• cümə axşamı, 28 mart, 23:30
  • Baku Bakı 13°C

Kəssə hər kim tökülən qan izini... Araşdırma Foto

23.05.13 09:24 2481
Kəssə hər kim tökülən qan izini... Araşdırma Foto
Bir neçə il əvvəl yol kənarlarındakı sallaqxanaları yığışdırandan sonra, heyvanların insanların gözünün qarşısında, ictimai yerdə kəsilməsinə də qadağa qoyuldu. Amma buna baxmayaraq, hələ də yol kənarlarında heyvan kəsilməsinə rast gəlinir. Bu, xüsusilə şəhər kənarındakı qəsəbələrdə baş verir. Bu zaman sanitar normalara əməl olunmaması bir tərəfə dursun, heyvan kəsilmə əməliyyatı insanların, xüsusən də uşaqların psixikasına yaxşı təsir göstərmir.
Uşaqlarda psixi sarsıntı yarana bilər
Psixoloq Hüseyn Xəlilov da bizimlə söhbətində bildirdi ki, heyvanların açıq yerlərdə kəsilməsi xüsusilə uşaqlara pis təsir göstərir: “Heyvanların adi günlərdə, xüsusən Qurban bayramında uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil. Qurban bayramı zamanı uşağı buna hazırlamaq, bunun bir qayda, dini mərasim olduğunu izah etmək lazımdır. Amma bütün hallarda bu proseduru uşağın gözü qarşısında etməsək, daha yaxşı olar. Çünki heyvanın kəsilərkən xırıldaması, kəsilərkən çəkdiyi əziyyəti gördüyü zaman uşaqda psixi sarsıntı yaranır. Düzdür, demək olmaz ki, bu, bütün uşaqlara pis təsir göstərir. Bəzi uşaqlar var ki, buna soyuqqanlı baxa bilir. Amma bir çoxu bundan vahimələnir, qorxur. Xüsusilə də sinir sistemi zəif olan uşaqların gözünün qarşısında heyvanların kəsilməsi onlarda daxili qapanma, daxili rahatsızlıq, narahatçılıq yaradır. Belə sarsıntıdan sonra uşaqda nitq qüsuru yarana bilər. Hətta bəzən bundan təsirlənərək ətdən imtina edən uşaqlar da olur”.
H.Xəlilovun sözlərinə görə, bəzi balacaların gözü qarşısında heyvan kəsərkən, bu, onlarda təcavüzkarlıq yaradır: “Yaxud biganəliyin yaranması da mümkündü. Uşaqda insanların bir-birlərinə qəddarcasına davranmasına, ümumiyyətlə, ətrafında, cəmiyyətdə baş verən zorakılıqlara biganəlik yarana bilər. Yaxud da əgər bu hal uşaq üçün adiləşirsə, onda qəddarlıq hissləri hakim kəsilə bilər”.
Qəddarlıq hissi yaradan prosedurdur
Psixoloq Aygün Ağabalayeva da düşünür ki, heyvanların kəsilmə və soyulma prosedurunun insanlar arasında həyata keçirilməsi nəinki, balacalara, böyüklərə də pis təsir göstərə bilər: “Elə insan var ki, yaşından asılı olmayaraq qandan qorxur. Bu tip insanlar yolda heyvanın kəsilib qanının axıdılmasını görərsə özlərindən gedə bilərlər. Mənim 24 yaşlı pasiyentim olub ki, məhz yanında qoyun kəsdiklərinə görə psixoloji sarsıntı keçirib. Hətta, bəziləri illərlə ətə yaxın dura bilmirlər. Uşaqlara isə belə hallar daha tez və pis təsir göstərir. Çünki heyvan canlı olduğuna görə balacalar ona qurban kimi baxmır. Uşaqlar tiplərindən və böyüdükləri şəraitdən asılı alaraq bunu müxtəlif cür qəbul edə bilərlər. Bəziləri sarsıntı keçirə, bəziləri bunu adi hal kimi qəbul edə bilər. Amma ən pisi budur ki, sözügedən proseduru seyr etmək balacalarda qəddarlıq hissi yarada bilər. Hətta uşaqlar həyatı, ölümü tam dərk etmədiklərinə görə öz həmyaşıdlarına, bacı-qardaşlarına bunu tətbiq etmək arzusunda ola bilərlər”.
Aidiyyəti qurumlar kömək etsə...
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, heyvan kəsimi bunun üçün müəyyənləşdirilmiş yerlərdə aparılmalıdır: “İnsanların, xüsusən körpə uşaqların, hamilə qadınların, qocaların, qandan qorxan insanların gözü qarşısında heyvanların kəsilməsi qanunla da qadağandır. Heyvanlar xüsusi məntəqələrdə kəsilməlidir. Baytar həkimlərin nəzarətindən keçib keyfiyyətli olub-olmadığı aydınlaşdıqdan sonra ət ticarət obyektlərinə satılmalıdır. Qanun bunu tələb edir. Əgər bunlar yoxdursa, həmin ətin, ümumiyyətlə, həm satışı, həm də kəsimi qanunla qadağandır”.
Hər rayonun öz ətkəsmə məntəqəsinin olmasını məqbul sayan Y.Xanvəlinin sözlərinə görə, həmin məntəqələrdə heyvanlar həm kəsilməmişdən əvvəl, həm də kəsiləndən sonra müayinədən keçirilməlidir: “Düzdür, şəhərin bütün yerləri bu cür məntəqələrlə təmin edilməsə də, bir neçə yerdə belə kəsim məntəqələri var. Bundan əlavə, Bakı şəhərində 27-yə yaxın baytarlıq sanitariya ekspertiza laboratoriyası fəaliyyət göstərir. Qəssablıq fəaliyyəti ilə məşğul olanlar həmin baytarlıq laboratoriyasına müraciət edib müayinə də etdirə bilərlər.“
Y.Xanvəli təəssüflə bildirdi ki, qəssablar öz xeyirlərini güdmək üçün həmin məntəqələrə getmirlər: “Çünki istəmirlər ki, kəsimdən sonra da kəsdikləri heyvanın əti həkim müayinəsindən keçsin. Bunu etməmək üçün heyvanları özbaşına istədikləri yerlərdə kəsirlər. Bu, yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinə görə, müəyyən olunmamış yerlərdə heyvan kəsənlər cərimə olunurlar. Cərimə ilk dəfə 25 manatdan başlayır və getdikcə qalxır. Yəni bunu bir neçə dəfə təkrar edənlər 125 manat məbləğində cərimə olunurlar. Hətta bu, bir neçə dəfə təkrarlanarsa, həmin sallaqxananın bağlanması, qəssabın fiziki şəxs kimi fəaliyyətinin dayandırılması məsələsi gündəmə gəlir”.
Y.Xanvəlinin fikrincə, tətbiq olunan cərimə çox azdır: “Biz istərdik ki, cərimənin miqdarı artsın ki, bu cür qanunsuz iş görən insanlar belə hallara yol verməsinlər. Amma problem ondadır ki, cərimə olunanlar heç hazırda qüvvədə olan az cəriməni belə ödəmək istəmirlər. Çox vaxt onlara kəsilən cərimələr məhkəmə yolu ilə ödətdirilir. Bu, ən ağrılı yerimizdir. Təəssüf ki, aidiyyəti qurumlar lazımi yerlərdə deyil, insanların gözü qarşısında heyvan kəsən insanlara kəsilən cərimələrin ödənməsi üçün bizə kömək etmirlər. Əgər kömək olsa, bu problemi aradan qaldıra bilərik”.
Lalə Musaqızı

banner

Oxşar Xəbərlər