Kəskin respirator xəstəliklər və qrip

Kəskin respirator xəstəliklər və qrip

Təfsilat
09 Oktyabr 2019, 09:45 137
Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarında artım müşahidə olunur. Kəskin respirator virus infeksiyaları (KRVİ) əsasən hava-damcı yolu ilə ötürülən və tənəffüs yollarının selikli qişasının iltihablaşması ilə xarakterizə olunan, nadir hallarda konyuktivit və ya keratokonyuktivit, eləcə də orta dərəcəli intoksikasiya ilə müşayiət olunan klinik baxımdan bir sıra oxşar kəskin infeksiyaların ümumi adıdır. Kəskin respirator virus infeksiyasının yalnız virus etiologiyalı olması mübahisəli məsələdir, bakterial törədicilər ilə də yoluxma mümkündür. 

Qrip (influenza) əhali arasında adi xəstəlik kimi qəbul edilsə də, potensial olaraq kifayət qədər təhlükəli xəstəlikdir. Hər il qripə milyonlarla insan yoluxur. Hava-damcı yolu ilə ötürülən yüksək kontagioz xəstəlik olub, pnevmotrop RNT tərkibli A, B və C tipli viruslar ilə törədilir. 

Qripin ağırlaşmaları çox təhlükəldir. Bunlara aiddir: otit, haymorit  (qulaq və burun sinuqları); meningit (beyin qişasının iltihabı); traxeit (traxeyaların iltihba); miokardit (ürək əzələsinin ilthabı); pnevmoniya, bronxut (ağciyər və bronxların iltihabı); qolmerulonefrit (böyüərklərin yumaqcıq aparatının iltihabi zədələnməsi).

Yeni H1N1 virusu (Kaliforniya) 

H1N1 qripi(əvvəlki adı «donuz qripi») - bu yeni qrip virusu olub, insandan insana ötürülür. İlk H1N1 virusu 2009-cu ildə Kaliforniyada və Texasda qeydə alınmışdır. Virus çox sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının 8 noyabr 2009-cu il göstəricilərinə görə, dünyada 504 min nəfərdə xəstəlik qeydə alınıb, onların 6260 nəfəri dünyasını dəyişib (ölüm göstəricisi 1,2% təşkil etmişdir). 10 avqust 2010-cu ildə ÜST-ün baş direktoru Marqaret Çenin hesabatında isə bildirildi ki, dünyada H1N1 ilə bağlı vəziyyət post-pandemik kimi qiymətləndirilir. Belə ki, quş qripi 1997-ci ildə Honkonda virusun quşdan insana ötürülməsi ilə qeydə alınmışdır. Xəstələnən hər üç nəfərdən biri həyatını itirib. Cənub-Şərqi Asiyada isə 2004-2005-ci illər H5N1 ştamlarının epidemiyası qeydə alınıb. Hazırda virus donuzlar vasitəsilə ötürülür,  beləliklə, gələcək mutasiyalar üçün daha bir imkan yaranır. 

Səhiyyə Nazirliyinin "İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə” 18.11.2011-ci il tarixli 97 nömrəli əmrinə əsasən, respublika üzrə ağır gedişli respirator virus infeksiyaları və qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilmiş, 2016-2017-ci ilin payız-qış mövsümü ərzində əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. 
 
Müdafiə və vaksinasiya
 
Qripin əsas profilaktik metodu vaksinasiya hesab edilir. Vaksin orqanizmin immunitetini artırır və əhalinin sağlamlığının qorunmasına yardım edir. 2010-cu ilin yanvar ayına olan məlumatlara görə, dünyanın 40-dan çox ölkəsində 150 milyondan çox insan peyvəndlə təmin edilib. Artıq Avropanın 36 ölkəsində pandemik qripə qarşı 51 milyona yaxın insan peyvənd olunub, bu siyahıda hamilələrə xüsusi yer verilib. Peyvənd olunanların 300 mini hamilə qadınlardır. Bu istiqamətdə ölkəmizdə də geniş miqyaslı tədbirlər görülür, peyvəndin əhəmiyyəti haqqında maarifləndirmə işləri həyata keçirilir. Azərbaycanda pandemik A (H1N1) qripi virusuna qarşı vaksinasiya tədbirlərinin təcili həll olunması dövlət tərəfindən əhalinin həyat və sağlamlığının qorunmasına yönəldilən zəruri və vaxtında atılan addımdır. A (H1N1) vaksini Azərbaycana hələ 2010-cu ilin yanvar ayında gətirilib və vaksin tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Prosesin davamlılığına Səhiyyə Nazirliyi tərəfindən birbaşa nəzarət olunur.
 
Vaksinasiya üsulları
 
Qripin vaksinasiyasında iki növ vaksindən istifadə edilir: canlı vaksinlər (Selnovirion inaktivasiya olunmuş) və Selnovirion inaktivasiya olunmuş («Qrippoz inaktivasiya olunmuş ellüat sentrifuqadan keçirilmiş maye vaksin»; «Qruppoz xromatoqrafik inkativasiya olunmuş maye vaksin»). 

Canlı vaksinə qarşı əks göstərişlər: İstənilən səbəbdən olan immunsupressiya; Yumurtaya qarşı güclü allergiya; Aspirin ilə daim müalicədə olan böyüklər və uşaqlar. 

İnaktivasiya olunmuş vaksinasiyaya əks göstərişlər: Yumurtaya qarşı güclü allergiya; Keçmişdə vaksinin istənilən komponentinə qarşı allergiya olduqda; Qızdırma ilə müşayiət olunan kəskin xəstəlik (təxirə salınır). 

Qripin ağırlaşması və vaksinasiyanın tələb edilməsi üzrə yüksək risk qrupuna daxil olan şəxslər: 6 aydan 19 yaşa qədər olan uşaqlar; 50 və daha yuxarı yaşlı şəxslər; Hamilə qadınlar; Ağır xronik xəstəliklərdən əziyyət çəkənlər; İnternatlar, qocalar evlərinin pasientlər və b.; Yüksək risk qrupuna daxil olan şəxslər ilə yaşayan və ya onlara qulluq edən şəxslər; tibb işçiləri;  yaşı 6 aydan az olan uşaqlara qulluq edən şəxslər.

Yalnız bakterial infeksiyalar zamanı antibiotiklərin istifadəsi effektivdir (məsələn, hemolitik streptokokklar). Uşaqlarda antibiotiklər ilə terapiya pnevmoniya və otitlərin tezliyini aşağı salır. Burun-udlaq yolundan selikli-irinli möhtəviyyatın ifraz olunması («yaşıl burun suyu») xəstəliyin bakterial təbiətə malik olduğunu sübut etmir və antibiotiklərin təyin edilməsinə göstəriş deyildir. İltihab əleyhinə və qızdırmasalan preparatlar temperaturun aşağı salınması və xəstənin vəziyyətinin yaxşılaşmasına xidmət edir. Antihistamin preparatlardan I nəsil antihistamin preparatları (dimedrol, suprastin, tavegil) Antixolinergik effekt seliklə qatılaşdığı üçün təbii mukosilliar klirensin pozulmasına gətirib çıxarır, burun boşluğu və sinuslarda selikli qişanın quruluğuna səbəb olur, bronxial sekretin yapışqanlığı artır, onun qovulmasını çətinləşdirir, bronxial obstruksiyanı gücləndirir. II nəsil antihistamin preparatlar (klaritin, erius)- antixolinergik effekt olmur. Yanaşı gedən atopiya və ya xronik sinusit olan xəstələrin müalicəsi üçün tövsiyə edilir. Burun tutulmasına qarşı vasitələr (dekonhestagenlər) aşağıdakı növlərdən ibarət olur: qısa təsirli (4-6 saata qədər) - nafazolin, tetrizolin və indanazolin (8-10 saat); orta davametmə təsir müddəti (8-10 saat) - ksilometzolin (otrivin, ksimelin, dlyanos); uzun müddətli təsirlər (12 saata qədər)- aksimetazolin. KRX və qrip  zamanı C vitaminin böyük dozada təyin edilməsi tövsiyə edilir, sutka 1q dozada qəbul edildikdə 0,5 günə xəstəliyin davametmə müddətini azaldır və təhlükəsiz hesab edilir. 

Beləliklə, hər bir xəstəlikdən, eləcə də kəskin respirator virus infeksiyaları və qripdən qorunmağın ən yaxşı vasitəsi vaxtında aparılan profilaktik tədbirlər və peyvəndlərin vurulmasıdır. Bu səbəbdən çalışın xəstələməyəsiniz. Müasir tibb istənilən xəstəlik yaranmazdan əvvəl onunla mübarizə aparmağa imkan verir. Ona görə də xəstələnməzdən əvvəl sağlamlığınızın qeydinə qalın. Sağlam bədən insanın ən böyük hədiyyəsidir. 
 
Könül Cəfərova
Azərbaycan Tibb universiteti
Yoluxucu Xəstəliklər kafedrasının dosenti