• cümə axşamı, 25 aprel, 12:24
  • Baku Bakı 23°C

Köhnə mahnılar yeni aranjimanda

26.07.16 12:14 4247
Köhnə mahnılar yeni aranjimanda
Son illər gənc ifaçılar arasında yeni bir tendensiya yaranıb. İfaçılar klassik, sevilən mahnılara müraciət edərək həmin mahnıların onların ifasında da sevildiyini hesab edirlər. Ancaq yenə də vurğulayırıq, onlar elə hesab edirlər. Zaman-zaman dəfələrlə səsi olmayan ifaçının klassik mahnılara müraciət edib, onu bərbad hala salmasının şahidi olmuşuq və oluruq da. Halbuki həmin mahnılar bəzi gənc ifaçıların səs tembrlərinə heç yaxın belə gəlmir. Klassik mahnıların bəstə və sözlərinə bir qədər dəyişiklik edərək onu "müasirləşdirmək” heç cəmiyyətimiz tərəfindən də birmənalı qarşılanmır. Belə ki, hamının sevdiyi mahnıları diletant səviyyədə oxumağı təkcə sənətə yox, həm də bəstəkarın ruhuna hörmətsizlik kimi qəbul edənlər az deyil. Hətta fikirlər var ki, səs imkanları zəif olan ifaçıların klassik mahnılar oxumasına qadağa qoyulmalıdır.
Mövzu ilə bağlı mütəxəssislərə müraciət etdik. Onlar köhnə mahnılara müraciət olunmasını müsbət hal kimi qiymətləndirsələr də, həmin mahnıların tamaşaçıya təqdim olunma səviyyəsindən tam razı qalmadıqlarını bildirdilər. Ekspertlərimiz sənətə yenilik gətirmək adı altında klassik mahnılarımıza dəyişiklik edilməsini heç də müsbət hal kimi dəyərləndirmədilər.
Xalq artisti Aybəniz Haşımova bizimlə söhbətində bildirdi ki, klassik mahnılara müraciət edilərkən mahnının ana xəttinə toxunmaq olmaz: "Mahnıya gözəl əlavələr olanda maraqlı alınır. Misal üçün, Əvəzin, Yaşar Baxışın musiqilərin ana xəttinə toxunmadan etdikləri aranjemanları çox bəyənirəm. Onlardan əlavə bir neçə aranjemançılar var ki, onların üslubunda köhnə mahnılarımız gözəl alınır. Mahnılarımızda olan müasirliyi çox sevirəm. Bəzən görürük ki, xalq mahnılarımızı aranjeman edib ifa edirlər və mahnının ana xətti ləğv edilib, mahnı tanınmaz hala düşüb. Bu, artıq bərbaddır. Biz mahnını bu hala salandan sonra sabah da düşmən ölkə gəlib bizim xalq mahnımızın orijinal variantını götürüb onu mənimsəyəcək”.
Xalq artisti əlavə etdi ki, bəzi ifaçılar köhnə mahnıları ifa edərkən onu tamamilə başqalaşdırırlar: "Azərbaycanda gözəl səsli ifaçılarımız var. Bu gün çox istedadlı gənclərimiz yetişməkdədir. Mahnı seçimi elədir ki, o, gərək ifa edənin könlünü oxşasın, mahnı ona yaxın olsun. Bundan başqa, gənc ifaçılar xalq mahnılarına müraciət edərkən vacibdir ki, peşəkar aranjemançılara müraciət etsinlər. Vaxt var idi mən də öz dövrümün müasiri idim. Məndən öncə də olan ifaçılar öz dövrlərinin müasirləri olub. Biz də bizdən əvvəl ifa olunan mahnıları oxumuşuq. Biz də bu mahnılarla uğur qazanmışıq. Əgər bir gəncin ifaçılıq potensialı ona klassik mahnıları oxumağa imkan verirsə, niyə oxumamalıdır? Klassik mahnıları gənclər yaşadır. Əlbəttə ki, burada yaxşı səslərdən söhbət gedir. Ancaq elə adamlar var ki, öz eyiblərini görə bilmirlər. Bu, bir qədər təhlükəlidir. Bunlar gərək peşəkarlara müraciət etsinlər ki, onlara doğru yol göstərsinlər. Gənclər mahnı seçərkən bilməlidirlər ki, bu mahnı onların səsinə düşür, yoxsa yox. Əgər mahnı ifaçının səsinə uyğun gəlmirsə, o ifaçı heç zaman uğur qazana bilməz. Əgər biri görsə ki, bu işdə naşıdır, o, mütəxəssisə müraciət etməlidir. Mənim səs üzrə mütəxəssisim Dilarə Əliyeva idi. Gənc olarkən ifa etdiyim əksər mahnıları ona göstərmişəm. Sonra görəndə ki, seçimlərim yanlış olmur, işimdə axsamıram, ondan sonra müstəqil şəkildə səsimi yazdırırdım. Məsləhət almaq müğənninin xeyrinədir ki, ziyanına deyil”.
Tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov deyir ki, köhnə mahnı deyilən bir anlayış yoxdur: "Yaxşı və pis mahnılar var. Yaxşı mahnıların da ömürləri çox olur. Görün xalq mahnılarımız neçə ildir yaşayır? Köhnə mahnı olmur, köhnə ancaq əşya olur. Yaxşı mahnılarımızı ermənilər oğurlayırlar və onları öz adlarına çıxırlar. Klassik mahnılarımız aranjeman olunur və o da tamaşaçıya təqdim olunur. Qoy təki musiqimiz yaşasın, nəsildən-nəslə ötürülsün. O ki qaldı klassik mahnılarımızın səviyyəsiz şəkildə təqdim olunmasına, bu, artıq zövq məsələsidir və insanın özündən asılıdır. Misal üçün, mən Sevda Ələkbərzadənin xalq mahnılarını aranjeman etdirib ifa etməyini çox bəyənirəm. Xalq mahnılarını yaşatmaq lazımdır, yaşatmayanda onu mənimsəyirlər. Başqaları oxumaqdansa, elə bizimkilər oxusalar yaxşıdır, ancaq peşəkar səviyyədə”.
Tanınmış rejissor Şeyx Əbdül isə mətbuata açıqlamasında bildirib ki, dəyərli mahnılarımızı pis vəziyyətə salıb, aranjeman etdirmək qadağandır: "Bu, gənc ifaçılar üçün estrada mahnısı deyil ki, istədiklərini etsinlər. Bütün ifaçılardan xahiş edirəm, bu cür mahnıları və ümumiyyətlə, xalq mahnılarını dəyişməsinlər. Yaxşı olardı, hər müğənni belə mahnıları oxumasın”.
Tanınmış bəstəkar Sevinc Tofiqqızı da məsələ ilə bağlı fikirlərini bizimlə bölüşdü. Bildirdi ki, köhnə bəstəkarların mahnıları daha güclüdür. Belə ki, əvvəllər musiqi aləmində aranjeman o qədər güclü olmayıb: "Əvvəllər mahnı yazdırarkən aranjemandan istifadə olunmurdu. Hər şey canlı idi. İndi aranjeman var deyə, bu, mahnını daha da gözəlləşdirir, mahnıya rəngarənglik gətirir. Köhnə bəstəkarlarımız tərəfindən yazılan mahnılar əvvəl necə sevilibsə, indi də ifaçılar götürüb onu oxuya bilərlər. Köhnə mahnıların yenidən ifa olunması təqdirəlayiq haldır. Not həmin notdur, sadəcə olaraq aranjeman vasitəsi ilə ona gözəllik qatırlar. Mahnı sevilirsə, üzərindən illər keçsə də, onun sevənləri daha da artır. Nə yaxşı ki o mahnılar indiki nəslə qədər gəlib çıxıb”.
Bəstəkar köhnə mahnılarda edilən dəyişikliklərə qarşı çıxdı. Bildirdi ki, müğənni bəstəkar yazan mahnının heç bir notunu dəyişə bilməz, onda o mahnı başqa cür səslənər: "Mahnıda hər hansı bir not və ya söz dəyişərsə, o, tamamilə dəyişir. Bunun üçün bəstəkarın özündən icazə alınmalıdır. Əgər şair və bəstəkar mahnının sözlərində və ya bəstəsində hər hansı dəyişikliyin olunmasına razılıq vermirsə, müğənninin onu dəyişməyə ixtiyarı yoxdur. İfaçı bəstəkar və şairlə məsləhətləşməlidir. O, bəstəkarı və şairi sayıb onların icazəsi ilə mahnını oxumalıdır. Hər şey məsləhətlə olmalıdır. Əgər kiminsə səs tembri, gücü klassik mahnıları oxumağa imkan vermirsə, oxumasa daha yaxşıdır. Hər mahnını hər müğənniyə vermək olmur. Müxtəlif səs tembrlərinə uyğun ifaçılar var. Misal üçün, bir oktava yuxarı olan mahnıları səsi olmayan müğənniyə vermək mümkün deyil. Onda mahnı gülünc vəziyyətə düşür. Hər müğənninin oxuma tempi, janrı, tərzi var. Müğənni özü bunu hiss etməlidir ki, bu mahnı onda alınmır”.
Gənc caz ifaçısı Şölə Səfərəliyeva hesab edir ki, köhnə mahnılar artıq klassik estrada sayılsa da, gənc nəslə onu tanıtdırıb mahnını yaşatmaq üçün yenidən işlənib aranjeman olunması təqdirəlayiqdir: "Düzdür, elə mahnılar var ki, onu orijinal variantda dinləmək daha xoş gəlir, yəqin bu da mahnının yeni aranjemanının köhnəsi qədər gözəl edilməməsinə görədir. Çünki bəzən elə olur ki mahnı tamamilə başqa cür ifa olunur, sanki tamam yeni mahnıdır. Bu da qulağa yad gələ bilər. Ümumilikdə isə buna müsbət baxıram. Bir şərtlə ki, bəstəkar yazan musiqini, şair yazan sözləri "Yeni variantda oxuyuram” deyib özlərindən melodiya qoşmasınlar. Ən azından bu bir qaydadır ki, birinci bənd orijinalda olduğu kimi səslənməlidir. Elə ifa etmək lazımdır ki, o mahnının müəlliflərinə də xoş gəlsin. Misal üçün, risk edib "Mən baharın qızıyam” mahnısını orijinaldan, yəni 6/8 ritmdən tamamilə fərqli olaraq caz bossa-nova variantında işləyib ifa etdim. Bu, bizim səhnədə mahnının ifası üçün tamamilə bir ilk idi. Çox şadam ki, mahnının ilk ifaçısı Nisə xanım bu yeni aranjemanı bəyəndi və tamaşaçılar tərəfindən də bu versiya sevilir. Həmkarlarıma uğurlar arzulayıram. Gəlin hər nə ediriksə, keyfiyyətli edək”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər