• çərşənbə axşamı, 16 aprel, 16:49
  • Baku Bakı 19°C

Kənd təsərrüfatının sürətli inkişafı üçün tədbirlər görülür - Fotolar

12.10.17 11:30 7739
Kənd təsərrüfatının sürətli inkişafı üçün tədbirlər görülür - Fotolar
Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda böyük pay sahibidir. Eyni zamanda, kənd təsərrüfatı həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışarkən bu sahənin inkişafına xüsusi diqqət ayırıb. O, böyük uzaqgörənliklə ilk dəfə Naxçıvanda torpaq islahatları həyata keçirib. 1993-cü ildə xalqın təkidli tələbi ilə paytaxt Bakıya dəvət edilən, Azərbaycanın siyasi rəhbərliyinə gətirilən ulu öndər Naxçıvanda başladığı bu islahatları bütün ölkə miqyasında davam etdirib. 1995-ci ildən uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın formalaşmasına, kəndin simasının dəyişdirilməsinə ciddi təsir göstərib. Kənd təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş verib. İri təsərrüfat formalarının əvəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılıb, genişmiqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması fərdi mülkiyyətlə əvəz edilib. Sonrakı illərdə dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində ildən-ilə irəliləyişlər hiss olunmağa başlayıb.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etməsi nəticəsində kənd təsərrüfatı sahəsində daha genişmiqyaslı işlər görülüb. İqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etmək əsas hədəf kimi qarşıya qoyulub. Bu hədəflərə çatmaq üçün ard-arda qəbul edilən və uğurla həyata keçirilən regional inkişaf proqramları mühüm rol oynayıb. Dövlət Proqramlarının reallaşdırılması kənd təsərrüfatının bir qədər də dirçəlməsinə, istehsalatın, məhsuldarlığın artmasına, Azərbaycan məhsullarının daxili tələbatı ödəməklə bərabər, xarici bazarlara yol tapmasına gətirib çıxarıb. Bu da nəticə etibarilə bütövlükdə iqtisadiyyatın inkişafına, o cümlədən yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta axınının çoxalmasına səbəb olub.

Bütün bunlar barədə oktyabrın 9-da Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı söhbət açılıb. Dövlət başçısı İlham Əliyev son 9 ayın sosial-iqtisadi göstəricilərini, o cümlədən kənd təsərrüfatı sahəsində əldə edilən uğurları konkret faktlarla sadalayıb. Bildirilib ki, ötən doqquz ayda kənd təsərrüfatında 2,8 faiz artım olub: "Tərəvəz ixracı 68 faiz artıb. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz”.

Prezident İlham Əliyev ölkədə əsas infrastruktur layihələrinin 9 ayda uğurla icra edildiyini, 700 kilometrdən çox içməli su xətti çəkildiyini, qazlaşdırmanın ölkəmizdə 93 faiz səviyyəyə çatdığını bildirib. Qeyd olunub ki, ölkədə elektrik enerjisi ilə təminat da yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Dövlət başçısının sözlərinə görə, meliorasiya tədbirləri çərçivəsində ilin əvvəlində qarşıya məqsəd qoyulub ki, bu günə qədər suvarılmayan, yaxud suvarılması zəif olan 150 min hektar torpaqda cari ildə müasir suvarma sistemləri quraşdırılsın. O, bu ilin əvvəlindən indiyə qədər 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görüldüyünü, təsərrüfat sahələrinin suvarma suyu ilə təmin edildiyini vurğulayıb. Qeyd edib ki, qalan iki ay yarım ərzində bütün bu işlər başa çatmalıdır.

Prezident deyib ki, infrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına, o cümlədən kənd təsərrüfatının inkişafına ciddi təkan verir: "İnfrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Çünki bu gündən sonra, - əslində bu məqsəd, bu vəzifə əvvəlki dövrlərdə də qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının intensiv inkişafı təmin edilməlidir. ...Bizim torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Onların arasında əlbəttə ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili, - bütün bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin edilir, - və suvarma məsələləridir. Ona görə, meliorativ tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, ondan sonrakı illərdə də daim prioritet olmalıdır. ...Onu da qeyd etməliyəm ki, bu il yerlərdən gələn təkliflər nəticəsində bir neçə önəmli layihənin icrasına başlanılıb. Şəmkirçay su anbarından kanalın Goranboy rayonuna qədər uzadılması, Neftçala su kanalının tikintisinin davam etdirilməsi və digər layihələr on minlərlə hektar yeni torpaq sahəsinə suyun verilməsini təmin edəcək. Əlbəttə ki, Taxtakörpü su anbarının mövcudluğu və yeni kanalların çəkilməsi Xızı, Siyəzən, Şabran rayonlarındakı böyük torpaq sahələrinə suyun verilməsini təmin edəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il kənd təsərrüfatı sahəsində bir çox önəmli tədbirlər həyata keçirilib. Dövlət başçısının sədrliyi ilə bir neçə rayonda müxtəlif sahələr üzrə müşavirələr keçirilib, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq və sair bu kimi məsələlər çox geniş müzakirə edilib. Bu müşavirələrdən sonra dövlət proqramları hazırlanıb, təsdiq olunub və bütün hədəflər müəyyən edilib. Paralel olaraq, sahibkarlığın inkişafı da diqqət mərkəzində saxlanılıb. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə indiyə qədər 34 minə yaxın sahibkara 2 milyard 20 milyon manata yaxın güzəştli kredit verilib. Təbii ki, bu güzəştli kreditlər kənd təsərrüfatına bağlı olan sahələrə də ayrılıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, ölkəmiz vaxtilə qarşıya qoyulan hədəflərə doğru inamla addımlayır. Bu gün iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etmək xəyal deyil, reallıqdır.

Alpər TURAN





banner

Oxşar Xəbərlər