“Kənddə yaşayan uşaqların görmə qabiliyyəti daha yaxşı olur”- Məsləhət
Bu gün
orta məktəblərdə siniflərə daxil olarkən 10-20 il əvvələ nisbətən, daha çox
eynəkli uşaqlara rast gəlirik. Bu, uşaqlarda göz probleminin artdığından xəbər
verir? Ümumiyyətlə, uşaqlarda görmə qabiliyyətinin yaxşı olması üçün nə
etməliyik? Uşağın gözündə problem olub-olmadığının əlamətləri hansılardır?
Müsahibimiz "Celamic” Göz Lazer Klinikasının və Milli İdman Tibb Reabilitasiya
İnstitutunun həkim-oftalmoloqu, cərrah Qəmər Əliyevadır. Qeyd edək ki,
Q.Əliyeva Azərbaycanın göz çəpliyi üzrə ən güclü cərrahlarından biridir.
- Həkim, hazırda uşaqlarda görmə ilə bağlı əsasən
hansı problemlər müşahidə edilir?
- Bizə
müraciət edən valideynlər tez-tez deyirlər ki, əvvəl bir sinifdə bu qədər eynək
taxan, zəif görən uşaq olmurdu. Mən bunu onunla əlaqələndirirəm ki, əvvəllər
valideynlərimiz uşaqlarının görmə orqanlarına o qədər də diqqətli
yanaşmırdılar. Çünki bizə müraciət edən gənc, orta yaşlı xəstələrimizin bir
çoxunu müayinə edəndə, bəlli olur ki, uşaqlıqdan yaranan patologiyadan əziyyət
çəkirlər. Buna da səbəb valideynlərinin problemi vaxtında hiss etməmələridir.
İndi valideynlərin dünyagörüşü daha çoxdur, televiziya, internet vasitəsilə
daha çox bilik əldə etmək imkanları olduğundan, həmçinin məktəblərdə müayinələr
olduğu üçün patologiyalar daha tez aşkarlanır. Ümumiyyətlə, uşaqlarda əsas
problem görmə ilə bağlı olur. Görmə zəifliyi, hipermetropiyalar, miyopiyalar,
astiqmatizmlər və bunun nəticəsində yaranan digər xəstəliklər.
- Yeni doğulan körpənin gözündə problem olub-olmadığını
bilmək mümkündür?
- Bütün
yeni doğulmuşları doğum şöbəsində neantoloq müayinə edir. Bu zaman neantoloqlar
bəzi böyük patologiyaları görə bilirlər. Məsələn, mirvari suyunu (anadangəlmə
katarakta), gözün böyük və yaxud kiçik olmasını və s. Daha sonra 3, 6 ayında,
sonra da ildə bir dəfə göz həkiminin müayinəsi vacibdir. Çünki ilk görmə
mərkəzi, görməyə bağlı olan streopsisin, binokulyar görmənin - hamısının əsası
ilk 6 ayda qoyulur. Uşaq ana bətnində heç nə görmür, sadəcə, işıq duyğusu olur.
Orqanların hamısı var - göz, beyin, sinir, amma aralarında əlaqə yoxdur.
Rabitə, sadəcə, doğulduğu gündən sonra yaranmağa başlayır. Bu əlaqə doğulduğu
andan sonra yarandığı üçün ilk 6 ay uşağın gözünün formalaşmasında çox önəmli
və kritik dönəmdir.
- Bəs uşaqlarda çəpgözlük problemi hansı yaşlarda
özünü büruzə verir?
-
İstənilən yaşda büruzə verə bilər. İlk üç ayda yaranan və valideynlərin hiss
etdiyi çəpgözlüklər qorxulu növ çəpgözlüklər deyil. Üç ayına qədər uşağın gözü
həm içəri, həm də çölə qaça bilər. Bu, valideynləri çox narahat etməsin. Amma
üç ayından sonra stabil şəkildə, yaxud hərdən hiss olunan çəpgözlük müşahidə
edilərsə, mütləq həkimə getmək lazımdır.
- Həkim, ümumiyyətlə, çəpgözlük Azərbaycanda geniş
yayılıb?
- Bəli.
Çəpgözlükdən danışarkən bəzən valideynlər "gözü axır”, hətta "hərdənbir axır” deyirlər. Sadə dildə desək,
çəpgözlük iki böyük qrupa bölünür - görməyə bağlı, bir də əzələ problemi olan
çəpliklər. Görməyə bağlı olan çəpliklərin əməliyyata həmişə ehtiyacı olmur.
Bəzən eynək belə həmin çəpliyi düzəltməyə kifayət edir. Əzələ problemlərinə isə
daha çox əməliyyata ehtiyac olan çəpgözlüklər aiddir. Buna görə də əməliyyat
qərarını verəndə mütləq uşağın görmə qabiliyyətinə əmin olmaq lazımdır. Görmədə
bir problem yoxdursa, çəpliyi əməliyyat etmək məsləhətdir. Heç bir əks göstəriş
yoxdursa, birinci növbədə uşağın görməsi təmin olunur, yalnız bundan sonra
çəplik aradan qaldırılır.
- İndi valideynlərin əksəriyyəti uşağın sakit
dayanması, başının qarışması üçün əlinə planşet verir. Bu, nə dərəcədə
düzgündür?
-
Qətiyyən olmaz, əleyhinəyəm. İştirak etdiyim sonuncu konfransda çıxış edən elm
adamları statistikaya istinadən bildirdilər ki, təmiz havada çox olan uşaqların
görməsi, digər uşaqlara nisbətən daha yaxşı olur. Bunun da səbəbini onunla izah
etdilər ki, təmiz havada oksigen buynuz qişanın üstünə daha çox diffuziya
olunur. Yəni gözün ön hissəsi oksigenlə daha çox qidalandığı üçün uşaqlarda
görmə patologiyası ev şəraitində, yaxud şəhərdə yaşayan uşaqlara nisbətən daha
yaxşı olur. İkincisi, uşaqların planşetlə, telefonla oynamasını düzgün
saymırıq. Həm uşağın, həm də böyüyün
gözü gün ərzində yaxına və uzağa fiksasiya olmalıdır (göz əzələsi belə işləyir). Amma uzun müddət
yaxına fiksasiya olunan əzələ, bu ağır yükü qaldırmaq və bir neçə saat
buraxmamaq kimi bir effekt yaradır. Bu vərdiş, patologiya olmayan gözdə belə,
bir müddət sonra patologiya yaradır.
- Bəs televiziyaya baxmaq necə, uşaq üçün
zərərlidir?
-
Televiziya ilə uşağın oturduğu yer arasında 2 metrdən az olmayan məsafə varsa, heç bir əks göstəriş yoxdur.
- Çox kitab oxumaq gözü zəiflədir?
- 5-6 il
bundan qabaq həkimlərlə öz aramızda yaxına çox baxan, oxuma-yazma ilə məşğul
olan uşaqlarda uzağı görməyin zəifləməsini abituriyent xəstəliyi adlandırırdıq.
Çünki uşaq o qədər yaxın məsafəyə baxırdı ki, göz əzələsi çox yorulurdu. Planşetlərdən
istifadə çoxaldığına görə, son illər bu xəstəlik uşaqlaşıb Abituriyentə, "hazırlaşma, universitetə girmə” deyə
bilmirik. Bu, müvəqqəti haldır. Çünki
abituriyent universitetə qəbul olandan sonra əvvəlki kimi çox oxumur. Buna görə
də müəyyən müddətdən sonra gözdəki problem aradan qalxır. Amma körpə
yaşlarından uşağın əlinə telefon, yaxud planşet veriləndə sözsüz ki, göz
dincəlmir və uşaqda stabil zəif görmə yaranır.
- Avtobusda kitab oxuyanlar çox olmasa da, var. Bu
vərdiş necə, göz üçün zərərlidir?
- Avtobusda
kitab oxumaq vestibulyar aparata ziyandır. Vestibulyar aparat qulağımızın
içində yerləşir və yalnız eşitmə deyil, bir mühitdə müvazinətimizi
saxlamağımıza, yerimə qabiliyyətimizə də təsir edir. Vestibulyar aparatla
gözümüzün arasında çox böyük əlaqə var. Əgər tərpənən əşyaya baxırıqsa, bəzən
ürəkbulanma verir. Bu da fiksasiyanı pozur. Avtobus bizi tərpətdiyindən işıq
şüaları göz dibinə normal paylanmır və parçalanır. Nəticədə başqa patologiyalara
gətirib çıxara bilir.
- Həkim, övladının yaxşı görməsi üçün hələ hamilə
ikən bəzi xanımlarımız balıq və balıq yağını çox qəbul edirlər. Bu, həqiqətən
də effektivdir?
- Sağlam
qadını təbiət elə yaradıb ki, dölün görmə aparatında problem yaranmasın deyə,
onun bədənində kifayət qədər vitamin və mikroelementlər olur. Yəni əlavə
olaraq, kənardan vitamin almağa ehtiyacı olmur. Ginekoloqlar hamilə qadınlara
ümumi vəziyyətin yaxşı olması üçün meyvə-tərəvəzdən, ətdən istifadə etməyi
məsləhət görürlər. Mənim tövsiyəm odur ki, ana olmağa hazırlaşan xanımlarımız
çəkilərinə diqqət etsinlər və infeksiyalardan uzaq olsunlar. İnfeksion
xəstəliklər dölün inkişafına çox təsir edir. Özü də təkcə gözə deyil, digər
orqanların normal formalaşmasına mənfi təsir edə bilər .
- Bəzi valideynlərimiz uşaq anadan olandan sonra
genetik görmə probleminin qarşısını almaq üçün övladlarına balıq yağı və s.
verirlər. Balıq və balıq yağı genetik keçə bilən görmənin qarşısını doğurdanmı
alır?
- Əgər
atada, anada, nənədə, babada hansısa göz patologiyası varsa, böyük ehtimalla uşaqda da olacaq. Yəni
genetik patologiyanın qarşısını nə iləsə almaq olmur. Sadəcə, uşağı hansısa
xəstəliyin fəsadından qoruya bilərsiniz. Amma xəstəlik genetik keçirsə, ondan
qorunmaq bəzən mümkünsüz olur.
- Yeni anadan olan uşaqların göz problemi yaşamamağı
üçün valideynlərə nə tövsiyə edərdiniz?
- Çirkli
əşyalar, çirkli əllərlə gözə toxunmamağı məsləhət görərdim. Çünki göz
iltihablarının çoxu gözə çirkli əllərlə toxunarkən yaranır. Çox vacib 3 simptom
var ki, istərdim valideynlər bunlara da fikir versinlər və bu hallardan hansı
ilə rastlaşsalar, təcili həkimə müraciət etsinlər. Gözün həddindən artıq
sulanması, qızarması və göz bəbəyinin ağ olması bir çox xəstəliklərin səbəbi
ola bilər. Bir də telefonla şəkil çəkəndə uşağın gözünə düşən işığın fərqli
olmasına diqqət etmək lazımdır. İşıq düşəndə gözdə qırmızı refleks alırıq.
Qırmızı refleks çox fərqli olanda, məsələn, çox ağ, yaxud qırmızıdırsa, həkimə
müraciət etmək məsləhətdir. Bu o demək deyil ki, hamısında patologiya çıxacaq,
sadəcə, işimizi ehtiyatlı tutmalıyıq.
Çünki uşaq heç vaxt gəlib sizə gözünün pis görməsi ilə bağlı şikayətlənməyəcək.
Onun müqayisə üçün görüntüsü olmur. Uşaq elə bilir ki, hamı onun kimi görür.
Lalə
MUSAQIZI