayəsində də qadınların hüquqsuzluğunu önə çəkir. "Dərdli Züleyxa" hekayəsinin giriş hissəsində verilən bir cümləyə əsasən hekayənin nədən bəhs etdiyini müəyyən etmək heç də çətin deyil. Hekayədən oxuyuruq: "Yarımçıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı". Bəli, bu hekayədə bəxtsiz bir qız uşağının həyatının acı həqiqətləri ön plana çəkilmişdir. Axı on altı-on yeddi yaşlarında bir qız uşağı ər evində yox, məktəbdə olmalıdır. Züleyxanın həyat yoldaşı ona baxmır, hətta ona zor, güc də tətbiq edir. Bütün bunlara görə Züleyxa həyatını ağrı-acılarla keçirdir. Yusif Vəzir burada maraqlı, düşündürücü və fəlsəfi anlamı olduqca böyük olan bir cümlə yazır. Hekayədən oxuyuruq: "İnsan həyatında güclük çəkirsə, onda həmişə keçmişi xatırlar, unudulmuş vəqələri, hafizədən silinmiş nöqtələri zehnində canlandırmağa çalışar, ondan bir xoşluq duyar, təsəlli tapar". Yusif Vəzirin qeyd etdiyi bu fikir, əslində Dərdli Züleyxanın keçmişinə bir nəzər salmaqdan ötrü idi. Həm də Y.V.Çəmənzəminli burada müqayisə aparır və müqayisəni örnək kimi dövründəki valideynlərə göstərmək və gələcək nəsillərə ötürmək istəyir. Dərdli Züleyxa da hazırda ağrı-acılar çəkə-çəkə keçmişi xatırlayır. Yusif Vəzir Çəmənzəminli yenə burada da folklor materiallarından istifadə edir. Həmin folklor nümunələrindən bir neçəsini burada qeyd edəcəyik. Züleyxanın ailəsi Novruz bayramında bir neçə ritualı icra edir. Məsələn, bir dəfə axır çərşənbə axşamı bir badya su qoyub, "Vəsfi-hal" saldılar. Anası badyanın başında oturub, cocuqlardan nişanə aldı. Züleyxanı nişanə alaraq mücrüsünün açarını vermişdi. Anası nişanələri badyaya salıb dedi:

Güzgünü atdım bayıra,
Şövqi-şəfəqi çayıra.
Yığılıb qohum qardaşlar,
İşimiz dönüb xeyirə.
Bundan sonra arvad əlini badyaya saldı, ilk əlinə Züleyxanın açarı gəldi. Hər kəs heyrət ilə onun üzünə baxıb, səadətinə qibtə etdilər. Təəssüflər olsun ki, Züleyxanın taleyi qibtə olunan talelərdən olmadı. Yusif Vəzir Çəmənzəminli qadınların hüquqsuzluğundan bəhs edən digər hekayələrində cəmiyyəti bu cür bəladan ayıltmaq üçün onlara çıxış yolunu da göstərir.
Yusif Vəzir Çəmənzəminlinin hekayələri kiçik olmasına baxmayaraq, onlarda çoxlu mətləblərə toxunulur. Yusif Vəzirin əsərlərini, hətta XX əsr Azərbaycan mühitinə dair ensiklopedik səciyyəli əsərlər adlandırsaq, məncə, yanılmarıq. Çünki Yusif Vəzir dövrünün problemlərini əsərlərinə gətirməyi bacarırdı. O, yaranmış olan bu və ya digər problemlərin həllini, çıxış yolunu elə öz əsərlərində də açıb göstərirdi.
Ümumiyyətlə, fikrimizi yekunlaşdırıb belə qeyd edə bilərik ki, Yusif Vəzir Çəmənzəminlinin əsərləri məkanından, zamanından asılı olmayaq, öz aktuallığını hər zaman qoruyub saxlayacaqdır.

İlkin ELSEVƏR
banner

Oxşar Xəbərlər