• şənbə, 20 Aprel, 11:55
  • Baku Bakı 14°C

Köhnə yeməyi yeməmək, dünənki dəmi içməmək - Araşdırma

29.11.19 10:00 1433
Köhnə yeməyi yeməmək, dünənki dəmi içməmək - Araşdırma
Düzgün olmayan qidalanma tələbələrin sağlamlığına zərbə vurmaqla yanaşı, dərsi qavrama qabiliyyətinə də mənfi təsir göstərir
Bir neçə gün öncə üç tələbə qızın zəhərlənməsi, onlardan birinin də dünyasını dəyişməsi ilə nəticələnən hadisəsinin səbəbi hələ ki dəqiq məlum deyil. Amma bu hadisə özlüyündə bir neçə məsələni gündəmə gətirdi. Onlardan biri də tələbələrin qidalanması, bu məsələyə yanaşmasıdır.

Belə ki, adətən, universitet həyatına başlayıb, ailədən uzaq yaşayana qədər gənclərin bir çoxunun bu kimi məsuliyyətlə üzləşmək təcrübəsi olmur. Ona görə, tələbələrin qidalanma ilə bağlı yanlışları çox ola bilir. Yeməklərin bişirilməsi, düzgün saxlama şəraiti, keyfiyyəti sual altında olan hazır yeməklər və s.

Maraqlıdır, qidalanma cəhətdən tələbələr əsasən hansı səhvləri edirlər? Və qidalanma məsələsində nələrdə diqqətli olmalıdırlar?

Dietoloq Tutu Zeynalova deyir ki, tələbələrin qidalanma ilə bağlı etdikləri əsas səhv səhər yeməyini yeməmələri və hazır qidalardan istifadədir: "Evdən uzaq yaşayana qədər həmişə səhər yeməyini onlar üçün valideynlər hazırlayıblar və indi bu yemək hazır gəlməyəndə, artıq tələbələr səhərlər evdən ac çıxırlar. Dərsə gedəndə, acırlarsa, yolda ayaqüstü nələrsə alıb yeyirlər. Səhər yeməyi yeməməklə yanaşı, bir də mənşəyi bilinməyən hazır qidalar qəbul edirlər. Təbii ki tələbənin həyatında bəzi hazır qidalar olur, amma onları - məsələn, buterbrodları özləri evdə hazırlayıb aparsalar, daha sağlıqlı olar. Çöldən mənşəyi bilinməyən qida almaqdansa, ən azı ciblərinə, çantalarına bir ovuc çərəz, yaxud meyvə qoya bilərlər. Bu, onları daha uzun müddət tox tutar”.

Gündə bir dəfə isti yemək yeməyi unutmasınlar

T.Zeynalovanın sözlərinə görə, tələbələr bişirdikləri yeməklərin saxlanması, istifadə müddəti məsələsində də diqqətsiz davranmamalıdırlar: "Evdə yemək bişirib qidalanmağa çalışan tələbələr də var, bu, çox yaxşıdır. Bəzən bir dəfə yemək bişirirlər və bir neçə gün onunla qidalanırlar. Bu isə doğru deyil, çünki yedikləri qida təzə olmur. Bişirilən yemək yaxşı olar ki, 24 saat ərzində yeyilsin. Bəzən bişirdikləri yeməyi soyuducuda saxlamırlar, açıqda qalır. Bu da onların etdikləri səhvlərdən biridir”.

Tələbələrin bəziləri davamlı olaraq soyuq qəlyanaltılarla qidalanmağa üstünlük verirlər. Dietoloq bilirdi ki, heç olmasa, gündə bir dəfə isti yemək qəbul edilməlidir: "Soyuq qidanın qəbulu davamlı olmasa, yaxşı olar, Modern insanın yaşam tərzinə baxsaq, görərik ki, tələbə olmayanlar da bəzən məcburiyyətdən soyuq nələrləsə qidalanırlar. Əsas odur ki, doğru seçim etməyi bacarasan. "Fastfood” məkanına getsəniz belə, orda da doğru qidanı seçmək lazımdır. Gündə bir dəfə isti yemək yeməyi unutmasınlar”.

T.Zeynalova deyir ki, düzgün olmayan qidalanma tələbənin performansına da təsir edir: "Hazır qidalar insanı qısa müddət xoşbəxt edir, enerji verir. Qısa müddət sonra biz enerji düşüşü yaşayırıq və yenidən o qidaları qəbul etmək istəyirik. Yetərincə adi su içmirlər, hazır şirin içkiləri qəbul edirlər. Belə tələbələrdə xroniki yorğunluq, diqqət pozğunluğu müşahidə olunur, dərsi qavrama qabiliyyəti aşağı düşür. Buna dair elmi çalışmalar da var. Düzdür, məktəblilər üzərində aparılıb, amma tələbələrə də şamil edə bilərik. Deməli, səhər yeməyi yeməyənlərin sosial ortama adaptasiyası daha pis olur. Və günə bir ovuc badam yemək tələbələrin dərsi qavrama qabiliyyətinə çox yaxşı təsir göstərir”.


80 faiz ev, 20 faiz çöl yeməyi

Dietoloq deyir ki, düzgün olmayan qidalanma orqanizmdə tədricən müxtəlif problemlərə yol açır: "İmmun sisteminə mənfi təsir göstərir. Yetərli qədər vitamin və minerallar almadıqları zaman orqanizm buna reaksiya verir. Aqressivlik, dəri solğunluğu və quruluğu, saç tökülməsi, yuxusuzluq, yaddaşsızlıq və s. problemlərə gətirib çıxarır. Eyni zamanda, artıq çəkiyə səbəb olur ki, bu da digər problemlərə yol aça bilir”.

T.Zeynalova əlavə etdi ki, ömrümün hər dönəmində sağlam və balanslı qidalanmaq önəmlidir: "Hər birimiz müəyyən dönəmlərdə hazır qidalar istifadə etməyə məcbur qalırıq. Tövsiyə edərdim ki, 80-20 prinsipini istifadə etsinlər. 80 faiz evdə hazırlanan, 20 faizi isə çöldə hazırlanan yeməyi tövsiyə edirəm. Evə qəbul etdikləri qidalarla bağlı məlumatlı olmaqda da fayda var. Məsələn, ən azı həftədə iki dəfə balıq, iki dəfə qırmızı ət, iki-üç dəfə toyuq və ya hindi əti yeməlidirlər. Səhər yeməyində yumurta çox faydalıdır. Süd məhsullarının istifadəsini də unutmasınlar, kim hansı növündən sevirsə, qəbul etsin. Mövsümündə meyvə-tərəvəzlərdən istifadəsi vacibdir”.

Dietoloq qeyd etdi ki, düzgün qidalanma ilə bağlı bir neçə universitetin tələbələrilə görüşü olub: "Ötən ilin sonlarında Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Gənc İstedadların İnkişafına Dəstək İctimai Birliyinin dəvəti ilə 4 universitetin tələbələrinə düzgün qidalanma mövzusunda təlim keçdim. Əvvəlki illərlə müqayisə edəndə, tələbələrin düzgün qidalanma ilə bağlı məlumatlılıq səviyyəsinin artdığını müşahidə etdim. Əslində, tələbələr bəzi şeyləri bilmədikləri üçün etmirdilər. Mən çıxış edəndə auditoriya ilə kontakta girirəm. Məsələn, soruşuram ki, kimlər səhər yeməyi yeyib? Tələbələrə də bu sualı vermişdim. Səhər yeməyində nə ilə qidalandıqlarını soruşanda isə 50 faizi şirniyyat deyir, bu da arzuolunan deyil. Yaxud su içməklə bağlı onların fikirlərini öyrənib, tövsiyələrimi verdim. Auditoriyada olan tələbələrdən bir neçəsi mənə instarqamda yazıb düzgün rejimi tətbiq etdikdən sonra əldə etdikləri nəticəni bölüşdülər. Elə təkliflər olsa, sevə-sevə çıxış edərəm”.

Digər ölkələrin həmin təcrübəsini tətbiq edə bilərik

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, tələbələrin qidadan zəhərlənməsi halı, adətən, məlumatsızlıqdan irəli gəlir: "Qidalanma məsələsi öz üzərinə düşən tələbələrin bir çoxu bu cəhətdən məlumatsız olurlar. Məsələn, səhər tezdən yemək yemədən dərsə gedirlər, yolda "fastfood” yeyirlər və üstünə kifayət qədər maye qəbul etmirlər. Bu rejim davamlı olduqda, mədə-bağırsağa böyük zərər vurur. Tələbələrin bu kimi səhvləri çoxdur və qidadan zəhərlənmə halları da onların səhlənkarlığı, hansısa məsələlərə diqqət etməmələri səbəbindən ola bilir. Başqa ölkələrdə də tələbələrin qidadan zəhərlənmələri halları baş verir. Həmin ölkələrdə bunun qarşısını almaq üçün nutrisioloqlar fəaliyyət göstərirlər. Bu mütəxəssislər sağlam qidalanma ilə bağlı maarifləndirmə işləri aparırlar. Azərbaycanda isə nutrisioloqlar barmaqla sayılacaq dərəcədə azdır və nutrisiologiya da elm kimi bizdə inkişaf etməyib. Biz də digər ölkələrin həmin təcrübəsini tətbiq edə bilərik. Düzgün qidalanma qaydaları ilə bağlı gənclər məlumatlı olsalar, problemlərlə üzləşmə faizi da azalar. Bu maarifləndirməni məktəblərdə şagirdlər, universitetlərdə tələbələr arasında aparmaq lazımdır. Ümumilikdə, mövcud maarifləndirmə yolları ilə bu istiqamətdə işlər aparılmalıdır. Tələbələr bilməlidirlər ki, necə qidalansalar sağlam olarlar, necə qidalansalar zəhərlənərlər və yaxud başqa problemlərlə üzləşərlər. Ölümə səbəb olan halları da onlara çatdırmaq lazımdır. Bu təbliğat kampaniyası dünyada geniş şəkildə aparılır ki, nəsillər sağlam şəkildə qidalansın”.

Q.Məhərrəmovun sözlərinə görə, indiki şəraitdə valideynlər tələbə adını qazanan övladlarını universitetə yola salmamışdan öncə, qidalanma ilə bağlı məlumatlar verməlidirlər: "Övladları evdən uzaqda qalacaqları təqdirdə onları bu barədə məlumatlandırmalı, yemək bişirmə ilə bağlı sadə qaydaları öyrətməlidirlər ki, pis vəziyyətdə qalmasınlar, məlumatsızlıqdan sağlamlıqlarına ziyan vurmasınlar”.


Yataqxanada qalanlar üçün ikili sistem

Q.Məhərrəmov deyir ki, hazırkı durumda yataqxanada qalan tələbələr üçün arzuolunan hal ikili sistemin tətbiqidir: "Tələbə yataqxanalarında tələbələrə yeməkxana rəhbərliyi tərəfindən müəyyən yemək təklif olunsun. Bişirməyi bacarmayan, yaxud hazır yemək istəyənlər ordan istifadə etsinlər. Bununla belə, yemək bişirməyi bacaran, bunu özü etmək istəyənlər üçün mətbəxdə şərait olmalıdır. Bu sistemi Türkiyədə Orta Doğu Texniki Universitetinin yataqxanalarında görmüşdüm. Həm pulla yemək ala biləcəkləri yeməkxanalar var, həm də tələbələrin yemək hazırlamaları üçün mətbəx. Kim necə istəyir, elə edir.

Amerika və İngiltərə universitetlərində yataqxanalarda tələbələr tamamilə müstəqildirlər. Yemək məsələsi öz ixtiyarlarındadır. 18 yaşı varsa, onun qeydinə uşaq kimi qalmırlar, sadəcə olaraq ümumi maarifləndirmə aparılır ki, nə yemək lazımdır, nə yox. Tələbənin nə yediyinə universitet rəhbərliyi diqqət etmir, özünü heç buna məcbur da hiss etmir. Sadəcə, ümumi təbliğat aparır, tövsiyələr verir”.

Bu yeməyin tərkibində vitamin qalmaz axı

Zəminə Nəcəfova ilə isə, valideyn kimi söhbətləşdik. Zəminə xanım deyir ki, birinci uşağı universitetə qəbul olanda, təcrübəsiz olsa da, ikinci övladına o səhvləri etməyəcək: "Birinci qızım universitetə qəbul oldu, ilk dəfə idi deyə, düzü, bir də baxdım ki, artıq Bakıdadır. Qızlar oğlanlara nisbətən mətbəx məsələləri ilə bağlı məlumatlı olurlar, amma başı hazırlığa qarışmışdı deyə, çox şeyi bilmirdi. Telefonda qalmışdım, davamlı olaraq nəyi necə edəcəyi ilə bağlı məlumat verirdim. Oğlum tələbə olanda isə, artıq əvvəlcədən məlumat verib yola salacam. Bilirsiniz, bir çox tələbə müəyyən yeməkləri bişirir, çünki valideyn evdə hazırladıqca avtomatik öyrənir. Amma onun necə saxlanmasını bilmir. Yaxud bişirdikləri yeməyi 3-4 gün yeyirlər, üstəlik hər dəfə o yemək isidilir, soyuyur. Bu yeməyin tərkibində vitamin qalmaz axı. Dünən bişirdiyi yeməyi bu gün günorta yeyirsə və onu axşama da saxlayırsa, yaxşı olar ki, axşama qalacaq hissəni isitməsin. Yaxud dünəndən qalan dəmi istifadə edib çay içirlər”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər