• cümə axşamı, 28 mart, 15:42
  • Baku Bakı 16°C

Kərimov müəmması

31.08.16 13:53 1692
Kərimov müəmması
Artıq bir neçə gündür ki, bütün dünyanın diqqəti Özbəkistana, daha dəqiq desək, bu ölkənin prezidenti İslam Kərimovun ölümü barədə yayılan ziddiyyətli xəbərlərə yönəlib. Ziddiyyətli və qarışıq, bir-birini təkzib edən xəbərlər dünya mediasını bürüyüb.
"Ferqana” agentliyinin baş redaktoru Danil Kislov israr edir ki, Daşkənddən verilən təkziblərə baxmayaraq, xəbər dəqiqdir. D.Kislov bildirib ki, İ.Kərimovun ölümü haqda rəsmən xəbər yaymaq mürəkkəb işdir, çünki Özbəkistanda qapalı informasiya mühiti hökm sürür. "Özbəkistan prezidentinin ölüm xəbəri təsdiqini tapmayıb. Bu barədə yeni məlumat yoxdur”. Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə olan məlumatları şərh edərkən deyib: "Yeni şərhlər yoxdur. Biz bilirik ki, təsdiqini tapmayan müxtəlif məlumatlar yayılıb. Hazırda biz hər hansı yeni məlumata malik deyilik. Yalnız onu deyə bilərik ki, bu gecə yayılmış ölüm xəbəri özünün təsdiqini tapmayıb”. D.Peskov bildirib ki, Moskva müntəzəm olaraq Özbəkistanla əlaqə saxlayır: "Biz həm diplomatik, həm də rəsmi kanallarla daimi əlaqə saxlayırıq. Bizm sıx ikitərəfli əlaqələrimiz var”.
İ.Kərimovun ölümü ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur. Qeyd edək ki, sentyabrın 1-də Özbəkistanın Müstəqillik Günüdür və prezidentin vəfatı haqda xəbərlərin yayılmasına baxmayaraq, hazırda Daşkənddə sakitlikdir, küçələr bayraqlarla bəzədilib. İ.Kərimovun yerləşdirildiyi xəstəxananın və prezident iqamətgahının ətrafına isə kilometrlərlə radiusda ordu və polis qüvvələri düzülüb.
Kərimovu kim əvəzləyəcək?
Hazırda ən çox müzakirə olunan məsələ Özbəkistan prezidenti postunu kimin tutacağıdır. Əsas namizəd baş nazir Şövkət Mirzəyevdir. Digər potensial namizəd isə maliyyə naziri Rüstəm Əzimovdur. Bu arada Rüstəm Əzimovun ev dustağı edildiyi haqda xəbərlər yayılıb və dərhal da təkzib olunub. Özbəkistan Maliyyə Nazirliyindən bildiriblər ki, nazir hazırda yerindədir, həbs olunmayıb.
Yeri gəlmişkən, "Stratfor” Araşdırmalar Mərkəzi də yazır ki, İ.Kərimovu əvəzləməyə ən real namizəd baş nazir Ş.Mirzəyevdir, çünki o, ölkənin iki güclü klanından birini – Səmərqənd klanını təmsil edir. "Özbəklər də ona etibar edirlər. Amma Daşkənd klanının da dinc durmayacağı görünür. Onların rəhbəri, təhlükəsizlik xidmətinin şefi Rüstəm İnoyatov ölkədə prezidentdən sonra ikinci şəxs sayılır. R. İnoyatov Ş.Mirzəyevin yüksəlişinə qarşı çıxıb. Ola bilsin, ikisi başqa bir namizəd, məsələn, baş nazirin müavini Rüstəm Əzimovla bağlı razılığa gəlsinlər. Ya da mümkündür ki, hakimiyyəti bölüşdürməyə razılaşsınlar, Ş.Mirzəyev prezident postunu tutsun, R.İnoyatov pərdəarxası hakimiyyətə yiyələnsin”, - deyə təhlildə vurğulanır. Mərkəz qeyd edir ki, İ.Kərimovun taleyi regionda geniş dəyişikliklərə təkan verə bilər: "O, həm Əfqanıstanla sərhəddəki sabitsizliyi, həm də qonşu Qırğızıstanla gərginliyi yatırtmağa çalışırdı. Yoxluğu isə bu problemləri alovlandıra bilər. Üstəlik, Özbəkistanın daim yürütdüyü neytrallıq siyasəti də dəyişə bilər. İ.Kərimov ölkəsinin Rusiya, Çin və Birləşmiş Ştatlarla münasibətlərini uğurla balanslaşdırırdı. Kreml bu ölkəni müxtəlif alyanslarda iştiraka çağırsa da, buna qarşı duruş gətirirdi. Ş.Mirzəyevin Moskvayla daha dərin əlaqələrinin olduğu bildirilir. Amma o da hakimiyyətə gələrsə, ölkənin neytrallığını tələb edən qüvvələrlə mübarizə aparmalı olacaq”.
Kərimovun vəzifədən kənarlaşmasından itirənlər olacaq
Müəllif Reid Standiş qeyd edir ki, İ.Kərimovun xəstəxanaya yerləşdirilməsi və ölkədə siyasi keçid ehtimalının güclənməsi Özbəkistanda, eləcə də Mərkəzi Asiyada böyük iqtisadi və təhlükəsizlik problemlərinin yaşandığı bir dönəmə düşür. "Prosesin nə qədər hamar gedəcəyindən asılı olmayaraq, İ.Kərimovun vəzifədən kənarlaşmasından itirənlər olacaq”, - deyə Milli Müdafiə Universitetində professor köməkçisi Erica Marat "Foreign Policy” dərgisinə bildirib: "Ölkədə varisliklə bağlı heç bir hazırlıq görülməyib, açıq seçki təcrübəsi də yoxdur. Bu səbəbdən, hakimiyyətə kim gəlsə, eyni siyasi repressiyanı, sərt metodları davam etdirəcək”. Yazıda qeyd olunur ki, vaxtilə prezidentin qızı Gülnarəyə varis kimi baxırdılar. Amma onun adı İsveçdə və İsveçrədə korrupsiya qalmaqalında çəkiləndən sonra gözdən düşdü və hazırda Daşkənddə ev dustağıdır. Müəllif qeyd edir ki, Özbəkistanda, onsuz da, durum həssasdır. İki böyük maliyyə tərəfdaşı olan Rusiya və Çindəki iqtisadi təlatümlər bu ölkəyə təsirsiz ötüşməyib. Üstəlik, ölkədə radikal islamçılıq problemi var. Siyasi müxalifət sıxışdırılıb, ekstremist qruplar narazılıqdan ötrü nəfəsliyə çevrilib. Özbəkistan İslam Hərəkatı hökuməti devirib Mərkəzi Asiyada xilafət qurmaq istəyirdi. Bu hərəkat Mərkəzi Asiyadan sıxışdırılıb çıxarıldı və fəaliyyətini Əfqanıstana və Pakistana yönəltdi. Amma 2014-cü ildə "İslam Dövləti” (İŞİD) qruplaşmasının yüksəlişindən sonra onlar da fəallaşdılar.
25 illik rəhbərlik
Beləliklə, Özbəkistana 25 il rəhbərlik etmiş bir şəxs tarix səhnəsini tərk edir. Bəs o necə prezident olub? Onun hakimiyyəti dövründə sadə özbəklər necə yaşayıblar? Onun dostları, düşmənləri kimlərdir? 1989-cu ildə Özbəkistan lideri Rafik Nişanov Moskvaya - yüksək vəzifəyə dəvət olunanda onun postunu Kərimova həvalə etmişdilər. İslam Kərimov keçmiş sovet respublikalarının rəhbərləri arasında özünə prezident titulu götürən ilk lider idi. Onu prezident olaraq Özbəkistan SSR-in Ali Soveti 1990-cı ilin 24 martında seçmişdi. İ.Kərimovun hakimiyyəti illərində ən qanlı faciə 2005-ci ilin mayın 13-də Əndican şəhərində keçirilən nümayişin dağıdılması olub. Burada silahsız kütlə hökumət qoşunları tərəfindən mühasirəyə alınmış və onlara atəş açılmışdı. Rəsmi məlumatlara görə, hadisə zamanı 187 nəfər həlak olmuşdu. O vaxt minlərlə insan Əndicanın mərkəzi meydanına yığılaraq həyat şəraitinin yaxşılaşdırılmasını və onlara vətəndaş haqlarının verilməsini tələb edirdi. İ. Kərimov iddia edirdi ki, Əndicanda islam qiyamı cəhdi edilib, lakin kütləyə atəş açmaq əmri verilməyib. İndiyədək xarici mətbuatda Özbəkistanda baş verən insan haqları pozuntuları barədə məlumatlar dərc olunur. Xəbər verilir ki, fərqli düşüncənin qarşısı alınır, siyasi məhbuslara işgəncələr verilir.
İ.Kərimovun oğul övladı yoxdur. İ.Kərimov ailəsinin ən tanınmış üzvü onun böyük qızı Gülnarədir. Bir vaxtlar o, Mərkəzi Asiyanın ən nüfuzlu adamlarından biri sayılırdı. Bizneslə məşğul olur, müğənnilik edir, Nyu- Yorkda öz geyimlərindən ibarət kolleksiyaların nümayişini keçirirdi. Prezident ailəsinin digər üzvləri barədə məlumatlar azdır. Onun kiçik qızı Lola "Sən tənha deyilsən” adlı xeyriyyə fonduna rəhbərlik edir. Bu fond ürək qüsurlarından əzab çəkən uşaqlara yardım göstərir. İ.Kərimovun arvadı Tatyana haqqında az qala heç nə bilinmir.
Əhalinin 10 faizi xaricdə işləməyə məcburdur
İ.Kərimovun zamanında bir çox böyük müəssisələrin işi dayanıb. Son vaxtlarda qaz və elektrik fasilələrlə verilir. Milli valyuta olan sum qeyri-sabit olaraq qalır. Buna baxmayaraq, Özbəkistan təbii sərvətlərlə zəngindir. Ölkə neft və qaz ixrac edir, habelə dünyanın 5 pambıq ixracatçısından biridir. Qızıl ehtiyatlarına görə Özbəkistan dünyada 4-cü, onun hasilatına görə isə 9-cu yerdədir. Ekspertlərin qiymətləndirməsinə görə, ölkədə biznes mühiti qeyri-qənaətbəxşdir. Ölkədəki iqtisadi çətinliklər üzündən əhalinin 10 faizi xaricdə işləməyə məcburdur. Onlardan 58 faizi Rusiyada işləyir. Bundan başqa, özbəklər qazanc üçün Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Avropa ölkələrinə üz tuturlar. Rusiya Özbəkistanın ən mühüm siyasi və iqtisadi tərəfdaşı olaraq qalır. 2014-cü ilin dekabrında Rusiya və Özbəkistan arasında maliyyə öhdəliklərinin qarşılıqlı tənzimlənməsinə dair saziş imzalanıb. Bu sazişə görə Moskva Daşkəndin borclarının 95 faizini, başqa sözlə, 860 milyon dollardan çox borcunu silib. Rusiya həm də Özbəkistanın əsas ticarət tərəfdaşıdır: Özbəkistanın xarici ticarətinin 27,5 faizi Rusiya ilədir. Tacikistan Özbəkistan hakimiyyətinin ən çətin münasibətlərə malik olduğu ölkə sayılır. İki ölkə arasındakı münasibətləri son illərdə hətta "soyuq müharibə” adlandırıblar. Özbəkistan Düşənbənin demək olar ki, bütün su-enerji təşəbbüslərinə qarşı çıxır və Tacikistan və Qırğızıstanda su-elektrik stansiyalarının tikilməsi əleyhinədir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər