Kiçik ailə təsərrüfatları üçün orta ölçülü traktorların istehsalı planlaşdırılır
"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar
Cəmiyyəti Çin Xalq Respublikasının dövlət koorporasiyası olan "YTO GROUP”la
birgə Azərbaycanda kiçik ailə təsərrüfatları üçün orta ölçülü traktorların istehsalını
planlaşdırır.
Bu gün Səhmdar Cəmiyyətin mərkəzi ofisində koorporasiyanın
nümayəndələri ilə bu haqda geniş müzakirə aparılıb və əməkdaşlıq memorandumu
imzalanıb. Memorandumu Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev
və "YTO GROUP”un Azərbaycandakı nümayəndəsi Fərhad Məmmədov imzalayıb.
"YTO GROUP”un
vitse-prezidenti Shan Chunyu əməkdaşlıqdan məmnunluğunu bildirib və həyata
keçiriləcək işlər haqda danışıb.
Memoranduma əsasən, Qusar rayonunda yerləşən
istehsal müəssisəsində ildə 800 ədəd orta ölçülü (18-40 at gücündə) YTO
traktorlarının yığılması həyata keçiriləcək. Səhmdar Cəmiyyətin Çin tərəfi ilə
apardığı danışıqlar nəticəsində traktorların ehtiyat hissələrinin ixracı üçün kreditin
ayrılaması qərara alınıb. İstehsalın ikinci ilindən etibarən traktorların mühərrikləri
və ötürücü qurğuları istisna olmaqla digər ehtiyat hissələri Azərbaycanda fəaliyyət
göstərən müxtəlif müəssisələrdən alınacaqdır ki, bu da əlavə müxtəlif sənaye sahələrinin
inkişafına müsbət təsir göstərəcək.
Birgə istehsal olunacaq YTO traktorları
"Aqrolizinq” ASC vasitəsi ilə yerli fermerlərimizə sərfəli şərtlər əsasında
satılacaq. Fermer texnikanın dəyərinin 20%-i əvvəlcədən ödədikdən sonra yerdə
qalan məbləğ 10 il (120 ay) müddətində bərabər ödənişlə bölünəcək, bu zaman
fermerlər cüzi məbləğdə ödəniş etməklə traktor əldə edə biləcəklər.
YTO traktorlarının texniki göstəricilərinin asanlığı, rahat idarə
olunması fermerlərə əlavə peşə hazırlığı keçmədən texnikadan istifadə imkanı
verəcəkdir. Alternativ markalarla müqayisədə bu traktorlar qiymətinin ucuzluğu,
yüksək təzyiqli yanacaq nasosunun mövcudluğu, gücü, ehtiyat hissələrinin
keyfiyyəti və uyğun qiyməti, az yanacaq sərfiyyatı ilə seçilir. YTO traktorları
bağçılıq, tərəvəzçilik, tütünçülük, yemçilik, istixana sahələrində geniş
istifadə olunur. Aparılmış araşdırmalara əsasən, hazırda ölkəmizin fermer təsərrüfatlarında
kiçik ölçülü traktorlara böyük ehtiyac var. Xüsusən, kiçik ailə təsərrüfatlarında
əl əməyinin azaldılması, istehsal prosesinin intensivliyinin təmin olunması,
itkilərin azaldılması baxımından bu texnikalar mühüm rol oynayacaq. Traktorlar
kiçik əkin sahələrində rahat işləmək imkanı yaratmaqla cərgələrarası texniki
işlərin aparılması, kultivasiya tədbirləri, məhsulların sahədən toplanması və
digər vacib işləri qısa vaxtda həyata keçirir. Azərbaycanda YTO traktorlarının
istehsalının yaradılması kənd təsərrüfatı
maşın-texnika parkının sürətlə yenilənməsinə öz tövhəsini verəcəkdir.
İmzalanmış memoronduma əsasən, "Ərzaq məhsullarının
tədarükü və təchizatı” ASC fermerlərə texnikalardan istifadə vərdişlərinin
aşılanması üçün tədris mərkəzlərinin açılması, satışın təşkili, texniki təminat
və digər məsələlərdə fəal dəstək verəcək.
Məlumat üçün bildirək ki, Çinin "YTO GROUP” koorporasiyası
dövlətə məxsusdur, illik istehsal gücü 120 min ədəd traktor, 230 min ədəd mühərrik
təşkil edir. Korporasiya 18 at gücündən 380 at gücünə qədər olan zəncirli və təkərli
traktorların bütün seriyalarını, mühərriklərini, kombaynları, kənd təsərrüfatı
alətlərini istehsal edir. Dünyanın yüzdən çox ölkəsi ilə əməkdaşlıq edən şirkət
bu ölkələrdə öz xidmət şəbəkələrini yaratmış, son üç ildə 20 min ədəd traktor
ixracına nail olmuşdur. 2015-ci ildə ixracın həcmi 100 milyon ABŞ dolları həcmində
olmuşdur.