Kənddən gələn tələbə şəhər həyatına necə adaptasiya olmalıdır? - Gənclərə məsləhət
Tələbə
adını qazanan gənclərin bir qismi həm də ailədən uzaqda – adətən, kirayədə
yaşamalı olurlar. Bu da o deməkdir ki, həmin tələbələr şəhər həyatına
uyğunlaşmaq, xərclərini idarə etmək və s. kimi məsələləri tənzimləməklə bağlı
bir yol keçmiş olurlar. Bəs universitetə yeni qəbul olmuş, başqa şəhərə köçmüş
tələbələr bu cəhətdən nələri diqqətdə saxlamalıdırlar?
Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, ilk olaraq tələbələr ali məktəb həyatına
psixoloji olaraq hazırlaşmalıdırlar: "Özü ilə bağlı "Mən kiməm”, "Nələrdən
xoşum gəlir”, "Xarakterim necədir” kimi suallara cavab tapmalıdır. Çünki özünü
tapmış, xarakterinin şəklini çəkmiş insanlar düşdükləri mühitdə özlərini
qoruya, öz şəxsiyyətlərini ortaya qoya bilirlər. Bu mənada problemləri olan
insanlar düşdükləri mühitdə çoxlu dəyişikliyə məruz qalırlar. Bu dəyişmələr də
insanın psixologiyasına zərər yetirir”.
Q.Məhərrəmov
şəhər mühiti və tələbə həyatına uyğunlaşmaqla bağlı gənclərin diqqət etməli
olduğu bir neçə nüansı sadaladı: "Rayon yerlərində, kəndlərdə böyüyən gənclərin
orda müəyyən geyim forması var idisə, şəhərə gələndə, dəyişiklik etməlidirlər. Universitet tələbəsinin geyim tərzinə baxıb,
özlərini ona görə tənzimləməlidirlər. "Palaza bürün, elnən sürün” kimi
yanaşmaqlarını, xoşuna gəlməyən şeyləri dəbə uymaq üçün etməyi demirəm. Müəyyən
qədər geyim, moda cəhətdən şəhər həyatının ab-havasına uyğunlaşmaq lazımdır.
Təmizlik
məsələsində də diqqətli olmalıdırlar. Məsələn, kənddə, qəsəbədə qidanı qəbul edəndən
sonra qalığını, qabını yerə atmaq elə də problem hesab edilmir. Şəhərdə isə bu
məsələ çox önəmlidir. Yaxud gənclər ailə mühitində olanda qaldıqları məkanın təmizliyinə
valideynlər diqqət edirlər, onlar tələbə vaxtı tək olduqlarından, artıq bu məsələdə
çox məsuliyyətsiz olurlar.
İnsanlar
arasında məsafənin çox olduğu rayon, kənd, dağ yerlərində, adətən, insanlar
daha yüksək səslə danışırlar. Ona görə, ictimai yerlərdə danışarkən səs tonuna
diqqət etmək də önəmlidir. Səs tonumuz başqalarını narahat etməyəcək səviyyədə
olmalıdır.
Rayon
yerlərindən gəlmiş tələbələr bir az özlərinə qapalı ola bilirlər. Bu problemin
həlli üçün isə onlar emosional zəkalarını inkişaf etdirməlidirlər. Bəzən
emosional zəkaya çox əhəmiyyət vermirlər, amma intellektual zəka qədər, bu da
önəmlidir. Emosional zəkalarını inkişaf etdirmək üçün dərslə bərabər, mütəmadi
olaraq şəxsi inkişaflarını təmin edə biləcək hansısa mütaliələri olmalıdır.
Bəzən
universitet həyatına başlayanda gənclər, ata-anadan ayrı olduqları üçün
düşünürlər ki, tam sərbəst olmalıdırlar və ali məktəbə hazırlaşarkən göstərdikləri
dərs oxuma performansını göstərmirlər. Deyirlər ki, universitetə gəlmişik ki, gəzək,
daha çox asudə vaxt keçirək. Bu düşüncə onların akademik inkişafına pis təsir
edir. Bu səbəbdən, bir qisim tələbə ali məktəb dövrünü çox səmərəsiz keçirir. Tələbəlik
4-5 illik zaman intervalıdır, həyatın bəlkə də ən səmərəli vaxtıdır. Bu vaxtı səmərəli
istifadə edərək həm dünyagörüşünü artıra, həm öz sahəsini öyrənə, həm də müəyyən
işlərdə təcrübə qazana bilərlər”.
Mütəxəssis
bildirdi ki, ailədən ayrı düşən tələbələr həm də öz büdcələrinə nəzarət etməyi
öyrənməlidirlər: "İqtisadi davranış deyilən bir elm var. Tələbələr məhz öz
iqtisadi davranışlarına da diqqət etməlidirlər. Kirayə tutduqları evdə kommunal
xərcləri bilmək, bu məsələni tənzimləmək lazımdır. Bir ay üçün göndərilən xərcliyi
bu müddətdə idarə etməyə çalışmaq, əlbəttə ki, onlarda müəyyən bacarıqlar, vərdişlər
formalaşdıracaq. Həmin məbləği 15-ci gündə qurtarırlarsa, kimdənsə borc istəmək
məcburiyyətində qalırlar. Bu isə onlarda həmişə borca girmək vərdişi yaratmış
olur. Gələcəkdə ailə başçısı olarkən, hər hansı müəssisəni idarə edərkən, artıq
bu amil onların iqtisadi davranışlarına təsir edəcək. Belə problem yaşamamaq
üçün qərarlı, əzmkar olmalıdırlar. Xərclərini qeyd etməklə, büdcələrinə nəzarət
də edə bilərlər. Pulu qazanmaqdan çox, xərcləmək sənətini bilmək lazımdır.
Dostlarla necə vaxt keçirmələrini, geyimə də pul xərcləmə məsələsini tənzimləməlidirlər. Bir də, tələbələrin ən
böyük problemi odur ki, evdə yemək hazırlamağa tənbəllik edirlər, çox vaxt kafedə
yeyirlər. Bu, həm sağlamlıqlarına ziyandır, həm də ciblərinə. Mən Türkiyədə təhsil
aldığım müddətdə 8 il subay oldum, həmişə bir çox yeməkləri evdə özüm bişirirdim”.
Aygün Asimqızı