Köhnə dost Patient, yaxud zənginliyə aparan yol
– Leremi
harda işləyir?
– O
"6-cı Draqoon”[1] alayında kapitandır.
– Bəs Pinson?
– O dövlət qulluğundadır, məmurdur.
– Rakollit nə işləyir?
– O ölüb.
Biz dostumla bir yerdə gənclik illərimizi bizə xatırladan o biri
dostlarımızın adlarını yada salmağa çalışdıq. Universitet dostlarımızı tez-tez
görməsək də, hərdənbir onlarla rastlaşırdıq. Onları saqqalı, keçəl görəndə, neçə
uşaq atası olduğunu biləndə heyrətə gəlir, həyatın nə qədər qısa olduğunu
yadımıza salır, illərin necə sürətlə keçməyi, hər şeyin dəyişməyi bizi çox təəccübləndirirdi.
Dostum məndən soruşdu:
– Bəs Patient, o gonbul Patient haralardadır?
Onun adını eşidəndə özümdən asılı olmadan bərkdən qışqırdım:
– Ah, onu deyirsən? Mənə yaxşı-yaxşı qulaq as! 4-5 il bundan qabaq
Limoges[2] şəhərində ezamiyyətdəydim, yoxlama aparmalıydım. Şam vaxtını gözləyirdim.
Yoxlama apardığım idarənin müdiri məni "Place du Theatre” meydanında iri bir
kofeyə aparmışdı. Çox cansıxıcı keçirdi vaxt. Tacirlər iki-iki, yaxud da üç-üç
kafeyə girir, vermut içə-içə ya özlərinin ya da başqalarının biznesi barədə
söhbət edirdilər. Hərdən şaqqanaq çəkib gülür, hərdən də hansısa vacib xəbəri
demək üçün səslərinin tonunu aşağı salırdılar.
Mən isə elə hey öz-özümə deyirdim: "Şam yeməyindən sonra nə edəcəm?”
Fikirləşirdim ki, bəlkə bu əyalət şəhərinin tanımadığım küçələrində gəzişim,
əyalət adamlarının təkbaşına gəzən qonağa münasibətini, buranın mühitini öyrənim.
Mən pəncərədən baxanda havanın qaraldığını görür, özümü daha pis hiss edirdim.
Elə bu vaxt yanaşı stol arxasında kök bir kişi oturdu və bərkdən dedi:
– Ofisiant, mənim pivəmi gətir!
Kişi "mənim” sözünü qəribə tərzdə dedi. Mən dərhal başa düşdüm ki, bu
kişi ora gələnlərdən tamam fərqlidir. Onun iştahası da, şalvarı da, bir sözlə,
hər şeyi fərqliydi.
Sonra kişi özündən razı halda ətrafa boylandı. Az sonra onun sifarişini
gətirdilər, bu vaxt kişi yenə də sifariş verdi:
– Mənim qəzetimi də gətir!
Mənə bir az maraqlı gəldi, görəsən? o hansı qəzetə "mənim” deyir? Qəzetin
adı mənə bu kişi haqda çox şeyi açıqlayardı, onun fikirlərini, hobbilərini,
yaxud onun zəif tərəflərini qəzetin adından bilərdim.
Ofisiant kişiyə "Temps” qəzetini gətirdi. Bu dəfə də təəccübləndim. Niyə
axı "Temps”? Niyə belə ciddi, rəsmi qəzet?
– Yəqin ki, bu kişi ciddi bir işlə məşğul olurmuş, bir sözlə, burjuaziya
nümayəndəsi imiş, – dostum söhbətimə
müdaxilə etdi.
– Ofisiant qəzeti gətirib onun stolu üstünə qoyandan sonra o qızıl
sağanaqlı eynəyini taxdı. Qəzeti oxumağa başlamazdan qabaq stulda yerini
rahatladı, bir daha ətrafına nəzər saldı. O məni baxdı, gözlərini məndən çəkmədi.
O elə diqqətlə baxırdı ki, hətta mən ondan niyə belə baxdığını soruşmaq istəyirdim.
Elıə bu vaxt o həyəcanla dedi:
– İlahı, and içərəm ki, sən Qontran Lardoissən.
Mən dedim:
– Bəli, cənab, siz yanılmırsınız.
Sözlər ağzımdan çıxan kimi o tez ayağa durdu, yanıma gəlib mənə əl
uzatdı:
– Yaxşı, köhnə dost, necəsən?
Mən onu tanımadığıma görə çox pərt oldum, kəkələdim:
– Əlbəttə...Yaxşı... yaxşıyam. Bəs siz?
Kişi gülməyə başladı:
– Mərc gələrəm ki, sən məni tanımadın.
– Düzünü desəm, yox... Deyəsən... siz.
Kişi kürəyimə yavaşca bir şillə vurub dedi:
– Yaxşı fikirləş, mənimlə zarafat etmə! Mən Patientəm. Robert Patient,
köhnə dostun.
Mən onu tanıdım. Hə, o köhnə dostum idi, tələbəlik dostum. Bu, o idi.
Onun əllərini sıxıb dedim:
– Bəs sən necəsən?
– Əla!
Onun üzündə qəribə bir təbəssüm vardı. Qaliblərə xas təbəssüm.
O məndən soruşdu:
– Sən burda nə edirsən?
Ona dedim ki, mən vergi müfəttişiyəm.
O pencəyimdəki nişana işarə edib dedi:
– Deməli, sən əməlli-başlı uğur qazanmısan.
Mən dedim:
– Hə, belə də demək olar. Bəs sən?
– Mənim işlərim əla gedir!
– Sən nə işlə məşğulsan?
– Bizneslə məşğulam!
– Pul qazana bilirsən?
– Hə, kalan qazanıram. Çox varlıyam. Sabah günorta mənim evimə gəl, bir
yerdə lanç edək. "Rue du Coq-que-Chante 17” ünvanda yaşayıram, – o dedi, bir az tərəddüdlə
soruşdu:
– Sən yenə də əvvəlki kimi hər şeyi olduğu kimi qəbul edirsən?
– Hə... Hə... Məncə, hə.
– Evlənmisən?
– Yox.
–Yaxşı. Sən yenə də əylənməyi və kartofu xoşlayırsan?
Get-gedə onun sözlərini özümə qarşı hörmətsizlik hesab edirdim. Ancaq
neyləməli, onun sualına cavab verdim.
Əlbəttə, hamısını xatırlayırdım. Bu xatirələr yadıma düşdükcə kefim
açıldı. Bu vaxt Patient dedi:
– İmtahan nəzarətçisini Lotoquenin şərab zirzəmisinə salıb qapını
bağladığımızı xatırlayırsan?
O sözünü bitirib qəhqəhə çəkdi, sonra sözünə davam etdi:
– Yadına düşürmü coğrafiya müəllimi yerin əsas vulkanlarını bizə izah
edəndə qlobusun üstünə necə fişəng atdıq? Hirsindən onun üzünün necə qızardığı
yadındadır?
Birdən mən ondan soruşdum:
– Bəs sən necə, evlənmisən?
– Dost, on ildir evlənmişəm. Dörd uşağım var. Yekəliblər. Sabah
uşaqlarımı da, onların anasını da görəcəksən.
Biz bərkdən danışırdıq, kafedə olan adamlar dönüb təəccüblə bizə
baxırdılar.
Qəflətən dostum iri qol saatına baxıb həyəcanlandı:
– Ah! Təcili getməliyəm. Mən axşamlar heç vaxt boş olmuram.
Sonra o ayağa durdu, əllərimi bərk-bərk elə sıxdı ki, elə bil qollarımı
dartıb yerindən çıxartmaq istəyirdi.
– Hələlik! Sabah günorta görüşənədək!
– Hələlik!
O biri günü səhər xəzinədarın kabinetində işlə məşğul oldum. Xəzinədar
məni lança dəvət etdi, amma mən ona dedim ki, bir köhnə dostumla görüşəcəm. Otaqdan
çıxanda mən ondan soruşdum.
– Mənə deyə bilərsinizmi mən "Rue du Coq-que-Chante” küçəsinə necə gedə
bilərəm?
– Hə, ora getmək çətin deyil, burdan ora beş dəqiqəlik yoldu. Çox işim
yoxdur, sizi ora qədər ötürə bilərəm.
Bir az sonra dediyim ünvana çatmışdıq. Bu şəhərin qırağında enli, gözəl
küçə idi. Ətrafa boylandım və 17 nömrəli evi gördüm. Ev çox böyük idi,
arxasında da bağ vardı. Evin fasadı İtalyan üslubunda freskalarla bəzədilmişdi,
bu mənim zövqümcə deyildi. İri güldanlarda ilahə heykəlləri qoyulmuşdu. Evin
nömrəsi yazılan yerdə daşdan iki sevgi ilahəsi heykəli vardı.
Evə çatanda xəzinədara dedim:
– Mən bu evə gəlmişəm.
Xəzinədara əl uzadanda onun üzündə qəribə ifadə vardı, amma o heç nə
deməyib əlimi sıxdı.
Qapının zəngini basdım.
Qapını qulluqçu açdı. Mən ona dedim:
–Bura cənab Patientin evidir?
Qulluqçu dedi:
– Bəli, ser! Siz cənab Patientlə danışmaq istəyirsiniz?
– Bəli.
Evin zalı yerli rəssamların şəkilləriylə bəzənmişdi. Paul və Virciniya
palma ağacının altında öpüşürdülər. Divardan çox pis bir Şərq fənəri asılmışdı.
Qapıların pərdələri çox parlaq idi.
Məni ən çox təəccübləndirən isə
evdən gələn ətir iyi idi. Düyü ununu və rütubətli zirzəmi qoxusunu
xatırladırdı. Şəhər hamamından gələn qoxuya bənzər bir iy. Mən mərmər, şərq
xalçaları sərilmiş pilləkənlərlə qulluqçunun arxasınca yuxarı çıxdım, qulluqçu
məni lüks qonaq otağına apardı, özü otaqdan çıxdı. Tək qalan kimi ətrafıma
boylandım.
Otaqda bahalı, amma dəbdən uzaq mebellər var idi. Divarlarda qravüralar
gördüm. Bir qravürada parikli qadın vardı. Başqa qravürada iri çarpayıda yatan
qadın bir ayağıyla iti itələyirdi. İt mələfənin altına girirdi. Başqa bir şəkildə
dörd ayaq təsvir olunmuşdu, bədənləri adyal altında görünməz idi.
Geniş otağın hər tərəfində yumşaq divanlar vardı. Bu otaqdan da bayaqkı
kif qoxusu gəlirdi. Bu otaqda hər şey mənə şübhəli görünürdü.
Pəncərəyə yaxınlaşıb evin arxasındakı bağa tamaşa etməyə başladım. Bağ
çox böyük, gözəl idi. Bağın ortasında fəvvarə vardı. Evdən ora çığır gedirdi.
Cığırın bir ucu gedib kolluğa dirənirdi. Elə bu vaxt iki qızılgül kolu arasından
üç qadın göründü. Onlar qol-qola girib yavaş-yavaş yeriyirdilər. Əyinlərində
ağ, qaytanlı ziyafət donları vardı. Qadınların ikisi sarışın, o birisi isə qara
saçlı idi. Qəfil göründükləri kimi elə qəfil də ağacların arasında gözdən itdilər.
Mən bu qadınların görünüşünə heyran olub poeziya aləminə qayıtdım. Bu qadınlar
lap nağıllarda olduğu kimi sehrliydi. Bir anlıq mənə elə gəldi ki, mən keçən əsrin
qadınlarını görmüşəm, - evin divarlarında şəkilləri təsvir edilən qadınları. Mən
keçmiş zamanları xatırladım.
Qəfil eşitdiyim səsdən səksəndim. Xəyal aləmimdə olanda Patient içəri
girmişdi, əllərini uzadıb mənimlə görüşmək istəyirdi.
O bic-bic gözlərimin içinə baxıb lap Napoleonsayağı jestlə lüks qonaq otağını,
geniş bağını mənə göstərdi, ağaclar arxasında gözdən itən üç qadından danışdı,
sonra fəxrlə dedi:
– İndi bir özün təsəvvür elə, bütün bunlara demək olar ki, maya
qoymadım... Biznesə başladım...
İngiliscədən tərcümə: Sevil Gültən