• cümə, 29 Mart, 18:52
  • Baku Bakı 14°C

Keseniya Sobçak prezident olmaq istəyir

20.10.17 09:00 2567
Keseniya Sobçak prezident olmaq istəyir
Rusiyalı teleulduz, müxalifət fəalı kimi ad çıxarmış Kseniya Sobçak gələn ilin mart ayında keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək qərarını verib. Beləliklə də, o bu barədə hələlik dəqiq niyyətini bildirməyən, lakin seçkidə iştirak etməyəcəyi az şübhə doğuran Vladimir Putinin rəqibi olacaq. Məşhur müxalif "Dojd” telekanalının aparıcısı müraciətdə özünü "hamıya qarşı namizəd” adlandırıb. Özünün İnstagram hesabından yaydığı qısa videomüraciətdə Sobçak bildirir ki, onun namizədliyi etiraz səslərinin – "hamının əleyhinə olan səslərin” cəlb edilməsinə xidmət göstərəcək.
Videomüraciətdə Sobçak deyib: "Mənim 36 yaşım var və mən də bütün Rusiya vətəndaşları kimi prezident seçkisində iştirak etmək hüququna malikəm. İndi bu hüququmdan istifadə etmək qərarına gəlmişəm”. Əynində kip oturan açıq mavi köynək, gözlərində brend eynək olan Sobçak məqsədlərini izah edərək deyib ki, "o hamının əleyhinə səs vermək imkanını insanlara qaytarmaq” istəyir: "Onlar nə vəd edirlərsə-etsinlər, nə deyirlərsə-desinlər, biz bunun əleyhinə, hamının əleyhinə olacağıq”.
Sobçakın qərarı ölkə başçısı postunda 17 ildir rəqibsiz oturan Vladimir Putinin qarşısına az-çox tutarlı rəqib çıxarmaq cəhdi kimi görünür. Putin bu seçkidə dördüncü müddət prezidentlik uğrunda mübarizə aparacağına işarə etsə də, bu barədə rəsmi qərarını elan etməyib. Rusiya müxalifətinin liderlərindən olan antikorrupsiya kampaniyaçısı Aleksey Navalnı rusiyalılar, xüsusilə də gənclər arasında kifayət qədər nüfuza və tərəfdara malik olsa da, onun bu seçkiyə buraxılmayacağı gözlənilir. Navalnı özünün bir neçə hay-küylü video reportajlarında Rusiya hakimiyyətinin yuxarı eşelonlarındakı fiqurları hədəfləyir. Rusiya məhkəmələrinin onun barəsində qəbul etdiyi siyasi motivli hökmlər Navalnının seçkidə iştirakını mümkünsüz edir. Bundan bir qədər əvvəl Kremldən qaynaqlanan bəzi məlumatlarda bu seçkidə Putinə qarşı qadın namizədin çıxış edəcəyi söylənilirdi.
Xanım Sobçak iddia edir ki, o, gözlənilməz namizəddir və namizədliyi qəbul edilməyən müxalifət lideri Aleksey Navalnını dəstəkləyir. Ancaq Navalnı ona namizəd olmaması ilə bağlı xəbərdarlıq edib. Bu səbəbdən indi bəzi şərhçilər müxalifət parçalanmasının mümkünlüyünü təxmin edirlər. Kreml Sobçakın namizədliyini qəbul edərək, bunun "tamamilə konstitusiya uyğun olduğunu” söyləyib. Navalnı hazırda "icazəsiz” etiraz aksiyaları təşkil etmək ittihamı ilə 20 günlük həbs cəzası çəkir. O, saxta adlandırdığı fırıldaqçılıq məhkumluğu səbəbiylə seçki prosesindən uzaqlaşdırılıb.
Jurnalist və televiziya aparıcısı Kseniya Sobçak Navalnının namizədliyinə tətbiq olunan qadağanın götürülməsinə çağırıb. "Mən inqilaba qarşıyam, amma yaxşı vasitəçi və təşkilatçıyam”, - xanım Sobçak gündəlik "Vedomosti” biznes saytında dərc olunmuş məktubunda yazır. Rusiyada seçki kampaniyası siyasi partiyaların öz namizədlərini bəyan edəcəyi qurultayların başlaması ilə, yəni təxminən 7 dekabrdan etibarən start götürür. Siyasi partiya tərəfindən dəstəklənməyən bir Rusiya vətəndaşı ən azı 300 min imza toplayaraq prezidentliyə müstəqil namizəd kimi qeydə alınmaq hüququna malikdir.
Bir vaxtlar Rusiyanın "Peris Hiltonu” adlandırılan Kseniya Sobçak 1991-96-cı illərdə Sankt-Peterburqun meri olmuş Anatoli Sobçakın qızıdır. Anatoli Sobçak isə siyasət aləmində Putinin müəllimi hesab olunur. Sankt-Peterburq Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olan Kseniya bir müddət sonra təhsilini Moskva Dövlət Universitetində davam etdirib. "Rusiyanın Peris Hiltonu” ləqəbli Sobçak, "Dom-2” adlı populyar tanışlıq realiti şousu ilə şöhrət qazanıb. O, 2012-ci ildə Vladimir Putinə qarşı etiraz aksiyalarına qoşulmaqla, təəccüb yaradıb. "Forbes” jurnalının araşdırmasına görə, onun təkcə 2008-2009-cu illər ərzində gəliri 1.2 milyon dollar olub. Bundan başqa, o, 2009-cu ildə 1 milyon dollara "Avroset” mobil operatorunun səhmlərinin 0,1%-ni satın alaraq ildə 2 milyon dollar qazandığını etiraf edib. Qalmaqallı jurnalist Moskvada "Bublik” kafesinin və "Tverbul” restoranının da ona məxsus olduğunu etiraf edib.
Gənc xanımın şəxsi həyatı da hər zaman qalmaqallı olub. Doğrudur, heç zaman rəsmi nikahda olmayıb. Amma həyatında daim yaraşıqlı, xüsusən də maddi imkanlı insanlar yer alıb. Son olaraq2012-ci ilin iyununda onun biznesmen İlya Yaşinlə yaxın münasibətlərinin yaranması barədə xəbər yayıldı. Elə həmin vaxt bunu təkzib edən Sobçak öz bloqunda heç vaxt ailə qurmayacağını bildirib: "Ailə həyatı mənlik deyil, balaca uşaqları isə heç sevmirəm. Əgər sənin normal həyatın varsa, təhsil, pul və bütün imkanları da əldə edirsən. O halda sən öz həyatını uşaq əskilərinə, borşa və ev qayğılarına sərf etməməlisən”. Sobçakın karyerası da uğursuz sayılmaz. Son olaraq SNS jurnalının redaktoru olaraq işləyib.Ali məktəbi bitirəndən sonra Kseniyaya diplomatlıq təklif edilsə də, o bundan imtina edib. Deyib ki, hansısa ölkədə diplomat, ya da Xarici İşlər Nazirliyində məmur olmaq onun üçün maraqlı deyil. Bundan başqa, o bir neçə filmdə çəkilib, kitab çıxarıb.2006-cı ilin mayında isə "Hamı azadlıqdadır” adlı gənclər təşkilatı yaradıb.
Kseniyanın insani keyfiyyətləri ilə bağlı birmənalı fikir yoxdur. Bir çoxları onun haqqında eqoist, başqaları isə zəhmətkeş deyir. Özü isə deyir ki, sutkada 16 saat işləyir. "İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, ona daHitler qədər nifrət edirlər: "Əgər insan ambisiyalı, ağıllı və uğurludursa, kiminsə ona nifrət etməsi qaçılmazdır”. Sobçak soyadı onların ailəsinə polyak əsilli babalarından yadigar qalıb. Anatoli Sobçakın digər babası çex mənşəli idi. Nənələrindən isə biri ukraynalı, digəri rus mənşəli olub.
Onu da qeyd edək ki, 2012-ci il mayın 6-da Rusiya müxalifətinin Moskvada keçirdiyi mitinqdə xanım Sobçak həbs olunur. Bir gün sonra azadlığa çıxan telejurnalist yenə də siyasi fəaliyyətini davam etdirir. 2012-ci ilin 12 iyununda isə onun evində axtarış aparan polis Kseniya Sobçaka məxsus 1 milyon avro vəsaiti müsadirə edir. Sentyabra qədər davam edən qeyri-müəyyənlikdən sonra onun pulu özünə qaytarılır.
Ekspert və siyasi dairələrdə Sobçakın namizədliyinə qarşı münasibət burmənalı deyil. Bəziləri onun uğur qazanmaq şansının sıfır olduğunu, digərləri müxalifəti parçalamaq üçün ortaya atıldığını, digərləri isə ümumiyyətlə onun prezidentliyə bir şou kimi baxdığı qənaətindədir. İstənilən halda, bu yenilikdir. Belə ki, Rusiya tarixində ilk dəfədir ki, prezidentliyə bir qadının namizədliyi irəli sürülür.
Kamran
banner

Oxşar Xəbərlər