AZE | RUS | ENG |


Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir

Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir
Azərbaycan şərabları dünya bazarlarının “dad”ını dəyişəcək

İtaliya - parmezan pendiri və spagetti, İsveçrə - saat və şokolad, Yaponiya – avtomobillər, Hindistan - çay, Almaniya – pivə, Türkiyə tekstili ilə tanınır. Dünyada hər bir sahəyə aid məşhur brendlər var. İxrac həcminə görə dünyada ilk yerləri bölüşən dövlətlər, onların daha yaxşı istehsal etdiyi məhsulların siyahısı bəllidir. Bəs, "Made in Azerbaijan” deyəndə, ilk ağla gələn nələr olur? 
 
Azərbaycan dünyanın ixracatçı ölkələri arasında əminliklə irəliləyir. Hazırda "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və tanıtdırılması ilə bağlı ciddi işlər görülür. Bu məqsədlə Prezident İlham Əliyev xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə dəstək verilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının göstərişi ilə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin bir hissəsi dövlət büdcəsi hesabına ödənilir. Və artıq Azərbaycan hökumətinin dəstəyilə bir neçə ölkəyə uğurlu təşviq missiyası həyata keçirilib. 
 
Dünya bazarlarına hansı məhsullarla çıxırıq?
 
Millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirir ki, ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılması və stimullaşdırılması, investisiya fəaliyyətinin genişləndirilməsi, sənaye istehsalının artırılması, qeyri-neft sektorunun inkişafı üçün xeyli addımlar atılıb: "Xarici ölkələrə ixrac missiyalarının təşkili sahibkarların ixrac potensialının artırılması, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə əsaslı zəmin yaradır. Məhz bu addımlar sayəsində ixracın genişləndirilməsinə nail olmaq mümkün olub. Getdikcə, ölkədə xarici iqtisadi fəaliyyət iştirakçılarının və ixrac olunan məhsul çeşidlərinin sayı artır. Və bunlar arasında Azərbaycanın içkiləri, şərabları xüsusi yer tutur. Fikrimcə, üzümçülük sahəsini inkişaf etdirməklə, Azərbaycanın bu sahədəki öncül yerini qaytarmaq mümkün olacaq”. 
 
Ölkəmizdə sahibkarlar istehsal etdikləri məhsullara məxsus əmtəə nişanlarının qorunmasını təmin edirlər. Hazırda Azərbaycana məxsus 100-dən çox əmtəə nişanının hüquqları xarici ölkələrdə də qorunur. Bunlar arasında  "SOCAR”, "Azpetrol”, "Patron” (günəbaxan tumu), "Beloçka” (günəbaxan tumu), "Milla” (süd və süd məhsulları) , "ASAN xidmət”, "Shahurma” (kafe , restoran) , "N 1” (kafe və restoran), "Evrolux” (elektron avadanlıqlar), "Azərsun”, "Veysəloğlu”nun istehsal etdiyi bəzi şokolad növləri və s. var. 
Bu məhsulların sırasında içkilər, xüsusilə də şərablar ayrı bir yer tutur. Hazırda "İnnabi”, "Bahar”, "İskandar”, "Gozel” şərabçılıq məhsulları, "Shapur”, "Nazlı”, "Leyli”, "Shirin”, "Gold Baku”, "Shahdeniz”, "Bakinskhaya bukhta”, "Starıy Bulvar”, "Padşah”, "Shah” və s. brendləri əmtəə nişanına malikdir. 
 
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevdən aldığımız məlumata görə, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyalarına şərablar da daxil edilib. Artıq bu sahədə müəyyən uğurlar əldə olunub. Belə ki, ötən ilin sonunda Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə ixrac missiyası təşkil edilib. Nəticəni ürəkaçan adlandırmaq olar. Belə ki, Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının bu ölkəyə ixracına başlanılıb.
 
10-dan artıq müasir şərab zavodu tikilib
 
Bu ilin ilk ixrac missiyası isə martın sonunda Almaniyaya baş tutub. İlk dəfə olaraq Azərbaycan şərabları və spirtli içkiləri "Made in Azerbaijan” vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Prowein” sərgisində nümayiş olunub. 60 minə yaxın ziyarətçisi olan sərgidə Azərbaycandan 9 şirkət iştirak edib. Sərgi çərçivəsində Litvada şərab məhsullarının distribütorluğu ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb və Litvada satışı həyata keçiriləcək. 
"Son 10 il ərzində Azərbaycanda bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafı çərçivəsində şərabçılıq sektoruna da böyük sərmayələr qoyulub, 10-dan artıq müasir şərab zavodu tikilib. Azərbaycana gələn qonaqlar da etiraf edirlər ki, bizim şərab zavodlarımız dünyanın bir çox ölkələrində olanlardan geri qalmır, bəzilərində hətta daha yüksək texnologiyadan istifadə edilir”. Bu haqda Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov "Kaspi”yə danışır.
Müsahibimiz bildirir ki, Azərbaycan üçün bu məsələdə xammal problemi yoxdur. Çünki Azərbaycan klassik şərabçılıq ölkəsidir, üzüm də kifayət qədərdir. Zavodların tikilməsi ilə yanaşı, son illərdə 10 minlərlə hektar üzüm bağları salınıb, yeni üzüm sortları gətirilib: "İstər keyfiyyətli xammal, istərsə də istehsal baxımından problemimiz yoxdur . Ona görə də Azərbaycan şərabları bir çox ölkələrdə keçirilən sərgilərdən qızıl və gümüş medallarla qayıdır. Məsələn, elə Honkonqda keçirilən sərgidə AspiAqro MMC-nin "Savalan” şərabı qızıl medal qazanmışdı”.
 
"Şərabçılıqdakı şöhrətimizi geri qaytara bilərik” 
 
E.Mədətovun sözlərinə görə, şərabçılıqda qısa müddətli plan qurulmur. Çünki  üzüm çoxillik bitkidir və yaxşı şərab əldə etmək üçün illərlə işləmək lazımdır: "Sovet illərində Azərbaycan şərab istehsalında öndəydi. O zaman qapalı bazarda Azərbaycan konyakları daim seçilirdi. "Şirvan”  konyakı, "Ağdam”, "Kürdəmir” şərabları çox məşhur idi. Amma sonrakı illərdə bu sahədə durğunluq yarandı. İnanıram ki, işgüzarlığımız və qoyulan kapital hesabına qısa müddətdə əvvəlki ənənələri, şöhrəti özümüzə qaytaracağıq”. 
 
Hazırda Azərbaycanda alkoqollu içkilər istehsal edən 35-dən artıq müəssisə var. Onlardan 14-ü yalnız şərab məhsulları istehsal edir və 10 şirkətin məhsulları xaricə ixrac olunur. E.Mədətov bildirir ki, indi ixrac – ölkədəki ən asan prosedurlardan biridir. Hər hansı bir sənəd almaqda, gömrük rəsmiləşdirməsində problem yoxdur. 
 
Keyfiyyətli məhsuldan söz düşmüşkən, Azərbaycan ildən-ilə xaricə daha çox rəqabətədavamlı məhsullarla çıxır. Bunu ötən illərlə müqayisədə, Azərbaycanda əmtəə nişanlarının hüquqi mühafizəsi ilə bağlı müraciətlərin sayının artması da sübut edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sorğumuza cavab olaraq verdiyi məlumata görə, müraciətlərin əksəriyyəti ölkə daxilində hüquqi mühafizənin təmini ilə bağlıdır: "Amma son 4 ilin statistik təhlilləri göstərir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 100-dən artıq əmtəə nişanı beynəlxalq Madrid Sazişi vasitəsilə qeydiyyatdan keçirilərək xarici ölkələrdə də hüquqi mühafizə altına alınıb. Beləliklə, yerli sahibkarlar öz əmtəə nişanlarını həm ölkə daxilində, həm də xaricdə hüquqi mühafizə etmiş olurlar”.
 
Yeni publik hüquqi şəxslər maneələri aradan qaldıracaq 
 
F.Talıblı qeyd edir ki, bu siyahının getdikcə daha da genişlənəcəyini əminliklə demək olar. Çünki cənab Prezidentin 10 fevral 2017-ci il tarixli fərmanı ilə standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi tapşırılıb. Bu fərmana əsasən, Komitəyə keyfiyyət infrastrukturu üzrə sahələri müstəqil idarə edəcək publik hüquqi şəxslərin yaradılması tapşırığı verilib. Bunun nəticəsində yerli əmtəə nişanlarının beynəlxalq tanınması təmin ediləcək: "Bəzən yerli standartlar, laboratoriya nəticələri, keyfiyyət şəhadətnamələri xaricdə tanınmır. Milli orqan statuslu publik hüquqi şəxslər beynəlxalq partnyorlarla qarşılıqlı tanınmanı təmin edəcəklər, texniki maneələr aradan qalxacaq. Beləliklə, kalibrləmə, laboratoriya şəhadətnamələri, həmçinin sertifikatlar əlavə prosedur keçmədən xaricdə tanınacaq. Artıq yaradılma prosesi yekunlaşmaqda olan bu publik hüquqi şəxslər Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi və Patent və Əmtəə Nişanları Mərkəzi adlanacaq”.
 
Konkret şərabçılıq məhsullarına gəlincə, F.Talıblının sözlərinə görə, ölkəmizdə bu sahə ilə bağlı konkret standartlar mövcuddur ki, onlar da beynəlxalq standartlar əsasında hazırlanıb. Xaricə çıxarılarkən yerli məhsullarımızın həmin ölkələrin standartlarına uyğunluğu əsas şərtlərdən biridir. İstər məhsulların istehsalı və saxlanması, istərsə də daşınmasında bu standartlar əsas götürülür. 
 
İxrac olunan əmtəə nişanlarımız sırasında şərabçılıq məhsulları ön yerlərdədir
 
"Bəzən sahibkar müraciət edir ki, bizim standartlarla məhsulun ixrac olunduğu ölkənin standartları arasında uyğunsuzluq var. Belə hallarda idarəmizin nəzdində yaradılmış texniki komitələrdə sahələr üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən standartlara yenidən baxılır, müvafiq düzəlişlər edilir. Ümumiyyətlə, qeyd edim ki, şərabçılıq məhsullarının ixracı ilə bağlı problemlər yoxdur. Xaricə ixrac olunan rəqabətədavamlı yerli əmtəə nişanlarımız sırasında şərabçılıq məhsulları ön yerlərdədir. Şərabçılıq məhsullarımızın keyfiyyətinin daha da yüksəldilməsi, xaricdə brend kimi geniş populyarlıq qazanması, bu sahədə ölkəmizin ixrac potensialının tam reallaşdırılması istiqamətində Komitə və sahibkarlar tərəfindən ardıcıl işlər görülür”. 
 
Ekspertlər hesab edir ki, Azərbaycan şərablarının dünyaya tanıdılmasında problem olmayacaq. Belə ki, zəruri infrastruktur və hüquqi mexanizmlər yaradılıb. Bununla yanaşı, daha bir üstünlüyümüz də var – bu da tarixən Azərbaycan ərazisində yaşayan əhalinin əsas məşğulluq sahələrindən birinin məhz üzümçülük olmasıdır. XX əsrin 80-ci illərinin əvvəllərində üzümçülük sahəsinin yüksək inkişafına nail olunub. 1984-cü ildə üzümlüklərin sahəsi 284 min hektar, üzüm istehsalı ildə 2,1 milyon ton, hektardan məhsuldarlıq isə 100 sentner təşkil edib. O zaman üzüm istehsalına görə Azərbaycan keçmiş Sovet İttifaqında birinci yerə çıxmışdı.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə ermənilər tərəfindən emal gücü 320 min ton olan 30 üzüm emalı zavodu, 10 şərab süzmə xətti qeyri-qanuni mənimsənilib, 43,1 min hektar üzüm bağı dağıdılıb. Təxmini hesablamalara əsasən, təkcə bu zavodların zəbt edilməsi nəticəsində Azərbaycana 500 milyon ABŞ dolları dəyərində ziyan vurulub. Təəssüf ki, bu neqativ hallar Azərbaycan şərablarının xaricə ixracında ciddi geriləmələrə səbəb olub. Bununla belə, son illər üzümçülüyün inkişafı naminə atılan addımlar ölkəmizin bu sahədə sürətlə irəliləməsinə imkan yaradıb. 
 
Hazırda Azərbaycanın şərabçılıq məhsulları ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, Kanada, İsveç, Hindistan, Vyetnam, Çin, Yaponiya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Baltikyanı ölkələrə ixrac edilir. Şərab məhsullarımız, ən iri satış bazarı hesab olunan Rusiya Federasiyasında xüsusi qiymətləndirilir. 
 
Şərabçılarımız əldə olunan nəticələrlə kifayətlənmək niyyətində deyillər. Təkcə onu qeyd edək ki, bu ilin noyabrında Honkonqda "HKTDC Hong Kong International Wine & Spirits Fair” şərab sərgisində Azərbaycandan 20 şirkət iştirak edəcək. 
 
Məğrur Əliyev
 
Yazı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7056
GBP 1 İngilis funt sterlinqi 2.1791
TRY 1 Türk lirəsi 0.4718
KWD 1 Küveyt dinarı 5.5883
SEK 1 İsveç kronu 0.1923
EUR 1 Avro 1.8484
CHF 1 İsveçrə frankı 1.7083
USD 1 ABŞ dolları 1.7022