• cümə, 29 Mart, 17:56
  • Baku Bakı 14°C

“Kəndimizə dizin-dizin, sürünərək gedəcəyəm”

28.11.20 11:00 2107
“Kəndimizə dizin-dizin, sürünərək gedəcəyəm”
Mahir Şükürov: "Bizə ev-eşik yox, torpaq lazımdır, o şəraiti, o Ağdamı yenə də quracağıq”

27 il öz kəndinə, el-obasına həsrət qalıb. O qədər həsrət ki, kəndinin qoxusunu almaq, özünün də dediyi kimi, nəfəs almaq üçün kəndlərinə yaxın olan əraziyə gedirmiş. Bəzən də boylanıb kəndinə baxar, uşaqlığını xatırlayarmış. Amma indi sözün əsl mənasında nəfəs alır, yaşadığını hiss edir. Çünki artıq torpağı, vətəni düşmən tapdağı altında deyil. O, öz nəfəsinə, torpağına, Ağdamına qovuşub.
Müsahibimiz Ağdam rayonunun Şotlanlı kənd sakini Mahir Şükürovdur. Uşaqlığı, həyatının 17 ili Ağdamda keçib. Deyir ki, ömrünün ən gözəl illəri də məhz o dövrə təsadüf edib və orada donub: "Uşaqlığım Şotlanlıda keçib. O kəndin sakini olduğum üçün o qədər fəxr edirdim ki... O qədər ləzzət edirdi ki, mənə uşaqlıq illərim... 27 ildir ki, Bakıda o günlərə həsrətəm. Torpağımın qoxusuna, havasına, uşaqlığımın keçdiyi o yerlərə həsrətəm”.
Həmsöhbətimiz kəndinin ətrini 27 ildir ki, heç yerdən ala bilməyib: "Biz kənddən çıxanda 17 yaşım var idi. Oradan çıxanda Tərtər rayonunda çadır şəhərciyində yaşadıq, ağır qaçqınlıq dövrü keçirdik. Məni oradan əsgərliyə apardılar. 3 il 6 ay hərbi xidmətdə oldum. Ondan sonra Bakıya gəldim. 27 ildir mən o kəndin həsrətilə yaşayırdım. Hər dəfə hansısa kəndçimizlə rastlaşırdıq, danışırdıq, amma yenə də o kəndin ətrini, istiliyini heç yerdən ala bilmirdim”.

- Ağdamın işğal olunduğu gündən danışaq. O günü necə xatırlayırsınız?
- Kənddən çıxanda həmin vaxtı döyüş gedirdi, 16-17 yaşım var idi. Biz ayaqyalın, əliyalın Tərtərə çıxdıq. Özümüzlə bir pencək belə götürməmişdik. 1 il o çadırda ümidlə yaşayırdıq ki, kəndimizə qayıdacağıq. Bizim kənd Tərtərə yaxın olduğu üçün Çadır şəhərciyimizdən kəndimiz görünürdü. Tez-tez Tərtərə gedir, oradan kəndimizə boylanıb, zülüm-zülüm ağlayırdım. Dəfələrlə, məhz kəndimizə boylanıb baxmaq üçün Bakıdan Tərtərə getmişəm. Çox kədərlənirdik. Kənddən heç nə götürmədən çıxdıq. Maddi, mənəvi hər şeyimiz orada qaldı. Nə edəcəyimizi bilmirdik. Atamız rəhmətə getdi. Böyük qardaşımız Barat Şükürov bizi yanına apardı ki, müvəqqəti olaraq, mənimlə yaşayın, kənd qayıdanda gedərsiniz. O, bizə atalıq etdi. Çox çətin idi. 9 qardaş oturub müzakirə edirdik, deyirdik ki, göy satarıq dolanarıq, amma torpaqlarımız qayıtsın. Qardaşım Barat bizi aldığı maaşla saxladı. O kənd 27 il sonra bizə qayıtdı. Biz hər gün Ağdamın işğaldan azad olunacağı günü gözlədik. 27 il sonra arzumuz yerinə yetdi. İndi sevindiyimdən bilmirəm nə edim. Füzuli alınan gündən ağlamağa başlamışam, Ağdam alınanda hansı hisslər keçirdiyimi ifadə edə bilmirəm. Prezidentimizə, ordumuza o qədər minnətdaram ki... Mən fəxr edirəm ki, bu ölkənin, qalib ölkənin vətəndaşıyam.

- İnsanın öz evinə kənardan baxması və gedə bilməməyi çox kədərlidir...
- Həqiqətən elədir. Uzaqdan evimizi görməsəydik, bəlkə də bu qədər təsir etməzdi. Düzdür, istər uzaq, istərsə də yaxın olsun, heç vaxt unudulmazdı. Heç bir qarabağlı vətənini, torpağını 100 il keçsə belə,unuda bilməzdi. Necə ki, hər dərdə dərman olunduğu deyilən zaman məfhumu belə,bizim yaramızı bağlamamışdı. 27 il o yara qanadı. Amma evimizi uzaqdan görmək lap böyük dərd oldu. Biz Tərtərdə ona görə yaşayırdıq ki, kəndimizin havasını hiss edir, öz kəndimizlə nəfəs alırdıq. Həyatımın 17 ili o kənddə keçib, az deyil... Hər qarışını tanıyır, hansı evin kimə aid olduğunu bilirdim. Kənardan baxırdıq,hər dəfə oradan od qalxanda bilirdik ki, kimin evi yanır. Bizim kəndçilər, hamımız yığışırdıq, ürək ağrısı ilə seyr edirdik. Yenə də danışanda kövrəlirəm. O od hər dəfə bizim ürəyimizə düşürdü. O qışqırırdı filankəs, anan sənin evindir, bu deyirdi yox,bir az aralıdır. Biz evlərimizə düşən odu kino kimi izləyirdik. Uşaq idik. Bəlkə də atam indiyə qədər yaşayardı. Sağlam idi. Bizim evin alovu, tüstüsü onu da "yandırdı”. Ona heç kim dözə bilməzdi, heç kim... Gözümüz görə-görə evimizi, kəndimizi yandırırdılar.
- Çox şükür ki, ağır günlər geridə qaldı, biz torpaqlarımıza qovuşduq. Ağdam Qarabağda ən çox şəhid verən bölgələrdən idi. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən bildiyimə görə, tək Ağdam rayonunu Şotlanlı kəndi 22 şəhid verib. Elə 3 nəfər qardaşım Azərin gözlərinin qarşısında şəhadətə qovuşub. 4 il qardaşım Azər orada döyüşüb. Biz onunla fəxr edirdik. Hər dəfə gəlib deyirdi ki, narahat olmayın, evimizə qayıdacağıq. Atama o təskinlik verirdi. Bəzən aylarla qardaşımdan xəbər gəlmirdi. Rayonda "dükanın qabağı” deyilən bir yer var idi. Hamı ora çıxırdı. Kimin oğlu döyüşürdüsə, onunla fəxr edirdi. Azər Allahverdi Bağırovun batalyonunda döyüşürdü. Bir dəfə Azər maşından düşdü, atamın yanına gəldi. Üstü-başı palçıq, qan içində idi, şəhid dəfn etməyə gəlmişdi. O dükanın qarşısında düşəndə atam onu gördü, daha da ürəkləndi. Döyüşdən gəlirdi. Dedi oğlum budur və mən onunla fəxr edirəm. Bizi müharibə heç vaxt qorxutmayıb, həmişə döyüşən oğullarımızla fəxr etmişik.

- 27 il az müddət deyil. Heç ümidinizin üzüldüyü an olubmu?
- Heç vaxt. 3 övladım var. Uşaqlarım da Ağdamla nəfəs alır. Düzdür, pis yaşamıram. Şükür olsun bu günümə, Azərbaycan dövlətinə, millətimizə təşəkkür edirəm ki, hər an yanımızda olublar. Amma mənim hər aldığım nəfəs çətin idi. Bir kəndçimizi görür, oturur, söhbət edirik. O kənd, o rayon heç vaxt yadımızdan çıxmadı. Mənim telefonumda Qarabağ şikəstəsi, Ağdam çay evi, məscidimizin şəkilləri var. Hər gün evdə uşaqlarımdan soruşuram ki, haralısan? Deyirlər ağdamlı. Ağdam sözü hər günümüzdən keçib. Mənə, bəzən deyirdilər ki, Bakıda rahatsan, işin-gücün var, niyə bu qədər darıxırsan? Deyirdim ki, mən Ağdamla nəfəs alıram. Hər gün də ümidlə yaşayır, torpaqlarımıza gedəcəyimiz günü gözləyirdim. Bilirdim ki, torpaqlarımız işğaldan azad olunacaq, Ağdam qayıdacaq. Şükürlər olsun ki, bu gün arzumuza çatmışıq, "Ağdam Azərbaycandır” sözünü eşitmişik. Həddindən artıq sevinirəm, ən böyük arzum həyata keçib. Mənim başqa arzum yoxdur. Şükürlər olsun ki, bu günü yaşadım, gördüm.
- Müharibə başladı və ardınca da qələbə soraqları gəldi. Hər kəs könüllü orduya yazılırdı. Ogünkü hissləriniz necə idi?
- Biz 9 qardaş idik, qardaşlarımızdan biri rəhmətə getdi. Müharibə başlayan gün 8 qardaş bir yerə yığışdıq. Bir-bir əsgərlikdə hansımız nə işə baxmışıqsa, müzakirə etdik. Hamımız döyüşə hazırıq. O qədər həvəslə gedirdik ki... 8 qardaş, hamımız hazır olduq. Prezidentimiz danışanda, yumruğunu yerə çırpmağı hamımıza zövq verir, həvəsləndirirdi. İstəyirdik biz də gedək, döyüşək. Yaşımız çox olsa da, döyüş əzmimiz yüksək idi. Yaşlı, qoca, cavan, fərqi yox idi. İşimizi düzdük, qoşduq ki, çağırılan kimi gedirik. Hər gün xəbər gözləyirdik. Geriyə yol yox idi. Qələbə eşqi ilə gedirdik. 92-93-cü ildə də döyüşürdük, amma ümid yox idi. Bu dəfə bilirdik ki, torpaqlarımızı alacağıq. Ali Baş Komandanımıza güvənirdik. Bütün günü gözlərimiz televizorda idi. Sizinlə maraqlı bir xatirəmi də bölüşüm. Şuşa alınanda hamımız bacımgilə yığışdıq. Bacımın həyat yoldaşı çox qısqancdır. Bacım deyir ki, prezident "Şuşa bizimdir” deyəndə baxdım ki, yoldaşım görmürsə, prezidenti televizordan qucaqlayım, öpüm. Yoldaşı bunu hiss edib, deyib ki, öp, öp, həqiqətən fəxr edilməli prezidentdir. Hər danışığında bizə ruh verirdi.
- Ağdamın azad olunması nisbətən gec açıqlandı. Şəhidlərin, qazilərin hesabına Ağdamı bir güllə atmadan aldıq. "Ağdam bizimdir” kəlməsindən sonrakı təəssüratlarınız necə idi?
- Düzdür, hamı zarafat edirdi ki, Ağdamı "bez kraska” alacaqlar. 9 noyabrda atəşkəsdən sonra mən prezidentimizə inandım. Artıq o andan sevinirdik ki, Ağdam bizimdir. Şübhəm də yox idi. 20-si yenə də qardaşlar bir yerə yığışdıq, bayram etdik. Allah şəhidlərimizə rəhmət etsin, onların ruhları qarşısında diz çökür, o övladları böyüdən anaların əllərindən öpürəm. Onların hesabına torpaqlarımıza qovuşduq.

- Mahir bəy, yəqin ki, Ağdamdan görüntüləri izləyirsiniz. Düşmən hər yeri dağıdıb. Doğma yurdunuzu o vəziyyətdə görmək sizə necə təsir etdi?
- Qardaşım oğlu və oğlum Ağdama getdilər. Şəkillərini çəkib göndərirdilər. Mən füzulililər, cəbrayıllılarla danışanda deyirdim ki, indi siz baxarsınız, Ağdamda necə gözəl evlər, çayxanalar, məscidimiz var. Ağdamın şəkillərinə baxanda özümə gələ bilmədim. Bizim evi çəkib göstərsələr, bəlkə də mənim ürəyim dayanar, ona dözə bilmərəm. Ağdamda elə yerlər var ki, onlara baxdıqca bu vəhşiliyə dözmək olmur. Dəhşətə gəlirik. Tanıdığımız yerləri gördükcə, yanırıq. Bizim ikimərtəbə evimiz, qapıda Çinar ağacımız var idi. O qədər gözəl idi ki... Amma bilirəm ki, vəhşi ermənilər orada heç nə qoymayıb. Bir tərəfdən heyfsilənirik, digər tərəfdən də fəxr edirəm ki, artıq biz evimizə qayıdırıq. Prezidentimizin məscidə ayaqyalın girdiyi kimi, mən də öz kəndimizdə dizin-dizin sürünərək gedəcəyəm. Mən o torpaqdan öpəcəyəm. O yandırılmış torpaq bizə bəs edər. Prezidentimizin arxamızda dağ kimi durması, yumruğunu yerə çırpması bizə bəs edir. Bizə ev-eşik yox, torpaq lazımdır, o şəraiti, o Ağdamı yenə də quracağıq, yenə də həmin Ağdam edəcəyik!
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər