• çərşənbə axşamı, 16 aprel, 17:32
  • Baku Bakı 19°C

"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" - Fotolar

12.04.17 13:52 3027
"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" - Fotolar
"10 ildən çoxdur ki, marketdə satıcı işləyirəm. İndiyə qədər 7-8 iş yeri dəyişmişəm. Onlar arasında böyük marketlər də olub, balaca mağazalar da. Amma hamısında belə olub ki, alıcılar nəsə alanda iki şeyə qiymət verirlər: Qiymət və keyfiyyət”. Bu sözləri "Qida məhsulları alarkən insanlar seçim zamanı ən çox nəyə fikir verirlər?” sualımızı cavablandıran satıcı Nazim Nuriyev dedi.

N.Nuriyev deyir ki, alıcılar keyfiyyətinə əmin olduqları məhsulu davamlı olaraq almağa üstünlük verirlər: "İndi elədir ki, tez-tez yeni məhsullar gətirirlər. Alıcının əmin olduğu keyfiyyətli məhsuldan bəzən müəyyən qədər ucuz olanı da olur. Biz onlara təqdim edəndə bir dəfə sınayırlar, əgər keyfiyyət yaxşı olmasa, cüzi qiymət fərqinə baxmadan keyfiyyətli olanı almağa davam edirlər. Amma qiyməti münasib, keyfiyyəti də yaxşı olursa, firmanı dəyişirlər. Əgər heç məlumatları yoxdursa, bizdən kömək istəyirlər, məsləhətimizə əsasən bir dəfə alırlar, növbəti dəfə artıq öz istəkləri ilə onu ya alırlar, ya da yox”,
Müraciət könüllüdür

Satıcının dedikləri əslində artıq dünya bazarında formalaşmış bir fikirdir. Məhsulunu bazara çıxarmaq istəyənlər qiymət siyasətini düzgün qurmalı, keyfiyyət məsələsini ciddi şəkildə nəzarətdə saxlamalıdırlar. Azərbaycan da yerli tələbatı ödəməklə yanaşı, həm də ixrac haqda düşünür. İqtisadi strategiyanın başlıca məqsədi də məhz ixracyönlü, rəqabətqabiliyyətli məhsulların istehsal edilib, dünya bazarlarına çıxarılması, brendlərimizin tanıdılmasıdır. Bəs qida istehsalçılarımız dünya bazarında rəqabətə davam gətirəcək nə dərəcədə keyfiyyətli məhsullar istehsal edirlər? Əvvəlki illərlə müqayisədə yerli istehsalımızda keyfiyyət cəhətdən hansı dəyişikliklər var? Keyfiyyət cəhətdən ixrac imkanları böyük olan daha hansı məhsullarımız var? Bu kimi bir çox suallar ətrafında düşünə-düşünə yolumu qidalarımızın keyfiyyət süzgəcindən keçdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsininTəcrübə-Sınaq Mərkəzindən(AzTEST) salıram.

Qapıda bizi AzTEST Yeyinti və Kənd Təsərrüfatı Məhsullarının sınaq laboratoriyasının müdiri Türkan Abbasova qarşılayır. Öyrənirik ki, əslində buraya həm şirkətlər, həm də fərdi şəxslər istədikləri qida məhsulunu sınaq üçün gətirə bilərlər. Şirkətlərin bura müraciət etməsi də könüllüdür. Yəni keyfiyyətli məhsul istehsal etmək istəyən istehsalçılar və qəbul etdikləri qidanın tərkibindən əmin olmaq istəyənlər sınaq laboratoriyasına müraciət edirlər.

Qida məhsullarında təhlükəsizlik, mənşə və keyfiyyət sınaqları
T.Abbasova deyir ki, burada sınaqlar beynəlxalq tələblərə uyğun şəkildə aparılır. Sınaq laboratoriyasında ISO 17025 beynəlxalq standartın şərtlərinə uyğun olaraq qida məhsullarında təhlükəsizlik, mənşə və keyfiyyət sınaqları aparılır. Laboratoriya ölkədə istehsal, idxal və ixrac olunan, eləcə də daxili bazarda satılan məhsulların keyfiyyətinin normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlayaraq, onların nəticələrini təsdiq edən sənədlərin verilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirir. Laboratoriya Almaniyanın Akkreditasiya Qurumu tərəfindən akkreditasiyadan keçib.

T.Abbasovanın sözlərinə görə, laboratoriyanın beynəlxalq standartlara uyğun fəaliyyəti sınaq protokollarının xaricdə tanınmasını, bununla da yerli müəssisələrin istehsal etdikləri ərzaq məhsullarının maneəsiz Avropa Birliyi ölkələrinə ixracını, ixrac imkanlarının genişlənməsini, yerli sahibkarların xarici bazarlarda özlərinə layiq yer tutmaları üçün əlverişli şəraitin yaranmasını təmin edir. Eləcə də ölkə daxilində insan sağlamlığı üçün təhlükəli olan ərzaq məhsullarının istehsalının qarşısını alır.

Müəssisələr müştəriləri maraqlandıran sınaqlar istəyirlər

Laboratoriya ilə tanış olmaq üçün şöbələri gəzirik. Qeyd edim ki, laboratoriya 5 şöbədən ibarətdir. Nümunələr ilk olaraq "Nümunələrin qəbulu” şöbəsinə təqdim edilir. Biz də ilk olaraq bu şöbəyə baş çəkirik. Şöbənin əməkdaşı Sahilə Qasımova deyir ki, burada nümunə qeydiyyata alınır, kodlaşdırılır, bölünür, saxlanılır, bütün sınaqlar aparılandan sonra hazırlanmış sınaq protokolu sifarişçilərə təhvil verilir: "Müəssisələr əsasən müştəriləri maraqlandıran sınaqlar istəyirlər. Şirkətlər sınağı müştəriyə keyfiyyətli məhsul təqdim etmək, müştərilər isə keyfiyyətə əmin olmaq üçün etdirirlər”.

Məhsulda insan orqanizmi üçün zərərli olan nələrsə varmı?

Qəbul olunan nümunələr digər bütün şöbələrdən keçir. Biz də həmin şöbələrdə olub, gördükləri işlə bağlı ümumi məlumat alırıq. "Mikrobiologiya” şöbəsində ərzaq məhsullarının təhlükəsizliyi və yararlılığı yoxlanılır. Şöbənin mütəxəssisləri Pərihan Eyvazova və Nərgiz Həsənova bildirdilər ki, onlar burada su və qida məhsullarında rast gəlinən istər patogen, indikator, istərsə də məhsulların korlanmasına, keyfiyyətinin azalmasına səbəb olan mikroorqanizmlərin təsbitini həyata keçirirlər. Yəni ki, təqdim olunan məhsul xarab olub, yoxsa yox. Yaxud həmin məhsulda insan orqanizmi üçün zərərli olan nələrsə varmı? Hansısa zəhərlənmələrə səbəb olacaq faktorlar ola bilərmi? Bir sözlə, burada mikroorqanizmlərin təyini gedir.

Yerli məhsullarımızda GMO yoxdur
PZR adlanan Polizəncirvari Reaksiya sınaqları şöbəsində məhsulların geni, DNT-si araşdırılır. Şöbənin mütəxəssisi Aynur Quliyeva bildirdi ki, məhsulların Genetik Modifikasiya Olunmuş orqanizmlərin olub-olmadığı araşdırılır, ətin mənşəyini öyrənmək məqsədilə DNT-lərin sınağı aparılır: "Məsələn, hansısa kolbasa və yaxud əti gətirib tərkibini öyrənirlər. Kolbasa nə ətindəndir, yaxud ət gətirirlər ki, bu, hansı heyvanın ətidir? İstehlakçılar isə ətin mənşəyindən tam əmin olmaq üçün müraciət edirlər”.

A.Quliyeva deyir ki, yerli məhsullarımızda GMO yoxdur: "İnsanlarda məlumat azdır deyə, böyük meyvələri gətirib deyirlər ki, GMO-dur. Əslində isə onların pestisidi çoxdur. Azərbaycanda GMO-lu məhsul yaradılmır”

Fiziki-Kimyəvi laboratoriya isə qida məhsullarının tərkibinin öyrənilməsi, qida və enerji dəyərinin qiymətləndirilməsi məsələləri ilə məşğul olur. Məsələn, süd və süd məhsullarında yağlılığın təyini aparılır, əsillilik, nəmlik, turşuluq, sıxlıq və s. ölçülür. Digər məhsullar da tərkiblərinə uyğun yoxlanılır.

Cihaz laboratoriyasında isə qida, yem və sularda ağır metal, sintetik boyalar, konservant, pestisid və s. analizlər həyata keçirilir.

Əsasən fındıq, meyvə şirələri ixrac olunur

T.Abbasova deyir ki, bütün bu şöbələrdə sınaq aparıldıqdan sonra müraciət edən şirkətə sınaq protokolu verilir. Onun əsasında məhsulun texniki şərtləri yazılır: "Sınaqlarımız beynəlxalq standartlara, QOST-lara görə aparılır. Standartlara uyğun olanlar da olur, olmayanlar da. Biz bütün hallarda doğru məlumatı müştəriyə təqdim edirik”.

T.Abbasova deyir ki, ölkəmizdən əsasən fındıq, meyvə şirələri, ən çox da nar şirələri ixrac olunur. Onun sözlərinə görə, Azərbaycan fındığı keyfiyyətli olduğu üçün ixrac cəhətdən rəqabətədavamlıdır. Amma keyfiyyətə əminlik üçün sınaq lazımdır: "Fındıqda aflatoksin adlı zəhərli bir parametr ola bilər. Məhsul düzgün olmayan qaydada, nəm şəraitdə saxlananda bu maddə əmələ gəlir. 2013-cü ildə bizim laboratoriya bu parametri beynəlxalq akkreditə elədi və hazırda bunu dəqiqliklə yoxlayırıq”.

Meyvənin kilosu 3, şirənin litri 1,5 manata
Bəs şirələrimizin keyfiyyəti necədir? Standartlara uyğun gəlirmi? Çünki satışda təbii meyvə şirələri satılır. Meyvənin kilosu 3 manata olur, şirənin litri 1,5 manata. Bəs bu cür məhsullar keyfiyyət standartlarına nə dərəcədə cavab verir? T.Abbasova deyir ki, tərkibinə və hazırlanma üsuluna görə şirələr müxtəlifdir: "Şirələri iki qrupa ayıraq. Birbaşa meyvə sıxılmaqla alınanlar və bərpa edilmişlər. Bərpa edilmiş şirələrin ən azı 60-65 faizi konsentrant olur. Qalanını su ilə bərpa edirlər. Bərpa edilmiş şirənin üstünə tam təbii olduğunu yazanlar da olur. Amma onların normativ sənədləri, standartları fərqlidir. Məsələn, elə təbii meyvə şirəsi var ki, ona şəkər qatmaq olmaz. Bəzən üstünə yazırlar ki, şəkər qatılmayıb, dad və şirinlik təbii meyvənin özünündür. Amma yoxlayanda görürsən ki şəkər qatılıb. Digər faktorlar da həmçinin. Elə nümunələr olur ki standartın tələbinə tam olaraq cavab verir, elələri də olur ki yox. Şirənin tərkibi ilə üzərində yazılan eyni olmayanda dünya bazarına çıxarılması, rəqabətə davamlı olmasından söhbət gedə bilməz”.

Məhsulumuz Avropadan geri qayıtmır
T.Abbasova bildirdi ki, ixrac haqqında düşünülürsə, məhsulun keyfiyyətinə nəzarət, izlənmə davamlı olmalıdır. Əks halda məhsul ölkəyə qaytarılır. Bu isə həm ölkənin imici üçün pisdir, həm də istehsalçı böyük zərərlə üzləşir: "İlk olaraq istehsalçı məhsulunun keyfiyyətli olmasına çalışmalıdır. Sonra bizim kimi laboratoriyalar keyfiyyəti araşdırıb istehsalçılara rəy verirlər, həm də digər ölkələrə gedəndə onsuz, o məhsulun keyfiyyət standartları yoxlanılır. Avropada keyfiyyətə çox güclü nəzarət var. Avropa Birliyinin xüsusi bir saytı var. Orda Avropaya daxil olan məhsulların durumu haqda məlumat verilir. Azərbaycan da orada var. Bir müddət öncə orada Gürcüstanla bağlı böyük qalmaqal yaranmışdı. Fındıq idxal ediblər, amma məlum olub ki, bu araxisiymiş. Bu isə böyük problemdir, çünki orda insanların çoxunun araxisə qarşı allergiyası var. Bizim fındıqəğəmız Avropanın böyük şirkətləri tərəfindən alınır. Əvvəllər belə bir problem olsa da, məhsulumuz indi Avropadan geri qayıtmır”.

Kənd təsərrüfatı məhsullarımızın ixrac imkanları böyükdür
Bir çox qida məhsullarının sınağını keçirdiklərini deyən T.Abbasova bildirdi ki, keyfiyyət cəhətdən kənd təsərrüfatı məhsullarımızın ixrac imkanları böyükdür: "Biz aqrar ölkəyik. Almanlar bura gələndə meyvə-tərəvəzlərimizi çox sevdiklərini deyirlər. İqlim şəraitimiz yaxşıdır, yaxşı sortlar var. Biz burda məhsulların GMO olub-olmadığını ayırd edə bilirik, 100-dən çox pestisidin sınaqlarını aparmaq üçün işlərimiz gedir. Çünki kənd təsərrüfatı məhsulu ixrac edəndə idxal edən ölkə məhsulun pestisid sınağını da tələb edəcək. Orqanikdir yoxsa yox? Çünki orqanik məhsulda pestisid, GMO olmamalı, toksik metalların miqdarı çox aşağı olmalıdır”.

"İnsanların psixologiyasında çox pul qazanmaq fikri var, amma...”

Şirkətlərimiz pul qazanmağa yoxsa keyfiyətə daha çox önəm verirlər? T.Abbasova deyir ki, şirkətlərimizin çoxu keyfiyyət olmadan bazar tapmağın mümkünsüzlüyünü bilirlər: "Beynəlxalq standartları tətbiq edən şirkətlərimizdə keyfiyyət üzrə xüsusi mütəxəssislər var. Onların işi istehsal və idxal etdikləri məhsulların keyfiyyətinə nəzarət etməkdir. Bunun üçün isə daimi olaraq laboratoriya ilə əlaqədə olmaq lazımdır. Məhsulun təhlükəsizliyinə, keyfiyyətinə, əsilliyinə baxırlar. İnsanların psixologiyasında çox pul qazanmaq fikri var. Amma indi bizə müraciət edən bir çox müəssisələr var ki, keyfiyyətə önəm verirlər. Çünki bilirlər ki, rəqabətə davam gətirmək üçün məhsul keyfiyyətli olmalıdır. Əlbəttə qeyri-sağlam rəqabət də ola bilər. Hələ hədəf dünya bazarına çıxmaqdırsa, keyfiyyəti qorumaq artıq qaçılmazdır”.

Aygün Asimqızı

Yazı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər