• cümə, 29 Mart, 03:11
  • Baku Bakı 7°C

Kernoqatzın canavarları

07.11.16 10:46 2311
Kernoqatzın canavarları
– Bu mülklə bağlı qədim əfsanə var? – Konrad bacısından soruşdu.
Konrad Hamurqda imkanlı, uğur qazanmış bir tacir idi. O düşüncə tərzinə görə o biri ailə üzvlərindən tamam fərqlənirdi. Romantik idi.
Baronessa Qruebel ətli çiyinlərini çəkib dedi:
– Belə köhnə mülklərlə bağlı həmişə əfsanələr danışırlar. Belə əfsanələri quraşdırmaq çox da çətin deyil, onların heç bir mənası yoxdur. Bizim mülkə aid də bir əfsanə danışırlar. Guya bu mülkdə bir nəfər öləndə kənddə olan bütün itlər və meşədəki canavarlar bütün gecəni ulayır. Belə əfsanəyə qulaq asmaq maraqlı deyil, elədir?
– Mən bu əfsanənəyə qulaq asmaq istəyərdim. Məncə çox qəribə, həm də romantik olar, – Hamburqlu tacir dedi.
– Hər halda, həqiqət deyil, – baronessa özündən razı halda dedi. – Çünki bu biz mülki alandan bəri belə şey görməmişik. Keçən yazda qoca qaynanam öləndə gecə biz qulaq asdıq ki, itlər və canavarlar ulayacaqmı, amma heç nə eşitmədik. Belə əfsanələrin heç bir mənası yoxdur, mülkün nüfuzunu artırmaq üçün uydurublar.
– O əfsanə heç də sənin dediyin kimi deyil, – Amaliya, ağsaçlı, qoca mürəbiyyə dedi.
Onun səsini eşidəndə hamı dönüb təəccüblə ona baxdı. Çünki o həmişə stol arxasında çox ciddi oturmağa vərdiş etmişdi, kimsə onu dindirməsəydi heç vaxt danışmazdı. Evdə də onunla söhbət etməyə can atan yox idi. Görəsən, bu gün ona nə olmuşdu ki, o ev adamlarıyla söhbət etmək istəyirdi?
Beləcə, o tez-tez və əsəbi halda əfsanəni danışmağa başladı. Danışarkən düz qabağa baxırdı, hiss olunurdu ki, konkret olaraq heç kimə müraciət etmir:
– Yox, əfsanədə deyilmir ki, mülkdə yaşayan hər hansı adam öləndə itlər və canavarlar ulaşır. Kernoqatz ailəsinin bir üzvü bu mülkdə ölüm ayağında olanda yaxınlıqda və uzaqlarda olan canavarlar meşənin qırağına toplaşıb ulayırmış.
Meşənin bu hissəsində çox canavar yuvası yoxdur, amma mülkün mühafizəçiləri deyirdi ki, həmin gecə çoxlu canavarlar toplaşıbmış mülkün ətrafına, hamısı da bir yerə toplaşıb ulayırmış. Mülkün həyətində, kənddə, ətrafda olan bütün fermalarda olan itlərin hamısı canavarların səsinə səs verib vahiməylə hürürmüş. Can verən adamın ruhu bədəndən çıxan kimi isə müklün ətrafındakı ağaclardan biri aşarmış. Bəli. Qoca Kernaqatz öz dədə-baba mülkündə öləndə belə olub. Əlbəttə, bu mülkdə yad adam öləndə nə bir canavar ulayar, nə də ağac aşar. Yox, heç vaxt belə olmaz!
Onun son sözündə qəribə bir çağırış, qəribə bir nifrət vardı.
Kök, yaxşı bəzənib-düzənmiş baronessa köhnə, dəbdən düşmüş paltar geyən qoca qadına nifrətlə baxdı, çünki bu qadının danışıq tərzi onun bu ailədə tutduğu mövqeyə layiq deyildi.
– Freyleyn Şmidt, deyəsən, sən Kernoqatz əfsanələri haqda çox şey bilirsən, – baronessa sərt-sərt dedi. – Mən heç bilmirdim ki, sənin ailə tarixçələri sahəsində də təcrübən varmış.
Mürəbiyyənin cavabı onun söhbətə müdaxiləsindən daha gözlənilməz və təəccüblü oldu:
– Mən özüm Kernoqatz ailəsinin bir üzvüyəm, – qoca qadın dedi. – Mən ailə tarixçəsiini buna görə yaxşı bilirəm.
– Nə? Sən Kernoqatz ailəsindənsən? – ikisi də xorla soruşdu.
– Bizim ailə müflis olanda, – qoca qadın sözünə davam etdi – və mən də məcbur olub, evlərə gedib dərs verməyə başlayanda özümə başqa familiya götürdüm. Fikirləşdim ki, belə olmağı daha münasibdir. Mənim babam hələ uşaq olanda bu mülkdə yaşayıb, atam da əlbəttə, bu barədə mənə çox şey danışardı. Ona görə də də mən ailəmiz haqda əfsanələri, hekayələri bilirdim. Adamın xatirələrdən başqa heç nəyi olmayanda bu xatirələri daha yaxşı qoruyur, xatirələrin tozunu daha tez-tez alır. Mən sizin ailədə mürəbbiyə işləməyə başlayanda heç vaxt ağlıma da gəlməzdi ki, siz nə vaxtsa bizim köhnə evimizi alacaqsınız, mən də sizinlə bərabər bu evə köçərəm. İstəməzdim ki, belə olsun.
Qoca qadın söhbətini qurtaranda araya dərin sükut çökdü və baronessa ailə tarixçələri haqda söhbəti dəyişib, daha maraqsız şeylərdən danışdı. Amma az sonra qoca qadın öz işiylə məşğul olmaq üçün otaqdan çıxıb gedəndən sonra ona lağ edib ələ salmağa başladılar.
– Onun hərəkəti lap ədəbsizlik idi, – baron hirsli-hirsli dedi. – Bizim stol arxasında bu qadın öz xəyallarından danışır. Sanki o bizə demək istəyirdi ki, biz heç kimik, mən onun sözlərinin bircəciyinə də inanmıram. O Şimdtdir, vəssəlam! O Karonqatzların tarixçəsini kəndlilərə o qədər danışıb ki, indi də özünü o ailənin bir üzvü hesab edir.
– Bununla o özünün guya əsil-nəcabətli ailədən olmağını sübut etmək istəyir, – baronessa sözünə davam etdi.– O bilir ki, qocalıb, tezliklə işini itirəcək, ona görə də bizim rəğbətimizi qazanmaq istəyir. Buna bax, atası guya Karneqatz olub!
Baronessanın da iki babası vardı, amma o heç vaxt onlardan danışıb lovğalanmırdı.
– Cürət edib deyərdim ki, onun babası bu mülkdə nə vaxtsa nökər olub, ya da bu kimi başqa işdə olub – baron istehzayla dedi. – O mənada babasının o evdə işləməsiylə bağlı dediyi söz həqiqət ola bilər.
Hamburqlu tacir heç nə demədi. Qoca qadın xatirələrini danışanda tacir onun gözlərində yaş görmüşdü. Tacir həm də düşünürdü ki, bəlkə qadın öz xatirələrini yox, xəyallarını danırdı.
– Yeni il bayramından sonra ona xəbərdalıq edəcəm ki, özünə başqa yerdə iş tapsın, – baronessa dedi – o vaxta qədər mən onsuz işlərimi yoluna qoya bilmərəm.
Baronessa belə desə də mürəbiyyəsiz də keçinə bildi, çünki Milad bayramından sonra havalar çox soyuq keçdi, qoca qadın xəstələndi, yatağa düşdü.
– Bəlkə də o xəstə deyil, məni hirsləndirmək üçün yatağa girib, – köhnə ilin son gecələrindən birində baronessa buxarı ətrafında oturan qonaqlarına dedi. – Onun bizimlə işlədiyi bu neçə il müddətində mən heç vaxt onun ciddi xəstələndiyini görməmişəm. Demək istəyirəm ki, xəstələnsə də həmişə öz işiylə məşğul olub. İndi isə, hər gün evə çoxlu qonaqların gəlib-getdiyi bir vaxtda o bütün günü yataqda dincəlir. Düzdür, o çox arıqlayıb, rəngi solğundur, hər halda, onun bu vaxtda xəstələnməsi narahatlıq yaradır.
– Hə, əlbəttə, çox narahatlıq yaradır, bankir arvadı da baronessanın sözünə qüvvət verdi. – Düzdür, havalar çox soyuq keçir, qoca adamlar dözə bilmir. Bu il həmişəkindən çox sərt keçir.
– Neçə illərdir ki, dekabr ayında belə güclü şaxta olur, – baron da sözə qarışdı.
– Həm də o çox qocadır, – baronessa dedi. – Kaş ki, bir neçə həftə əvvəl onu işdən çıxarardım, xəstəliyə tutulmazdan qabaq gedərdi bizim evdən. Eh, Vappi, nə durmusan yanımda? Kənara çəkil!
Baronessa söhbət edəndə evdəki balaca iti rahat yerindən çıxıb divanın altına girib titrəyirdi. Eyni vaxtda mülkün həyətindəki itlər də hürməyə başladılar. Kəndin o başından da itlərin hürüşməsi eşidilirdi.
– Bu heyvanları nə hürküdüb? Onlar niyə belə hürüşür? – baron soruşdu.
Elə bu vaxt stol ətrafında oturan adamlar sakit dayanıb itlərin hürüşməsinə qulaq asanda canavarların da uladığını eşitdilər. Hətta canavarların səsi daha yaxından, mülkün ətrafından gəlirdi.
– Canavarlar! – baron qışqırdı.
İndi canavarların səsi kəndi başına götürmüşdü.
– Yüzlərlə canavar, – güclü təxəyüllü olan Hamburq taciri dedi.
Baronessa heç nə demədən qoca mürəbiyyəinin soyuq, qaranlıq otağına getdi. Gördü ki, mürəbiyyə ömrünün son anlarını yaşayır. Havanın soyuq olmağına baxmayaraq otağın pəncərəsi açıq idi. Baronessa təəccüblədi, tez pəncərəni bağlamaq istədi.
– Qoy pəncərə açıq qalsın, – qoca qadın zəif səslə dedi.
Onun səsi zəif olsa da sanki baronessaya əmr verirdi. Neçə illər ərzində baronessa onun səsində belə sərtlik hiss etməmişdi.
– Axı sən soyuqdan ölərsən? – baronessa onu razı salmaq istədi.
– Mən onsuz da ölürəm, – qadın var gücünü toplayıb dedi. – Mən musiqi dinləmək istəyirəm. Onlar uzaq yol gəliblər ki, mənim nəslim üçün ölüm musiqisi oxusunlar. Nə yaxşı ki, onlar gəliblər. Mən dədə-baba mülkündə ölən sonuncu Kerneqatzam. Bir qulaq asın, görün onlar necə bərkdən ulayır!
Canavarın ulaşması indi lap yaxından gəlirdi. Qoca qadın çarpayıda uzanıb dinləyir, hiss olunurdu ki, özünü çox xoşbəxt hesab edir.
– Otaqdan çıxın, – mürəbiyyə baronessaya dedi. – Daha tək deyiləm. Mən bu böyük nəslin ən sonuncu...
– Məncə o can verir, ölüm ayağındadır, – yenidən qonaqlarının yanına qaydanda baronessa dedi. – Gərək həkim dalınca adam göndərək. Hələ bu canavarların ulaşması! Belə ölüm musiqisi üçün çoxlu pul xərcləyərdim!
– Bu ölüm musiqisini pulla almaq olmur, – Konrad dedi.
– Bir qulaq asın! O nə səsdir? – baron ayağa qalxıb dedi.
Şaqqıltı səsi gəlirdi. Deyəsən, mülkin ətrafındakı ağac yerə aşmışdı.
Araya dərin sükut çökdü. Sükutu bankir arvadı pozdu:
– Ağacların belə aşmasına səbəb soyuqdur. Eləcə də soyuğa görə bu qədər canavarlar ulaşır. Mən neçə ildə hələ belə soyuq görməmişəm.
Baronessa onun sözləriylə razılaşdı. Bir azdan evə gələn həkim də dedi ki, qoca mürəbiyyənin ürəyinin dayanmasına səbəb pəncərənin açıq olması olub.
Qəzetlərdə mürəbiyyənin ölümüylə bağlı bildiriş isə heç pis deyoldi. Aşağıdakı sözlərlə başlayırdı:
"Dekabrın 29-da baron və baronessa Qrubel ailəsinin neçə illər ən hörmətli dostu olan Amaliya Karneqats, Şlos Karneqarts küçəsində...”
İngiliscədən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər