AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Köhnə nağıllar

Köhnə nağıllar

İdman
01 Noyabr 2012, 16:10 1532
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi

- İlk öncə Yunis Hüseynovun “Xəzər Lənkəran” klubunun baş məşqçi postundan ayrılması məsələsinə aydınlıq gətirməyinizi istərdik.

- Birinci dövrənin yekunlarıyla bağlı iclas keçirdik. Elə həmin toplantıda baş məşqçiylə qarşılıqlı şəkildə yollarımızı ayırmaq qərara alındı. Biz Yunis müəllimi istefaya göndərmədik. Nə də ki, o vəzifəsindən istefa vermədi. Yəni, qarşılıqlı şəkildə ortaq məxrəcə gəlindi ki, yollarımızı ayıraq. Yunis müəllimə də gələcək fəaliyyətində uğurlar arzulayırıq.
- Yunis Hüseynovun işindən narazı qalmışdınız?
- Biz Yunis müəllimə komandadan "çıx get" demədik. Ancaq təbii ki, komandanın hazırkı durumu, turnir cədvəlində tutduğu mövqe bizi qane etmədi. Çünki “Xəzər Lənkəran” hər zaman iddialı olub. Bütün bu nüansları nəzərə alaraq belə qərar qəbul etdik.
- Yayılan xəbərlərə görə, Türkiyəyə səfər etməyiniz yeni baş məşqçinin seçimi ilə bağlıdır. Bu nə dərəcədə doğru məlumatdır?
- Xeyr, Türkiyəyə getməyim şirkətin işləriylə bağlıdır. Hansısa yeni məşqçiylə danışıqlar aparmağımızdan söhbət belə gedə bilməz. İkincisi də, bu qərar sırf klubun prezidentinin səlahiyyətlərinə aiddir. Komandaya kimin baş məşqçi gətiriləcəyinə məhz prezident qərar verəcək.
- Mətbuatda "Xəzər Lənkəran"ın baş məşqçi postuna Türkiyənin "Kasımpaşa" klubundan ayrılan Mətin Diyadinin gətiriləcəyi haqda xəbərlər yazılır. Bu barədə nə deyərdiniz?
- Mən sizə deyim ki, bu günə qədər mətbuatda “Xəzər Lənkəran”ın baş məşqçi postuna kimin gətiriləcəyi ilə bağlı yazılan yazıların heç biri həqiqəti əks etdirməyib. Sadəcə, kimsə nəyisə fikirləşərək belə qərara gəlir. Müxtəlif adlar çəkilir və müəyyən mütəxəssislərin gətiriləcəyi yazılır. Əlbəttə ki, baş məşqçi vəzifəsinə bəzi namizədlərin siyahısı hazırlanır. Ancaq növbəti oyunda komandanı meydana Emin Quliyev və Erik Roketa çıxaracaq. Yalnız fasilə ərəfəsində baş məşqçi məsələsinə baxılacaq.
- Bu dəfə yerli, yoxsa əcnəbi məşqçiyə üstünlük verəcəksiniz?
- Bu barədə sizə heç bir dəqiq məlumat söyləyə bilmərəm. Komandaya uğur qazandıracaq, çempion edə biləcək bir mütəxəssis gəlməlidir. Yenə təkrar edirəm, məsələylə bağlı son qərarı klub prezidenti verəcək.
- Bir çoxları, eyni zamanda “Xəzər Lənkəran” azarkeşləri bu posta Mirça Rednikin yenidən gətiriləcəyinə ümid edirlər. Bu mümkündürmü?
- Belə götürəndə, Mirça Redniklə klub rəhbərliyi olaraq heç bir problemimiz olmayıb. Yenə deyirəm ki, hər şey mümkündür. Mən əvvəlki müsahibələrimdə də bildirmişəm ki, “Xəzər Lənkəran”da işləyən məşqçilərin yenidən baş məşqçi postuna gətirilməsi istisna deyil. Buna misal olaraq, Ağasəlim Mircavadov, Nazim Süleymanov, Rasim Karanı göstərmək olar. Ola bilər bir yaxud beş ildən sonra Rednik yenidən Lənkərana gətirilsin. Ancaq bugünkü gün rumıniyalının məsələsi bir az çətin görünür. Çünki hazırda o, Belçikanın "Standart" klubunun baş məşqçisidir. Müəyyən müddətlik klubla müqaviləsi var. Ona görə də, Redniklə bu haqda söhbət etməyə belə dəyməz.
- Kamran Ağayevin məsələsi nə yerdədir?
- Rəhbərlik olaraq AFFA prezidenti Rövnəq Abdullayevin xahişiylə Kamran Ağayevi komandaya qaytardıq. Lakin sonradan Kamran klubun düşərgəsini müxtəlif bəhanələrlə icazəsiz tərk etdi. Fikrimcə, Kamranın komandanın düşərgəsini icazəsiz tərk etməsi üçün bu bəhanələrin heç birisi yetərli deyildi. Kamran ən azından fikirləşməliydi ki, onun komandaya qaytarılmasını kimlər xahiş edib. Hər halda bunlara hörmətlə yanaşmalıydı. İndi isə qərar onundur.
- Kamranın yenidən "Xəzər Lənkəran"a geri qaytarılması mümkündürmü?
- Bu olaydan sonra onun komandaya qaytarılması mümkün deyil. Sadəcə, onun hansısa bir komandaya keçidindən söhbət gedə bilər. Bəzən mətbuatda Kamranın transferinə astronomik məbləğin qoyulması ilə bağlı xəbərlər yer alır. Lakin bu heç də belə deyil. Kamranın transfer məbləği Azərbaycanda aparıcı klublarda çıxış edən yerli futbolçuların qiymətinin əlli faizdir. Kamran Ağayev müqavilə əsasında kluba məxsusdur və bizim də müəyyən öhdəliklərimiz var ki, onu yerinə yetirməliyik. Bu öhdəliklər FİFA-nın reqlamentində də öz əksini tapıb. Futbolçunu məşq prosesiylə təmin etmək və digər vəzifələri yerinə yetirməliyik. Əgər biz bunları etməsək, Kamran azad agent futbolçu statusu alardı. Biz də onu əvəzedici komandaya məşqlərini davam etdirmək üçün dəvət etdik. Ancaq o elə həmin vaxt bu təklifdən imtina etmişdi.
- Qış transfer pəncərəsi dönəmində komandaya yeni qapıçı gətiriləcəkmi?
- Məncə, komandada qapıçı baxımından heç bir problem yoxdur. Orxan Sadıqlı artıq öz oyunuyla bunu sübut edib. Bir çoxları bu günə kimi “Xəzər Lənkəran”ın ünvanına əsassız olaraq ittihamlar səsləndirib. Guya klub olaraq biz indiyə qədər heç bir futbolçu yetişdirməmişik. Lakin hazırda Orxan Sadıqlının inamlı çıxışı onun Azərbaycanın ən perspektivli qapıçılarından olmasına, bir çox iddialı klublarla oyunda möhtəşəm qurtarışları və ən əsası milli komandanın heyətinə dəvət alması buna sübutdur.